1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

“Hamı Azərbaycan! - deyə qışqırırdı”
12.05.2017 / No16


 
 

 

 


Fatimə Qasımova: “Tamaşaçı alqışları məni təzədən səhnəyə qaytardı” 

Sifai SƏFƏROVA 

Rəqslər milyon illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə özünə layiqli yer tutan qədim incəsənət növüdür. O, insanın ruhunu canlandırır,   emosional ağırlığı götürməyə, rahatlamağa kömək edir və sağlamlığı möhkəmləndirir, - deyə növbəti müsahibim olan Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin fəal  üzvlərindən  biri  Fatimə  Qasımova mənimlə söhbətə belə başladı. Ümumiyyətlə, mən  uşaq yaşlarından  rəqsə böyük həvəs göstərirəm.  Elə ki, televiziya verilişlərindən birində rəqqasə görürdüm, mən də qoşulurdum ona və həmin rəqsi səhv etmədən ailə üzvlərimizin qarşısında təkrar nümayiş etdirirdim. Böyüdükcə rəqsə həvəsim daha da artdı. Milli rəqslərimizlə bərabər dünya xalqlarının milli rəqslərini də öyrənirdim. Sonralar başa düşdüm ki, rəqs bir əyləncə deyil, incəsənətin ən zərif növlərindən  biri olmaqla yanaşı, əslində dərin məzmunlu fəlsəfi məna da daşıyır. Xüsusilə milli rəqslər millətin rəqs mədəniyyətinin ağır yükünün daşıyıcılarıdır. Bu qədim incəsənət növü rəqqas və rəqqasələrin daim gümrah görünmələrinə, sağlam olmalarına zəmin yaradır.

Qısa arayış: Fatimə ibtidai təhsilini paytaxtdakı 27 nömrəli tam orta məktəbdə alıb. Dərs əlaçısıdır. Şəkli indi də  “Şərəf lövhəsi”ni bəzəyir. IV sinifdə oxuyarkən  yaşıdları arasında həmişə fərqlənib. Dərslərini əla qiymətlərlə oxuduğuna və  “Heydərçi gənclər” sırasına daxil olduğuna görə  fəxri diplomla, eyni  zamanda 2014-2015-ci  tədris ilində məktəbin ictimai həyatında fəal iştirakına və qazandığı uğurlara görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.  Hazırda Bakıdakı 10 nömrəli tam orta məktəbin VI  sinif şagirdidir. 

“İlk uğuruma 2012-ci ildə imza atdım” 

- 4 yaşımdan mərkəzdə rəqs  dərnəyinin  və “Çiçəyim”  teatr studiyasının üzvü olmuşam. Müəllimim Samirə Musaimdən  milli və dünya rəqslərinin incəliklərini sevə-sevə öyrənirəm. Hər kəs yaxşı bilir ki, Azərbaycan musiqi mədəniyyəti tək bir sahədən  - muğamdan ibarət deyil, musiqi mədəniyyətimiz   zəngin bir xəzinə, böyük bir kompleksdir. Bu kompleksin tərkibində milli rəqslərimizin öz yeri var. İlk uğuruma 2012-ci ildə imza atdım. Eşidəndə ki, İstanbulda keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalında iştirak edəcək uşaqların arasında mənim də adım var, çox  sevindim. Evə tələsirdim ki,  bu mənim üçün olduqca şad olan xəbəri anamla bölüşüm. Yolboyu fikirləşirdim: görəsən, anam, atam  bu tədbirə qatılmağa icazə  verəcəklərmi?- Nəhayət, arzularım çin oldu. Valideynlərim razılıq verdi. Ertəsi  gün mərkəzə necə gəldiyimi bilmədim. Sevincimi  mərkəzin direktoru Lalə xanım və müavini  Kəmalə xanımla da bölüşdüm. Onlar  da bu festivalda iştirak edəcəyimi biləndə çox sevindilər. Ümumiyyətlə, mərkəzin müəllimləri hər uğurumuza  sevinirlər və bizə  xüsusi diqqət və qayğı ilə yanaşırlar. 20 nəfərdən  çox  heyətlə İstanbulda uşaq  bayramında iştirak etdik, ən kiçiyi də mən idim. Mərkəzin “Çiçəyim” uşaq teatr  studiyası üzvləri də bayrama qatılmışdılar. Orada olarkən  türk ailəsi olan  Belma Varol adlı xanım  ilə tanış olduq. Onların ailəsi  çox mehriban, çox qonaqpərvər idi. Mənə sayğı ilə yanaşırdılar. 2013-cü ildə  İstanbulda ailəvi dincəlirdik. Feysbukda yazdıq ki, şəhərdəyik. Onlar  bizə yazdılar ki, Fatiməni bizə yetirin, onun üçün çox darıxmışıq. Biz onlarla görüşdük. Evlərinə getdik və ailəvi gəzintiyə  çıxdıq. Vaxtımız az olduğundan onlarda az qaldıq. Biz onlardan ayrılanda məyus oldular. Ancaq söz  verdik ki, yenə görüşəcəyik.  İndi onlarla tez-tez  zəngləşir, hal-əhval tutub və əlamətdar  günlərdə  bir-birimizi təbrik edirik.  

