1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Tələbələr arasında futzal üzrə Respublika birinciliyi davam edir
14.05.2016/№18

 


Niyazi RƏHİMOV,
Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

Son illər Təhsil Nazirliyi idmanın inkişafı istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərin sistemli şəkildə təşkilini təmin etmək üçün bir sıra təşkilatlar yaradılmışdır ki, bunlardan biri də Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyidir. Qurumun yaranmasında məqsəd ali və orta ixtisas məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Federasiyanın prezidenti təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanovdur. Tədbirlər planına uyğun olaraq hər il tələbələr arasında müxtəlif yarışlar təşkil edən Federasiya ötən ay bir ilkə imza atdı. Belə ki, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyilə respublikamızda ilk dəfə olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinə start verildi. Oxucularımıza yarışla bağlı ətraflı məlumat vermək məqsədilə respublika birinciliyi çərçivəsində keçirilən oyunları izlədik. Yarışın təşkilatçılarının və tələbələrin təəssüratlarını öyrəndik.
 
Lətif Novruzov,
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin baş katibi

Tələbələr arasında keçirilən futzal üzrə Respublika birinciliyində 40 komanda iştirak edir. Yarışa ölkəmizin demək olar ki, bütün bölgələrindən federasiyaya üzv olan komandalar qoşulub. Birincilik dairəvi sistemlə keçirilir. Hər birində 4 komanda olmaqla 10 qrupda mübarizə aparan komandalardan 6 qrup Bakıda, 2 qrup Şirvanda, 2 qrup isə Gəncədəki təhsil müəssisələrinin idman zalında gərgin mübarizə aparıblar. Qruplarda birinci və ikinci yerləri tutan 20 komanda növbəti tura vəsiqə qazanıb. Sonra həmin 20 komanda hər birində 5 komanda olmaqla 4 yarımqrupda mübarizə aparıb. Hər qrupdan iki komanda 1/4 final mərhələsinə çıxıb. Hazırda bu mərhələyə də yekun vurulub. Komandalar yarımfinal mərhələsinə ciddi hazırlaşırlar. Birincilik çox yüksək səviyyədə təşkil olunub. Oyunları AFFA-nın peşəkar hakimləri idarə edirlər. Bundan başqa, yüksək səviyyəli tibbi personal da oyunları nəzarətdə saxlayır. Çox həyəcanlı bir yarış keçirilir. Tələbələr yarışda böyük həvəslə iştirak edirlər. Onların arasında yaxşı oyunçular çoxdur. Yarışda tələbələrdən ibarət Azərbaycan yığma komandasının üzvləri də seçiləcək. Həmin komandanın iyun ayında Xorvatiyada keçiriləcək tələbələrdən ibarət Avropa çempionatında iştirakı nəzərdə tutulur.

Ədalət Qafarlı,
Bakı Dövlət Universitetinin tarix fakültəsinin IV kurs tələbəsi

Uşaqlıqdan futbola marağım böyük olub. Futbol mənim bir hobbimdir. 11 yaşımdan məhəllə futbolu oynamağa başlamışam. Məhəllə futbolu ilə peşəkar futbol arasında fərq böyükdür. Artıq dörd ildir ki, Bakı Dövlət Universitetinin futbol komandasının fəal oyunçularından biriyəm. Bu ildən komandanın kapitanıyam. Çalışıram ki, komandamız qalib olsun. Bundan əvvəl keçirilən yarışlarda dəfələrlə komandamız qalib olub. İlk oyunla müqayisədə bu gün komandamızda fərq çoxdur. Oynadıqca açılışırıq. Fürsətdən istifadə edib tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Yarış çox peşəkar səviyyədə təşkil olunub. Azarkeşlər də bizi yalnız buraxmırlar. Hər oyunda komandamızı dəstəkləyirlər. Oyunlar o qədər həyəcanlı keçir ki, hərdən elə bilirəm beynəlxalq səviyyəli bir yarışdayam. Həqiqətən də bütün komandalar çox əzmkar mübarizə aparırlar. Komandaların qələbə istəyi çoxdur.

Nurəli Əsədov,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi

İlk dəfə olaraq tələbələr arasında keçirilən futzal turnirində iştirak edirəm. Bakı Dövlət Universitetinin komandasının hücumçularından biriyəm. Komandamız yaxşı vəziyyətdədir və yarışın favoritlərindən hesab olunuruq. Turnirin qalibi olmağa çox iddialıyıq və düşünürəm ki, bunu bacaracağıq. Yarış çox yüksək səviyyədə təşkil olunub. Hakimlər briqadasından tutmuş tibbi personala qədər hər bir xırda məsələ belə təşkilatçılar tərəfindən nəzərdə tutulub. Belə bir birinciliyin mütəmadi olaraq keçirilməsinin tərəfdarıyam. Düşünürəm ki, bu kimi yarışlar gənclərdə aktiv həyat fəaliyyətini gücləndirir, futbola marağı daha da artırır. Bundan başqa, belə yarışların keçirilməsi gəncləri pis vərdişlərdən uzaqlaşdırır.
Komanda yoldaşlarımızla hər oyun sonrası müzakirələr aparırıq. Güclü və zəif komandalar haqqında danışırıq. Düşünürəm ki, biz daha yaxşı oynaya biləcəyimizə ümid edirik. Hədəfimiz daha yaxşı və keyfiyyətli oyun sərgiləməkdir. Bundan başqa, tələbələrdən ibarət yığma komandaya seçilmək də ən böyük arzumdur.

Tahir Alyarov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi

Bu yarışın keçirilməsinin tərəfdarı olan insanlardan biriyəm. Hər kəsin bir hobbisi var. Mən futbolu çox sevirəm. Yarış haqqında onu deyə bilərəm ki, təşkilat işi çox yüksək səviyyədədir. Bu yarışda qalib olma imkanımız olmasa da iştirakçı olmaq, bu həyəcanı yaşamaq fürsətini əldə etdim. Səmimi desəm, yarışın bu qədər yüksək səviyyədə, həyəcanlı olacağını düşünmürdüm. Belə yarışlar gənclərdə idmanla yanaşı, dostluq əlaqələrinin qurulmasına da şərait yaradır. Birincilik müddətində yeni dostlar qazanırıq, daha da çox sosiallaşırıq. Tələbələr arasında bu kimi yarışların gələcəkdə də keçirilməsini istərdim. Ən güclü komandanın qalib olmasını arzulayıram.

Pamir Məmmədli,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji və psixologiya fakültəsinin IV kurs tələbəsi

Bu yarış dostluq mübarizəsidir. Yaxşı dostlar qazanırıq. Deyə bilərəm ki, tələbələr arasında keçirilən futzal oyunları olduqca maraqlıdır. Bu il yarışları daha da maraqlı edən çempionatda yeni tələbələrin iştirakıdır. Bu il kollec tələbələri də yarışlara qatıldı və o daha rəngarəng oldu. Mən deyə bilərəm ki, bu çempionatdan çox şey öyrəndim və götürdüm. Məşq toplantılarına tələbələrin daha çox vaxt ayırması, eyni zamanda onların asudə vaxtlarını səmərəli şəkildə keçirmələri çox yaxşıdır. Bir sözlə, deyə bilərəm ki, bu çempionatın keçirilməsi gənclərimiz üçün olduqca faydalıdır.
yuxarı ⤴