1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Metodika
Ədəbi əsərlərin təhlili tənqidi təfəkkürün inkişaf vasitəsi kimi
14.05.2016/№18

 


Hüseyn ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin müəllimi, əməkdar müəllim

Məktəbdə ədəbiyyatın tədrisi şagirdlərin həyatı dərk etməsi, müxtəlif insanları yaxşı tanıya bilməsi üçün bir vasitədir. Bu insanları, yaxud həyatın həmin anını söz sənətkarları obrazlı şəkildə, bədii vasitələrlə canlandırırlar. Məktəblilər oxuduqları əsərlərin müzakirəsi zamanı müəllifin təsvir və ya tərənnüm etdiyi obrazları müqayisə etməklə tənqidi təfəkkürlərini inkişaf etdirirlər. Bu yolla onlar həyata hazırlanır, yaxşını pisdən ayırmaq üçün təcrübə qazanır, səriştə əldə edirlər. Müasir dövrdə müxtəlif əsərlərin təhlili buna real imkanlar yaradır. Hər hansı əsərin oxunması, müzakirəsi və təhlili zamanı bu, başlıca məqsədlərdən biri kimi qarşıda durur.
Ümumən, süjetli ədəbi əsərləri təhlil edərkən süjetin mürəkkəbliyindən asılı olmayaraq, şagirdlər aşağıdakı əsas məsələlər üzərində işə cəlb edilirlər:
- əsas qəhrəman, yəni süjetin əsasında duran insana baxış və ona münasibət;
- həmin qəhrəmana qarşı qoyulmuş obraz, yəni qəhrəmanla əks qütbü təmsil edən obraza yanaşma;
- müəllifin öz qayəsini ifadə etmək sənətkarlığı;
- istifadə olunmuş vasitələr və s.
Müəllim əsər üzərində işə başlayarkən ən əvvəl məzmun standartlarını və standartların tələbinə uyğun təlim nəticələri müəyyənləşdirir. Həmin nəticələrə nail olmaq üçün müasir metodika elmində rəngarəng təlim üsulları mövcuddur. Təhsil tarixində indiyə kimi istifadə etdiyimiz üsullara, bəlkə, hər gün yeni üsullar əlavə olunmaqdadır. Bir dərsdə müxtəlif üsullar istifadə oluna bilər. Yeni yanaşmada yeni üsulların tətbiqi böyük əhəmiyyət kəsb edir. Ona görə də bütövlükdə fənnin tədrisinin ümumi məsələlərindən deyil, müəyyən üsulların tətbiqinin təfərrüatlarını şərh etməyə çalışacağıq.
Məsələn, hazırda geniş istifadə olunan “fərziyyələrin qurulması” üsulunu tətbiq etməklə 5-ci sinfin “Ədəbiyyat” dərsliyindəki “Alim və quldur” əsərinin təhlilinə başlamaq olar:


