1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Pedaqoqun şeirləri şagirdlərin ifasında
12.05.2017 / No17

 
 

 

 


Yusif ƏLİYEV

Uşaq şeirləri yazmaq çətindir. Bunu bütün şairlər etiraf edir. Uşaq mahnıları üçün mətnlər yazmaq və ya elə şeirlər yazmaq ki, bəstəkarlar görən kimi ona mahnı bəstələmək həvəsinə düşsünlər, lap çətindir.
Bakıdakı 236 nömrəli tam orta məktəbdə tanınmış pedaqoq-alim, respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevlə keçirilən görüşdə bu məlum həqiqət bir daha təsdiqləndi. Bəlli oldu ki, Əjdər müəllim pedaqoji ictimaiyyət arasında şair kimi çox tanınmasa da və ya özünün dediyi kimi, şairlik iddiasında olmasa da yazdığı şeirlər uşaqlar tərəfindən sevilir. Onların xoşladığı çoxlu sayda mahnı da var ki, ifa üçün təqdim ediləndə “Sözləri Əjdər Ağayevindir” deyilir. Görüşdə bunun sirri də açıqlandı. Qeyd olundu ki, bu, Əjdər müəllimin pedaqoqluğundan, uşaq dünyasına, mühitinə, psixologiyasına yaxşı bələdliyindən irəli gəlir. Və bunun belə olduğunu təsdiqləyən nümunələr çoxdur. Elə görüşdə də qeyd olundu ki, uşaq şeirinin böyük ustaları olan Sabirin, Abdulla Şaiqin 100 il bundan öncə uşaqlar üçün yazdıqları əsərlərin indi də xoşa gəlib, zövq oxşaması təkcə onların yüksək istedadının deyil, həm də böyük pedaqoq olmalarının nəticəsidir.
Görünür, elə buna görə də pedaqoq alimlə görüş mahiyyəti etibarı ilə şair Əjdər Ağayevlə görüşə çevrildi. Məktəbin aşağı, orta, yuxarı siniflərindən olan istedadlı şagirdlər Ə.Ağayevin şeirlərini söylədilər, sözlərinə yazılmış mahnıları ifa etdilər, onun əsərləri əsasında hazırlanmış səhnəcik nümayiş etdirdilər. Hətta Əjdər müəllimə suallarını da poeziya, yaradıcılıqla bağlı ünvanladılar.
Ə.Ağayevin ailə üzvlərinin də iştirak etdiyi görüşün əvvəlində məktəbin direktoru Xanlar İmaməliyev tədbirin pedaqoqun bu il tamam olacaq 80 illiyinə həsr olunduğunu dedi, onun elmi, pedaqoji müəllimlik, jurnalist-publisistik fəaliyyətindən qısaca danışdı, rəhbərlik etdiyi Təhsil Şurasının səmərəli fəaliyyətini, təhsil işçiləri arasında populyarlığını Əjdər müəllimin xidməti kimi dəyərləndirdi.
Aparıcılar uşaqların şeir, mahnı təqdimatları ilə növbələşən çıxışlarında Ə.Ağayevin elmi-pedaqoji, publisistik fəaliyyəti, bədii-yaradıcılığı ilə yanaşı ömür yoluna da ayna tutdular.
Tədbirin qonaqları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Sevinc Rəsulova, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru, əməkdar müəllim Nəcəf Nəcəfov və başqaları Əjdər Ağayev haqqında ürək sözlərini söylədilər, yubileyi münasibətilə onu təbrik etdilər. Çıxışlarda Ə.Ağayevin pedaqoq kimi peşəkarlığını, alim kimi səriştəsini, vətəndaş kimi təəssübkeşliyini, insan kimi daşıdığı yüksək mənəvi keyfiyyətləri səciyyələndirən misallar gətirildi, xatirələr söyləndi.
Şagirdlərin çıxışları zamanı onların söylədiyi bəzi şeirlərin yazılma səbəbləri və şəraitinə aydınlıq gətirən pedaqoq-şair tədbirin sonunda onun bədii yaradıcılığına bu qədər bələdlik nümayiş etdirən və şeirlərini məharətlə ifa edən şagirdlərə, görüşə dəvət üçün məktəbin rəhbərliyinə, ədəbi kompozisiya hazırlamaqda və təqdim etməkdə şagirdlərə kömək göstərmiş müəllimlərə, eləcə də haqqında səmimi sözlər deyən çıxışçılara minnətdarlığını bildirdi. Həyat və fəaliyyət yolundan bəzi epizodları xatırladaraq bugünkü görüşün əsas məzmununu təşkil edən bədii yaradıcılıqla, şeir yazmaqla ilk gəncliyindən məşğul olduğunu söylədi. Sonda yubilyarla kollektiv şəkil çəkdirildi.
 

yuxarı ⤴