1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasından daha 4 bürünc medal
12.05.2017 / No17

 
 

 

 


Məktəblilərimiz növbəti uğura imza atıblar

Oruc MUSTAFAYEV

Azərbaycan məktəbliləri 2-7 may 2017-ci il tarixlərində Makedoniyanın Oxrid şəhərində keçirilən 34-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında (JBMO) növbəti uğura imza atıblar. Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə, Yunanıstan və s. kimi Balkan ölkələri ilə yanaşı, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Səudiyyə Ərəbistanını təmsil edən şagirdlərin iştirak etdiyi elm yarışında Azərbaycan 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə iştirak edib. Yaş həddi 15-dən kiçik olan, demək olar ki, yeni formalaşmış komandamız bu olimpiadada kifayət qədər yaxşı nəticə göstərib. Hər biri maksimum 10 bal ilə qiymətləndirilən 4 müxtəlif sualın (cəmi 40 bal) həllərini yazmaq üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verilib. Belə ki, Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin IX sinif şagirdi Ramil Cəbiyev (30 bal), həmin liseyin X sinif şagirdi Anar Abbaslı (26 bal), Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin XI sinif şagirdi Mirəli Əhmədli (22 bal) və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Murad Ağazadə (21 bal) olimpiadanın bürünc medalına layiq görülüblər. Xatırladaq ki, adları çəkilən şagirdlərimizin hər biri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində işirak edirlər. Şagirdlərlə daha yaxından tanış olaq.

Mirəli Əhmədli 2000-ci il dekabrın 9-da Gəncə şəhərində anadan olub. İlk təhsilinə şəhər 4 nömrəli tam orta məktəbdə başlayıb. Sinifdə ən yaxşı oxuyan şagirdlərdən biri olub. İbtidai sinfi bitirdikdən sonra 27 nömrəli məktəbin xüsusi istedadlar sinfində (XİS) oxuyub. VII sinifdən Gəncə Türk Liseyinə qəbul olunub və olimpiadaya seçim üçün məntiq imtahanında iştirak edib. İmtahandan yüksək nəticə ilə keçib və riyaziyyat üzrə olimpiada komandasına qəbul olunub. VIII sinifdə imtahan verərək təhsilini, eləcə də olimpiadaya hazırlıq işlərini Bakıdakı “İstək” liseyində davam etdirməyə başlayıb. 2014-cü və 2015-ci illərdə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında müvafiq olaraq bürünc və gümüş, 2015-ci və 2016-cı illərdə isə Respublika fənn olimpiadasında müvafiq olaraq qızıl və gümüş medallara sahib çıxıb. 2015-ci ildə Balkan Riyaziyyat Olimpiadasında, 2015-ci və 2016-cı illərdə beynəlxalq riyaziyyat olimpiadalarında həvəsləndirici mükafatlara (Honourable Mention) layiq görülüb. Cari ilin yanvarında XIII Beynəlxalq Jautıkov Olimpiadasında bürünc medal qazanıb.
Anar Abbaslı 2001-ci il yanvarın 21-də Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 70 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2013-cü ildə Dədə Qorqud Özəl Türk liseyinə qəbul olunub. Hazırda Bakı “İstək” liseyinin Xalqlar Dostluğu filialında təhsilini davam etdirir. 2015-ci ildə Serbiyada keçirilən Junior Balkan Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb. Anar artıq VII sinfin ortalarından məntiq imtahanı verərək olimpiadaya hazırlaşmağa və təhsilini Bakıdakı “İstək” liseyində davam etdirməyə başlayıb. İlk dəfə 2016-cı ilin iyununda Serbiyada keçirilən beynəlxalq səviyyəli olimpiadadan ölkəmizə bürünc medalla qayıdıb. 2017-ci ilin yanvarında Qazaxıstanda keçirilən XIII Beynəlxalq Jautıkov olimpiadasında bürünc medala layiq görülüb.

Murad Ağazadə 2000-ci il yanvarın 20-də anadan olub. 2009-cu ildə 220 nömrəli məktəb -liseyin I sinfinə qəbul olunub. VIII sinifdən isə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsilini davam etdirir. Muradın ilk uğurları VI sinifdən başlayıb. O, məktəblilərarası fənn müsabiqəsində, VII və VIII siniflərdə isə Respublika fənn olimpiadasında I yerə layiq görülüb.
- Qarşıma Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandada yer almağı məqsəd qoymuşdum. Buna görə də Balkan olimpiadasında şagirdlərə təqdim olunan sual və tapşırıqların həlli ilə məşğul oldum. Olimpiadaya qatılmaq üçün var-gücümlə çalışırdım. Səylərim boşa getmədi, komandaya seçildim və Balkan Olimpiadasında iştirak etməklə bürünc medala layiq görüldüm. Qarşıdan yay ayında Braziliyada keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadası gəlir. Hədəfimdə bu olimpiadaya seçiləcək komanda üzvləri arasında yer almaq və bilik müsabiqəsində iştirak etməklə ölkəmizə yaxşı nəticələrlə dönməkdir.
Ramil Cəbiyev 2002-ci il iyunun 10-da Bakıda anadan olub. 2008-ci ildə 132-134 nömrəli təhsil kompleksinin I sinfinə qəbul olunub. Hazırda “İstək” liseyinin IX sinfində təhsil alır. Riyaziyyata 2-3 yaşlarından maraq göstərib. Bu maraq onun riyaziyyatla daha ciddi məşğul olmasına gətirib çıxarıb. Olimpiada ilə ilk tanışlığı VI sinifdə olub. Həmin il Bakı şəhərində keçirilən “İstedad axtarışında” Respublika müsabiqəsində I yeri qazanıb. 2016-cı il isə onun üçün daha uğurlu olub. Riyaziyyat üzrə Respublika fənn müsabiqəsində “Birincilərin birincisi” adına layiq görülüb və qızıl medalla təltif olunub. Ötən il Junior Balkan Riyaziyyat Olimpiadasında bürünc medala, Dünya Riyaziyyat Olimpiadasında isə həvəsləndirici mükafata layiq görülüb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, riyaziyyat fənni üzrə komandamızın rəhbəri Fuad Qarayevdən aldığımız məlumata əsasən, şagirdlərimiz bu vaxta qədər Balkan Riyaziyyat Olimpiadalarında (senior - 1 qızıl, 7 gümüş və 22 bürünc və junior - 1 qızıl, 8 gümüş və 9 bürünc), bütövlükdə 2 qızıl, 15 gümüş və 31 bürünc olmaqla cəmi 48 medal qazanıblar.
Şagirdlərimizi, onların valideynlərini, müəllimlərini təbrik edir və uğurlarının davamını arzulayırıq.
 

yuxarı ⤴