1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Bilik var, bəs bacarıq?
19.05.2017 / No18

 

 

 


Gələcəyin müəllimlərinin praktik hazırlığı qənaətbəxş səviyyədə deyil

Niyazi RƏHİMOV

Dərsin düzgün, səmərəli təşkili müəllimin elmi səviyyəsi ilə yanaşı, pedaqoji sahədə praktik hazırlığından da asılıdır. Məhz bunu nəzərə alaraq pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin də tədris planlarında pedaqoji təcrübəyə xüsusi yer verilir. Tələbələr 3-cü kursda passiv, 4-cü kursda isə aktiv təcrübələrdə olurlar. Bəs, görəsən, bu təcrübələr tələbənin gələcəkdə müəllim kimi formalaşmasına kifayət edirmi? Təcrübədən keçən tələbələr tədris prosesini təşkil etməyi, sadə dildə desək, dərs deməyi bacarırmı?
Məsələni yerində müşahidə etmək məqsədilə öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində olduq. Pedaqoji təcrübələrini başa vuran IV kurs tələbələrinin dərslərini dinləmək arzusunda olduğumuzu bildirdik.
Universitetin səlahiyyətli nümayəndələrinin təşkilatçılığı nəticəsində Xətai rayonunda yerləşən 194 nömrəli tam orta məktəbdə həmin tələbələrin “açıq dərs”lərini izlədik.
Nəzərə çatdıraq ki, dərslərdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təcrübəli mütəxəssisləri də iştirak edirdi. Dinlənilən dərslər mütəxəssislər tərəfindən müzakirə olunduqdan sonra rəylər bildirildi. Mütəxəssislər tələbələrin nəzəri biliklərini yüksək qiymətləndirsələr də, praktik baxımdan müəllimliyə tam hazır olmadıqlarını diqqətə çatdırdılar. Qeyd etdilər ki, pedaqoji təcrübənin azlığı özünü müxtəlif məqamlarda göstərirdi. Məsələn, sinfin idarə edilməsi, şagirdlərə psixoloji yanaşma, onlarla fəal işin təşkili zəif qurulmuşdu. Tələbələr yalnız fəal şagirdlərlə işləyir, digərləri isə kənarda qalırdı.
Müşahidələrimiz və mütəxəssislərin rəyi göstərdi ki, tələbələr təcrübə baxımından dərs deməyə tam hazır deyillər. Nəzərə alaq ki, bu tələbələr bir daha pedaqoji təcrübədə olmayacaqlar və təxminən, 2-3 aydan sonra müəllimlik ixtisası alacaqlar. Bəs, belə olan halda təcrübəni harda qazanacaqlar? Təbii ki, pedaqoji fəaliyyətə başladıqları məktəbdə. Lakin burada daha bir sual ortaya çıxır. Bəs, onlar təcrübə qazanana qədərki müddətdə şagirdlərə hansı səviyyədə dərs keçəcəklər, həmin şagirdlərin aqibəti necə olacaq?
Müəllim hazırlığı ilə bağlı dünya təcrübəsinə baxdıqda görürük ki, inkişaf etmiş ölkələrdə tələbələr vaxtlarını auditoriyalardan çox məktəblərdə, liseylərdə keçirirlər. Onlar pedaqoji mühitdə formalaşırlar. Hətta bəzi ölkələrdə müəllim peşəsinə yiyələnənlər bir müddət müəllim köməkçisi çalışırlar. Nəticədə bütün bu proseslərdən keçib peşəkar, səriştəli müəllim kimi yetişəndən sonra ilk rəsmi dərsə girirlər.


