1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“İslam Həmrəyliyi oyunlarında qızıl medala sahib olacağam”
12.05.2017 / No16


 
 

 

 


Hidayət Heydərov, beşqat Avropa çempionu: “Zirvələrə qaldırdığım üçrəngli bayrağımıza qürurla baxanda kövrəlirəm”

 Rəşad ZİYADOV 

Heydərov Hidayət Minayət oğlu 1997-ci il iyulun 27-də Bakıda  anadan olub. Uşaqlıqdan idmana böyük həvəsi olan Hidayət 5 yaşında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə gəlib və cüdo  bölməsində təcrübəli məşqçi-müəllim Tərlan Həsənovdan bu idman növünün sirlərini öyrənməyə başlayıb. Bakı şəhər 277 nömrəli idman təmayüllü tam orta məktəbin məzunu olan Hidayət hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo bölməsi üzrə III kurs tələbəsidir. Beşqat Avropa çempionu, dəfələrlə  dünya çempionatının mükafatçısıdır. Hidayət Heydərov paytaxtımızda keçirilən “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edir.

Hidayət Heydərovla təxminən 6 il  əvvəl 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində  görüşmüşdük.  O vaxt onun 14 yaşı var idi. 8 il idi ki, cüdo ilə məşğul olurdu. Yaşının az olmasına baxmayaraq, Hidayətin idmanda əldə etdiyi uğurlar da kifayət qədər çox idi.  Eşitdik ki, Hidayət Heydərov bu yaxınlarda Polşanın paytaxtı Varşavada kişilər arasında cüdo üzrə Avropa çempionatında  iştirak edib və  73 kq çəki dərəcəsində  Avropa çempionu adına layiq görülüb. Qeyd edək ki, Varşavada bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. İdmançımız bu uğuruna görə Avropa Cüdo Birliyi tərəfindən “ Avropanın ən yaxşı gənc cüdoçusu” mükafatına layiq görülüb. Çempionumuzla yenidən görüşmək qərarına gələrək onun milli komandanın tərkibində məşq etdiyi zala getdik. Səmimi, mədəni və güclü bir idmançı kimi yaddaşımda qalan Hidayətin 6 il müddətində dəyişilmədiyinə bir daha əmin olduq. Bu müddət ərzində dəyişilən ancaq onun uğurlarının sayıdır.

Hər bir idmançının idmana gəlişi müəyyən bir səbəb və ya hadisə ilə bağlı olur. Hidayətə ilk sualım da elə bu barədə oldu:

- İdmanı sənə sevdirən nə olub?

- Balaca vaxtlarımda həmişə nadinc  uşaq olmuşam. Küçəyə çıxanda fikir vermədən güclü-gücsüz məhəllə uşaqları ilə döyüşürdüm. Gücüm çatmasa da, davadan qorxmurdum. Cüdo ilə bərabər futbola da marağım olub. Məhəllədə uşaqlarla futbol oynayardıq. Qohumlarımız atama deyirdi ki, bu uşağı idmana qoyun. Bu mənim də ürəyimcə idi.  Çünki  evimizin yaxınlığında cüdo zalı var idi, buna görə də mən çox vaxt evdəkilərdən xəbərsiz ora gedirdim. Məşq edən idmançılara baxırdım. Çox həvəsli idim. Böyük uşaqların idmanla məşğul olduğunu görəndə qəlbimdən  belə bir hiss keçirdi ki,  kaş mən də onlar kimi idman çantamı götürüb məşqlərə gedəydim. Həmişə arzu edirdim ki, güclü və tanınmış idmançı olum.  Şükürlər olsun ki, indi artıq valideynlərimin və müəllimlərimin sayəsində mən də idmanda bir çox uğurlara imza atmışam. Bir vaxtlar idman mənim üçün məşğul olduğum sahə idisə, indi artıq bu, mənim işimdir.

- Səncə, güclü idmançı olmaq üçün nə etmək lazımdır?

