1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bolqarıstanın vitse-prezidenti Bakı Slavyan Universitetində
12.05.2017 / No17

 
 
 

 

 


Mayın 6-da Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova Bakı Slavyan Universitetində olub. Qonağı Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər müşayiət edib. Universitetin tələbələrdən ibarət rəqs ansamblı qonaqları Bolqarıstan və Azərbaycan rəqsləri ilə qarşılayıb.
Sonra nüfuzlu qonağı qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Bolqarıstanın tarixi dostluq əlaqələrinin olduğunu bildirib və bu münasibətlərin tarixin sınaqlarından keçdiyini nəzərə çatdırıb. O, ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını, azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini, bolqar tələbələrin isə dilimizi, milli-adət ənənələrimizi öyrəndiyini vurğulayıb. BSU-nun rektoru N.Əliyeva xanım İ.Yotovanın gərgin iş qrafikinə baxmayaraq, fürsət tapıb BSU-ya gəlməsini rəhbərlik etdiyi ali məktəbə verilən dəyər kimi qiymətləndirib və universitet barədə qonağa məlumat verib.
Sonra Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Qarabağ problemi, torpaqlarımızın işğalı barədə qonağa müfəssəl məlumat verərək, problemin həllini üzərinə götürmüş Minsk Qrupunun passiv mövqe tutmasını da diqqətə çatdırıb.
Bolqarıstanın vitse-prezidenti xanım İ.Yotova çıxışında səmimi qarşılanmaya görə rektor Nurlana Əliyevaya və universitetin tələbə-müəllim heyətinə dərin minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra Bolqarıstanla daha intensiv münasibətlər saxladığını bildirərək, dövlətimizin başçısının bu sahədə ciddi işlər gördüyünü qeyd edib. İ.Yotova 10 il deputat kimi AŞPA-da çalışdığını, Azərbaycanın yaşadığı Qarabağ probleminə dərindən bələd olduğunu da diqqətə çatdırıb. Vitse-prezident eyni zamanda Avropada, o cümlədən Bolqarıstanda yaşanan miqrant problemlərinə də toxunub.
İ.Yotova BSU-nun Bolqarıstanın ali məktəbləri ilə sıx əlaqə saxlamasından məmnun olduğunu bildirərək, bu əlaqələrin gələcəkdə daha da genişlənməsini arzu etdiyini dilə gətirib. O, Bakı Slavyan Universitetinin Bolqarıstan ali məktəbləri ilə qarşılıqlı münasibətlərində xoş məramlı səfir olmağa hazır olduğunu da vurğulayıb.
Sonra qonaqlar universitet rəhbərliyinin müşayiəti ilə Bolqar dili Tədris və Mədəniyyət Mərkəzində olub. Vitse-prezident Mərkəzdə saxlanan xatirə kitabına ürək sözlərini yazıb.
Sonra vitse-prezident akt zalında universitetin tələbə-müəllim heyəti ilə görüşüb. İ.Yotova onları maraqlandıran sualları cavablandırıb.

yuxarı ⤴