1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Müəllimlərin işə qəbulu qaydalarında mühüm dəyişikliklər
19.05.2017 / No18

 

 

 


Bu il müsabiqəyə daha çox vakansiyanın çıxarılacağı gözlənilir

Ruhiyyə DAŞSALAHLI

2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsinin yeni qaydaları təsdiqlənib. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda bir sıra mühüm yeniliklər var.
Qaydalara görə, müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.
Tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılan dərs yükü qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr nəzərə alınmaqla müəyyənləşdirilir. Müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saatdır (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır). Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.
Müəssisədə hər hansı ixtisasdan kadr yoxdursa, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saata qədərdirsə, digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır. Bu da mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.

Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmır

Qaydalara əsasən, sosial məzuniyyət yeri üzrə dərs yükü də vakansiyaya çıxarılmır. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Onların dərs yükü ilə bağlı qərar verilərkən aşağıdakı ardıcıllıq gözlənilir: dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülür, digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir, mərkəzləşdirilmiş müsabiqədə iştirak edərək keçid balı toplamış namizədlə yerli təhsili idarətemə orqanı və ərazi maliyyə hesablaşma mərkəzi ilə razılaşdırılmaqla əmək müqaviləsi bağlanılır.

Təqaüd yaşına çatanlar üçün istisnalar var

Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 10-1-ci maddəsi və təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə təsdiq olunmuş tələblər və meyarlar əsasında müəyyənləşdirilir. Belə ki, son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının, dövlət təltifinin olması, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması pedaqoji kadrların üstünlükləridir. Bu üstünlükləri olanların səhhəti vəzifəsinin icrasına imkan verirsə, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuzu varsa və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı deyilsə, tədris ilinin sonuna kimi müqaviləsi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınır.
“Təhsilverənlərin peşəkarlığının inkişafının təmin edilməsi barədə” təhsil nazirinin 10.03.2017-ci il tarixli 141 nömrəli əmrinə əsasən, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər çalışmanın yaş həddinə çatdıqda onlarla əmək münasibətləri xüsusi prosedur əsasında tənzimlənir. Onlarla çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Lakin başqa bir meyar - Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə müqavilə müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bunun üçün də müəllimin orden və medalları, fəxri adları olmalıdır. İşlədiyi sahə üzrə elmi dərəcə və ya elmi ad alması da şərtdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü, Dövlət mükafatı laureatı olmalıdır.

Müəllimlərin yerdəyişməsi

Yeniliklər müəllimlərin yerdəyişməsində də var. Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsini mərkəzləşdirilmiş müsabiqə yoluyla həyata keçirir.
Qaydalar Azərbaycanda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində dəyişdirməsinə də imkan verir. Bu zaman müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır.
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin iş yerinin nəzərdə tutulmuş müddət başa çatanadək dəyişdirilməsinə icazə verilmir. Məsələyə xüsusi hallarda təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Nazirlikdə baxıla bilər.

Müəllimlərin işə qəbulu

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı təhsil sənədi Təhsil Nazirliyində tanınmış Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər iştirak edirlər. Müəllimlərin yalnız fakültativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, məktəbə hazırlıq qrupları, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müsabiqədə müvafiq keçid balını toplayan namizədlər müddətli müqavilə ilə işə qəbul oluna bilərlər.
Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu isə müsahibə yolu ilədir.

Müsabiqə qaydaları

Müsabiqə 4 mərhələdə həyata keçirilir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə.
İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədin elektron ərizədə qeyd etdiyi məlumatlar yoxlanılır.
Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.
Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanlarının nəticələrinə görə keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər 8 yer seçə bilərlər. Yerləşdirilmə onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.
İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 1 (bir) il qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. 2016-2017-ci tədris ili üçün keçirilmiş işə qəbul müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018-ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.
Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan edilir və internet səhifəsində yerləşdirilir.
Müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan və yeni yaranan vakant yerlər üçün əlavə yerləşdirmə keçirilir. Əlavə yerləşdirmədə yalnız keçid balı toplayaraq işə qəbul oluna bilməyən namizədlər 8 vakant yer seçərək iştirak edə bilərlər. Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş tarix başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır.

