1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Təhsilin keyfiyyəti anlayışı barədə
12.05.2017 / No17

 
 

 

 


Məhbubə MƏMMƏDOVA,
“Tərəqqi” liseyinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Azərbaycanda aparılan təhsil quruculuğu humanist və demokratik psinsiplərə, söykənməklə daha çox cəmiyyətin ehtiyac və tələbatları əsasında həyata keçirilir. Burada inkişafın mərkəzində dayanan və onu özünün şəxsində daha çox ifadə edə bilməsi ilə fərqlənən vətəndaşdır və hər şeydən öncə, şəxsiyyətdir. Şəxsiyyət amili müasir Azərbaycan təhsilinin işgüzar və daim hamını düşündürən təhsil müstəvisində dayanmışdır. Doğrudur, şəxsiyyət özünün aparıcı roluna görə həmişə diqqət mərkəzində olmuşdur. Lakin bu gün təhsilin inkişaf etdiyi bir zamanda və alimlərin baxımında həmin inkişafın müxtəlif cür dövrləşdiyi bir vaxtda şəxsiyyət təhsil mexanizminin daha yeni bir həlledici amilinə çevrilmişdir. “İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün 1) insan münasibətləri mənəvi ölçülərə söykənməlidir; 2) adamlar bir-birlərini şəxsiyyət kimi qavramalıdır; 3) dialoqda birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. Göründüyü kimi, fəaliyyəti prosesində məhz özünü ifadə edən əməkdaşlıq, yaradıcılıq prosesində tərəfdaş olan insan məhz fəal bir subyekt kimi cəmiyyətin fonunda görünür. Özünün əxlaqi-mənəvi keyfiyyətləri, düşüncə tərzi cəmiyyət üçün vacib hesab edilən ünsiyyət bacarıqları ilə diqqəti cəlb edir. Belə olduğu təqdirdə şəxsiyyət özünün bütövlüyü ilə cəmiyyətin təhsil sisteminin məqsədinə çevrilməklə formalaşma tələb edir. O, artıq özünün vasitə olmaq missiyasını itirir. Başqa sözlə, “Yeni dövr mədəniyyəti üçün insan vasitə idi, müasir mədəniyyət üçün məqsəddir; şəxsiyyətin formalaşması və inkişafı onun üçün başlıca məqamdır” (Ə.Ə.Əlizadə).
Artıq müasir təhsil özünün şəxsiyyət kontekstində bir sıra məsələlərin həll olunmasında həlledici addımlar atmaqdadır. Müasir təhsil konsepsiyası şəxsiyyətin formalaşdırılmasını təhsil sisteminin başlıca vəzifəsi kimi dəyərləndirir. Bu vəzifənin yerinə yetirilməsi üçün yeni məzmun, texnologiya və digər vasitələrin olmasına ehtiyac yaranır. Ən başlıca şəxsiyyətdə formalaşması arzu olunanlara aydınlıq gətirilməsi, onların nələrdən ibarət olması və əldə olunmuş bu nəticələrin dəyər xarakteri daşıması və onun hansı mexanizmlərlə ölçülməsi indiki halda suallar doğurur.
“Təhsil keyfiyyəti” və ya “təhsilin keyfiyyəti” anlayışları barədə optimal fikrə gəlmək bilavasitə “keyfiyyət” anlayışının mahiyyəti ilə bağlıdır. Keyfiyyət cəmiyyətin tarixi boyu daim insanları düşündürən bir məsələ kimi müxtəlif fəaliyyətlərin yerinə yetirilməsi prosesini izləmişdir. İnsanlar gördükləri hər hansı bir işin müxtəlif parametrlərdə fərqlənməsini diqqət mərkəzində saxlamış və onunla özlərinin inkişafını nizamlamağa çalışmışlar. Nəticədə cəmiyyətin sosial anlayışı kimi keyfiyyət meydana gəlmişdir. Bütün hadisə və faktları izləyən “keyfiyyət” birmənalı şəkildə daha qabarıq görünmək üçün “kəmiyyət” anlayışı ilə birgə izah edilmişdir. Fəlsəfə lüğətində qeyd olunduğu kimi “keyfiyyət və kəmiyyət obyektin gerçəkliyinin mühüm tərəflərini əks etdirən fəlsəfi kateqoriyalardandır. Keyfiyyət predmetin elə bir müəyyənliyidir ki, bunun sayəsində predmet kimi çıxış edir və digər predmetlərdən fərqlənir, keyfiyyət bir tam kimi predmetlə bağlıdır, onu bütövlükdə əhatə edir və ondan ayrılmazdır”. Bu fəlsəfi yanaşmada keyfiyyətin bütövlük, tamlıq tələb etməsi xüsusi bir cəhət kimi nəzərə çarpır. Başqa sözlə, tam olmayan, yarımçıq təəssürat bağışlayan bir prosesdə keyfiyyətin axtarılması məntiqdən uzaq bir hal kimi görünür. Həm də keyfiyyət olan yerdə məhz heç bir əşyanın təkrarı olmayan özünəməxsus bir əşyanın mövcud olması mühüm xüsusiyyət kimi nəzərə çarpır.
