1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.01.2017

// 14.01.2017



Xaricdə təhsil
“Azərbaycanı xaricdə ilk dəfə səkkiz yaşımda təmsil etmişəm”
14.05.2016/№18

 


Almaniyanın Hannover Musiqi, Teatr və Dram Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Nərmin Nəcəfli ilə söhbət

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2004-2007-ci illərdə Bakı, Moskva, Tbilisidə 8-12 yaşlı uşaqlar arasında keçirilən beynəlxalq müsabiqələrin qalibi, II və IV beynəlxalq Rostropoviç, 2011-ci ildə III beynəlxalq Üzeyir Hacıbəyli festivallarının iştirakçısı olub. 2008-ci ilin mayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində “Qran-pri”yə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xüsusi aylıq təqaüdə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. 2010-cu ildə Almaniyada keçirilən beynəlxalq müsabiqədə çıxış edərək 38 iştirakçı arasında seçim turundan qalib çıxan 8 nəfərdən biri olub. Uğurlu çıxışına görə xüsusi mükafata layiq görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Reyms şəhərində keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı konsert proqramında uğurla çıxış edib. İngiltərənin Nyukasl şəhərində gənc pianoçuların V beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2014-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Hannover şəhərindəki Musiqi, Teatr və Dram Universitetində təhsilini davam etdirir. 2016-cı ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

