1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Dərslik siyasətində yeni keyfiyyət mərhələsi
12.05.2017 / No17

 
 

 

 


Ehtiyat dərsliklər əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində yaradılacaq

Ruhiyyə DAŞSALAHLI

Azərbaycan Respublikasının Təhsil İnstitutu Tədris Resursları Mərkəzi ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssisləri əməkdaşlığa dəvət edib.
Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərin biliyə, araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətlərinə, yüksək özünütəhsil vərdişlərinə, xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter biliklərinə malik olmalıdır. Namizədləri seçərkən onların pedaqoji təcrübəsi, müasir pedaqogika ilə tanışlığı (hazırkı kurikulum, müasir təlim texnologiyaları və s.), fikirlərini yazılı formada şərh etmək və tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübələri də nəzərə alınacaq.
Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq və müsabiqə nəticəsində namizədlərlə tam ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaq.
Sadalanan keyfiyyətlərə malik müəllimlərə yönəlik bu çağırış Azərbaycan təhsili üçün tamamilə yeni olacaq ehtiyat dərsliklərin hazırlanması ilə bağlıdır. Görünən odur ki, keyfiyyətli, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması prosesinə bütün təhsil ictimaiyyətinin ən fəal üzvləri cəlb ediləcək.
Ümumiyyətlə, qeyd etməliyik ki, son illər ərzində dərsliklərin hazırlanmasında keyfiyyəti yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülür. Artıq bu sahədə bir sıra dəyişikliklər müşahidə edilməkdədir. Məsələn, dərsliklərin qiymətləndirilməsinin obyektivliyini artırmaq məqsədilə Təhsil Nazirliyi bu işə başqa qurumları da cəlb edib. Hazırlanma prosesində olan layihələr, həmçinin artıq istifadə olunan dərsliklər ictimai müzakirəyə çıxarılıb. Bu məqsədlə trims.edu.az adlı xüsusi portal da yaradılıb. Qeyd edək ki, müəllim, valideyn, alim və mütəxəssislərin dərsliklərlə bağlı həmin portal vasitəsi ilə bildirdikləri irad, rəy və təkliflər nəşriyyat-müəllif heyətinin diqqətinə çatdırılır və müvafiq düzəlişlər edilir. Ehtiyat dərsliklərin hazırlanması bu sahədə növbəti yeniliklərdən olacaq.
Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.
Məlum olduğu kimi, 2008-ci ildən etibarən yeni təhsil proqramları tətbiq edilir. Bu illər ərzində yaradılan uğurlu dərsliklərlə yanaşı, pedaqoji ictimaiyyət tərəfindən uğursuz hesab edilən bəzi dərsliklərə də rast gəlinib. Yeni təhsil proqramları əsasında dərsliklərin yaradılması kifayət qədər zaman tələb etdiyindən bu iş ilbəil, tədricən həyata keçirilib. Odur ki, hər il təhsil müəssisələrinin yeni dərsliklərlə təmin olunması zərurəti ortaya çıxıb. Həmin dərsliklərin hazırlanması, onların qiymətləndirilməsi, lazımi düzəlişlərin edilməsi və çap olunaraq yerlərə paylanması proseslərinin ən geci bir il ərzində tamamlanması tələb olunub. Odur ki, zaman məhdudiyyəti dərsliklərin keyfiyyətini qaldırmaq sahəsində ciddi dəyişikliklər etməyə çətinlik törədib. Buna baxmayaraq, dərslik siyasəti daim inkişaf etdirilib və dərsliklərin yaradılması qaydaları təkmilləşdirilib. İndi isə keyfiyyətli dərsliklərin yaradılması istiqamətində tamamilə yeni və mühüm mərhələ başlayır.

Ehtiyat dərsliklər yaradılır

Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq. Məqsəd bütün qüvvələri birləşdirməklə daha keyfiyyətli dərslik yaratmaqdır. Başqa sözlə, bu sahədə çalışan mütəxəssislərə geniş yaradıcılıq imkanları açılır. Bunun da nəticəsində ümumi işin keyfiyyəti artacaq.
Xatırladaq ki, Təhsil Nazirliyinin indiyədək apardığı siyasətə əsasən, nəşriyyatlar ayrı-ayrı dərsliklərlə bağlı müsabiqədə iştirak edir, onların təqdim etdiyi dərsliklər arasından ən yaxşısı seçilirdi. İndiyədək müxtəlif nəşriyyatlarda çalışan mütəxəssislər hazırladıqları dərsliklərlə bağlı bir-biriylə nəinki fikir mübadiləsi aparmır, əksinə, düşüncələrini gizlədir, əməkdaşlıqdan yayınırdılar. Bu, rəqabət mühiti yaratsa da, həmin mühiti inkişaf etdirmək və daha yaxşı dərsliklərin yaradılmasına nail olmaq indiyədək mümkün olmayıb. Bunun da bir çox səbəbi var. Əvvəla, respublikada dərslik hazırlayan mütəxəssislərin sayı çox deyil. Digər tərəfdən isə dərsliklərin hazırlanmasına qoyulmuş məhdudiyyətlər müəllif yaradıcılığına mənfi təsir göstərir. Məsələn, dərsliklərin formatına, həcminə, bədii tərtibata və səhifələnməyə qoyulan məhdudiyyətlər, həmçinin digər texniki şərtlər müəllifləri müəyyən çərçivəyə salır və yaradıcılıq potensialını məhdudlaşdırır. Tender şərtlərinin pozulması isə dərsliklərin müsabiqədən kənarlaşdırılması ilə nəticələnə bilir.
Yeni yanaşmada həmin məhdudlaşdırıcı şərtlər aradan qaldırılır ki, bu da dərsliklərin keyfiyyətinə təsirsiz ötüşməyəcək. Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər “eksperimental dərslik” sayılacaq.