Təhsil özlüyündə müasir dövrün təhsilşünaslıq elmində nəticə, proses, sistem və dəyər olmaqla yanaşı, həm də cəmiyyətin ümumi inkişafı kontekstində mədəniyyətin komponenti kimi təqdim olunur. Eyni zamanda müasir insanın formalaşması vasitəsi kimi izah edilir. Təhsil mədəniyyətin komponenti kimi insanın humanist mahiyyətinin inkişafının əsas vasitəsidir. İnsanın formalaşmasında həlledici rol oynayan bir sistemdir. Onun özünəməxsus məzmun və strukturu vardır. İnsanın formalaşması vasitəsi kimi çıxış edən bu vasitə, yaxud yuxarıda göstərildiyi kimi, nəticə, proses, sistem və ya dəyər məntiqi baxımdan müəyyən dəyişikliklərə və inkişafa malik olmaqla həm də özündə keyfiyyət atributunu daşıyır. Bu səbəbdən də təhsildən söhbət açılarkən onun dəyərlilik əmsalı kimi keyfiyyət göstəricilərinə istinad olunur, ondan danışılır. Belə olduğu təqdirdə təhsilin keyfiyyət anlayışının şərh olunması zərurəti yaranır.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda göstərilir ki, “Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları), abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir”.
Araşdırmalara əsasən belə qənaətə gəlmək mümkündür ki, insan şəxsiyyətinin formalaşmasında həlledici rol oynayan ümumi təhsil də daxil olmaqla, ümumilikdə təhsilin keyfiyyəti cəmiyyət hadisəsi kimi onun bütövlüyünü və durumunu ifadə etməsi ilə seçilir. Təhsil naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, “ümumi təhsildə keyfiyyət dəyişikliyi dedikdə həm şagirdin akademik nailiyyətləri, həm də müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi nəzərdə tutulur”.
Təhsilin keyfiyyəti müxtəlif zamanlarda həmişə cəmiyyəti düşündürmüş, onun yüksəldilməsi istiqamətində fəaliyyətlərə sövq edilmişdir. Əlbəttə, bu yanaşmalarda mövqe həmişə eyni olmuşdır. Aparılan təhsil siyasəti onun istiqamətlənməsində rol oynamışdır. Belə ki, təhsilin məzmunyönümlü prinsiplər əsasında qurulduğu dövrlərdə (XX əsrin sonlarına qədərki dövrdə) təhsilin keyfiyyət göstəricisi kimi “4” və “5” qiymət alan şagirdlərin sayı əsas götürülmüş və mahiyyətə varmadan keyfiyyətin səviyyəsi barədə qərarlar qəbul edilmişdir. Bu yanaşmalarda şagirdlərə yazılan qiymətlər əsas götürülmüşdür. Lakin şagirdlərin konkret səviyyəsini ifadə edən göstəricilər olmamışdır. Şagirdlərin müxtəlif pillə və səviyyələrdə inkişaf səviyyələrini göstərən tələblər hazırlanmadığından təhsilalanlara (şagirdlərə) verilən qiymətlər subyektiv xarakter daşımaqla qeyri-müəyyənliyi ifadə etmişdir. Belə yanaşma tərzi ilə müəyyənləşdirilmiş keyfiyyət göstəriciləri də əslində keyfiyyəti ifadə edə bilməmişdir.