Yeni Qaydalarda yeniliklər: nə dəyişəcək?

“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, bundan sonra müsabiqəyə qatılan müəllimlərin işə qəbul üçün iştirak etdiyi test imtahanının nəticələri bir il sonra da qüvvədə olacaq. Həmin nəticələrə görə keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti il müsabiqəyə imtahansız qatılacaq.

Peşə liseylərinə müəllimləri Agentlik seçəcək

E.Bağırov deyib ki, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş imtahanlarla həyata keçiriləcək. Həmin imtahanlarda iştirak edərək müvafiq keçid balı toplayanlar Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibəyə dəvət olunacaq və müsahibədən keçənlər peşə təhsili müəssisələrində işə götürüləcək: “Əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər müsabiqə yolu ilə seçilirdi. Vakansiyalar toplanır, test imtahanında iştirak edənlərin təyinatı verilirdi. Bu il burada da fərqlilik olacaq. Belə ki, peşə təhsili müəssisələrində işə qəbulu 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi aparacaq. Onlar vakansiyalar üzrə müəllimləri test imtahanında keçid bal toplayan namizədlərin arasından seçəcəklər”.

10 ümumi təhsil müəssisəsi müəllimləri özü seçəcək

Yeniliklərdən biri də müsabiqədənkənar işə qəbul etmək hüququ olan təhsili müəssisələrinin siyahısıdır. Tərtib olunan həmin siyahıda Nazirlik tabeli 10 ümumi təhsil müəssisəsi yer alıb. Onlar müsabiqədənkənar işə qəbul hüququ əldə etsələr də, namizədlərin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırmalıdırlar. Ən yüksək akademik göstəricilərə malik həmin müəssisələrin müəllimlərinin müsabiqədə iştirak etmələrinə ehtiyac olmasa da, həmin müəllimlərin namizədlikləri Təhsil Nazirliyində müvafiq Komissiyada araşdırılacaq.

Müsabiqədənkənar qəbul və vakansiyaların gizlədilməsi faktlarının qarşısı alınacaq

Builki qaydalarda tətbiq edilən yeniliklərdən ən vacibi daxili yerdəyişmələrin də nazirlik tərəfindən aparılması olacaq. E.Bağırovun sözlərinə görə, əvvəlki illərdə bu səlahiyyət yerli təhsili idarəetmə orqanlarına aid idi. Bu il proses bilavasitə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Burada da proqram təminatı tətbiq ediləcək. Bu zərurət 2015-2016-cı illərdə rayonlarda həyata keçirilən araşdırmalardan sonra ortaya çıxıb. Belə ki, diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən daxili yerdəyişmələrdə ciddi nöqsanlar aşkarlanıb. Faktların çoxu müəllimlərin sıxlıq müşahidə edildiyi məktəblərə yerləşdirməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsi ilə bağlıdır: “Gizlədilən vakansiyaya işə götürülən müəllimlərin yerləri tərəfimizdən müəyyən olunub. Onların hamısı vakansiyaya çıxarılacaq. Bu səbəbdən düşünürük ki, bu il yerlərdə əvvəlki illərdən daha çox vakansiya olacaq”.
Beləliklə, işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqları hazırlanacaq, o cümlədən bu il iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılması və təhlili təmin ediləcək. Nazirin əmrinə görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla mayın 25-dən iyunun 15-dək təşkil edilməlidir.
Yerli təhsili idarəetmə orqanları vakant yerlər barədə məlumatları proqram təminatına daxil etməlidirlər. Bu proses ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla mayın 25-dək tamamlanmalıdır. Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələri sentyabrın 15-dək bağlanılmalıdır. Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında müəyyənləşdirilmiş formada məlumat quruma bu il sentyabrın 20-dək təqdim edilməlidir.

yuxarı ⤴