1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İslamiadanın könüllüləri
12.05.2017 / No17

 

 

 


Onlar peşəkarlıqları ilə IV İslam Həmrəyliyi Oyunlarında da uğura imza atmağa hazırdırlar

Yusif ƏLİYEV

Böyük maraqla gözlənilən və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri aparılan IV İslam Həmrəyliyi Oyunlarına bu gün rəsmi start verilir. İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirilən “Bakı-2017”-də İslam dünyasının 54 ölkəsindən 3 mindən çox idmançı iştirak edir. Onlar 21 idman növü üzrə 269 medal uğrunda mübarizə aparacaqlar.

8 min könüllü

Oyunların statistikasında kifayət qədər samballı daha bir rəqəm də diqqəti cəlb edir. Bu mötəbər yarışlara 8 mindən çox könüllü qatılıb. Onlar “Bakı-2015”-də tarix yazan, İslamiadada isə bu tarixi daha da zənginləşdirmək niyyətində və iqtidarında olan böyük könüllülər ordusunun əsgərləridir. O könüllülər ki, “Bakı-2017”-nin Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iki il öncə onların “Bakı-2015” I Avropa Oyunlarındakı böyük rolunu yüksək qiymətləndirərək “Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkarlığınız “Bakı-2015” ruhunu canlandırmaqda bizə yardımçı oldu” - demişdi.

Könüllülük nədir, könüllü kimdir?

2009-cu ildə qəbul olunmuş “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa görə, könüllülük qanunvericiliklə qadağan edilməyən işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı, gəlirsiz, yəni əvəzi ödənilməyən fəaliyyətdir.
Könüllü isə öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir.
Könüllülüyün məqsədi tapşırıqları yerinə yetirmək, maliyyə dəstəyi olmadan fərdlərə və ictimai təşkilatlara xidmət göstərmək, insanların rifahını yaxşılaşdırmaq üçün fədakarcasına çalışmaqdır. Könüllü olmaq, ümumiyyətlə, xoş niyyətdən irəli gəlir. İnsanlar bu işləri öz asudə vaxtlarının hesabına təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işə töhfə vermək üçün görürlər. Bu mənada könüllülük fəaliyyəti gözəl bir niyyətin təzahürüdür.
Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür. Könüllülər öz maraqları, şəxsi bacarıq və qabiliyyətləri vasitəsilə ayrı-ayrı fərdlərə, qurumlara, bütövlükdə isə cəmiyyətə xidmət göstərir, bunun müqabilində isə maddi və mənəvi qazanc ummurlar. Onların qazancı özlərinə dəyər və hörmət qazanmaqdır.
Könüllülük eyni zamanda yaxşı təcrübə imkanıdır. Könüllülər fəaliyyət müddəti ərzində intizamlılıq, xoşrəftarlılıq, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərə yiyələnirlər ki, bunun da həyat və karyeralarında onlara böyük köməyi olur.
Qeyd edək ki, son illər ölkəmizdə könüllülük hərəkatı getdikcə güclənir. Hazırda gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və onlar arasında bu işə maraq getdikcə artır. Könüllülər hərəkatının genişlənməsini cəmiyyət üçün çox lazımlı hesab edən Prezident İlham Əliyev gənclərin bu hərəkatda iştirakını yüksək dəyərləndirir: “Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin”.

Ölkəmizdə könüllülər sinfi formalaşıb

Xalqımıza məxsus milli-mənəvi sərvətlərdən olan bu xeyirxahlıq nümunəsi “Bakı-2015” I Avropa Oyunları dövründə könüllülərin fəaliyyətində özünü daha qabarıq formada göstərdi. Məhz bu mötəbər yarışlarda qazanılan təcrübə nəticəsində könüllülük hərəkatı ölkəmizdə institusional səviyyəyə yüksəlib, Prezident İlham Əliyevin dediyi kimi, könüllülər sinfi formalaşıb. Eyni zamanda, son bir neçə il ərzində könüllülük fəaliyyətinin mexanizmləri də təkmilləşib. İndi artıq nəinki Bakıda, regionlarda da könüllülərin əməyindən geniş istifadə edilir. Bu prosesdə sözsüz ki, Təhsil Nazirliyinin “SABAH” qruplarının, “Bir” Tələbə Könüllü Proqramının, “ASAN xidmət” mərkəzləri və onların nəzdindəki “ASAN könüllülər” təşkilatının xüsusi rolu var.
Azərbaycanın könüllülər ordusu IV İslam Həmrəyliyi Oyunlarına da yüksək hazırlıqla gəlib. IV İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən “Bakı-2017” Könüllülük Proqramında qeydiyyatdan keçən namizədlər üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının könüllülər mərkəzində müsahibələr təşkil olunub. Müsahibədən keçənlər IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilib və şəxsi bacarıqlarını artırıblar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva könüllülərin bu dəfə də öz işlərinin öhdəsindən layiqincə gələcəklərinə əmindir. Mehriban Əliyeva aprelin 21-də keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası zamanı bildirib: “Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, I Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər”.