- Güclü idmançı olmaq üçün həmin idman növünə olan həvəs böyük olmalıdır. Heç vaxt ruhdan düşməmək,  həmişə inadla, yorulmadan çalışmaq lazımdır. Məqsədə, arzuya çatmaq üçün mübarizə aparmalısan. Güclü rəqiblərdən qorxmamalısan. Cüdo elə bir idman növüdür ki, sevirsən və ayrıla bilmirsən (gülür). Valideynlərimə qaldıqda isə ümumiyyətlə, bizim ailə, nəslin cavanları - hamısı idmanla məşğuldur. Buna görə də bizi dəstəklədilər

- Cüdonu necə ifadə edə bilərsən?

- Cüdo tərbiyədir, özünümüdafiədir və həyatdır.

- Çox əksər hallarda olur ki, idmançının həm idmanda uğuru olsun, həm də təhsildə. Səndə necədir?

- Mən yaxşı oxumuşam, amma bir müddətə kimi. Aşağı siniflərdə dərs əlaçısı olmuşam. Müəllimlərim  məni gələcəkdə tarixçi kimi görürdülər. Çünki tarix fənnini digər  fənlərdən daha çox sevirdim. Bir də ki, mənim aləmimdə istər idmançı, istərsə də başqa peşənin sahibi ol,  ancaq dövlətinin, xalqının tarixini yaxşı bilməlisən. Mən bunu özüm üçün bir vətəndaşlıq borcu hesab edirəm. Bundan başqa, yaxşı oxuduğum dərslər “Riyaziyyat”, “Ana dili” və “Coğrafiya” olub. Tarixdən Ağqoyunlu və Qaraqoyunlu dövlətləri, Cahanşah dövrü, Qara Yusif dövrü yadımdadır.

- İdmançı mütləq İdman Akademiyasını bitirməlidir, yoxsa fərq etmir?

- Məncə bu, vacibdir, çünki idmandan anlayışın olmalıdır. Həm təcrübə, həm də savad - bunlar çox önəmlidir. Amma bu o demək deyil ki, idmançı başqa universitet, ya təhsil ocağında oxuya bilməz. İndi mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının III kurs tələbəsiyəm.

- İdmançı üçün karyerasında nəyi vacib hesab etmək olar?

- Təbii ki, qalibiyyəti. Mənim üçün ən vacibi Olimpiya çempionu adıdır. Bu ad artıq bütün karyeram boyu öz sözünü deyir.

- Olimpiya çempionu olmaq üçün təkcə güc bəs edirmi?

- Həm güc, həm səbir, həm istək, həm həvəs, həm də şans - bunlar oldusa, deməli, alınar.

- Bəyəndiyin idmançılarımız var?

- Təbii ki, var. Məsələn: Vitali Rəhimov, Toğrul Əsgərov, Elxan Məmmədov, Elnur Məmmədli və başqaları - bunlar idmanda öz sözünü deyiblər.

- Hansı ölkələrdə yarışlarda olmusan və sənə hansı millətin nümayəndəsi ilə döyüşmək, yarışmaq çətindir?

- Rusiya, Avstriya, Çexiya, Almaniya, Yaponiya və s. Amma deyərdim ki, yaponlar idmanın yaradıcısı sayıldığına görə onlarla yarışmaq çətindir. Onların adi idman dərsində də cüdo keçirlər.

- Bəs iştirak etdiyin yarışlar və əldə etdiyin  uğurların barədə nə deyə bilərsən?

