1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Metodika
Düşüncəni ona sevdir, şagirdin alim olsun
07.05.2016/№17

 


Sevinc MİRZƏYEVA,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Müasir dövrdə məktəbin məqsədi düşüncəsi daim yenilənən, sərbəst qərarlar qəbul edən, qarşısına çıxacaq maneələri keçməyi bacaran, özünə inamı olan şəxsiyyət yetişdirməkdir. Yeniyetməni bu məqsədə doğru istiqamətləndirmək birinci növbədə müəllimin öhdəsinə düşür. Əvvəlcə müəllimin özü yuxarıda sadaladığım keyfiyyətlərə malik olmalıdır. Məhsuldar fəaliyyəti təmin etmək üçün pedaqoji ustalıq lazımdır.
Müəllim tədris materialının şagird tərəfindən müstəqil, şüurlu və yaradıcı tərzdə mənimsənilməsinə nail olmaqla yanaşı, onların vətəndaş kimi formalaşmasını, fəal həyat mövqeyi qazanmasını təmin edirsə, işinin ustasıdır. Bunlarla yanaşı, müəllim informasiya-kommunikasiya texnologiyalarından yetərincə istifadə etməyi bacarmalıdır.
Görkəmli Ukrayna pedaqoqu A.Makarenko zahirən əhəmiyyətsiz görünən, lakin pedaqoji prosesdə həlledici olan zahiri görkəmə, geyimə, necə dayanmaq, stol arxasında necə oturmaq və necə qalxmaq, səsi necə idarə etmək, necə gülümsəmək kimi detallara xüsusi diqqət yetirirdi. O, pedaqoji fəaliyyətdə səsin və mimikanın idarə edilməsinin əhəmiyyətini xüsusilə qeyd edir, gələcək müəllimlərə aktyorluq elementlərini, danışıq məharətini öyrətməyin zəruriliyini vurğulayırdı.
Müəllimi tələbkar, səmimi, mehriban, ədalətli, orijinal düşüncə, cəzbedici səs sahibi olan ibtidai sinif şagirdi dərsdə heç vaxt darıxmaz, onun uğurları hər ötən gün ard-arda sıralanar. Uğurlar həm savadı, həm də əxlaqı əhatə edər. Belə müəllimi olan şagird yaşıdları arasında hər zaman dünyagörüşüylə seçiləcək, bununla da şəxs mərhələsindən asanlıqla şəxsiyyət, zaman keçdikcə fərd mərhələsinə yüksələcək. Onun fərdi düşüncəsi cəmiyyətin çoxşaxəli inkişafına xidmət edəcək.
İbtidai sinif müəllimi kimi, çalışdığım 26 il ərzində öyrədənin şəxsi keyfiyyətlərinin çox əhəmiyyətli olduğunu yaxşı bilirəm. Bu keyfiyyətlərin dərs dediyim şagirdlərə necə sirayət etdiyinin dəfələrlə şahidi olmuşam. Uşaqlar öz sinif müəllimləri kimi danışır, yazır, oxuyur, düşünür, davranış sərgiləyir, bir sözlə, istər-istəməz müəllimlərini təqlid edirlər. Məhz buna görə də müəllimin şəxsi keyfiyyətinin önəmi daha çoxdur.
Aydın məsələdir ki, ilk dəfə məktəbə qədəm qoyan şagirdlərdən hər biri ayrı-ayrı evlərdən gəlir, fərqli ailələrdə tərbiyə alır. Bu uşaqların məktəbə uyğunlaşması üçün müəllimdən xüsusi pedaqoji ustalıq tələb olunur. Bu zaman şagirdlərə fərdi yanaşılmalı və hər bir şagirdin sinfə uyğunlaşmasına nail olunmalıdır. Buna ən yaxşı kömək edən müəllimin şagirdlə necə ünsiyyət qurmasıdır.
Bəzən çətin tərbiyə olunan uşaqlara da rast gəlmək olur ki, bu zaman müəllim kəskin pedaqoji situasiyanın yaranmasının qarşısını almaq bacarığına malik olmalıdır. Yanaşma zamanı müəllim şagirdi yoldaşlarıyla eyni səviyyədə tutmalı və şagirdin buraxdığı hər nöqsanı şişirtməməli, diqqətli olmalı, təhlil etməyi bacarmalıdır.
Bəzən hər hansı bir fənni, ələlxüsus da riyaziyyatı zəif mənimsəyən şagirdləri yoldaşları özlərindən uzaqlaşdırırlar. Belə şagirdlərin başqa fənlərə qarşı maraqlarını nəzərə alaraq, onların arzu etdiyi sahəyə yönəltmək vacibdir. Ardından həmin şagirdə yönəldiyi sahə ilə bağlı mütəmadi suallar ünvanlansa, o cavablar verər, bu da həmin şagirdi bir vaxtlar “iqnor”la qarşılayan yoldaşlarını fikirlərdən daşındırar. Nəticədə hər iki tərəf qazanar.
