1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Səlcuq Universiteti ilə birgə elmi-tədqiqat işləri aparılacaq
19.05.2017 / No18

 
 
 

 

 


Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və ədəbiyyat fakültəsinin tarix bölməsinin rəhbəri, professor Alaattin Aköz ilə görüşüb.
Professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verib. Son illər ölkəmizdə dövlət səviyyəsində müəllim hazırlığının səviyyəsinin yüksəldilməsi və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün həyata keçirilən tədbirlərdən danışan rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ) filialları ilə birlikdə ADPU-ya qoşulub. Hazırda ADPU-nun 5 filialı var. Universitetdə 8 fakültə, 39 kafedra fəaliyyət göstərir, 20 minə yaxın tələbə təhsil alır. Tədris 4 korpusda aparılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilindən Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi kimi müəyyənləşib. Hazırda ADPU-da alternativ əsaslarla bir neçə mərhələdən ibarət olmaqla, professor-müəllim heyətinin müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ADPU-da tədris prosesinin təkmilləşdirilməsi, yüksək elmi biliyə malik mütəxəssisləri işə cəlb etməkdir. Eyni zamanda tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün yoxlama keçirilib, hazırda isə onların attestasiyası aparılır.
Rektor Cəfər Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Hazırda Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu oyunlar islam ölkələrinin həmrəyliyinin güclənməsinə böyük töhfələr verəcək.
Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin səmimi və mehriban münasibətə görə ADPU-nun rektoruna təşəkkür edərək rəhbərlik etdiyi universitet barədə məlumat verib. Bildirib ki, Səlcuq Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 23 fakültəsi, 95 min tələbəsi var. Türkiyənin ən böyük universitetlərindən biri olan Səlcuq Universitetinin hər il 22 min məzunu olur, bu məzunlar dövlət və özəl sektorda uğurla çalışırlar. Universitet Səlcuq dövlətinin mədəni mirasını yaşadır.
Görüşdə ADPU ilə Səlcuq Universiteti arasında anlaşma memorandumu və Mövlana protokolu imzalanıb.
Professor Cəfər Cəfərov və professor Mustafa Şahin iki ali təhsil müəssisəsi arasında sənədlərin imzalanmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.
 

yuxarı ⤴