|
Oruc MUSTAFAYEV
Mayın 6-7-də Azərbaycan müəllimlərinin ilk assosiasiyası kimi 20 illik
şərəfli tarix yaşamış Azərbaycan İngilis Dili Müəllimləri Birliyi (AzETA) öz
tərəfdarlarını Avropa Azərbaycan Məktəbinə toplamışdı. Son 20 il ərzində
ölkəmizdə ingilisdilli müəllimlərin peşəkar inkişafında mühüm rol oynamış
təşkilatın yubiley tədbirində 160-a yaxın ingilis dili müəllimləri, məktəb
direktorları, təhsil mütəxəssisləri iştirak edirdi. Yubiley çərçivəsində
keçirilən XII Beynəlxalq konfransda ABŞ, Böyük Britaniya, Gürcüstan,
Yaponiya, Özbəkistan, Türkiyədən olan mütəxəssislər XXI əsr şagirdinə dərs
deməyin üstünlükləri və çətinliklərindən danışdılar. Təhsil Nazirliyi və
“British Council” təşkilatının dəstəyi ilə keçirilən tədbiri AzETA-nın
prezidenti Rəqsanə Məmmədova açdı. O, təşkilatın əsasının 1996-cı ildən
qoyulduğunu və bu günə kimi ölkəmizin ayrı-ayrı şəhərlərində 9 dayaq
məntəqəsinin yaradıldığını bildirərək qurumun çətin və məsuliyyətli inkişaf
tarixindən danışaraq ingilis dili müəllimlərinin hazırlanması işində
aparılan işlərdən söz açdı. Qeyd olundu ki, AzETA-nın missiyası ölkəmizdə
ingilisdilli müəllimlərin peşəkar inkişafında yüksək keyfiyyətli təhsilə
dəstək göstərməkdir. Təşkilat artıq 10 ildən çoxdur ki, regional və
beynəlxalq konfranslar təşkil edir. Məqsəd təşkilat üzvlərinin öz fikir,
təcrübə və biliklərini daha geniş şəkildə paylaşmalarına və peşəkar
inkişafına töhfə verməkdir.
Tədbirdə çıxış edən təhsil eksperti, professor Asif Cahangirovun AzETA-nın
yaranma tarixi və ingilisdilli tədrisin ölkəmizdə aktuallığı barədə
fikirləri maraqla qarşılandı: “Mən hələ 1994-cü ildə Bakı Şəhər Təhsil
İdarəsinə rəhbərlik etdiyim dövrdə anlayırdım ki, təhsili inkişaf etdirən
yeni qurumlar yaranmalıdır. Müəllimlər, direktorlar, direktor müavinlərinin
assosiasiyaları yaranmalıdır ki, təhsili inkişaf etdirsin. Çünki tədris
prosesinin, təhsilin özünün dərinliklərində olan çətinlikləri, dəyərləri
müəllimdən başqa heç kim bilə bilməz. Ona görə də müəllim assosiasiyası
təhsili inkişaf etdirən qüvvədir. Onların təhsilimizə töhfəsi daha çoxdur.
20 il əvvəl yaradılan bu təşkilat çox böyük əhəmiyyət kəsb edir”.
Qeyd edildi ki, ölkəmizdə ingilisdilli tədrisin artması labüd məsələdir.
Əhalinin böyük hissəsi bunu dərk edir. Məhz ingilis dili vasitəsilə dünyaya
geniş qapı açılır. İnformasiya mənbələrinə daha böyük imkanlar yaranır.
İngilis dili müəllimlərimizin fəaliyyətinə də bu baxımdan qiymət
verilməlidir. Bu mənada Azərbaycanın ingilis dili müəllimlərinin böyük bir
missiyası var. Biz vaxtilə rus dilində, rus məktəblərində oxumuşuq. Rus
dilini mükəmməl öyrənməyə səy göstərmişik.
“Lakin tarix göstərdi ki, ingilis dili vasitəsi ilə biz daha geniş biliklər
arealına daxil ola bilərik. İngilis dili vasitəsi ilə ölkənin
sosial-iqtisadi inkişafına təkan verə, dəstək ola bilərik. Bizim gənclərin
ingilis dilini öyrənmələri, mən deyərdim ki, strateji məsələlərdən biridir.