- 2008-ci və 2009-cu illərdən uğurlarım artmağa başladı. 2008-ci ildə cəmiyyətlər arasında və Bakı çempionatında qələbə qazandım. 2009-cu ildə 60 kq çəki dərəcəsində Azərbaycan çempionu olaraq  beynəlxalq turnirlərə vəsiqəni özümə təmin etdim. 2010-cu ildə Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə II yerə çıxdım. 2011-ci ildə Türkiyənin Ankara şəhərində 8 ölkənin idmançılarının  iştirakı ilə  keçirilən Avropa kuboku uğrunda  turnirdə  I yeri tutdum. Yığma komandanın tərkibində 5 dəfə Avropa kuboku və beynəlxalq turnirlərdə iştirak etmişəm. Həmin yarışların üçündə I yerə çıxaraq qızıl medal əldə etdim, ikisində isə  V yerlə kifayətlənməli oldum.  Yarışlara bir müddət ara verdikdən sonra 2014-cü ildə Hollandiyada cüdo üzrə  gənclər arasında keçirilən olimpiya festivalında 60 kq çəki dərəcəsində III yerin sahibi oldum. Həmin ilin ortalarında Yunanıstanın Afina şəhərində 45 ölkənin iştirakı ilə keçirilən  yeniyetmələr arasında Avropa çempionatında  66 kq çəkidə çempion oldum. Sonra artıq gənclər arasında keçirilən dünya çemponatlarında iştirak etməyə başladım. Belə ki, 2015-ci ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 90 ölkənin iştirakı ilə baş tutan dünya çemponatında 66 kq çəkidə yarışlara qatıldım, III yeri tutdum. Sonra 2016-cı ildə Slovakiyada və İsraildə  23 yaşlı cüdoçular arasında 50-yə yaxın ölkədən cüdoçunun iştirak etdiyi Avropa çempionatında birində II, digərində isə I yerə sahib oldum. Bundan başqa, 2015 və 2017-ci illər arasında 15-ə yaxın ölkədə keçirilən beynəlxalq türnirlərdə iştirak  edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Ən nəhayət,  bu yaxınlarda Polşanın Varşava şəhərində kişilər arasında cüdo üzrə Avropa çempionatında  iştirak edərək I yeri tutdum.

- Məndə olan məlumata görə, sən Avropa çempionatında himnimiz çalınarkən sevincindən ağlamısan. Keçirdiyin o hisslər bizim üçün çox maraqlıdır...

- Bəli,  doğru deyirsiniz. Bu çempionatın finalında mən çox güclü, təcrübəli və məndən yaşda çox böyük olan Rusiya təmsilçisi ilə qarşılaşdım. Doğrusu, ona qalib gəlməyim heç də asan olmadı. Güclü rəqiblə üz-üzə gəlmək çətindir. Amma öyrəndiyim və çalışdığım fəndlərin köməyi ilə buna nail oldum. Mən, ümumiyyətlə, zirvələrə qaldırdığım üçrəngli bayrağımıza qürurla baxanda kövrəlirəm. Himnimizi eşidəndə isə tam başqa oluram. Vallah o hissləri sözlə ifadə etmək çətindir. Bunu ancaq yaşayan bilər.  Ən  böyük arzum isə hər birimiz üçün müqəddəs olan üçrəngli bayrağımızı dünya və olimpiya yarışlarında zirvələrə qaldıraraq ölkəmizi layiqli təmsil etməkdir.

- Bildiyimə görə, sən artıq  paytaxtımızda keçirilən “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edirsən.  Yarışlara necə hazırlaşmısan?

- Yarışlara hazırlıq çox yüksək səviyyədə gedib. Məşqlərimiz yığma komandanın tərkibində “Neftçi” Təlim və Məşq Mərkəzində olub. Özümü qələbəyə hazır hiss edirəm. Ən böyük arzularımdan birinə sayılı günlər qalıb. İnşallah, İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olacağam.

Əməkdar məşqçi Tərlan Həsənov yetirməsi barədə:

- Hər bir müəllim kimi mən də yetirməmin uğurlarına ürəkdən sevinirəm. Hidayət səkkiz ildir ki, cüdo ilə məşğul olur. Uşaq yaşlarından  idmana böyük həvəs göstərir. O, bir dəfə də olsun məşq buraxmır. O, nizam-intizamı və təlim-tərbiyəsi ilə digərlərindən fərqlənən bir idmançıdır. Məşqlərə ciddi yanaşır. Yarışlarda çalışır ki, etdiyi səhvləri bir daha təkrarlamasın. Daim uğursuz fəndinin üzərində çalışır. Hidayəti digər idmançılardan fərqləndirən odur ki, o, çətin hallarda döşəkdə müqavimətini saxlaya bilir. Onun üçün güclü və gücsüz rəqib yoxdur. Heç bir rəqibdən çəkinmir. Onda psixoloji gərginlik olmur, yarışlarda çox sərbəst olur. Onu gələcəkdə olimpiya çempionu kimi görmək arzusundayam. Artıq bu günə kimi kifayət qədər beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqli təmsil edib. İstəyir ki, erməni idmançısı ilə rəqib kimi döşəyə çıxsın. Deyir ki, erməni idmançısını yüksək ustalıqla məğlub etsəm, rahatlıq taparam. 

yuxarı ⤴