İrəli sürülmüş ilkin yeddi fərziyyə əsasında şagirdləri tədqiqatlara cəlb edə-edə əsərin məzmununun bütünlüklə mənimsənilməsinə nail olmaq mümkündür. Odur ki, sinifdəki bütün şagirdləri mövzuya daha dərindən yiyələndirmək üçün sinfə istiqamətləndirici suallar verməklə onları fikri fəallığa sövq edirəm. Təxmini suallardan biri belədir:
- Hekayə üçüncü şəxsin dilindən söylənilir. Əgər birinci şəxsin dilindən söylənilsə idi, necə olardı?
Sual növbəti, yeni fərziyyələrin irəli sürülməsinə səbəb olur. Şagirdlərin təfəkkürünü daha da inkişaf etdirmək üçün növbəti imkan əldə edirəm...
Epik və dramatik əsərlərin əsasında duran yazıçı niyyətini daha dərindən başa düşməyə geniş imkanlar yaradan “Səhnələşdirmə” və ya “Rollu oyunlar” kimi əlverişli üsullardan da dərslərimdə tez-tez istifadə edirəm. Təbii ki, əsəri səhnələşdirmək təklif olunanda şagirdlərin əksəriyyəti birinci dərəcəli rolları oynamaq istəyirlər. Məsələn, hamı istəyir ki, “Alim və quldur”da alim rolunda olsun. Heç kim quldur rolunu oynamaq istəmir. Çünki dərin biliyi və təcrübəsi, xeyirxah təbiəti, insanlara məhəbbəti ilə seçilən bu obraz şagirdlərin qəlbinə daha yaxındır. Ona görə də həssaslıq və səmimiyyətlə quldur obrazının da süjetdəki əhəmiyyətini şagirdlərə anlatmaq və həmin rolu oynamağa şagirdləri inandırmaqla məqsədimə nail oluram. Şagirdlər arasında gərginlik olmasın deyə, epizodlardan birinin nümayişindən sonra onlar öz rollarını dəyişməklə səhnələşdirməni davam etdirirlər. Təcrübə göstərir ki, şagirdlər həmişə səhnələşdirməyə həvəslə yanaşırlar. Bundan istifadə etməklə əsərin daha yaxşı mənimsənilməsinə və həyat hadisələri ilə müqayisə olunmasına imkan qazanılır. Şagirdləri belə bir sual üzərində düşündürmək qazanılmış təəssüratları daha da dərinləşdirməyə kömək edər:
- Həyatda, həqiqətən, hekayə qəhrəmanlarına bənzər seçim edən insanlar varmı?
Bu sualla şagirdləri müxtəlif xarakterlərə, həyat təcrübəsinə və yaşam tərzinə malik olan insanlar haqqında düşünməyə yönəldirəm. Onlar qonşuluqda, küçədə, məhəllədə, ailədə... rastlaşdıqları insanları obrazların yerinə qoymaqla həyati müşahidələrini ifadə etməyə çalışırlar. Təbii ki, 5-ci sinifdə oxuyan məktəbli üçün belə bir müqayisə o qədər də asan olmur. Ona görə də müəllim şagirdini məhz həmin səviyyə üçün hazırlamalıdır. İbtidai təhsil pilləsinin sonunda həmin vərdişləri qazanmamış bir şagirdlə müəllimin dialoqu ilk vaxtlar qeyri-məhsuldar ola bilər, lakin məqsədyönlü şəkildə düşündürücü suallar vasitəsilə müəllim-şagird əməkdaşlığı ilk baxışda “lal” təsiri bağışlayan şagirdin də “dil açmasına”, az vaxtdan sonra öz fikirlərini yoldaşları və ətrafdakı insanlarla bölüşmək qabiliyyətinə yiyələnəcəyinə dərin inam yaradır. Beləliklə, bu proses şagirddə müzakirələrə qoşulmaq, yoldaşlarının fikir və rəylərini dinləmək və sinifdə qoyulmuş problemlərlə bağlı diskussiyalarda iştirak mədəniyyətinin inkişaf etdirilməsinə gətirib çıxarır.
Ədəbi problemin bu üsulla həlli zamanı müəllim müəyyən pedaqoji-psixoloji hazırlıq işləri görməlidir. Bunları aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Əmin olmaq lazımdır ki, şagirdlər səhnələşdirmək istədiyi əsərlə dərindən tanış olmuşlar. Onlar müəllifin nə üçün bu nəticələrə gəldiyini, müəllif niyyətini düzgün dərk etmişlər və özlərinin əsəri nə üçün səhnələşdirdiklərini başa düşürlər.
2. Bu prosesəqədərki məşğələlərdə (sinifdə, klublarda, dərnəklərdə, məktəb tədbirlərində və s.) şagirdlərin düzgün ifadəli oxu vərdişlərinə yiyələnməsinə nail olunmalıdır.
3. Səhnələşdirilmək üçün seçilmiş fraqment yazıçı niyyətinin ifadəsinə və həyatı dərketmə baxımından əhəmiyyətinə görə uyğun olmalıdır. Çox hallarda həmin epizod müəllimin rəhbərliyi ilə seçilib müəyyənləşdirilir, lakin yaxşı olar ki, tədricən şagirdlərin seçiminə üstünlük verilsin.
4. Müəllim bu zaman rejissor -fasilitator rolunda olur. O, elə bir mühit yaratmalıdır ki, bu, sadəcə bir oyun olmasın, şagirdlər düşünməyə, hisslərini və istəklərini ifadə etməyə nail olsunlar.
“Alim və quldur” hekayəsini səhnələşdirərkən Quldurbaşının: “Nəyiniz varsa, hamısını verin bura!”, - cümləsindən “Ey böyük alim, biz quldur deyilik, quluq!” - fikrinə qədərki hissəni səhnələşdirmək şagirdlərə elm və alim nüfuzu haqqında düşündüklərini sistemləşdirmək və dərinləşdirmək üçün geniş imkanlar açır. Müstəqil yanaşma bacarıqlarını ifadə edən kiçik esse yazılışı zamanı ona material verir.
Müəllim sinifdəki bütün şagirdləri: səhnəcikdəki ifaçıları da, müşahidəçi və münsifləri də birgə düşünməyə, “niyə?”, “nə üçün?”, “necə?” sualları qoymağa və bunları cavablandırmağa təhrik edir. “Tamaşaçı” şagirdlərə isə əsərdə hisslərin, zaman və məkanın, obrazın təsvirinə dair suallar hazırlamasını tövsiyə edə bilər.
Rolların dəyişdirilməsi yolu ilə epizodun digər şagirdlər tərəfindən təqdimatı da səmərəli ola bilər.
Şagirdlərdə tənqidi təfəkkürün inkişaf etdirilməsində müqayisə üsulunun xüsusi əhəmiyyəti var. Bu üsulun tətbiqində ədəbi əsərlərin böyük üstünlükləri danılmazdır: həyatda oxşar xüsusiyyətli insanlar olduğu kimi, fərqli xüsusiyyətlərə malik olan insanlar da, hətta bir-birinə tamamilə zidd xarakter və keyfiyyətli insanlar da vardır. Müqayisə, ziddiyyətlərin qarşılaşdırılması həyati detalların açılmasına, obrazın dərkinə, yazıçı niyyətinin qavranılmasına səbəb olur. Müəllimin vəzifəsi şagirdləri həmin səbəb-nəticə əlaqələrinin dərk olunmasına yönəltməkdən ibarətdir. Burada müəllimin düzgün yanaşmasının əhəmiyyəti şübhəsizdir. Əgər müəllim sinifdə “Müəllif əsərdəki ziddiyyətləri necə həll etməyə çalışmışdır” sualına cavab almaq istəsə, ola bilər ki, şagirdlərin az bir hissəsi hərəkətə gəlmiş olsun. Şagirdlərin çoxu hətta düşündüyünü belə lazımi şəkildə ifadə etməkdə çətinlik qarşısında qala bilər. Lakin bunun əvəzinə şagirdlərə təklif etmək olar ki, əsərdə müqayisəyə imkan verən məqamları müəyyənləşdirsinlər. Belə olduqda maraqlı müqayisələr aparılacağı öncədən aydındır. Məsələn, “Alim və quldur” hekayəsinə müraciət etdikdə iki müqayisə elementi maraq doğurur:
1. Şagirdlər alim obrazını onunla eyni komandada olan insanlarla müqayisə edirlər.
2. Əsərdə bir-birinə əks qütbdə dayanan iki obrazın - alim və quldur obrazlarının müqayisə edilməsinə nail olurlar.
Müqayisəni Venn diaqramı, müqayisə cədvəli və s. vasitəsilə əks etdirmək olar. Aşağıdakı sadə cədvəllər vasitəsilə də obrazları müqayisə etmək olar:
Oxşarlıqlar
Alim və onun yoldaşları Quldurlar və quldurbaşı