Digər tərəfdən, şagirdlərin qiymətləndirilməsində daha çox biliklərin, məlumatların üstün hesab edilməsi və şagirdlərin fəaliyyətində ona geniş yer ayrılması və dəyərləndirilməsi keyfiyyətin dəyərlər əsasında deyil, məhz deklarativ bilik və bacarıqlar üzərində qurulmasını göstərir ki, bu da bütövlük və tamlıqla müşayiət olunan keyfiyyət anlayışının parametrlərinə ziddir.
Pedaqoji araşdırmalarda təhsilin keyfiyyəti anlayışı barədə söhbət açılarkən az və ya çox dərəcədə “bilik keyfiyyəti”, “təlim prosesinin keyfiyyəti”, “təlim keyfiyyəti” anlayışlarından istifadə olunması hallarına da rast gəlinir. Araşdırmalar onu göstərir ki, ümumiyyətlə, təhsillə bağlı keyfiyyət məsələlərinin həll olunmasında, yuxarıda göstərildiyi kimi, anlayışların qarışıq, bir-birinin dublikatı kimi işlənməsi hallarının baş verməsi islahatyönümlü fəaliyyət prosesinin xarakterik xüsusiyyətlərindən biridir və təkcə bu məsələlərdə deyil, pedaqogikanın bir sıra məzmun və texnologiyalarla bağlı digər məsələlərində də belə hallarla rastlaşmaq mümkündür. “Təhsilin keyfiyyəti”, “bilik keyfiyyəti”, “təlim prosesinin keyfiyyəti” və “təlimin keyfiyyəti” anlayışları sadəcə ifadə tərzinə görə eyni olmadığı kimi, mənasına və işlənmə məqamına görə də eyniyyət təşkil etmir. Onu qeyd etmək lazımdır ki, bu, birinci növbədə, həmin ifadələrdə işlənən “bilik”, “təhsil və təlim” leksik vahidlərinin pedaqoji termin olaraq eyniyyət təşkil etməməsi, tamamilə ayrı-ayrı mənalara malik olması ilə əlaqədardır.
“Təlim prosesinin keyfiyyəti” də özünəməxsus mənaya malik pedaqoji anlayışdır. O da konkret mənada bilavasitə öyrənmə prosesi ilə bağlı xüsusiyyətləri əhatə etməklə fərqlənir. Belə ki, təlim prosesinin keyfiyyətinə təhsilin müəyyən mərhələsindəki tələbata uyğun effektivliyi təmin edən təlimin xassələri, əlamətləri və xarakteriskası kimi baxılmalıdır.
Məlumdur ki, təlimin səmərəliliyində onun daha inteqrativ xarakteri ilə müəyyən olunan xassələri, eləcə də inkişafetdiriciliklə müşayiət edilən əlaməti, bütün bu cəhətlərlə birlikdə təqdim olunan və müasirliyi ilə fərqlənən xarakteristikası əsas rol oynayır. Təlimin bir proses kimi keyfiyyətinin formalaşmasında onlar əsas şərt hesab edilir. Lakin bu cəhətlər onu “təhsilin keyfiyyəti” anlayışı ilə eyniləşdirə bilmir.
Təcrübə göstərir ki, müasir dövrdə ümumtəhsil məktəblərinin fəaliyyəti xarakter etibarı ilə iki mühüm xüsusiyyətinə görə diqqəti cəlb edir. Onlardan birincisində daha çox məktəblərin fəaliyyət göstərməsinə üstünlük verilir. Burada normativlərin, əmr və sərəncamların yerinə yetirilməsi, ümumi prosedur qaydaların gözlənilməsi prioritet hesab edilir. Məktəbdə davamiyyətin olması, maddi-texniki və tədris-maddi bazanın möhkəmlənməsinə üstün cəhət kimi yanaşılır. Şagirdlərin deklorativ bilikləri mənimsəmələri fəaliyyətin leytmotivi hesab edilir. İkincisində isə öyrənmə prosesində şagirdlərin inkişafına üstünlük verilir. Onların daha çox dəyərlərə yiyələnməsi istiqamətində iş aparılır. Məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafını təmin edən pedaqoji texnologiyalardan istifadə olunur və nailiyyətlərin əldə olunmasında həmin dəyərlər əsas götürülür. Başlıca qənaət də ondan ibarətdir ki, təhsilin keyfiyyətini öyrənmənin keyfiyyəti ilə eyniləşdirmək olmaz. Hər bir təhsil müəssisəsində təlim prosesinin səmərəliliyinin obyektiv meyarı məhz təhsilin keyfiyyət göstəricisi hesab edilməlidir.
