1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Valideynlərimdən başqa bir də onun yanında həyat dərsi keçdim”
12.05.2017 / No17


Emilya Səfərəliyeva: “Uşaqların yaxşı nəticələr əldə etməsi üçün ailədaxili münasibətlərin düzgün qurulması vacib şərtdir”

 Jalə MÜTƏLLİMOVA 

“Atam Sumqayıt Polimer Zavodunda baş mühəndis idi. Hər gün nahar vaxtı evə özünü bizdən qabaq çatdırırdı. Uşaqları məktəbdən gələndə evdə olmalı idi. Bəlkə inanmayacaqsınız, beş uşaq hərəmizə əlində bir tikə yeməklə qapını mütləq üzümüzə o açırdı. Biz buna vərdiş eləmişdik. Ayaqqabımızı soyunmadan, əlimizi yeməyə toxundurmadan hərəyə bir tikə yedizdirirdi. Sonra da deyirdi ki, “di indi soyunun ayaqqabılarınızı!”.

O beş uşağın beşi də böyüdü. İkisi həkim, biri hüquqşünas, biri poliqlot-tərcüməçi, biri məktəb direktoru oldu. Həmsöhbətimiz sonuncudur, məktəb direktoru Emilya Səfərəliyeva.

 Kimdir Emilya Səfərəliyeva?

 1980-ci ildə Sumqayıtda ziyalı ailəsində doğulub. Hər iki valideyni müəllimdir. BDU-nun biologiya fakültəsini qırmızı diplomla bitirib. Ailəlidir, iki övladı var. Hazırda Bakı şəhər 36 nömrəli tam orta məktəbin direktorudur.

Haşiyə:  “Azərbaycan müəllimi” bu sayından etibarən “Məktəb illəri” rubrikası ilə qarşınızda olacaq. Bütün uğurlar məktəbdə qoyulan təməldən başlayır. O üzdən ilk qonağımız da elə təhsil adamıdır. Əslində isə məqsəd təkcə təhsil adamının deyil, müxtəlif tanınan peşə sahiblərinin karyeraya gedən yolunun başlanğıcı, məktəb illəri haqda  təəssüratlarını sizlərə təqdim etməkdir.

Emilya Səfərəliyevaya gəlincə, söhbət boyu təkcə məktəb direktoru yox, atasının əlindən bir tikə yeməyi alan balaca qızı, ərköyün yeniyetməni, dərs əlaçısını, tələbə gənci, məmuru və ən əsası, yaxşı bir pedaqoqu da görə bildim. Oxusanız, siz də görəcəksiniz...

- Atanızın ağır sahədə çalışan mühəndis olduğunu söylədiniz. Belə bir peşə sahibi üçün hər gün qoyduğu qaydaya əməl eləmək maraqlı olduğu qədər də qəribə və çətindir. Daha hansı qəribəliklər var idi, Emilya xanım?..

- Bizim qəribə süfrə adətlərimiz var. Ata oturmayıbsa, kimsə süfrəyə yaxın getmir. Atam oturar, sonra biz əyləşərik. Atamgilə gedəndə indinin özündə də hərəmizin süfrədə öz yeri var. Başqa yerdə otura bilmərik. Dörd bacıya işi bölüşdürürdü anam. Süfrəni birimiz hazırlayır, sonra birimiz yığışdırardıq. O birimiz qabları yuyur, digərimiz yerləşdirirdik. Bu ənənəmiz hələ davam eləyir. Bircə qardaşım uzaqdadır bizdən, yeri görünür. Türkiyədə çalışır, cərrahdır.

 Atam kimi qayğıkeş kişilər azalır...

