1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SDU-da magistrantların XVII Respublika elmi konfransı keçirilib
12.05.2017 / No17

 
 
 

 

 


Mayın 11-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş magistrantların XVII Respublika elmi konfransı keçirilib. Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin rektorları, prorektorlar, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ona dərin ehtiramlarını bildiriblər.
Konfransa sədrlik edən SDU-nun rektoru, professor Elxan Hüseynov ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, hər il ənənəvi olaraq Təhsil Nazirliyinin xətti ilə keçirilən magistrantların respublika elmi konfransının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ulu öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olub. Dahi şəxsiyyətin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul edilmişdir. Bu baxımdan respublikamızın ali təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Belə konfransların keçirilməsində də əsas məqsəd gəncləri elmi tədqiqat işlərinə cəlb etməklə yanaşı gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltməkdir. Rektor onu da vurğulayıb ki, konfransda iştirak edənlərin sayı ildən-ilə artır. Əgər 2014-cü ildə XIV Respublika elmi konfransında 15 ali məktəbdən 770 nəfərdən çox magistrant iştirak etmişdirsə, bu il keçirilən konfransa 16 ali məktəbdən 1400-ə yaxın məruzə materialları daxil olub. Konfransın gedişinə uğurlar arzulayan rektor onu da qeyd edib ki, belə konfranslar həmçinin magistrantların bir-birlərini yaxından tanımasında, ünsiyyət qurmasında bir körpü rolunu oynayır.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, SDU-nun doktorantura və magistratura şöbəsinin müdiri, dosent Sabir Xəlilov çıxış edərək konfransın əhəmiyyətindən söz açıblar. Gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına böyük təkan olduğunu və onların elmə, elmi tədqiqat işlərinə marağını daha da artırdığını qeyd ediblər.
Konfransda magistrantlardan Azərbaycan Dövlət İqtisad Universitetindən Səidə Mirzəli, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Mircəlal Əbdülov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Elşad Şahnəzərov, Bakı Slavyan Universitetindən Rüfət Həşimov, Sumqayıt Dövlət Universitetindən Vüsalə Vahabova hazırladıqları mövzular və təmsil etdikləri ali təhsil ocaqlarının elmi fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər, gənclər üçün yaradılmış şəraitə görə SDU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Öz işini on doqquz bölmə üzrə iki gün ərzində davam etdirəcək konfransın sonunda maraqlı mövzularla çıxış edən və fəallıq nümayiş etdirən magistrantlar Sumqayıt Dövlət Universitetinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.
 

yuxarı ⤴