1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Olimpiada ruhu məktəbə qayıdır
12.05.2017 / No17

 
 

 

 


Etibar ƏLİYEV,
“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru

Təhsil ekspertləri özünün fəaliyyətində daha çox problemlərə köklənir, tənqidi fikirlər səsləndirirlər. Buna təbii baxmalıyıq və qəbul etməliyik ki, tənqidçi mövqeyini qorumaq faydalı və ədalətli ola bilməyin ən vacib göstəricisidir. Bəlkə yersiz də səslənə bilər, bir təhsil eksperti və vətəndaş cəmiyyəti təmsilçisi kimi tənqidi mövqeyimi bütün forma və səviyyələrdə, bütün zamanlarda saxlaya bildiyimi alnıaçıqlıqla deyə bilərəm. Bununla belə, müsbət dəyişiklikləri də qeyd etməkdən heç vaxt çəkinməmişəm. Hər şeydən öncə ona görə ki, uzun illər təhsil sahəsində elə dərin problemlər kök atıb ki, yaxşıya doğru dəyişiklik imkanları görəndə azı vətəndaş kimi sevinməyə bilmirəm. Əminliklə deyirəm, son bir neçə ildə görülən işlər nəticəsində orta məktəblərdəki fənn olimpiadaları sahəsində müsbətə doğru çox ciddi dəyişikliklər baş verib. Kimdən soruşsanız, öyrənə bilərsiniz ki, bu dəyişikliklər ötəri və görüntü xarakteri daşımır. Uzunmüddətli dönəmdə bu sahə çökmüş və çirklənmiş, heç olmasa bu sahədə obyektivlik və şəffaflıq qorunmamışdı. İntellektual olimpizm ruhu yoxa çıxmış və ləkələnmişdi. Olimpiada işinin əsas mərkəzlərindən olan təmayüllü liseylər, sadəcə, yataqxanası və yeməkxanası olan məktəblərə çevrilmişdi.

Durumu dəyişən ciddi addımlar

Sərt dəyişiklik üçün iki addım əsas təşkil etdi. Qiymətləndirmə bütün mərhələlərdə obyektiv aparıldı, ədalətli nəticəyə inam və yarış ruhu qayıtdı. Olimpiadaların təşkili və qiymətləndirilməsi üçün ən müasir qayda və metodlar seçildi, şagirdlərə apelyasiya imkanları yaradıldı. Təşkilatçılarla iştirakçılar arasında dürüst və xoş münasibətlərə söykənən mühit yaranmış oldu.
İkinci amil olaraq, olimpiada mərkəzləri və bu mərkəzlərin yerləşdiyi liseylər köklü dəyişikliyə uğradı. Məsələn, Fizika, riyaziyyat və informatika təmayüllü liseyi əvvəllər ölkənin örnək məktəbi olub. Məktəbə qəbul sistemi nazirlik tərəfindən mərkəzləşdirildi və obyektivləşdirildi. Sağ olsunlar, kollektiv də köhnə ənənələrin bərpa olunması üçün dərhal toparlanmış oldu. Rüşvətdən, tərəfkeşlikdən, mənfi tendensiyalardan uzaq olan, çalışqan lisey bu il olimpiada qaliblərinin sayına görə öz yerini qaytarmağa nail oldu. Ciddi müşahidələrim əsasında deyə bilərəm ki, təhsilin buradakı səviyyəsi hələ tam arzuolunan deyil, amma böyük irəliləyiş qət olunub.
Olimpiada işinə rəhbərlik edənlər Azərbaycanın hər yerindən xüsusi istedadları axtarıb tapır, olimpiada mərkəzlərinə cəlb edir, olimpiada sinifləri təşkil edirlər. Nüfuzlu Balkan olimpiadasından bu il dörd şagirdimiz medalla qayıdıb.
Bu yazı üzərində işləyərkən adını çəkə bilməyəcəyim bir professor təsadüfi zəngləşmədə heyrətlə bir məsələni danışdı. İnformatika üzrə (proqram yazılımı) ən yaxşı universitet komandalarının olimpiadasına qatılan iki şagird yalnız Bakı Mühəndislik Universitetindən, BDU və ADA- dan geri qalaraq 4-cü yeri tutub. Onlar Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (köhnə AZİ) və bütün digər universitetlərə qalib gəliblər. Görülən işlər faydasını verir.

Fənn olimpiadalarının təhsildə rolu nədir?