Məktəblərdə tələbələrə ögey münasibət

ADPU-nun istehsalat və pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədova qeyd edir ki, universitetdə pedaqoji təcrübəyə xüsusi diqqət yetirilsə də, hələ də müxtəlif problemlər mövcuddur. Belə ki, pedaqoji təcrübəyə ayrılan vaxt azdır: “Pedaqoji kadrın hazırlanması üçün müəyyən edilmiş bir ay vaxt qənaətbəxş deyil. Nəzərə alaq ki, həkimlər müəllimlərdən fərqli olaraq bir il internaturada olur və həmin müddətdə xeyli təcrübə toplayırlar. Düzdür, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında internatura sisteminin müəllim hazırlığına tətbiq edilməsi nəzərdə tutulub, lakin bu sistemə hələ keçilməyib. Məncə, təcrübələrin 2-ci kursdan başlaması və 3-4-cü kurslarda müddətinin uzadılması məqsədəuyğun olardı. Hazırda universitetin Elmi Şurasında bu məsələ ilə bağlı müzakirələr aparılır və növbəti tədris ilindən təcrübələrin müddətinin xeyli uzadılması nəzərdə tutulur”.
S.Məmmədovanın fikrincə, problemlərdən biri də orta ümumtəhsil məktəblərində təcrübədə olan tələbələrə lazımi şəraitin yaradılmamasıdır: “Məktəblərdə tələbələrimizə qarşı olan ögey münasibət ümumi işin keyfiyyətini azaldır. Belə ki, tələbələrə maddi-texniki bazadan, müasir təlim texnologiyalarından, İKT avadanlıqlarından istifadə etməyə imkan yaradılmır. Hətta bəzi məktəb rəhbərləri dərslərin müzakirəsi üçün belə yer ayırmırlar. Məcburiyyət qarşısında qalıb, dərsin müzakirəsini məktəb bufetində və yaxud dəhlizlərdə aparmalı oluruq”.
Digər bir məsələ isə tələbələrin məktəblərdə təhkim olunduğu ixtisas müəllimlərinin bir çoxunun qeyri-peşəkar olmasıdır. Həmin müəllimlərin özləri belə yeni təlim metodlarından, texnologiyalardan istifadə edə bilmirlər. Belə olduğu təqdirdə tələbələrin də dərsləri keyfiyyətli olmur. S.Məmmədovanın fikrincə, təcrübədə olan tələbələr ən yaxşı, fəal, səriştəli müəllimlərin dərslərində iştirak etməli, onlarda olan yüksək keyfiyyətləri mənimsəməlidirlər. Bu işdə universitetin metodist müəllimlərinin də üzərinə böyük yük düşür.


Orta məktəblərdə elə müəllimlər var ki...