Ehtiyat dərsliklər nəyi dəyişəcək?

Hər yenilik bir eksperimentdir. Dərslik sahəsində eksperiment olacaq ehtiyat dərsliklər həm də təcrübə olacaq. Təcrübə artdıqca təkmilləşmə prosesi dərinləşəcək. Nəticədə dərslik sahəsində bir çox problem aradan qalxacaq. Həll ediləcəyi gözlənilən həmin problemlərin bir neçəsinə diqqət edək.
Mövcud qaydalarla on il ərzində keçirilən dərslik müsabiqələrində zamanın darlığı və müəllif potensialının məhdudluğu əsasən 2 problemin yaranmasına səbəb olub. Birinci problem təkliflərin azlığıdır. İndiyə kimi keçirilən müsabiqələrdə nadir hallarda da olsa, ən çox 4 təklif verilib. Adətən dərslik tenderinə ya bir, ya da iki təklif çıxarılıb və seçim mövcud təkliflər arasında edilib. Yəni təkliflərin hər ikisi qənaətbəxş deyilsə, deməli, iki pis arasında daha az pis olanı seçmək tələb olunub. İkinci problem isə hər hansı fənn üzrə, ümumiyyətlə, təklif olmamasıdır. Məsələn, ərəb, yaxud fransız dilini öyrənənlərin sayının azlığı bu sahədə dərslik hazırlanması prosesinin stimullaşdırılmasına mane olub. Onu yazmaq kommersiya baxımından nəşriyyat-müəllif heyətinə sərf etməyib.
Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək.
Hazırlanacaq dərsliklər bir çox məktəbdə sınaqdan çıxarıla bilər. Ərəb və fransız dilləri ilə bağlı müvafiq hallarda isə bu yanaşma vəziyyətdən uğurlu çıxış yolu sayıla bilər. Belə ki, nazirliyə dərslik təklif olunmadıqda, yaxud təklif olunmuş dərsliklərin keyfiyyəti qənaətbəxş sayılmadıqda, istifadəyə ehtiyat dərslik verilə bilər.

Mütəxəssis və müəllimlərə çağırış

Təhsil İnstitutu Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayevin fikrincə, bu prosesə qoşulmaq arzusunda olan müəllimlər müsabiqə əsasında seçiləcək və hər fənn üzrə komanda yaradılacaq: “8-10 nəfərdən ibarət yaradıcı heyətə dərsliklərin hazırlanması üzrə təcrübəsi olan mütəxəssislər, alim və pedaqoqlar cəlb ediləcək. Yaradıcı heyətin fəaliyyəti tam ödənişli əsaslarla həyata keçiriləcək. Ancaq ilk dəfə müəllif olmaq istəyənlər qorxub çəkinməməlidirlər. Mərkəzin təcrübəli mütəxəssisləri hər addımda onların yanında olacaq və onlara dəstək verəcəklər. Heç kim bacarmamaqdan, səhv etməkdən qorxmamalıdır. Bu prosesə təcrübəli müəlliflərin də cəlb edilməsini planlaşdırırıq. Lakin onlar tamamilə yeni yanaşmalar əsasında və yeni qaydalarla fəaliyyət göstərəcəklər. Bir neçə prinsipial fərqi izah edim: işin tənzimlənməsi dərsliklərin hazırlanması prosesi zamanı tədricən aparılacaq. Fəsillər yazıldıqca maraqlı tərəflərin müzakirəsinə veriləcək. Proses əvvəldən sona kimi açıq olacaq və arzu edənlərin müxtəlif statuslarda hər zaman prosesə qoşulmaq imkanı olacaq”.
Bununla bağlı mütəxəssis və müəllimləri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində “Təhsil İnstitutu əməkdaşlığa dəvət edir” başlıqlı elanla tanış olmağa və müsabiqədə fəal iştirak etməyə dəvət edirik.

yuxarı ⤴