1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Şahin” hərbi-idman oyununun Respublika final yarışı keçirilib
12.05.2017 / No17

 
 

 

 


Rəşad ZİYADOV

Mayın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Şahin” hərbi-idman oyununun Respublika finalı keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyi tərəfindən hazırlanan ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda gördüyü işlər, həyata keçirdiyi layihələrdən bəhs edən xüsusi sənədli film nümayiş olunub.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, Cəmşid Naxçıvanski adına hərbi liseyin rəis əvəzi, polkovnik Elman Namazov ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən danışıblar. Natiqlər ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrindən, hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və bu missiyanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən söz açıblar. Onlar gənclərin vətənpərvər, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında, hərbi xidmətə hazırlanmasında “Şahin” hərbi-idman oyunlarının keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdləri mübarizə aparıblar.
“Şahin” hərbi-idman oyununun Respublika final yarışında 18 komanda bir neçə mərhələdə qüvvələrini sınayıb. Qeyd edək ki, komandaların hər biri 14 nəfərdən ibarətdir. Yarışda komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb, müxtəlif sədlərdən keçərək maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş etdiriblər.
Oyunların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onların ordu sıralarında xidmətə hazırlanmasıdır. Qeyd edək ki, yarışlara mart ayında start verilib. Zonaların hər birindən I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanıblar.
Əsasnaməyə uyğun olaraq Cəmşid Naxçıvanski adına hərbi liseyin zabitlərindən ibarət hakimlər heyətinin qərarı ilə Bakının Nizami rayonu I yerə layiq görülüb. Kürdəmir rayonunun komandası II, Zərdab rayonunun komandası isə III yerə çıxıblar. Qaliblər və komandanın tərkibində fərqlənənlər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
 

yuxarı ⤴