 - Ya qız, ya oğul övladı olsun, fərq eləməz, həyat dərsini daha çox atadan alır adam. Adamlara fikir verirəm və bəzən atamla müqayisə edirəm. İnsanlarda qayğı və sevgi problemi var. Bu ikisini qarşılıqlı bir-birlərinə ötürə bilmirlər. İndi atam kimi qayğıkeş kişilər çox azdır. Bilirsinizmi, uşaqların yaxşı nəticələr əldə etməsi üçün ailədaxili münasibətlərin düzgün qurulması vacib şərtdir. Mənim atamla anam bu mühiti bizə qura bilmişdilər. Anamdan sevgi, diqqət və qayğı, atamdan bunların üzərinə bir də vicdanlı, ədalətli olmaq öyrəndik biz. Məsələn, bizə deyirdi ki, mənim qızım uduza bilməz, mənim balalarım pis oxuya bilməz, yalan danışa bilməz, vicdansızlıq edə bilməz, ədalətsiz ola bilməz, oğurluq əlindən gəlməz. Biz beş uşaq, hər birimiz eləməkdən çəkindiyimiz bütün səhvləri eləməmişiksə, bunu atama borcluyuq. İndi ailələrdə həm də bu məsələdə böyük problem var. Fikir verirəm, valideynlər uşaqlarını əyləncə mərkəzlərinə aparanda belə onlarla ünsiyyəti lazımi qədər qurmurlar. Oyun zallarında uşağın oyun üçün ödənişini edib nəzarətçiyə təhvil verirlər. Zamanı bitənə qədər telefonda sosial şəbəkədə olurlar. Bu, tam qadağan olunsun demirəm. Müasir dövrdə internet, sosial şəbəkəsiz mümkün deyil. Demək istədiyim odur ki, diqqətdən kənarda qalan uşaqları sonradan toparlamaq çətin olur.

Bizim dövrdə məktəb zamanı müəllimlər məktəbdə, valideynlər də evdə bir suala o qədər ətraflı cavab verirdilər ki, bəzən özümüz də az qala sualı verdiyimizə peşman olurduq.

- Atanız indi hansı işlə məşğuldur?

- Sumqayıt Dövlət Universitetində baş müəllimdir.  Anam isə təqaüddə olan müəllimdir.

 Bəsirə müəllimin məktəbi...

 - Sumqayıtda hansı məktəbi bitirmisiniz?

- Ailə vəziyyətimizə görə bir neçə məktəb dəyişmişəm. İbtidai sinfi Sumqayıtda 33 nömrəli məktəbdə oxudum. Sonra beş uşağı olduğu üçün atama dördotaqlı mənzil verdilər. Biz də 33-dən gedəsi olduq.  Atamın qızıl qaydası var idi. Məktəb və bağça evə yaxın olmalıdır ki, anamız da çox əziyyət çəkməsin. İki il 35 nömrəli məktəbdə oxudum. Sonra həyatımda və bacarıqlarımın formalaşmasında böyük xidmətləri olan məktəbə gəldim. Sumqayıtın “Təfəkkür” liseyinə.  Ora mənə təxminən ata-anamın öyrətdiklərinin davamını öyrədən təhsil ocağı oldu. Çox şeylər öyrənirdim. O qədər fərqli və maraqlı görüşlər, tədbirlər keçirilirdi, adam günü necə başa vurduğunu anlamırdı. O məktəbin ənənəsi var idi. Və öz təcrübəmə arxalanıb deyə bilərəm ki, ənənəsi olan bütün məktəblər öndə gedən və güclü məktəblər olub həmişə. Bura Sumqayıtda çox adam Bəsirə müəllimin məktəbi deyirdi. Bu barədə yenə danışarıq.  İndi qoyun yadıma düşmüşkən sizə Sona müəllimdən danışım.  

Sona müəllimə borcluyam...