ADPU-nun tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin direktoru Sənan Əliyev bildirir ki, pedaqoji təcrübə mahiyyət etibarı ilə tələbədə bacarıq formalaşdıran bir prosesdir: “Çox təəssüf ki, bu gün bizim ali təhsil sistemimizdə bütün güc, enerji biliklərin öyrənilməsinə sərf olunur, bacarıqları formalaşdırmaq isə tamamilə arxa plana keçir. Düşünürəm ki, ali məktəbi bitirən məzunun əlində iki çanta - biri bilik, digəri isə bacarıq olmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ali məktəblərdə tələbələrə nəzəri biliklərlə yanaşı, praktik kompetensiyalar öyrədilir. Yəni, hər ikisinə eyni vaxt sərf olunur. Bu da həmin universiteti bitirən məzunların peşəkar bir mütəxəssis olmasına zəmin yaradır”.
S.Əliyev bildirir ki, hazırda universitetdə Qərbi, Şərqi Avropa və Baltikyanı ölkələrin pedaqoji təhsilin təşkili və pedaqoji təcrübə ilə bağlı təcrübələrinin öyrənilməsi məqsədilə xüsusi qrup yaradılıb. Həmin qrup öz işini yekunlaşdırdıqdan sonra sözügedən ölkələrin təcrübəsinin yerli şəraitə uyğunlaşdırılaraq tətbiqi nəzərdə tutulur. Burada pedaqoji təcrübəyə də xüsusi diqqət yetiriləcək: “Hazırda universitetimizin qarşıya qoyduğu məqsədlərdən biri də orta ümumtəhsil müəssisələri ilə əlaqələri genişləndirməkdir. Artıq bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, orta məktəb müəllimləri, şagirdləri üçün qapılarımız artıq açıqdır. Bu əlaqələr bir neçə məsələni də aşkara çıxarır. Məsələn, orta məktəblərdə elə müəllimlər var ki, Pedaqoji Universitetdə o bacarıqda, o səriştədə mütəxəssisə az rast gəlmək olar. Halbuki, bizim mütəxəssislərin həmin müəllimlərdən aşağı səviyyədə olması arzuolunan deyil. Çünki biz pedaqoji kadr hazırlayırıq. Həmin müəllimlər istər yeni təlim metodlarından, istərsə də texnologiyalardan istifadə bacarığına görə bizim müəllimləri arxada qoyur. Belə müəllimlər özlərini daha çox təkmilləşdiriblər. Düşünürəm ki, bizim hazırladığımız kadrlar məktəbə gedəndə orada çalışan müəllim üçün potensial rəqib olmalıdır və onlar hiss etməlidirlər ki, bu gənc müəllim daha yeni bilik və bacarığa sahibdir. Təəssüf ki, bu belə deyil”.
S.Əliyev qeyd edir ki, hədəflərdən biri də tələbələrə nəzəri biliklərlə yanaşı, müəllimlik bacarıqları, vərdişləri aşılamaqdır: “Lakin biz bunu təkcə sonuncu kursa saxlamaqla və 8 semestr ərzində cəmi iki dəfə bir ay müddətində təşkil etməklə hədəfə nail ola bilməyəcəyik. Bu nöqteyi-nəzərdən bizim yeni model işləyib hazırlamağımıza ehtiyac var ki, tələbələrimiz 1-ci kursdan başlayaraq birbaşa məktəblə əlaqədə olsun”.


Universitet üçün bir baza məktəbi kifayət etmir

ADPU-nun filologiya fakültəsinin dekanı Buludxan Xəlilov bildirir ki, tədris planına əsasən, pedaqoji təcrübənin keyfiyyətini yüksəltmək üçün tələbələr artıq sonuncu kursda, fevral ayından başlayaraq dövlət imtahanına qədər pedaqoji təcrübədə olacaqlar. Belə olan təqdirdə tələbələr məktəbə sıx bağlanacaq, tədris prosesi ilə daha yaxından tanış ola biləcəklər. Bundan başqa, sinif rəhbərinin, direktor müavinlərinin və müəllimin vəzifəsinin nədən ibarət olduğunu praktiki olaraq görəcəklər: “Etiraf edək ki, son dövrlərə qədər ali məktəblə orta məktəb arasında rabitə və əlaqələr yox idi. Biz orta məktəb üçün kadr hazırlamağımıza baxmayaraq, nəzərə almırdıq ki, orada dərsliyin, resursların və pedaqoji mühitin vəziyyəti necədir”.
B.Xəlilov pedaqoji təcrübələrin daha səmərəli təşkilinə mane olan problem kimi istər ali məktəbdə, istərsə də orta məktəblərdəki şəraiti göstərir: “Əgər biz bu gün yeni təlim metodlarının, müasir texnologiyaların tətbiqindən danışırıqsa, tələbə bu kimi resurslarla ya universitetdə, ya da məktəbdə tanış olmalıdır. Əfsuslar olsun ki, universitetin maddi-texniki imkanları buna cavab vermir. Məktəblərdə isə bu resurslardan istifadəyə məhdudiyyət qoyulur”.
Digər bir məsələ ali məktəblə orta məktəb dərsliyinin arasında rabitənin olmamasıdır. B.Xəlilovun fikrincə, orta məktəblərin proqramları ilə ali məktəb proqramları arasında bir əlaqə olmalıdır: “Bundan başqa, bildiyiniz kimi, 7 nömrəli məktəb universitetin baza məktəbidir. Lakin böyük bir tələbə ordusu olan Pedaqoji Universitet üçün bir baza məktəbi kifayət etmir. Buna görə baza məktəblərinin artırılmasının tərəfdarıyam. Xarici təcrübədə olduğu kimi universitetin tərkibində bağça və məktəbin olmasını da arzulayıram. Belə olan təqdirdə metodika kafedralarımızın bir qismi həmin məktəblərdə yerləşməli, orada həm tələbələrlə, həm də şagirdlərlə iş aparılmalıdır. Baza məktəbimizin az olması və çatışmazlığı nəticəsində metodist müəllimlərimiz işin içinə girib tədqiqat apara bilmir. Onlar yalnız kabinetlərdə oturub orta məktəb haqqında rəylər söyləyirlər”.
B.Xəlilov qeyd edir ki, universitetdə son vaxtlar aparılan işlərin tərkib hissəsi olaraq orta məktəb müəllimləri və şagirdlər üçün “açıq qapı” günləri keçirilib. “Açıq qapı” günlərində fənn müəllimləri fakültəyə dəvət olunub, onlarla orta məktəblərdəki mövcud problemlərlə bağlı söhbət aparılıb. İlkin görüşdən və aparılan müzakirələrdən sonra qərara gəlinib ki, tələbələr pedaqoji təcrübədən əlavə, həmin məktəblərə dərs deməyə göndərilsin: “Bundan başqa, bu müəllimlər universitetdə də tələbələrə seminarlar keçəcək. Sadaladığım tədbirlər pedaqoji təcrübənin inkişafına, səmərəliliyinə təkan verəcək”.





