1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yüksək təhsil ekstremizmlə mübarizədə bir çox prosesin qarşısını ala bilər
12.05.2017 / No17

 
 

 

 


Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş keçirilib.
UNESCO-nun gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçirilən görüşdə dünyada baş verən zorakı ekstremizmə qarşı mübarizədə qızların təhsilinin rolu müzakirə edilib.
Saniye Corat Azərbaycan hökumətinə və tədbirin təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirib.
UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Forumun yüksək səviyyədə təşkilinə və xüsusi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Təhsilin cəmiyyətdəki mühüm rolundan danışan İ.Bokova bildirib ki, qızların təhsil almaları və cəmiyyətdəki fəaliyyətləri gender bərabərliyinin əsas məqsədlərindəndir. Dünyanın bir çox ölkəsində qadınlar və qızlar zorakı ekstremizmin qurbanı olurlar. Hüquqları pozulan qadınlar cinsi istismara məruz qalır, təhsildən uzaq düşürlər. Biz ekstremizmə qarşı mübarizədə bütün səylərimizi birləşdirməli, bu bəlanın aradan qaldırılması üçün birgə mübarizə aparmalıyıq. Cəmiyyətlərin inkişafında qadınların və təhsilin rolunu xüsusi vurğulayan baş direktor bəzi müsəlman ölkələrində qızların təhsilə cəlb olunmasında birgə addımların atılmasının vacibliyini vurğulayaraq deyib: “Bu bizim qlobal şəkildə mübarizəmizin əsas tərkib hissəsidir. Təhsil ekstremizmlə mübarizədə bir çox prosesin qarşısını ala bilər”.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Azərbaycanda qadınların və qızların cəmiyyətdəki rolundan danışan təhsil naziri müsəlman Şərqində ilk dəfə olaraq qızlar məktəbinin məhz Bakıda açıldığını və ilk dəfə olaraq səsvermə hüququnun da azərbaycanlı xanımlara verildiyini qeyd edib.
Təhsil naziri deyib: “Ölkəmizin ali məktəblərində təhsil alanların 50 faizini qızlar təşkil edir, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizdən çoxu qadınlardır. Bir sıra ali məktəblərimizdə gender sahəsində tədqiqatlar aparılır. Respublikamızda qaçqın, köçkün və dünyadakı çoxsaylı miqrasiyalara baxmayaraq, ölkəmizdə bir çox sahədə olduğu kimi, təhsildə də təqdirəlayiq nəticələr əldə olunub”.
Təhsilin qızların həyatındakı vacib rolundan danışan Efiopiyanın birinci xanımı Roman Tesfaye cəmiyyətdə qadınların hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Bildirilib ki, təhsil vasitəsilə cəmiyyətə inteqrasiya olunan qadınlar bir çox qlobal problemin həllində xüsusi yer tuturlar. Təhsil onların yoxsulluqdan azad olunmasında, həmçinin maliyyə sahəsində bir sıra məsələlərin həllində də böyük rol oynayır. Erkən nikahlar, müxtəlif dini və ekstremizm qrupları tərəfindən zorakılıqlar qızların təhsil almasına mane olur. Biz bu cür xoşagəlməz halların qarşısının alınmasında birgə mübarizə aparmalıyıq. Efiopiya hökuməti bu sahədə bir sıra uğurlar əldə edib. Uşaqların və qızların məktəbə cəlb olunmasında maarifləndirmə tədbirləri davam edir.
Foruma dəvətə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirən Malinin birinci xanımı Keita Aminata Maiga görüşün yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, terrorizm və zorakı ekstremizmə qarşı mübarizədə qadınlara dəstək göstərilməsinin vacibliyini qeyd edib. Qadın və qızların cəmiyyətin inkişafında mühüm rolunu vurğulayan Malinin birinci xanımı ölkəsində bu sahədə aparılan islahatlar barədə məlumat verib. Qeyd edib ki, Malidə qızların təhsilə cəlb olunması ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Çox vaxt zorakı ekstremizmin qurbanına çevrilən qızlar hətta ibtidai təhsil ala bilmirlər. Qızlardan müxtəlif terrorçu qruplaşmalar tərəfindən sui-istifadə edilməsi cəmiyyətin əsas problemlərindən biridir. K.Maiga qeyd edib ki, yoxsul ailələrdən olan qız uşaqlarının təhsilinə ayrılan sərmayə ekstremizmlə mübarizədə ən öndə gedən məsələlərdəndir.
Ruandanın birinci xanımı Janet Kagame bir çox ölkələrdə qadınlara qarşı törədilən zorakılıq hallarından danışıb, bunun qızların təhsil almasına əks təsirini vurğulayıb. O deyib: “Biz dünyada, xüsusilə müsəlman ölkələrində qadın və uşaqların hüquqlarının pozulmasının şahidi oluruq. Onlara qarşı törədilən cinayətlərlə mübarizədə birləşməli, bu istiqamətdə birgə tədbirlər həyat keçirməliyik”. Ölkəsinin tarixi barədə məlumat verən birinci xanım bildirib ki, qızların təhsilə cəlb olunması gender bərabərliyinin təminatıdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirə olunan mövzunun vacibliyini qeyd edib. Bildirilib ki, radikalizm, zorakılıq, ksenofobiya, ayrı-seçkilik bəşəriyyətin ən böyük bəlasıdır və bunlar insanlığa ciddi ziyan vurur. Zorakı ekstremizmdən daha çox qadınlar və uşaqlar, xüsusilə qızlar əziyyət çəkirlər. Hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, qızlar cinsi istismara məruz qalır və insan alverinin qurbanına çevrilirlər. Elə ölkələr vardır ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, onların sahibkarlıqla məşğul olmasına bir çox maneə olur. Bunlar əsasən yoxsulluq, erkən nikahlar, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlərdir. Hər bir ölkə uşaqları qorumağı və onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur.
Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam və savadlı mühitdə böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması və hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Milli strategiya kimi formalaşan dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da gücləndirilib. Ölkəmizdə təhsilin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edən komitə sədri bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edilib ki, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi, həmçinin konkret tədbirlərin həyata keçirilməsi ilə də reallaşdırılır. Bu layihələr qaçqın və məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib.
Bildirilib ki, hazırda bəşəriyyəti düşündürən məsələ isə davamlı inkişaf və sülhə, əmin-amanlığa, rifaha mane olan problemlərin, məhdudiyyətlərin aradan qaldırılması və bu istiqamətdə mexanizmlərin tapılmasıdır. Təhsil radikalizmə, ortodoksal baxışlara, terrorizmə qarşı ən yaxşı vasitədir. Elm və mədəniyyət bütün problemlərin həllində böyük əhəmiyyətə malikdir.
Yüksək səviyyəli görüşün iştirakçıları birgə qlobal humanitar çağırış qəbul ediblər. Çağırış tədbirdə oxunub.

AZƏRTAC

yuxarı ⤴