Böyük yazıçı Frans Kafkanın bir hekayəsi var. Mərhum akademik Azad Mirzəcanzadə də onu özünün “İxtisasa giriş” kitabında xatırlayıb. Hekayədə deyilir ki, yaxşı bir insan vəfat etdikdə mələklər dərhal ona ismarış gətirir: “Siz yaxşı əməllərinizə görə Tanrıya bir sual vermək şansı ilə mükafatlandırılırsınız”.
Adam xeyli düşündükdən sonra Tanrıya sual verir ki, onun tarix boyu ən böyük sərkərdə kimi yaratdığı kim olub.
Tanrı da deyir ki, sən filan şəhərdən deyilsənmi, filan küçədə yaşamırdınmı. “Bəli” söyləyən adam onu şoka salan bir cavab alır.
Tanrı deyir: “Yaşadığın küçənin başında pinəçi köşkü vardı, o qamətli pinəçini tanıyırdın sən də, bax, o, bütün gəlmiş-getmişlər arasında mənim ən yüksək sərkərdə qabiliyyəti verdiyim insan olub. Lakin bunu nə özü, nə də başqaları bilib”.
Bu ibrətamiz hekayədə işarə edilən problemi çözməyin, xüsusi istedadları müəyyənləşdirməyin, onları yetişdirib ölkəyə və bəşəriyyətə bəxş etməyin vəzifəsi olimpiadaların üzərinə düşür.
Yalnız bu da deyil. Fənn olimpiadalarının şagirdlərin fərdi inkişafı üçün görə biləcəyi işləri daha ətraflı təsvir etməyə çalışaq:
- Xüsusi istedadları müəyyənləşdirmək;
- İstedadlı uşaqların hazırlığını yüksəltmək;
- Bütün iştirakçıların yaradıcılıq və s
ərbəst çalışmaq bacarığını artırmaq;
- Fənlərin daha dərindən öyrənilməsinə yol açmaq;
- Özünütəsdiq imkanı və şəxsiyyətyönlü formalaşma;
- Məktəblərdə yarış və rəqabət mühiti yaratmaq;
- Sosiallaşma - şagirdləri maraqlı bir yarışa daha sıx bağlamaqla onu tədrisə və məktəb toplumuna daha yaxından bağlamaq.

İntellektual marafon

İlk olimpiada dərnəyinə qatılan şagird az zamanda özündə dəyişiklik hiss edir. Bu özünütəsdiq platforması ona böyük olimpiada uğurları gətirmədikdə belə, onda əvəzsiz müsbət izlər buraxır. Bunlardan bəzilərini qeyd edə bilərik:
- Sürət. Şagird çalışmaları sürətlə cavablandırmağa vərdiş qazanır və vaxtın əhəmiyyətini hiss edir, vaxta görə özünü inkişaf etdirir.
- Konsentrasiya. Daha çətin sual və çalışmalara bəlli zaman çərçivəsində cavab vermək konsentrasiya olmaq bacarığı formalaşdırır. Bu xüsusiyyət isə dərslərin tələblərini həll etməkdə şagirdlərə çox kömək edir.
- Dərinləşdirmə. Fənni daha dərindən öyrənmək dərsləri daha asan və unudulmaz mənimsəməyə imkan yaradır.
- Tədqiqatçılıq və layihəçilik. Gələcəyin elm adamları, yaradıcıları, istehsalçıları ilk və vacib keyfiyyətlərini qazanırlar.
- Qeyri-standart yanaşma. Orijinal baxışlarla problemlərə yanaşa bilmək həm çətin sualları həll etməyə kömək edir, həm də standart dərs yükünü mükəmməl anlamağa, yadda saxlamağa və izah etməyə yol açır.

