1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Metodika
Tarix dərslərində illüstrasiya
07.05.2016/№17

 


Nargilə ŞIXIYEVA,
Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi

XIX əsrin sonunadək təkcə məktəb tarix dərslikləri deyil, hətta ibtidai siniflər üçün dərsliklər də şəkilsiz və illüstrasiyasız çap olunurdu. Çünki həmin dövrdə tarixçilər arasında belə bir fikir formalaşmışdı ki, şagirdləri daha artıq məşğul etməmək və fikrini yayındırmamaq üçün dərsliklərdə şəkillərin (həmçinin illüstrasiyaların) çap olunmasına ehtiyac yoxdur. Bu fikri dəstəkləyən tarixçilərdən biri N.Karayevin fikrincə, illüstrasiyalar dərslik daxilində yox, əlavə material kimi xüsusi albomlarda, kolleksiyalarda, şəkillər seriyasında çap olunmalıdır. Halbuki, bütün yaşda olan məktəblilər üçün məktəb tarix dərslərində illüstrasiyanın zəruriliyi şübhəsizdir.
1934-cü ildən sonra çap olunmuş bütün tarix dərsliklərində kifayət qədər illüstrasiyaya rast gəlmək mümkündür. Buna misal olaraq A.V.Mişulinin “Qədim dünya tarixi”, Y.A.Kosminskinin “Orta əsrlər tarixi” dərsliklərini və digərlərini misal göstərmək olar. Ancaq bu dərsliklərin də zəif cəhəti ondan barət idi ki, onlarda əsasən sənəd xarakterli illüstrasiyalara üstünlük verilirdi. XX əsrin 50-60-cı illərindən başlayaraq dərsliklərdə sənəd xarakterli illüstrasiyalarla yanaşı süjetli, təsvirli, bədii kompozisiya xüsusiyyətinə malik illüstrasiyaların da çap olunması geniş vüsət aldı.
Düzgün seçilən şəkil və illüstrasiyalar dərsliyin məzmununun ayrılmaz tərkib hissəsini təşkil edir. İllüstrasiyalar dərslik və ya dərs üçün yaraşıq deyil, həm də şagirdlər üçün əlavə məlumat mənbəyi olmalıdır. Buna görə də illüstrasiyalarla iş üçün suallar və tapşırıqlar təklif edilməlidir.
Bəzi hallarda illüstrasiya və şəkillər bilavasitə mətnin əyani illüstrasiyası rolunu oynayır. Ümumi tarix dərsliklərinin “Qədim Şərq” və ya “Qədim Yunanıstan” bölmələrindəki illüstrasiyalar şagirdlərdə qədim insanların mədəniyyəti, incəsənəti və dini haqqında müəyyən təsəvvürlər yaradır. Bu tipli illüstrasiyalara piramidalar və mumiyalar, Troya atı və digərlərini aid etmək olar.
Bəzi hallarda illüstrasiyalar tarixi dövrü və məkanı, hadisə yerini müəyyənləşdirməyə də imkan yaradır. Göstərilən tarixi hadisələr, həmin dövrün mühiti və hadisələrin iştirakçıları haqqında da təsəvvür yaradır.
Bəzi hallarda müəllim müvafiq materialı izah etdikdən sonra həmin materiala aid olan şəkli də şagirdlərlə birlikdə araşdırır. Belə hallarda illüstrasiya dərsliyin mətnini tamamlayır, konkretləşdirir və şagirdlərdə bəhs olunan məsələ haqqında tam təsəvvür yaradır. Buna misal olaraq şagirdlərə XVI - XVII əsrlərdə Avropada reformasiya hərəkatı, protestant təriqətinin yayılması və katolik kilsəsinin protestanlara qarşı mübarizə üsullarından danışarkən 1572-ci il Varfolomey gecəsini özündə əks etdirən illüstrasiyanın nümayiş etdirilməsi şagirdlərdə bəhs olunan dövrün hadisələri haqqında nəzəri biliklərlə yanaşı, əyani təsəvvür də yaradır.
Bəzi hallarda isə illüstrasiyalar mətndə olmayan materialın yerini doldurur. Bir halda ki, dərslikdə illüstrasiya onun məzmununun tərkib hssəsini təşkil edir, onda aydındır ki, birincisi, dərslikdə dərc edilmiş bütün illüstrasiyalardan, istisnasız olaraq, dərsdə istifadə edilməlidir. İkincisi, elə etmək lazımdır ki, müəllimin rəhbərliyi altında məktəbli hər dəfə illüstrasiyada olan idraki materialın hamısından istifadə edə bilsin.
İllüstrasiya üzrə iş əsasən ev tapşırığı deyil, sinifdə aparılan iş olsa daha effektlidir. Bəzi illüstrasiyaların məzmunu müəllimin ətraflı izahını tələb edir, lakin bir qayda olaraq çalışmaq lazımdır ki, illüstrasiya şagirdlərin fəal iş predmeti olsun. Bu, fəal illüstrasiyanın xarakterindən və məzmunundan, şagirdlərin yaşından və hazırlığından asılı olaraq müsahibə şəklində aparılır. Öncə müsahibə aparılır, sonra şagirdlər illüstrasiyalara dair verilən tapşırıqlar üzərində işləyirlər, bu iş yekunlaşdırıcı müsahibə ilə başa çatdırılır.
