1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Həyatda öyrətməkdən gözəl nə var ki...”
12.05.2017 / No17

 
 

 

 


Bahadur İsmayılov: “Şagirdlərdə tarix fənninə, xüsusən, Azərbaycan tarixinə böyük maraq var”

“Gənc müəllimlərimiz” layihəsinin növbəti qonağı 2016-cı tədris ilindən İmişli rayonunun Ağaməmmədli kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayan Bahadur İsmayılovdur. Biz gənc müəllimlə görüşmək üçün məktəbdə olduq. Bahadur müəllim V sinifdə Azərbaycan tarixi fənnindən dərs keçirdi. Dərsdən sonra onunla həmsöhbət olduq. Öncə Bahadur müəllim özü haqqında məlumat verdi.

- Mən Hacıqabul rayonunda anadan olmuşam. Tam orta təhsilimi də orada almışam. 2012-ci ildə ADPU-nun tarix fakültəsinə daxil olaraq 2016-cı ildə ali təhsilimi başa vurmuşam. Elə həmin il də müəllimlərin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib, müəllim adını qazanmışam.
- Siz nə üçün işləmək üçün İmişli rayonunu seçdiniz? Yaşadığınız yerdə ixtisasınız üzrə vakant yer olmadı?
- Bildiyiniz kimi, müəllimlərin işə qəbulu prosesində müsbət yeniliklər var. Bu, çox təqdirəlayiq bir haldır. Savada, biliyə hər vaxt zaval yoxdur. Savadın varsa, buyur, müəllim işlə. Bəli, yaşadığım rayonda ixtisasım üzrə vakant yer olmadı. Mən də valideynlərimlə məsləhətləşib bu rayonu seçdim.
- Müəllimlik fəaliyyətinizin ilk dövrü necə keçdi?
- Aydındır ki, yaşayış yerini dəyişmək, tanımadığın bir məkana düşmək, müəyyən problemlər yarada bilər. Belə məqamlarda, təbii ki, çətinliklər istisna deyil. Bura gəlməmişdən öncə mənə çətin olacağını düşünürdüm. Amma ilk günlərdən məktəb rəhbərliyinin, kənd camaatının qayğısı nəticəsində çətinliklərim arxada qaldı. Qalacağım evin sahibi məndən kirayə pulunu almayacağını bildirdi və məni rahat şəraitlə təmin etdi. Bütün bunlar mənə əlavə güc, stimul verdi. Hazırda bu kəndi özümə doğma hesab edirəm.
- Şagirdlərinizdə tarix fənninə qarşı həvəs nə dərəcədədir?
- Yaxşı başa düşürdüm ki, başlanğıcdan çox şey asılıdır. İlk dərs günündən hiss etdim ki, şagirdlərdə tarix fənninə, xüsusən, Azərbaycan tarixinə böyük maraq var. Maraq varsa, deməli, müsbət nəticəyə nail olmaq olar. Bir də müəllimin keçdiyi dərsin keyfiyyəti əsas şərtdir. İnanıram ki, yaxın illərdə mənim də şagirdlərim tarix ixtisası üzrə ali məktəblərə daxil olacaq.
- Məktəbdəki iş şəraiti sizi qane edirmi?
- Bəli, qane edir. Məktəbimiz yeni tikilmiş binada yerləşir və tədris üçün müəyyən standartlara cavab verir. Qış mövsümündə otaqlarımız batareya sistemi ilə qızdırılır və infrastruktur lazımi səviyyədədir.
- Müəllimlik peşəsindən ayrılmağınızı nə vaxtsa təsəvvürünüzə gətirirsinizmi?
- Mən bu peşəni sevərək seçmişəm. Çünki müəllimlik ən uca peşələrdəndir. Ona görə hər gün məndə bu peşəyə sevgi daha da artır. Həyatda öyrətməkdən gözəl nə var ki...

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