Şagirdlərə müqayisəni əvvəlcə kiçik və sadə nümunələr əsasında, sonra isə daha mürəkkəb sxemlər üzərində aparmağı təklif etmək səmərəlidir. Müqayisəyə hazırlaşarkən şagirdlərə təklif olunur ki, daha çox xarakterik xüsusiyyətləri təsvir etməyə çalışsınlar. Müqayisə etmək şagirdlərə həyati bacarıqların formalaşmasında və insanları anlama və qiymətləndirmədə gərəkli olur.
Ədəbi materialın dərkində və təhlil bacarıqlarının inkişaf etdirilməsində istifadə olunan üsullar çoxdur, onlardan bir neçəsi haqqında bəhs olunan bu yazıda müəllimlərimizə demək istədiyimiz əsas fikir budur ki, qətiyyən əsər haqqında hazır təhlil modellərindən istifadə etmək düzgün yol deyil. Bu, təfəkkürü inkişaf etdirmək əvəzinə, yaddasaxlama əsasında əzbərçiliyə gətirir. Təhsilimizin hədəfi isə müstəqil düşünməyi, qərar çıxarmağı və tənqidi yanaşmağı bacaran insan yetişdirməkdən ibarətdir. Odur ki, gəlin şagirdlərimizi dərindən düşündürməyə çalışaq, təfəkkürün və şəxsiyyətin inkişafına nail olaq.

 

yuxarı ⤴