 - Bilmirəm bu hər kəsdə belədir, ya yox? İş və şəxsi həyatımda mənə dərs deyən müəllimlərin rolu böyük olub. Orta məktəbdə rus bölməsində oxumuşam.  Azərbaycan dili müəllimim vardı, Sona xanım. Hər dəfə onun haqqında danışanda qəribə oluram. O, izaholunmaz dərəcədə gözəl pedaqoq, insandır. Rus bölməsində oxuyan uşaqlara Azərbaycan dilini, ədəbiyyatını o qədər gözəl və ətraflı anladır, izah eləyirdi ki, adam dərsi oxumamağa utanırdı. Ona görə rus bölməsini bitirən biri üçün mən çox səlis Azərbaycan dili bilirəm. Mütaliə bacarığım, geniş söz bazam var. Bütün bunları Sona müəllimə borcluyam. O, indi də çalışır. Təhsil sahəsində əvəzolunmaz kadrlardandır.

 Valentina Alekseyevna...

 - Tarix müəllimim idi Valentina Alekseyevna. Onun sayəsində həyatım kökündən dəyişib, deyə bilərəm. Çox cavan yaşımda Sumqayıt Dövlət Universitetində rektor köməkçisi vəzifəsinə təyin olundum. Detallara varmıram, amma olduğu yerlərdə haqqımda o qədər danışıb ki, ad və soyadımdan onun tələbəsi olduğumu anlamışdılar. Söylədilər ki, Valentina Alekseyevnanın təriflədiyi tələbə sıradan biri ola bilməz. Düzü, mən onda çox çəkindim. Bilmədiyim mühit, tanımadığım adamlar, rəsmi tədbirlər məni qorxudurdu. Amma onu da anlayırdım ki, bu mənim üçün cizilən həyat, karyeraya gedən yoldur. Daha doğrusu, o yolun başlanğıcıdır. 

 Cəmi 19 yaşım vardı...

 - Çox qısa zamanda universitet köməkçisi vəzifəsində çalışdım. Bir gün dedilər səni Sumqayıt Şəhər İcra Hakimiyyətinə çağırırlar. Az qaldım ağlayam. Düşündüm görəsən, neynəmişəm, belə bir çağırış gəlib?  Cəmi 19 yaşım vardı. Ağlıma başqa nəsə gətirə bilmirdim. Evə xəbər edib getdim və daha universitetə qayıtmadım. Məni işə dəvət etmək üçün çağırırlarmış. O illər üçün 19 yaşlı qızın icra strukturunda işləməsi həm böyük olay sayılırdı, həm də ciddi məsuliyyət idi. Amma başladım və deyəsən, o qədər də pis alınmadı...

***

- Bayaq demişdim ki, sizə həyatımda xüsusi rolu olan bir müəllimdən danışacağam, Bəsirə müəllimdən. Bizim “Təfəkkür” liseyini Sumqayıtda çoxu indi də Bəsirə müəllimin məktəbi kimi tanıyır.  Ola bilər liseyə gəlmək istəyən biri onun adını söyləyə tanımayalar, amma siz bir adamdan soruşsanız ki, “Bəsirə müəllimin məktəbi haradadır?”, o, mütləq sizə dəqiq ünvan bildirəcək. O qadının fövqəladə peşəkarlığı var idi. Uşaqlar, məktəb həyatının ayrılmaz hissəsi idi. Bayaq sizə dedim ki, atam ailəmizdə daha çox həkimlər görmək istəyirdi. O üzdən mən liseyi bitirəndən sonra sənədlərimi Sumqayıt Tibb Məktəbinə vermişdim. Amma görürdüm ki, mənlik deyil, alınmır. Daha doğrusu, atamın, elə mənim özümün də öyrəndiyim keyfiyyətdə deyil nəticələr. Yenə də atamın böyük arzusu olduğuna görə iki il oxudum. Sonra dəqiq anladım ki, bu peşə mənlik deyil. İndi bu yolu ortancıl bacım və kiçik qardaşım davam edir. Biri reanimatoloq, o biri çənə cərrahıdır. Mənsə sənədlərimi ikinci kursdan götürüb Bakı Dövlət Universitetinə verdim. Qəbul olundum.

