1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Tələbələr İKT biliklərini sınağa çəkdilər
12.05.2017 / No17

 
 

 

 


Qələbə uğrunda 16 ali məktəb komandası mübarizə apardı

Yusif ƏLİYEV

Mayın 6-da tələbələrin informatika olimpiadası keçirildi. Onlar günümüzdə vacibliyi heç kimdə şübhə doğurmayan bu bilik sahəsi üzrə qüvvələrini on birinci ildir ki, sınayırlar. 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın finalı son illər bir qayda olaraq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda baş tutur.
“Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın finalı da bu baxımdan istisna deyildi. Bilik yarışmasının təşkilatçıları ənənəvi qurumlar idi: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutu.
Olimpiadanın açılışını AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev etdi. O, olimpiada iştirakçılarını, digər təşkilatçı qurumların nümayəndələrini salamladı. Alim bu gün dünyada informatika və proqramlaşdırmanın prioritet istiqamətlərə çevrildiyini, informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktik təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də proqram mühəndislərinin hazırlanmasına tələbatın artdığını bildirdi. Söylədi ki, ölkəmizdə elm və təhsilin inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. İKT-nin bu sahələrdə tətbiqi geniş imkanlara yol açır.
R.Əliquliyev bildirdi ki, builki olimpiadada iştirak etmək üçün respublikanın 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçib və olimpiadanın ilk mərhələsində iştirak edib. Qaydalara müvafiq olaraq, respublika üzrə 12 ali təhsil müəssisəsinin (Bakı Mühəndislik Universiteti, “ADA” Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) hər birindən 1 ən yaxşı nəticə göstərən komanda olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanıb.
Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarını olimpiadada iştiraka təşviq etmək məqsədilə münsiflər heyətinin qərarı ilə Sumqayıt Dövlət Universitetinin “DEV-SDU”, Mingəçevir Dövlət Universitetinin “MDU”, Gəncə Dövlət Universitetinin “Nizami” və Azərbaycan Texnologiya Universitetinin “AzeNET” komandalarının da finalda iştirakına imkan yaradılıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan marağının artırılmasına, habelə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsinə xidmət edən bilik yarışlarının keçirilməsini təqdirəlayiq hal saydı və final iştirakçılarına uğurlar dilədi.
Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdir müavini İsmayıl Sadıqov diqqətə çatdırdı ki, builki müsabiqəyə ölkənin müxtəlif orta təhsil məktəblərindən Beynəlxalq İnformatika Olimpiadasında iştirakı nəzərdə tutulan 2 nəfər 8-ci sinif şagirdi də qatılıb.
Olimpiadanın münsiflər heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə isə qeyd etdi ki, başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq müsabiqələrə hazırlamaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.
Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında məlumat verdi. Bildirdi ki, olimpiada “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Komandalar 1 müəllim və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır, yalnız bir komanda isə final mərhələsinə vəsiqə qazanır. Müsabiqə zamanı hər komandaya 5 saat ərzində 10 alqoritmik məsələni həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.
Sonra olimpiada başlandı.
Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişinə institutda quraşdırılmış videomüşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilirdi.
Qaliblər “Nar” operatoru və “BestComp Group” şirkətinin qiymətli hədiyyələri, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri fərmanı və diplomlarla mükafatlandırılacaq.
 

yuxarı ⤴