1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
İKT ixtisaslarına gedənlərin sayı ildən-ilə artır
19.05.2017 / No18

 
 

 

 


Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində informasiya-kommunikasiya ixtisasları üzrə 360 təqaüd yeri olub

Yusif ƏLİYEV

Proqram mühəndisliyi ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahəsidir. Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə mayın 17-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransında səsləndirib.
AMEA Rəyasət Heyəti, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılıq etdiyi konfransda hər üç dövlət qurumunun nümayəndələri, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq zala toplaşanları 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə təbrik edib. Bildirib ki, BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan olunan informasiya cəmiyyətinin əsasında İKT və biliklər iqtisadiyyatı dayanır. Bu sahənin ən mühüm sektorlarından biri isə məhz proqram mühəndisliyidir.
Alim bu gün ulu öndərin əsasını qoyduğu elmi-texnoloji inkişaf xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması ilə bağlı bir sıra konseptual sənədlər, mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb.
A.Əlizadə biliklər iqtisadiyyatının bir seqmenti kimi formalaşmaqda olan proqram sənayesinin əsasında “elm-təhsil-innovasiya” üçbucağının dayandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan gənclərinin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Proqramlaşdırma sahəsində elmi kadrlara və yüksəkixtisaslı mütəxəssislərə artan tələbatın ödənilməsi məqsədi ilə zəruri işlər görməli, ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığı dərinləşdirməliyik”. Alim bu istiqamətdə Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında işgüzar münasibətlərin mövcud olduğunu da nəzərə çatdırıb.
Konfransın plenar iclasında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin hər bir ölkənin intellektual və elmi potensialından asılı olduğunu bildirib. İKT-nin tətbiqinin keyfiyyət səviyyəsinin birbaşa proqram təminatından asılı olduğunu deyən nazir müavini inkişaf etmiş ölkələrin iqtisadiyyatının modernləşdirmə istiqamətləri sırasında proqram təminatına əsaslanan strateji informasiya texnologiyalarının xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, proqram təminatının işlənib hazırlanması və onun informasiya texnologiyalarına tətbiqi proqram mühəndisliyi tərəfindən həyata keçirilir. Bu səbəbdən proqram mühəndisliyi hazırda dünyada əqli mülkiyyətin ən yüksək forması hesab olunur.
Məruzədə İKT-nin təhsildə tətbiqi və informatika fənninin tədrisi, proqram təminatı üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, orta və ali təhsil müəssisələrində İKT-dən istifadə vərdişlərinin formalaşdırılması ilə bağlı ölkədə son illər həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlərdən də geniş söz açılıb.
F.Qurbanov çıxışında bildirib ki, son illər respublika ali təhsil müəssisələrinə İKT ixtisasları üzrə qəbul olmaq istəyən gənclərin sayının artması müşahidə olunur. Belə ki, son 2 ildə ali təhsil müəssisələrinə İKT ixtisaslarına qəbul olunanların sayı 2545 nəfərdən 2681 nəfərə qədər artıb və bu kəmiyyət artımı eyni zamanda keyfiyyət artımı ilə müşayiət olunub.
Nazir müavinin fikrincə, belə olduğu halda gələcək yüksəkixtisaslı kadr hazırlığının təmin olunması üçün İKT ixtisası üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına informatika fənninin daxil edilməsi müzakirə məsələsi ola bilər.
Nazir müavini diqqətə çatdırıb ki, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda informatika-kommunikasiya sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət hesab olunub. Dövlət Proqramı çərçivəsində bu günədək ümumilikdə 3500-dən çox təqaüd yeri ayrılıb ki, bunlardan da 360-ı, yəni 10 faizi informasiya-kommunikasiya ixtisasları üzrə olub.
Firudin Qurbanov çıxışında proqram mühəndisliyinin müasir aktual problemlərinə də toxunub, onların həlli yollarını dünya təcrübəsindən istifadə etməklə İKT sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanması, elmi-texniki potensialın gücləndirilməsi, bu sahə ilə elmi-tədqiqatlar arasında əlaqənin möhkəmləndirilməsində gördüyünü bildirib.

Proqram mühəndisliyi ixtisası üzrə kadrlar hazırlanmalıdır

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Azərbaycanda proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda məruzə edib. Akademik Azərbaycanda kibernetika elmi və proqramlaşdırmanın 60-cı illərdən formalaşmağa başladığını diqqətə çatdırıb. Qeyd edib ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. Telekommunikasiyanın, radioelektronikanın, hesablama texnikasının strateji əhəmiyyətini düzgün qiymətləndirən ulu öndər bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər yetişməyə başladı.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Proqram mühəndisliyinin formalaşmasının bəzi aktual problemləri və perspektivləri” mövzusundakı məruzəsində proqram mühəndisliyinin vəzifələri və hədəfləri, iqtisadi perspektivləri, bu sahədə beynəlxalq standartlar, kadr hazırlığı, elmi, informasiya təhlükəsizliyi və hüquqi-etik problemlərinə dair ətraflı məlumat verib.
R.Əliquliyev ölkədə proqram mühəndisliyinin inkişafına dair bir sıra təklif və tövsiyələrini də səsləndirib. Qeyd edib ki, müvafiq ali təhsil müəssisələrində proqram mühəndisliyi ixtisası üzrə kadrların hazırlanması və onların riyazi biliklərinin artırılması, proqram mühəndisliyi sahəsində mövcud beynəlxalq standartların milliləşdirilməsi, onların tətbiqi və tədrisinin həyata keçirilməsi, müvafiq qurumlar tərəfindən bu sahədə aparılan elmi araşdırmalara və irəli sürüləcək təşəbbüslərə dəstək verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi zəruridir.
Sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) kompüter proqramları təminatı şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracovun “Proqram mühəndisliyi sahəsində dünya təcrübəsi və tendensiyalar” mövzusunda məruzəsi dinlənilib. O, təşkilatın fəaliyyət istiqamətləri, məqsədləri, təşkilat tərəfindən yaradılmış informasiya sistemləri, treninq strategiyaları və s. barədə ətraflı məlumat verib.
B.Siracov təmsil etdiyi təşkilata 160-dan çox ölkənin üzv olduğunu qeyd edərək bu qurumun nüvə enerjisi texnologiyalarının müxtəlif sahələrdə tətbiqi və bu texnologiyaların qeyri-qanuni yolla yayılmasının qarşısının alınması istiqamətlərində fəaliyyət göstərdiyini bildirib. Həmçinin təşkilatın proqram təminatı üzrə əməkdaşlıq etdiyi şirkətlər, o cümlədən 10 əsas strateji texnologiya trendi barədə məlumat verib.
Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə “Ölkəmizdə proqramlaşdırmanın tədrisi haqqında” və “Microsoft” şirkətinin MDB ölkələri üzrə strateji həllər eksperti Qaçay Mirzəyev “Proqram mühəndisliyi sahəsində “Microsoft” şirkətinin prioritetləri” mövzusunda məruzələri də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans öz işini “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri”, “Proqram mühəndisliyinin tədrisi problemləri” və “Proqram mühəndisliyinin tətbiqi problemləri” mövzularında təşkil olunmuş seksiya iclasları ilə davam etdirib. Konfransda ümumilikdə 80-dən çox məruzə dinlənilib.

yuxarı ⤴