1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Mütaliə - gələcəyə aparan yol”
19.05.2017 / No18

 
 

 

 


Rəşad ZİYADOV

Mayın 13-də Bakı şəhər R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə “Mütaliə - gələcəyə aparan yol” mövzusunda şagird konfransı keçirilib. Əvvəlcə qonaqlar məktəbin həyətində təşkil edilmiş gənc rəssamların mütaliə etdikləri əsərlər əsasında çəkdikləri şəkillərdən ibarət sərgisi, foyedə isə “Mən oxudum, sən də oxu” devizi ilə fəaliyyət göstərən açıq kitabxananın işi ilə tanış olublar. Kitabxananın qarşısında şagirdlərin nümayiş etdirdikləri fləşmob müasirlik və milliliyin sintezi ilə diqqət çəkib.
Məktəb-liseyin akt zalında təşkil olunmuş tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının sədaları altında əsgər paltarı geyinmiş şagirdlərin səhnədə yer alması ilə başlayıb. Sonra şagirdlərin ifasında Dövlət himni ifa olunub. Konfrans Biləcəri qəsəbəsinin 7 məktəbini əhatə edib.
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Solmaz Kazımova açaraq əvvəlcə rəhbərlik etdiyi təhsil ocağı barədə ətraflı məlumat verib. Məktəb-liseyin son illər əldə etdiyi uğurlarından danışan direktor bildirib ki, Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı əmrinin icrası istiqamətində son vaxtlar məktəb-liseydə də bir sıra tədbirlər həyata keçirilib və bu tədbir də həmin silsilədəndir. Direktor qeyd edib ki, şagirdlərin dünyagörüşünün artırılmasında mütaliənin böyük əhəmiyyəti nəzərə alınaraq müxtəlif iş formaları ilə onlar bədii əsərlərin mütaliəsinə həvəsləndirilir, təşviq edilir.
Söz məktəb-liseyin istedadlı şagirdlərinə verilib. Onlar hazırladıqları maraqlı səhnəciklər və tamaşalarla kitaba olan sevgilərini nümayiş etdiriblər. Konfransın plenar iclasında müxtəlif məktəblərdən olan şagirdlərin “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu”, “Xəyal güçü - gələcəyə aparan silahımız”, “Bədii ədəbiyyat elmi tərəqqinin önündə”, “Mütaliə - mənəvi təkamülə gedən yol” mövzularında çıxışları dinlənilib.
Konfrans öz işini bölmə iclaslarında “Şəxsiyyətlər tarix yaradır”, “Ədəbiyyatımızda Qarabağ dərdləri”, “Azərbaycanın qəhrəman qadınları ədəbiyyatımızda” mövzularında çıxışlarla davam etdirib. Burada şagirdlərin oxuduqları əsərlərlə bağlı təqdimatları da keçirilib. Şagirdlər oxuduqları əsərlərdəki qəhrəmanları düşüncələrindəki kimi canlandırıblar. Burada ədəbiyyatın müxtəlif janrlarına aid əsərlər sərgilənib.
Tədbirdə 299 nömrəli məktəb-liseyin “Debat klubu” komandalarının “İsmayıl Şıxlının “Dəli Kür” əsərinin baş qəhrəmanı Cahandar ağa müsbət planda yaradılmış obrazdır” mövzusunda yarışması xüsusi maraq doğurub.
Konfransın bədii təqdimatlar hissəsi ədəbiyyatın incəsənətin digər sahələrinə təsirini ifadə etmək məqsədi daşıyıb. Burada müxtəlif dillərdə (Azərbaycan, türk, ingilis, rus, yapon) söylənilən şeirlər, mahnılar, S.Vurğunun “Fərhad və Şirin”, H.Cavidin “İblis” pyeslərindən səhnələşdirilən parçalar konfransın işinə xüsusi rəng qatıb. II “b” sinif şagirdləri müxtəlif nağıl qəhrəmanlarının obrazını canlandıraraq tamaşaçıları sehirli nağıllar aləminə aparıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov bildirib ki, mütaliə təfəkkürün inkişafına yönəlmiş mənəvi fəaliyyət formasıdır. O, bu tədbirdə nümayiş olunan kompozisiyanın tərbiyəvi əhəmiyyətindən ətraflı danışıb, şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönələn tədbirlərin məktəblərdə keçirilməsinin vacibliyini vurğulayıb. Şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna rolu olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Bakıdakı 284, 297, 298, 300, 314 nömrəli tam orta məktəblərin direktorları şagirdlərin çıxışlarının yüksək səviyyədə olduğunu və gözəl təqdimat etdiklərini, çox yaxşı nitq qabiliyyətinə malik olduqlarını söyləyib, məktəb-liseyin müəllimlərini bu münasibətlə təbrik ediblər.
 

yuxarı ⤴