Bu, çox həyati əhəmiyyət daşıyan məsələdir. Biz onu görürük ki, ingilis
dilində təhsil alan tələbələrimiz yerli tələbələrdən daha çox bilik və
bacarıqlara malikdir”, - deyən təhsil eksperti bir faktı iştirakçıların
diqqətinə çatdırdı: “2000-ci ildə İsveçdə olarkən bu ölkədə ingilis dilinin
əhəmiyyətinə dair maraqlı bir faktla rastlaşdım. Ölkədə əhalinin ingilis
dilinə marağının artmasının səbəbləri barədə tədqiqat aparılmışdı. Hansı
səbəbdən bu ölkədə ingilis dili bu qədər inkişaf edib? Tədqiqatlar göstərib
ki, başlanğıcda bu məsələdə nə məktəbin, nə cəmiyyətin, nə də dövlətin rolu
olub. Ən böyük rolu bu ölkədə o dövrdə məşhur olan “ABBA” instrumental
ansamblı oynayıb. Onların bütün mahnıları ingilis dilində olub. Onun
musiqiləri o qədər cəlbedici idi ki, gənclər onların oxuduğu mahnıların
mənasını öyrənməyə cəhd edirdilər. Ona görə də ingilis dilini daha dərindən
öyrənməyə səy göstərirdilər. Və təhsil müəssisələri, dövlət görəndə ki, bu
dilə belə böyük maraq var, ingilisdilli tədrisi, dərslikləri tam
dəyişdiriblər. Onu daha təkmil ediblər. İngilis dilinin tədrisinə
yanaşmalarını dəyişiblər. Nəticədə indi İsveçdə ingilis dili dövlət dili
olmasa da, ana dili səviyyəsində tədris olunur. Bizdə isveçlilərin ingilis
dilində oxuyan ansamblı olmasa da, müəllimlərimiz var. Əgər hər biriniz öz
məktəbinizdə 100-200 şagirdə ingilis dilində sərbəst danışmağı, anlamağı,
fikrini mükəmməl ifadə etməyi öyrədə bilsəniz, bu, bizim böyük uğurumuz olar”.
Tədbirdə çıxış edən tərcümə professoru, 1996-cı ildə AzETA yaradılarkən
təşkilatın ilk rəhbəri olmuş, sonradan isə onu gənclərə təhvil vermiş
Qılıncxan Bayramov Azərbaycanın ingilisdilli müəllimlərinin fəaliyyətinə
nəzər saldı. İngilis dilinin əhəmiyyətindən danışan professor qeyd etdi ki,
bu dil dünyaya bir çıxışdır. İngilis dili dünyanın 60 ölkəsində dövlət
dilidir. Dünya əhalisinin 45 faizi ingilis dilində danışır. Bu onu göstərir
ki, biz bu dili öyrənək. İngilis dilinin tədrisi və bu sahədə peşəkar
müəllim hazırlığı problemlərindən danışan Q.Bayramov qeyd edib ki, təhsili
və tədris prosesini bu sahəni mükəmməl bilənlər, bilavasitə tədrislə məşğul
olanlar idarə etməlidir. O, daim dərsin içində olmalıdır. Məktəbin, şagirdin
qayğısına qalmalıdır. Alim ingilis dilinin tədrisindən danışarkən bu sahədə
mövcud olan müxtəlif dil variantlarına toxunub: “İndi ingilis dilinin
Britaniya, ABŞ, Kanada variantlarından danışırlar. Lakin biz klassik ingilis
dilindən danışa bilərik. Axı biz ingilis dilinin klassik variantını
öyrənmişik. Buna görə də ingilis dilini tədris edən müəllimlər bu dilin
ruhunu çatdıra bilməlidirlər”. Onun sözlərinə görə, yeni ingilis dili
dərslikləri, vəsaitləri yaradılmalıdır. İngilis dilinin tədrisinin yüksək
səviyyədə təşkili üçün savadlı ingilis dili kadrları, baza lazımdır.
Daha sonra Türkiyənin təhsil mütəxəssisi doktor Erdem Söylemezin “XXI əsr
şagirdinin təhsilində müəllimin rolu”, Böyük Britaniyanın ingilis dili
mütəxəssisi Les Kirkhamın “İngilis dilinin tədrisində fənlərarası
inteqrasiya fonunda XXI əsr şagirdi” mövzularında məruzələri dinlənilib.
Tədbir müxtəlif bölmələrdə məruzələrlə davam edib. Konfransda iştirak edən
müəllimlərə sertifikatlar verilib. |