İllüstrasiya üzrə müsahibə keçirilərkən, hər şeydən əvvəl elə suallar verilir ki, 1) şagirdləri həmin təsvirə diqqətlə nəzər yetirməyə məcbur etsin; 2) həmin illüstrasiya əsasında şagird ona ünvanlanmış suallara cavab verə bilsin; 3) bu suallar həmin əyani təsvirdən bilik almağa kömək etsin; 4) yalnız illüstrasiyanın məzmununu araşdırdıqdan sonra ümumiləşdirmə və nəticə tələb edən suallar qoymaq lazımdır; 5) çalışmaq lazımdır ki, V-VI siniflərdə illüstrasiya üzrə suallar əyani material üzrə mümkün qədər kiçik idraki məsələlərdən ibarət olsun.
İllüstrasiyanın altında mətnin olması onu diqqətlə araşdırmaq vəzifəsini aradan qaldırmır. Məsələn, VI sinif “ümumi tarix” dərsliyində Hindistan mövzusunda eramızdan əvvəl I əsrə aid daşdan yonulmuş darvaza verilib. Şagirdləri həmin illüstrasiya ilə tanış etdikdən sonra onlara bildirmək olar ki, bu darvaza üzərində Hindistanın özünəməxsus təbiətinə aid heyvan və bitki rəsmləri yer alır. Bundan sonra isə şagirdlərə Hindistan haqqında bir neçə sual vermək olar: “Hindistanda hansı özünəməxsus heyvanlar yaşayır? Hansı ölkələrdə fillər yaşaya bilməz?” və s.
Bəzən tarix dərsliklərində verilmiş illüstrasiyalar tədris olunan digər fənlərə aid mövzular haqqında da əyani təsəvvür yaradır. VII sinif “Azərbaycan tarixi” dərsliyində “Kitabi - Dədə Qorqud” dastanına çəkilmiş illüstrasiyalar həmin dastan haqqında bilik mənbəyi kimi çıxış etməklə yanaşı, bu dastanın ədəbiyyat fənnində tədris edilən hissəsi haqqında da məlumat mənbəyi kimi çıxış edir. Tarix dərsliyində çap olunmuş illüstrasiyalardan biri “Salur Qazanın evinin yağmalanması” boyunda Qaraca Çobanın Şöklü Məliyin qüvvələrinə qarşı hansı üsullarla mübarizə aparması haqqında da məlumat verir.
Ümumiyyətlə, tarix dərslərində illüstrasiya ilə bağlı verilən tapşırıq müxtəlif ola bilər. İllüstrasiya əsasında tarixi dövrün tipik nümayəndələrini müəyyənləşdirmək, onların geyim və davranış xüsusiyyətlərini araşdırmaq olar. Həmçinin, mövzu ilə bağlı dərslikdə dərc olunmuş illüstrasiya ilə mövzunu tutuşdurmaq və ya müqayisə etmək, ortaq və hətta fərqli cəhətləri də müəyyənləşdirmək olar.
İllüstrasiya üzrə şagirdləri fəal işə cəlb etməyin yollarından biri də həmin illüstrasiya üzrə hekayənin hazırlanması ola bilər. Dərslikdəki illüstrasiyalarla bağlı şagirdlərə verilən ən nümunəvi tapşırıq isə bir mövzu daxilində verilmiş iki illüstrasiyanın bir-biri ilə müqayisə olunmasıdır. Məsələn, VI sinif “Azərbaycan tarixi” dərsliyində “Neandertal insanlar və Homo sapienslər” mövzusundakı “Neandertal insanların düşərgəsi” və “Üst Paleolit düşərgəsi” illüstrasiyalarını bir-biri ilə müqayisə etmək üçün şagirdlərə tapşırıq vermək olar. Bu zaman çalışmaq lazımdır ki, şagirdlər paleolitin müxtəlif mərhələlərini özündə əks etdirən bu iki düşərgədəki insanların xarici görünüşünü, əmək alətlərini, yaşayış yerlərini bir-biri ilə müqayisə etsinlər. Şagirdlər illüstrasiyalara baxaraq onun yaranması haqqında hekayə də tərtib edə və ya illüstrasiya haqqında rəy də yaza bilərlər.
Göstərilən misallardan aydın olur ki, dərsdə illüstrasiya müstəqil bilik almaq mənbəyidir. Əgər illüstrasiyanın məzmunu dərsliyin mətninin müəyyən bir hissəsinə uyğun olaraq həmin hissənin əyani variantıdırsa, bu halda heç olmasa V- VI siniflərdə şagirdləri əyani təsvirlərdən mətni oxumağa və araşdırmağa doğru aparmaq, şübhəsiz ki, məqsədəuyğundur. İş burasındadır ki, dərslikdəki müvafiq mətni oxuduqdan və ya müəllimin şərhindən sonra illüstrasiyaya baxarkən məktəbli artıq özünə məlum olan faktları şəkil üzrə təkrar edir.
Tarix dərslərində illüstrasiyadan əsasən yeni biliklər almağın fəal mənbəyi və dərsliyin mətnini konkretləşdirmək vasitəsi kimi istifadə edilir. Lakin illüstrasiyadan bilikləri möhkəmləndirmək və tətbiq etmək üçün əyani material kimi də istifadə oluna bilər.

yuxarı ⤴