II Məntiq Olimpiadasının nəticələri açıqlanıb

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının nəticələri açıqlanıb. Olimpiadanın final mərhələsində Bakı şəhəri üzrə 1859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə sertifikata layiq görülüb.
Qeyd edək ki, olimpiadanın final turunun nəticələri artıq məktəblərə göndərilib. Nəticələrlə bağlı narazılığı olan şagirdlər BŞTİ-də mayın 20-nə kimi fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilib.




UNEC-də bir gün tələbə həyatı yaşa

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC abituriyentlər üçün ixtisas seçimindən öncə bir gün tələbə həyatı yaşamağı təklif edir. UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini nəzərə alaraq, qəbul imtahanlarında 2-ci qrup üzrə müvafiq bal toplayan abituriyentlər bu ali məktəbə gələrək, istədikləri dərsdə dinləyici kimi iştirak edə bilərlər. Dərsləri dinləmək abituriyentlərə ixtisas seçimi edərkən düzgün qərar verməyə kömək edəcək.
Bundan başqa, UNEC-lə tanış olmaq istəyən abituriyentlər universitetin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/uneceduaz/) yaza və yaxud “Qaynar Xətt” xidmətinə (146-1-3) müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətinə əlavə təqaüd veriləcək. İmtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə isə ayrıca əlaçı təqaüdü verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.





Məktəblilərimiz ABŞ-da uğur qazanıb

Amerika Birləşmiş Ştatlarında 10-cu Beynəlxalq Davamlı Dünya-Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası (ISWEEEP International Sustainable World – Energy Engineering Environment Project Olympiad) keçirilib.
Hyuston şəhərində təşkil edilən olimpiadada 63 ölkədən 440 layihə ilə 700 şagird iştirak edib.
Olimpiadada ölkəmizi Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Nailə Məmmədova və “İstək” liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova təmsil edib.
Şagirdlər “Günəş enerjisinin çevrilməsi və səmərəliliyinin artırılması üçün yeni GaSe nanostrukturların inkişafı” (Development of novel GaSe Nanostructures for Solar Energy conversion and Efficiency) adlı layihə ilə çıxış ediblər.
Azərbaycanlı məktəblilər olimpiadada uğurla iştirak edərək bürünc medala layiq görülüblər.

yuxarı ⤴