 Prezident fərmanlarında gözüm onun adını gəzirdi...

 - Ali məktəbdə oxuya-oxuya həm də müəllimlərimlə əlaqə saxlayırdım. Xüsusən Bəsirə müəllim ilə. Çox böyük arzularımdan idi ki, Bəsirə müəllim cənab Prezidentin fərmanlarından birində fəxri adla təltif olunsun. Necə gözlədiyimi bilə bilməzsiniz. Hər təltifdə, siyahıda onun adını axtarırdım. Günlərin birində rast gəldim və uşaq kimi sevindim. Çünki Bəsirə müəllim o ada layiqdir. Buna görə fürsətdən istifadə eləyib Azərbaycan Prezidenti İlham Əliyevə böyük təşəkkürümü bildirirəm.

O qadın məni ağlatdı da, incitdi də, işdən çıxmaq haqda dəfələrlə ərizə yazdım, onu cırıb kənara tulladı da, amma mənə bugünkü insan olmağı öyrətdi sonunda. Mənə işimi, işləməyi öyrətdi. Bugünkü karyeramı ona, Bəsirə müəllimə borcluyam.

Sizə bir söz də deyim, ali təhsilimi başa vuran kimi ilk iş yerini də mənə Bəsirə müəllim verdi. Çox sevinirəm ki, valideynlərimdən başqa, bir də onun yanında həyat dərsi keçdim. Müəllim kimi başladım, direktor müavinliyinə kimi yüksəldim. Sonra artıq direktor kimi çalışmağa başladım. İndi Bakının bir neçə məktəbində Bəsirə müəllimin yanında təcrübə keçən, onun məktəbini görən direktorlar çalışır. Hərdən öz aramızda zarafatla deyirik ki, “kim direktor olmaq istəyirsə, əvvəlcə getsin Bəsirə müəllimin yanında təcrübəyə”. Qəribəsi bu idi ki, o qadın yaxşı tələbələrini adbaad yadda saxlayır, sona, karyera qurana qədər izləyirdi. Onun müavini işləyib direktor olanların hamısına ondan bu keyfiyyət miras qalıb.

 Ana, qadın, xanım olduğumu unutmuram... 

- Karyerasının ilkin mərhələsində olan çoxlu sayda gözəl gənclərimiz var. İnanıram ki, onlar daha böyük uğurlara imza atacaqlar. Amma onlara, xüsusən də xanımlara bir tövsiyəm var. Harada rəhbər işçi olurlar-olsunlar, heç vaxt köklərini, dövlət və millətini, ana, qadın, xanım olduqlarını unutmasınlar. Atam bizi həmişə yaxşı karyera qurmağa yönəldən adam olub. Anamsa, məsələn, bizə pəncərə şüşəsi silə-silə, yemək hazırlamağı, süfrə qurmağı, ailənin qulluğunda durmağı öyrədib. İndiki gənclərə uşaqlıqdan valideynlər bəzi şeyləri düzgün aşılamır, sonra da gənc nəsli qınayırıq. Qınamadan öncə düşünmək lazımdır ki, sən ona nə vermisən? O, bunu sənə niyə qaytara bilmədi? Bu suala ədalətli cavab tapanda, artıq növbəti mərhələlərdə valideyn səhv etmir və nəticə mütləq müsbət olur.  Ümumiyyətlə, insanın bütün problemləri məsuliyyətsizlik, diqqətsizlikdən irəli gəlir. Hər şeyi cəmiyyətin, uşağın və məktəbin üzərinə atmaq olmaz. Anlayıram, indi valideynlər üçün dolanışığı, maddi təminatını düşünmək də vacib məsələdir.  Amma bunun sevgi və diqqət ötürə bilmədiyin uşağa o qədər də faydası olmayacaq sonra. Yəni, maddiyyat çox şey ola bilər, amma hər şey deyil...

yuxarı ⤴