1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Metodika
Müasir zamanla ayaqlaşmaq üçün müəllim nələri bilməli və etməlidir
14.05.2016/№18

 


Sona HƏMZƏYEVA,
Özəl “İdrak məktəbi”nin müəllimi

Məlumdur ki, müasir dövrün tələbi zamanla ayaqlaşa biləcək şəxsiyyətin yetişdirilməsidir. Hər hansı bir insanın şəxsiyyət kimi yetişdirilməsi ümumilikdə böyüdüyü mühitdən asılıdır. Bu mühitin sağlam olmasında valideynlər və müəllimlər daha çox rol oynayırlar. Belə ki, uşaq anadan olandan valideynlər hər şeyi onlardan “vacib bir vəzifə” ni yerinə yetirməli olduğu “borc” kimi tələb edirlər. Uşaqdan tələb yüksək olduğundan o bunu daim “ yük” kimi hiss edir. Yüksək gözləntilər həmişə uğurla nəticələnmədiyi halda uşaq depressiyaya düşür. Valideynlərin tez-tez gələcək haqqında uşağa təsir etməsi, onu uğursuz nəticə olduğunda qarşısına qoyulan tələb və məqsədə çatmaq həvəsindən hər dəfə bir addım uzaqlaşdırır. Buna sadə nümunə “5” qiymətidir. Bir şagird davamlı olaraq “5” alırsa, o, evdə yaxşı qarşılanır, təriflənir, nə istəyirsə alınır. Və bir gün bu qiymət bir-iki pillə aşağı “3” və ya “4” olarsa, valideynin tələbi “qiymətini tez qaldırmalısan” olur. Əgər bu hal bir neçə dəfə təkrarlansa, həmin şagirddə oxumağa həvəs azalır. Axı o, qiymətdən asılıdır. Oxumağa öz istəyi, həvəsi ilə deyil, valideynlərin “beş almaq” tələbi və qiymətləndirməsi ilə yanaşır. Valideynlərin uşaqlara yanaşmasının yanlış olduğu bir vəziyyətdə əlbəttə ki, məsuliyyət müəllimin öhdəsinə düşür. Müasir dövrün tələbi də bu məsuliyyəti daşıya biləcək müəllimləri yetişdirmək və onları inkişaf etdirməkdir.
Günümüzdə müəllimlər innovativ təlim texnologiyalarını, İKT-ni, dil biliklərini artıra biləcək yerli və beynəlxalq treninqlərdə, konfranslarda iştirak edərək yenilikləri daim öyrənir və onları tətbiq etməyə çalışırlar. Lakin bütün bu öyrənmələr hələ müəllimin müasir dövr üçün şagird yetişdirməsində yetərli deyil. Bunun üçün müəllim şagirdlərə yanaşmasında güclü psixologiyaya sahib olmalıdır.

Bu yolda müəllimə kömək edəcək vasitələr

* Təlim texnologiyaları üzrə düzgün seçim (təlim metodları - fəal, konstruktiv, proyekt, problem, layihə və s. üsullar və vasitələr).
* İKT-dən düzgün istifadə ( keçəcəyi mövzuya uyğun videoların, şəkillərin, rənglərin ahəngi və psixoloji təsirinin nəzərə alınması).
* Şagirdlərə qarşı psixoloji yanaşma (müəllim baxışından qorxu və asılılıq hökmranlığına son).

Təlim texnologiyası üzrə seçim

Müasir təhsil mühiti daim dəyişir və yenilənir. İnnovativ bir müəllim bilik öyrətməklə yanaşı, biliyi öyrənmənin yollarını da öyrətməlidir. Şagirdlərin diqqətini dərsə yönəltmək üçün müəllim eyni zamanda güclü idarəedici olmalıdır. Şagirdlərin düzgün informasiya qəbul etməsi birbaşa müəllimdən asılıdır. Dərslərdə yeni təlim texnologiyalarının tətbiqi daha çox nəticə əldə edilməsinə gətirib çıxarır. Hazırda kurikulumun təlim strategiyası olan fəal (interaktiv) təlimlə daha çox ibtidai siniflərdə yaxşı nəticə əldə etmək olur. Bu təlimlə biz onlara bilik öyrənmənin yollarını öyrədirik. Lakin hər bir şagird ona ötürülən informasiyanı fərqli qəbul edir. Yuxarı siniflərə qalxdıqca şagirdlərin biliyin və fəaliyyətin bütün növlərinə yiyələnməsi üçün yalnız fəal (interaktiv) təlimdən istifadə etmək uğurlu olmaya bilər. Şagirdlər qavrama qabiliyyətinə görə kinestetik, vizual və audil olduqları üçün gözlədiyimiz nəticəni almaq istəyiriksə, bu qavramaları nəzərə almalıyıq. Dərslərdə qoyduğumuz suallar B.Blumun taksonomiyası əsasında qurulmalıdır. Elə buna misal olaraq konstruktiv yanaşma ilə interaktiv təlim texnologiyasını göstərmək olar. Bu texnologiya yolu ilə şagird qarşısına qoyulan məqsədə daha tez çatır. Ənənəvi bilik, bacarıq və vərdişlər məqsədi- anlam, bilik, tətbiq və generasiya ilə əvəz edilir. Dərs suallar əsasında qurulur. Suallar sadədən mürəkkəbə doğru qoyulur. Bu dərsdə şagirdlərin təlim fəaliyyətləri əsas götürülür. Şagirdlər müxtəlif interaktiv təlim fəaliyyətində olaraq biliklər qazanırlar, onu tənzimləyib inkişaf edirlər.
Ümumiyyətlə, müəllimlər öz təlim strategiyalarını qurarkən yalnız bir və ya iki strategiya ilə kifayətlənməməlidir. İnnovativ bir müəllim daim axtarışda olmalı, yenilikləri öz dərslərində tətbiq etməlidir.