Olimpiadaların ən mühüm cəhəti

Fənn olimpiadaları sahəsində xüsusi istedadları üzə çıxarmaq və onları yetişdirmək olduqca vacib məsələdir. Lakin hədəf yalnız xüsusi istedadlar olmamalıdır.
Olimpiada işi təhsil sistemində bir hərəkata çevrilməli, təkcə xüsusi seçilən məktəbləri və olimpiadaları əhatə etməməlidir. Hazırda natamam olan cəhət budur.
Bəli, yalnız xüsusi mərkəz və liseylərdən deyil, bütün məktəblərdən, hətta ucqar məktəblərdən də olimpiadalara qatılırlar. Lakin bu, əsasən formal xarakter daşıyır, o cür məktəblərdən gələnlər istisna müəllimlərin və ya şagirdlərin hesabına uğur qazana bilirlər. Uğurlar da ardıcıl olmur. Bu məktəblərdəki uşaqların bəlkə də ən yaxşıları itib-batır, yuxarılar maraqlandıqda belə, onların istedadlarından xəbər tutmaq olmur. Eynən Kafkanın hekayəsindəki kimi. Ona görə ki, onların istedadı bəlli təcrübədən, dərnək və ilkin hazırlıqlardan sonra görünə biləcək hala gəlir. Yoxsa onların istedadı elə dərin qatda olur ki, heç cür görə bilmirsən. Məktəblərdə fənn dərnəkləri, məşğələlər, ilkin yarışlar, siniflərarası yarışlar, məktəb və rayon müsabiqələri təşkil edilməli və bunlar kifayət qədər olmalıdır ki, belə uşaqlar kəşf oluna bilsin.
Belə olduqda, yəni, olimpiada hazırlıqları və olimpizm bütün məktəbləri və hamını əhatə edə bilsə, əvvəla, daha çox xüsusi istedadlı uşaqları ortaya çıxara biləcəyik, ikincisi, intellektual olimpizm ruhu əksəriyyətə xas olacaq.
Sonuncu çox vacib amildir.
Pedaqoqun vəzifəsi uşaqlardakı qabiliyyətləri, yaxud onda ən yaxşıları açmaqdır. Məsələn, Çində uşaq riyaziyyatı bilmirsə, dil haqqında biliklərində problem varsa, onun idmanda, yaxud peşədə qabiliyyəti barədə düşünürlər. Müəllim istedadı aşkar edib, mahiyyəti başa düşdükdən sonra uşağın uğurunu sinif yoldaşlarına və məktəbə bəyan edir.
Son zamanlar fənn olimpiadalarının, “Ədəbiyyat biliciləri” müsabiqəsinin və başqa bilik yarışmalarının qaliblərinin təntənəli mükafatlandırılması rasional addımdır. Uşaqlar onların biliklərinin yüksək səviyyədə qiymətləndirilməsindən sevinirlər.
Riyaziyyatda uğur qazana bilməyən coğrafiyada, coğrafiyada nəticəsi olmayanlar biologiyada, bir başqası rəsmdə, digəri idmanda, yaxud müxtəlif layihələrdə özünü tapmış olacaq. Bu cür uşaqlar məktəb dərslərinə daha böyük maraq göstərəcək və bununla təhsil sisteminin keyfiyyəti yenilənəcək. Ən dəcəl və çətin tərbiyə olunan uşaqlar belə, bəzi proje yarışlarında özünütəsdiqə imza atmaqla, sosiallaşa və problemsiz şagirdlərə çevrilə bilərlər. Rəqabət və yarış ruhu universal xüsusiyyətdir və onun sağlam şəkildə aşılanması çox böyük uğurlara imza atır. Bunun üçün məktəb dərnəkləri və məşğələləri aşıb-daşmalı, müxtəlif miqyasda yarışlar çoxaldılmalıdır. Təkcə indi Təhsil Nazirliyinin təşkil etdiyi fənn olimpiadaları ilə kifayətlənmək olmaz.
Bu istiqamətlərdə işlər gücləndirilməlidir:
- Vəsaitlər və resurslar artırılmalıdır. Bütün miqyaslarda olimpiadaların keçmiş materialları tərcümə edilməli, olimpiadalara hazırlıq vəsaitləri hazırlanmalıdır;
- Müxtəlif adda rayon, şəhər və respublika fənn yarışları və olimpiadaları təşkil edilməlidir;
- Universitetlər məktəblilər üçün öz olimpiadalarını təşkil etməlidir;
- Onlayn resurslar və olimpiadalar üçün platformalar çoxaldılmalıdır;
- Özəl qurumların öz hesablarına olimpiada və yarışlar təşkil etməsi üçün təbliğat aparılmalı və onlara bu işdə metodik dəstək verilməlidir;
- Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı seminarlar təşkil edilməlidir. Olimpiada fəaliyyətinə və uğurlarına görə müəllimlərə əlavə əməkhaqqı ödənilməlidir;
- Xarici ölkələrin təcrübəsi öyrənilməli, xaricdən təlimçilər gətirilməlidir;
- Ölkədə və beynəlxalq miqyasda yüksək uğur qazanan olimpiadaçılara birdəfəlik və uzunmüddətli təqaüd ayrılmalı, onlara mümkün üstünlüklər verilməsinə yol açılmalıdır.
Təbii ki, qiymətləndirmə həmişə düzgün və ədalətli olacaqsa, bəhrəni tezliklə görmək olacaq. Təcrübə artacaq, məktəblərdə yeni dərəcəli müəllimlər və yeni mühit yaranacaq. İntellektual marafon bütün şagirdlərə fayda verəcək.

yuxarı ⤴