- Nərmin, sizdə musiqiyə maraq necə yarandı? Musiqiyə olan marağınızı ilk dəfə kim qiymətləndirdi?
- Musiqiyə olan marağımı ilk növbədə valideynlərim görüb və qiymətləndiriblər. Onların dediyinə görə, musiqiyə qulaq asmağı hələ körpəlikdən sevmişəm. Daha çox klassik musiqini dinləməyi sevmişəm. Valideynlərim xatırlayır ki, televizorda Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı səslənirdi. Mən televizorun qabağında ayaq üstə durub elə heyrətlə dinləyirmişəm ki, az qala, televizorun içinə girəcəkmişəm. Mənim musiqiyə həvəsimi, eşitdiyim melodiyanı dərhal yadımda saxlayıb, təkrar etmək qabiliyyətimi, güclü yaddaşımı görüb 4 yaşımda 26 nömrəli musiqi məktəbinə qoydular. Bu yaşda uşaqları musiqi məktəbinə götürmürlər. Lakin mənim güclü musiqi duyumumu görüb yaşım çatmasa da məktəbə götürüblər. İki ildən sonra məktəb yaşım çatanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə əməkdar müəllim Ədilə Rəhimovanın sinfinə qəbul oldum.
- Müəllimlərinizdən nələri, hansı keyfiyyətləri götürübsünüz?
- Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 11 il əməkdar müəllim Ədilə Rəhimovanın sinfində oxumuşam. O, mənə çox şey öyrədib. Almaniyanın Hannover şəhərindəki Musiqi, Teatr və Dram Universitetində hazırkı müəllimim professor Bernd Goetzkedir. Professor Bernd Goetzke fortepiano üzrə dünyanın tanınmış mütəxəssislərindəndir. Onun ustad dərslərində iştirak etmək üçün dünyanın hər yerindən gəlirlər. Onların hər ikisi həm gözəl insan, həm də gözəl müəllimdir. Ən gözəl cəhətlərindən biri öz işlərinə böyük məsuliyyətlə yanaşmalarıdır. Bu, mənim üçün çox vacibdir.
- Sevdiyiniz bəstəkar kimdir, musiqi sizin üçün nədir?
- Mən bütün bəstəkarların əsərlərini sevə-sevə ifa edirəm. Lakin Şopenin yeri mənim üçün bir başqadır. Musiqi mənim üçün hər şeydir. Mən həyatımı musiqisiz təsəvvür etmirəm. Musiqi vasitəsilə mən özümü ifadə edirəm. Fortepiano isə mənim ən yaxın və sədaqətli dostumdur. Mən həmişə deyirəm ki, mənim 88 sədaqətli dostum var. Bunlar fortepianonun 88 ağ və qara dilləridir.
- Sizdə xaricdə peşəkar musiqi təhsili almaq arzusu necə yarandı? Kimlər sizi dəstəklədi?
- Valideynlərim və müəllimim Ədilə Rəhimova. Onların dəstəyi ilə xaricdə daha mükəmməl musiqi təhsili almaq qərarına gəldim və xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət etdim. Proqrama qəbul olunmağım haqda xəbəri Almaniyanın Halle şəhərində “EURO MUSIC FESTIVAL & ACADEMY HALLE” Beynəlxalq musiqi festivalında iştirak edərkən aldım. Təbii ki, çox sevindim. Bizim ölkədə gənc istedadlara böyük dövlət qayğısı var. Mən bu qayğını lap kiçik yaşlarımdan hiss etmişəm. Mən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılan və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülən ən gənc ifaçıyam. 2007-ci il iyunun 14-də 10 yaşımda bu təqaüdə layiq görüləndə sevincimin hədd-hüdudu yox idi. Bu qayğı və diqqət məni yeni uğurlara həvəsləndirirdi. Bu il yanvarın 29-da isə Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. Məni 19 yaşımda belə böyük mükafata layiq gördüyü üçün möhtərəm Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Bu mükafata layiq görülmək mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Mən həmişə bu məsuliyyəti öz üzərimdə hiss edirəm və dövlətimiz tərəfindən mənə göstərilən bu böyük etimadı doğrultmağa, Azərbaycanı dünya miqyasında şərəflə təmsil etməyə çalışıram.
- Xaricdə musiqi təhsiliniz, ixtisasınız barədə nə deyə bilərsiniz?
- Almaniyanın Musiqi, Teatr və Dram Universiteti dünyanın fortepiano ixtisası üzrə ən yaxşı təhsil verən ali məktəblərindən biridir. Onu da qeyd edim ki, mən bu universitetə qəbul olan ilk və hələlik yeganə azərbaycanlıyam. Mən professor Goetzke ilə 2012-ci ildə İngiltərədə beynəlxalq piano müsabiqəsində tanış olmuşdum. O, müsabiqənin münsiflər heyətinin üzvü idi. Mən bu müsabiqədə birinci yerə layiq görüldüm. Müsabiqədən sonra Goetzke məni Almaniyaya beynəlxalq festivala dəvət etdi. Festivalda mən həm konsert proqramı ilə çıxış etdim, həm də Goetzkedən ustad dərsləri aldım. Bu festivaldan sonra qərara gəldim ki, Goetzkenin sinfinə daxil olum.