Sinfimdə Sevin (şərti olaraq adlanıb) adlı qız riyaziyyatdan mövzuları zəif mənimsəyirdi. Lakin fiziki tərbiyə dərsində komandaların yarışı zamanı məhz Sevinin cəldliyi nəticəsində komandanın qalib olmasından istifadə edərək, Sevinin qalibiyyətdə olan rolunu daha da qabardaraq, onun lazımlı yoldaş olduğunu dolayı yolla şagirdlərə sübut etdim.
Bu mövzu ilə əlaqədar öyrəndiyim aşağıdakı qaydaları oxucularla bölüşmək istəyirəm.
Qayda 1. Məktəblinin hər pis hərəkətində mənfi motivlər axtarmamaq. Müəllimdə “pedaqoji fəhm” olmalıdır. Belədə o, yetirmələri arasında baş verən kəskin məqamı diqqətlə və düşüncə ilə təhlil etməyi bacarar.
Qayda 2. Hər bir dərsə ciddi hazırlaşmaq. Fənni tədris edərkən ən cüzi qeyri-peşəkarlığa belə yol verilməməlidir. Şagirdə tərbiyəvi təsirin zəifləməsinin başlıca səbəblərindən biri müəllimin öz fənnini peşəkar səviyyədə tədris etməyi bacarmamasıdır.
Qayda 3. Məktəblilərə dolayı yolla təsir göstərmək. Ümumiyyətlə, məktəbli şəxsiyyətinə iki yolla - bilavasitə və dolayı təsir etmək olar. Birinci yol ənənəvidir və təbiidir: zəruri, vacib olanı tələb etmək lazımdır; günahkar cəzalandırılmalıdır və s. Təsirin bu tərzi şəxsiyyəti məhdudiyyət qarşısında qoyur, çünki şagird psixikası iradi təzyiqə məruz qalır və bu səbəbdən də səmərəli deyil. Hətta düzgün, ədalətli və obyektiv olan birbaşa təsir, müəllimin əsəbi və kəskin iradı şagirddə psixoloji gərginlik doğurur, neqativ xarakterli əks-təsirlə nəticələnir. Bu, həm sinif müəllimləri ilə şagirdlərin, həm də uşaqların öz arasında gərginlik yaradır, sinfin işgüzar ahəngi pozulur.
Ən çox istifadə etdiyim səmərəli yol dolayı yoldur ki, bununla şagirdin maraq, tələb və motivlərini “hərəkətə gətirməklə” daha çox şeyə nail olmaq mümkündür.
Son dövrlər bəzi müəllimlərin şagirdlərə qarşı göstərdikləri təzyiqi əks etdirən hadisələrin videoları yayılır. Bizim valideynlərimiz bu mənzərəni görəndə adi qarşılayır, deyirlər ki, müəllim şagirdi döyər. Əlavə olaraq, öz məktəb illərini xatırlayırlar. Məlum olur ki, onlar da müəllimlərin fiziki tənbehləri ilə qarşılaşıblar. Hər iki əks hadisəyə münasibət bildirmək çox çətindir, hətta mümkünsüzdür. Dövrləri nəzərə almasaq hansı tərəfin haqlı olduğunu deyə bilmərik. Dövrün analizi daha çox tarixçilərin işidir. Mən bir müəllim kimi, şagirdə nəinki fiziki təzyiq göstərmək, ümumiyyətlə, aşağılayıcı ifadə işlətməyin belə əleyhinəyəm. Müəllim şagirdə zor göstərdiyi üçün yox, vəziyyəti bu həddə çatdırdığı üçün məsuliyyət daşıyır. Belə müəllim xarakterindən uzaq qalmaq mütaliədən keçir. Mütaliəli müəllim, kitab oxumağı həyatının ayrılmaz hissəsi hesab edən pedaqoq kimsəni aşağılayan jest belə etməz. Çünki bütün kitablarda mənfi qəhrəmanla müsbət qəhrəman xüsusi ştrixlərlə göstərilir. Oxucunun şüuraltında özünə əbədi mövqe qazanır. Ədəbiyyat sözünün mənası da ədəbi təbliğ etməkdir.
Metodik bilik sadə dillə orijinallıq deməkdir. Müəllim həmişə, hər yerdə fərqlənməlidir. Şagirdlərə izah üslubu, müəllim həmkarlarının üslüblarından fərqlənməlidir. Bu keyfiyyətə malik olmaq, bir qədər istedad məsələsidirsə, daha çox əzmkarlıq, özünü daim yeniləmək, daxili intizam gücünü artırmaq qaydasıdır.

yuxarı ⤴