İKT-dən düzgün istifadə

Bu gün dünyada elm və texnikanın sürətlə inkişafı birbaşa hər birimizin yaşadığı mühitə öz təsirini göstərmədən keçmir. Bu bizim yaşadığımız cəmiyyətdə, ünsiyyətdə olduğumuz hər bir məkanda özünü göstərir. İnformasiyanın bol olduğu bir mühitdə insanlar daim seçim qarşısındadırlar. Hər kəs düzgün, faydalı, dəqiq informasiyaları daha çox etibar edilmiş mənbələrdən almağa çalışır. Bu mənbələrdən daha çox yararlanmaq, valideynləri və şagirdləri bu mənbələrə istiqamətləndirmək XXI əsr müəlliminin əsas vəzifələrindəndir. İnformasiya cəmiyyətinin bugünkü məktəbi uşağa sadəcə biliklər toplusu verməklə kifayətlənməməli, onun sosial həyatda uğurla cərəyan etməsi üçün informativ-kommunikativ bacarıqlarını formalaşdırmalıdır. İKT bu gün uşaqların intellektual və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən, şagird şəxsiyyətinin formalaşdırılmasında, motivasiyasında güclü bir alətdir. İKT-nin tətbiqi ilə XXI əsrin tələblərinə cavab verən yeni dərs modelinin yaradılması və tədris prosesində tətbiqi dövrün tələbidir.

Şagirdlərə psixoloji yanaşma

Hər bir müəllimin gözlədiyi və qarşılaşdığı şagirdlər hər zaman onun istədiyi kimi olmur. Müəllim unutmamalıdır ki, qarşısında dayanan uşaqdır. Onun özünü necə ifadə edəcəyi, müəllimin tədris etdiyi fənnə marağı, gələcəkdə şəxsiyyət kimi yetişməsi və cəmiyyətə yararlı olması birbaşa müəllimdən asılıdır.
Bunun üçün dərslərimizdə şagirdlərə yanaşmada nəzərə almalı olduğumuz amillər bunlardır:
* Dərs öyrətdiyimiz şagirdə ağıl verməyə çalışmayaq (o, hələ bizi qəbul etməyibsə).
* Bir şagirdi başqa şagirdlə müqayisə etməyək (onlar fərqli mühitdə böyüyür və tərbiyə alırlar).
* Uşaq olduqlarını unutmayaq (biz onlarla dost olsaq belə).
* Hər hansı bir mövzuda fikir bildirmək istədikdə fikrini izah etməyə şərait yaradaq və dinləməyi bacaraq. Şagirdin o zaman özünə inamı artaraq özünü daha yaxşı ifadə etməyi öyrənəcək. Söz ehtiyatı artacaq və nitqi inkişaf edəcək. Danışdıqca mənfi emosiyaları azalacaq və daha sakit olacaq, qarşısındakını dinləməyi və ona hörmət etməyi öyrənəcək.
* Xəyallarını soruşaq (səmimi ünsiyyət yaransın deyə).
* Dərsi bilmədiyinə görə təhqiredici sözlər işlətməyək (bu onun bizə qarşı inamını itirə bilər).
* Bilmədiyi dərsdə sual verərək onu nəyisə bildiyinə inandıraq (sabahkı dərsə hazır gəlməyə həvəsi yaransın deyə).
* Onlarla dost olaq (sevincli və kədərli bir hal olarsa bizimlə paylaşa biləcəyi insan olaq deyə).
* Gözlərindən nəyinsə yolunda olmadığını hiss etdikdə başlarını sığallayaq (bu onun tək olmadığını, kiminsə ona dəyər verdiyini hiss etsin deyə).
Bütün bunları nəzərə alan müəllimin sinif içindəki mövqeyi onun dərs dediyi uşağın fitri istedadını ortaya çıxaraq inkişaf etməsinə səbəb olur. Bu mövqedən baxıldığında müəllim sinifdə təvazökar olmalıdır. Yəni, uşağın yanında özünü daha üstün və daha çox bilən biri olaraq göstərməməlidir. Beləcə, uşaq müəlliminin daha çox bilməsi baxışı altında “əzilməyəcək” və öz təcrübəsiz bilik yolunda müəllimi bir “ mayak ” görərək irəliləyəcək.

yuxarı ⤴