Burada yüksək peşəkarlar çalışır. Bu universitetə daxil olmaq çox çətindir. Çox böyük müsabiqə olur. 2014-cü ildə mən imtahan verərkən fortepiano ixtisası üzrə 200-dən çox abituriyentdən cəmi 9 nəfər seçdilər. Çox sevinirəm ki, 9 nəfərdən biri mən oldum. Baxmayaraq ki, bizim universitetdə fortepiano ixtisası üzrə çox peşəkar və dünyanın bir çox ölkələrində ustad dərsləri keçən professorlar var, 9 nəfərin hamısı professor Goetzkenin sinfində oxumaq istəyirdi. O həm fortepiano departamentinin direktoru, həm də imtahan komissiyasanın sədri idi. Ona görə də seçimi o etdi. Lakin o yalnız iki nəfəri seçdi: məni və Çindən olan bir oğlanı.
- Təhsil aldığınız məktəbdə müəllim-tələbə münasibətləri necədir?
- Müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulub. Tələbələr daha sərbəstdirlər. Auditoriyada, dəhlizdə müəllimlərlə tələbələrin münasibəti çox səmimidir. Burada dünyanın demək olar ki, hər yerindən tələbələr var. Bütün tələbələrə çox yaxşı münasibət var.
- Azərbaycan musiqisini müəllimlərinizə sevdirə bilirsinizmi, ümumiyyətlə, Almaniyada musiqi mədəniyyətimiz barədə nə dərəcədə məlumatlıdırlar?
- Mən Almaniyada çıxış etdiyim bütün konsertlərdə Azərbaycan musiqisini ifa etməyə çalışıram. Berlində və Hannoverdə Qara Qarayevin, Fikrət Əmirovun, Adil Bəbirovun əsərlərini çalmışam. Solo konsertlərimdə repertuarı özüm seçəndə mütləq Azərbaycan musiqisini ifa edirəm. Müsabiqə və festivallarda Azərbaycan musiqisini ifa etmək imkanım olmayanda (müsabiqə və festivallarda əvvəlcədən müəyyən edilmiş konkret proqram olur) çalışıram dünya bəstəkarlarının əsərlərini elə məharətlə ifa edim ki, Azərbaycanı uğurla təmsil edim. Berlində səfirliyimizin 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar keçirdiyi anım mərasimində mən Azərbaycan musiqisindən ibarət solo konsert proqramı ilə çıxış etmişəm. Konsertdən sonra mənə bir alman kişi yaxınlaşıb özünü təqdim etdi və mənim ifamı çox bəyəndiyini dedi. Cənab Kern mənə dedi ki, o, mənim solo konsertlərimi Almaniyanın müxtəlif şəhərlərində təşkil etmək istəyir. Sonra bizim Almaniyadakı səfirimiz Pərviz Şahbazov mənə dedi ki, Kern Almaniyada çox məşhur və nüfuzlu bir şəxsdir. Onun sənin ifanı bəyənməsi sənin üçün çox qürurvericidir. Artıq mənim bu qəbildən ilk solo konsertim Almaniyanın Halle şəhərində may ayında keçiriləcək.
- Siz dəfələrlə müxtəlif beynəlxalq müsabiqə və konsertlərdə ölkəmizi təmsil etmisiniz. Hər dəfə tələbkar tamaşaçı auditoriyası qarşısına çıxanda hansı hissləri keçirirsiniz?
- Azərbaycanı xaricdə ilk dəfə 8 yaşımda təmsil etmişəm. İndiyə qədər ABŞ, Almaniya, Belçika, İngiltərə, İtaliya, Fransa, Polşa, Estoniya, Litva, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil etmişəm. Təkcə Fransada 5 dəfə olmuşam. Baxmayaraq ki, lap uşaq yaşlarımdan dünyanın müxtəlif səhnələrində çıxış edirəm, hər çıxışımdan qabaq həyəcanlanıram. Həyəcanla bərabər, həm də hər dəfə xarici ölkə səhnəsində çıxış edəndə Azərbaycanı təmsil etməkdən qürur duyuram. Həyəcan da buradan irəli gəlir. Mən öz üzərimdə böyük məsuliyyət hiss edirəm və çalışıram ki, Azərbaycanı dünya miqyasında şərəflə təmsil edim. Ən çox qürur duyduğum vaxtlar isə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə təşkilatın baş qərargahında, Vaşinqtonda, Moskvada, Strasburqda, Brüsseldə keçirilən tədbirlərdəki çıxışlarımdır. Bu konsertlərin sonunda səhnədəki ekranda Azərbaycan bayrağı görünəndə sevincdən gözlərim yaşarır, azərbaycanlı olmağımla fəxr edirəm.
- Sizcə, yaxşı musiqiçi olmaq Tanrı vergisidir, yoxsa buna gərgin zəhmətlə nail olmaq mümkündür?
- Yalnız Tanrı vergisi olan istedadla zəhmətin vəhdəti sayəsində. Bir də səbr. Saatlarla oturub çalmaq boyük səbr və iradə tələb edir. Sənətdə yalnız gərgin zəhmət sayəsində uğur qazanmaq olar. Bundan başqa səbr və iradə də lazımdır.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Mayda Almaniyanın bir neçə şəhərində solo konsertim olacaq. Solo konsertlərimdən başqa Hannoverdə violençellə fortepiano duetləri silsiləsindən konsertlərim də nəzərdə tutulub. Bu konsertlərdə çıxış etmək hüququnu mən çox çətin müsabiqədə qazanmışam.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
o.mustafayev@muallim.edu.az

yuxarı ⤴