“Təhsilin keyfiyyəti” anlayışı və onun digər anlayışlarla müqayisəsində əsas məqsəd onları ümumi pedaqoji kontekstdə dəyərləndirməklə ümumiləşdirmələr aparmaqdan ibarət olmuşdur. Heç şübhəsiz, təhsilin keyfiyyəti daha geniş kontekstdə başa düşülməklə təlim, tərbiyə, inkişaf məsələləri, onlarla bağlı səmərəliliyi təmin edən tələblər, standartlar nəzərə alınmaqla əldə olunan nəticələrdə öz əksini tapır. Ümumi təhsilin keyfiyyət göstəricilərində də şagirdlərin inkişafına aid həmin tələblərin olması pedaqoji cəhətdən faydalı bilinir.
Araşdırmalar onu göstərir ki, ümumi təhsilin keyfiyyəti anlayışı təcrübədə də müxtəlif cür qəbul edilir. Müəllimlər öz təcrübələrində şagirdlərin təhsil almasına onun keyfiyyətini təlim proqramlarında müəyyən olunmuş materialların mənimsədilməsi, şagirdlərin əxlaqi-mənəvi cəhətdən inkişaf etdirilməsi kimi baxırlar. Şagirdlərin daha çox bilik qazanmasını üstün cəhət kimi qiymətləndirir, özlərinin təcrübəsində bu istiqamətdə aparılan işlərə daha geniş yer ayırırlar.
Yeni təhsil proqramlarının (kurikulumların) tətbiq olunduğu siniflərdə aparılan müşahidələr onu göstərir ki, müəllimlər bu siniflərdə, əvvəlki təcrübələrində olduğu kimi, yenə də daha çox təlim materiallarını mənimsətmək, deklorativ bilikləri öyrətmək istiqamətində iş aparırlar. Biliklərin mənimsədilməsinə son məqsəd kimi baxmaqla şagirdlərə həyati bacarıqların verilməsi, dəyərlərin aşılanması istiqamətində zəif fəaliyyət göstərirlər. Eyni zamanda müəllimlər təhsilin keyfiyyətini şagirdlərə verilən “4” və “5” qiymətlərlə izah edirlər.
Şagirdlər təhsilin keyfiyyətinə təlim nailiyyəti kimi yanaşırlar, onu təlim materiallarının öyrənilməsi baxımından izah edirlər. Proqram materiallarını daha yaxşı mənimsəməyə çalışır və onu öz fəaliyyətlərinin pioritet istiqaməti kimi qiymətləndirirlər. Valideynləri isə övladlarının ümumi təhsil biliklərini qazanması daha çox maraqlandırır.
Bütün deyilənlər ümumi təhsilin keyfiyyəti anlayışı barədə mülahizələri aşağıdakı kimi yekunlaşdırmağa imkan verir.
Ümumi təhsilin keyfiyyəti üçün zəruri olan komponentlərdən biri gözlənilən nəticələrin, ona uyğun təlim standartlarının müəyyən olunmasıdır. Ümumi təhsilin standartları şagird şəxsiyyətinin müxtəlif parametrlərdən inkişafına aid olmaqla onun səviyyəsini ifadə edir və bütöv bir şəxsiyyət kimi formalaşmasına imkan verir.
Ümumiyyətlə, təhsilin keyfiyyəti anlayışı müasir pedaqoji elmlərin aparıcı anlayışlarından biri olmaqla daha geniş istifadə olunmaqdadır. Onu bilavasitə məktəb təcrübəsi tələb edir. Bu gün başlıca vəzifə bu məsələni daha yaxından araşdırmaqdan, onun bütün parametrlərdə mexanizmlərini işləməkdən ibarətdir.
 

yuxarı ⤴