“Milli rəqslərimiz tamaşaçılarda xoş ovqat yaratdı” 

2015-ci ildə mərkəzin “Azəri inciləri” mahnı və rəqs qrupunun tərkibində    Hollandiyada keçirilən musiqi festivalına qatıldım. “Naz eləmə”, “Nəlbəki” rəqslərini özümə məxsus tərzdə ifa etdim. Tamaşaçı alqışları məni təzədən səhnəyə qaytarmağa məcbur etdi. Sanki alqış yağışına bürünmüşdüm. Həmin anlar özümü  dünyanın ən xoşbəxt bəndəsi sayırdım. Təsəvvür edin ki, hamı “Azərbaycan!”, - deyə qışqırırdı. Mən də çox qürrələnirdim.  2016-cı ilin  aprelində isə mərkəzin xətti ilə Bolqarıstanda keçirilən “Dostluq festivalı”nda “Suita” rəqs  qrupunda iştirak etdim. Orada  da Azərbaycanımızın incəsənət  nümunəsi olan milli rəqslərimizi  məharətlə ifa etdik. “Sarı gəlin”, “Tərəkəmə”, “Yallı”  milli rəqslərimiz tamaşaçılarda xoş ovqat yaratdı.  Hind, yunan, türk, türkmən, özbək, Avropa  rəqslərini nümayiş etdirdik. Xüsusilə, qeyd  etmək istəyirəm ki, dünya xalqlarının  rəqsləri tamaşaçıları, münsiflər heyətini heyran etmişdi. 7 gün Bolqarıstanda qaldıq. Bütün ölkələrdən uşaqlar  iştirak edirdilər. Orada özümə çoxlu dostlar qazandım. Onlardan ayrılmaq çox çətin  idi. Biz vətənə dönəndə həm sevindik, həm də onlara qoşulub kövrəlmişdik, axı ayrılırdıq! Ünvanlarımızı bir-birimizə verdik. İndi də internet vasitəsilə yazışırıq.    

“Həm gürcü rəqsini, həm də “Sarı gəlin” mahnısını nümayiş etdirdim” 

Gürcüstanın Borjomi şəhərində olarkən onların milli  bayramlarında  iştirak etdim. Tələsik olduğundan  Bakıdan  çıxanda  milli  geyim  paltarlarımı götürməyi unutmuşdum. Konsertdə adi paltarda çıxış etmək məcburiyyətində qaldım. Həm gürcü rəqsini, həm də “Sarı gəlin” mahnısını nümayiş etdirməli idim. Yeri gəlmişkən onu da qeyd etməyə  borcluyam ki,  milli rəqslərimizin incəliklərinin qabarıq  şəkildə  tamaşaçılara çatdırılmasında, tamaşaçılarda  xoş ovqat yaradılmasında rəqqasənin  geyim tərzi də az rol oynamır. Və şübhəsiz,  milli geyimlə nümayiş edilən rəqs daha effektli olur. Necə deyərlər, bu mənada forma məzmuna xüsusi ahəng  qatır, onu tamamlayır. Xüsusi parçalardan hazırlanmış milli rəqs geyimləri rəqqasın mənsub olduğu xalqın, millətin ən kiçik elementlərini belə təcəssüm etdirir. Hər hansı bir folklor  nümunəsi  rəqsdə ifa olunanda geyim məzmunu tamamlayır. Rəqs etməyi öyrənməksə, deyim ki, heç vaxt gec deyil. Amma zərərli vərdişlərdən uzaq olmaq hər bir rəqqasın  borcudur. Yetər ki, insanın buna istəyi olsun. Hər bir azərbaycanlı öz milli rəqslərinə bələd olmalıdır, onları bilməlidir. Azərbaycanın tanınmış rəqqasları olan  Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədovun və başqalarının milli rəqslərimizin ustalıqla ifa olunmasında, onların bayağılaşdırılmadan tamaşaçıya çatdırılmasında böyük əməkləri olub. İstərdim ki, mən də gələcəkdə  ustad sənətkarların  sənət dəryalarında  bir damla olaraq  tanınım və sevilim. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Nədənsə milli  rəqslərimizi hansısa bir  xarici ölkədə ifa edərkən  çox qəribə hisslər keçirirəm. Rəqs zamanı gözlərim tamaşaçıların baxışları ilə toqquşanda, onların razı qaldığını duyanda sanki rəqs eləmir, səhnənin bu  başından   o biri başına uçuram. 

“İtaliyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcəyəm” 

İdmanın üzgüçülük növü ilə də məşğul olmuşam.  2013-cü ildə ümummilli lider Heydər Əliyevin  anadan olmasının 90 illik yubileyinə həsr olunmuş üzgüçülük növü üzrə açıq birincilikdə brass üslubu üzrə II yerə layiq görülmüşəm. Heydər Əliyev Fondu tərəfindən “Buta” sarayında təşkil olunan Yeni il şənliklərində  və Heydər Əliyev Sarayında keçirilən  uşaqların bayram tədbirlərində mütəmadi olaraq iştirak edirəm. Qeyd edim ki, Bakıdakı 33 nömrəli musiqi məktəbində fortepiano sinfində təhsil alıram. Fortepianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edirəm. İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, V.Y.Haydnın  əsərlərini  ifa etməkdən zövq alıram. Sanki öz uşaqlıq dünyama qapılır, nağıllar aləminə qovuşuram. İyunun 18-də  İtaliyada keçiriləcək beynəlxalq festivala ciddi hazırlaşıram. Çünki orada Azərbaycanın görkəmli bəstəkarı  Tofiq  Quliyevin “Arzular” əsərini ifa edəcəyəm. Fortepiano müəllimim Afət Kərimovanın tapşırıqlarını səylə yerinə yetirməyə çalışıram. İnanıram ki, müəllimimin etimadını doğruldub lider adını qazanacağam. Çünki özümə qarşı çox tələbkaram. Prinsipialam, qarşıma məqsəd qoydumsa, ona  nail olmalıyam. Bütün sahələrdə lider olmağa çalışıram. Bütün fənləri çox sevirəm. Ən çox sevdiyim fənn isə riyaziyyatdır. Çalışıram sinifdə birinci olum. 2016-cı ildə Lütfi Zadə adına  məktəblilərarası I məntiq olimpiadasının final mərhələsinin iştirakçısı olaraq sertifikatla mükafatlandırıldım. Qardaşım İlham da V sinifdə oxuyur və dərs əlaçısıdır.  O da mərkəzdə “Çiçəyim” uşaq teatr studiyasının üzvüdür. Arzum isə  Bakı  Dövlət Universitetinin tələbəsi olmaqdır. Arzularıma çatmaq üçün çox çalışmalıyam, lap çox...

...Artıq yeniyetməlik dövrünün ilk  pilləsində addımlayan Fatimə Qasımova incəsənətin bu zərif növü haqqında  o qədər səmimi və o qədər həssaslıqla danışdı ki, sözün tam mənasında, bu  istedadlı qızın məharətinə, eyni zamanda məntiqinə çox  vuruldum. Şirin və məzmunlu söhbəti mənim incəsənətin bu  folklor  növünə marağımı da birə-beş artırdı.  Bir daha əmin oldum ki,  səhnəmizdə gələcəyin gözəl rəqqasları və rəqqasələri yetişməkdədir. Bəlkə nə vaxtsa Fatimə  özü də bu maraqlı sənətin sirlərinə dərindən yiyələndikdən sonra onu səsləyən zirvələrdən geri boylanan zaman bizim qəzetin xeyir-dualarını  da xoş bir xatirə kimi yada salacaq. Onda şübhəsiz biz də ümidlərimizin doğrulduğundan  məmnun qalacağıq.

yuxarı ⤴