“Biz həm tarix yazdıq, həm də tarixə yazıldıq”

Bu günlərdə bir neçə könüllü ilə söhbətləşmək imkanımız oldu. Onlar indiyədək iştirak etdikləri bütün təlimlərin çox maraqlı və məlumat yüklü olduğunu deyirlər.
İlk dəfə 2015-ci ildə I Avropa Oyunları zamanı könüllü olan Humay Hüseynova bildirir ki, ilk gün hamı üçün gərgin olub: “Çünki tanımadığımız məkanda, tanımadığımız insanlarla bir yerdə idik. Amma əksəriyyət gənclər olduğu üçün çox asan şəkildə bir-birimizlə dil tapdıq. Düzünü deyim ki, ilk gündən axırıncı günədək fəaliyyətimiz çox həyəcanlı və maraqlı oldu. Ona görə də sonralar həm “Formula-1”-ə, həm 42-ci Şahmat Olimpiadasına, həm də “Bakı-2017”-yə qatıldım. Bundan sonra da həm Azərbaycanda, həm də xaricdə keçiriləcək beynəlxalq tədbirlərdə könüllü kimi iştirak etmək istərdim”.
Vüqar Abdullayev Avropa Oyunlarına qoşulanda əsas məqsədinin dost və təcrübə qazanmaq olduğunu vurğulayır. Sonradan hiss edib ki, bu fəaliyyət onun karyerasında da dəyişiklik edə bilər: “Belə ki, ilk Avropa Oyunları zamanı adi bir könüllü idim. Amma sonradan məni “mobilitel” seçdilər. Çünki sürücülük vəsiqəm vardı. Mən əsasən fiziki cəhətdən sağlam olmayan insanlara kömək edirdim. Bu, tamamilə fərqli bir hiss idi. Nə qədər xoş hiss keçirirdimsə, gün ərzində iki növbədə işləyirdim. Biz orada bir ailə kimi idik. Bütün könüllülər bir-biri ilə tanış olmuşdu”. V.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında da daha çox dost qazanacağına, təcrübə əldə edəcəyinə inanır.
“Müxtəlif situasiyalarda insanlarla necə davranmağı, ünsiyyət zamanı fərqli dindən, dünyagörüşdən olan adamları tanımağı öyrəndim. Gələcək karyeram üçün çox yaxşı təcrübə topladım, dil bilgimi artırdım və ən nəhayət, gənc olduğumu hiss etdim”. Bu fikirlər isə həm “Bakı-2015” I Avropa Oyunları, həm “Formula-1” yarışları, həm də 42-ci Şahmat Olimpiadası zamanı könüllü kimi fəaliyyət göstərən Naidə Pirverdiyevaya məxsusdur. O, Azərbaycan Dillər Universitetinin “SABAH” qruplarında 3-cü kurs tələbəsidir. Yenidən həmin hissləri yaşamaq, əlavə təcrübə qazanmaq üçün IV İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi çalışacaq.

Təcrübə, yeni dostlar və özünəinam

Könüllülərin hamısı bu fikirdədir ki, könüllülük həm qürurverici, həm də məsuliyyətli bir işdir. Könüllülərin hər biri IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçməsi üçün işini maksimum dərəcədə yaxşı görməyə köklənib. Bunun üçün gənclərimiz üzərlərindəki məsuliyyəti dərk edirlər. Həmçinin könüllülük fəaliyyəti gənclərə ilk olaraq təcrübə, yeni dostlar, özünəinam qazandırır. Könüllü olmuş gənc özünə şərait yaradıldığı təqdirdə nələrə qadir ola biləcəyini öyrənir və bu onun gələcək həyatı üçün stimul rolunu oynayır.

Yeri gəlmişkən

Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub.
Təhsil Nazirliyinin təşəbbüsü ilə tələbələrin könüllü fəaliyyətinin stimullaşdırılması məqsədilə “BİR” Tələbə-Könüllü Proqramı yaradılıb. Tələbələrin asudə vaxtının səmərəli təşkilini, müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, yardıma ehtiyac duyan şəxslərə köməklik göstərilməsində fəal olan bu Proqram 6 müxtəlif istiqamətdə (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) fəaliyyət göstərir. “BİR” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsini əhatə etməklə, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə fəaliyyət göstərən uzunmüddətli proqramdır. İndiyə qədər tələbə könüllüləri vahid məlumat bazasında birləşdirən proqram onların fəaliyyətinin yönəldilməsinə kömək edir. Hazırda proqram 7 mindən ibarət baza formalaşdırıb.

yuxarı ⤴