1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Kiçik məktəblilər böyük səhnədə
19.05.2017 / No18

 
 

 

 


Birincilər sənət məkanına Odlar yurdu Azərbaycanı tərənnüm etməyə gəlmişdilər

Yusif ƏLİYEV

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mayın 16-da öz səhnəsini kiçikyaşlı məktəblilərin ixtiyarına vermişdi. Bakı şəhəri 6 nömrəli məktəb-liseyin 1 “b” sinfinin şagirdləri həmişə opera sənətimizin korifeylərini görməyə alışdığımız səhnədə müəllimləri Xuraman Şabaninin köməyi ilə hazırladıqları “Azərbaycan - Odlar yurdu” kompozisiyasını nümayış etdirəcəkdilər. Zal tamaşaçılarla dolu idi. Onlar arasında məktəb-liseyin müəllimləri, valideynlər əksəriyyət təşkil etsə də, məxsusi dəvət olunmuş qonaqlar da az deyildi.
Doğrusu, teatra gələndə sıradan bir məktəb tədbiri izləyəcəyimizi güman edirdik. Amma elə ilk dəqiqələrdə yanıldığımızı başa düşdük. Elə birinci nömrədən aydın oldu ki, böyük səhnədə ilk dəfə çıxış edən balacaların nümayiş etdirdikləri sadəcə ədəbi-bədii kompozisiya deyil, əsl tamaşadır. Azərbaycanın bir neçə min illik tarixinin ən mühüm hadisələrinə, sərkərdələrinə, qəhrəmanlarına, elm, sənət adamlarının fəaliyyətinə, mübarizəsinə ayna tutan, böyük bir tarixi vahid süjet ətrafında məharətlə birləşdirən təsirli bir tamaşa. Başdan-başa vətənimizə məhəbbətlə, güclü vətənpərvərlik hissi ilə dolu olan kompozisiya Azərbaycan haqqında mahnı, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” mahnısı, bu fonda qızların rəqsi, nağaraçalanların cəngisi ilə başladı və elə ilk dəqiqələrdən tamaşaçıları ovsunladı. Balacaların ifasında böyük şairlərimiz Səməd Vurğunun, Şəhriyarın, Məmməd Arazın Azərbaycana həsr olunmuş şeirlərindən parçalar isə böyüklü-kiçikli hamının qəlbini Azərbaycan sevgisi, qüruru ilə doldurdu.
Balaca fidanlar tarixi bilməyin və öyrənməyin əhəmiyyətindən söz açdılar, “Azərbaycan” sözünün açmasını söylədilər, ölkəmizin ərazisində tarixən mövcud olmuş dövlətlər, onları quranlar, qoruyanlar, yaşadanlar, qədim dövrlərdə, orta və son əsrlərdə Azərbaycan mədəniyyəti, onun nümayəndələri haqqında məlumatlar verdilər. Azərbaycan ərazisində yaşayışın qədimliyini sübut edən faktlar sadaladılar.
İki saat yarım davam edən tədbirdə Azərbaycan tarixində iz qoymuş kimlərin adı çəkilmədi, səhnədə kimlər görünmədi? Cavanşir, Dədə Qorqud, Babək, Məhəmməd Cahan Pəhləvan, Sara Xatun, Bəhmənyar, Qətran Təbrizi, Xaqani, Nizami, Şah İsmayıl Xətai, Füzuli və b. Şagird-“aktyorlar” bir səhnədə Xaqani və Nizaminin, digərində Nəsimi ilə Teymur Ləngin görüşlərini, başqa bir nömrədə Nəsirəddin Tusi ilə Marağa rəsədxanasının tikintisinə pul vermək istəməyən sultanın söhbətini canlandırdılar. XVIII əsrin ikinci yarısında xanlıqlara parçalanmış Azərbaycanı birləşdirmək cəhdləri, bu məqsədlə xanların görüşü də şagirdlərin ifasında məharətlə təqdim olundu.
Azərbaycanın ikiyə bölünməsi, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, onların məkrli siyasəti, Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar, 1918-ci il hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini əks etdirən səhnələr də kompozisiyanın baxımlı, təsirli nömrələri kimi yadda qaldı.
Azərbaycanın müstəqilliyini bərpa etməsi, Qarabağın və onun ətrafındakı rayonlarımızın Ermənistan tərəfindən işğalı, Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi və müstəqil dövlətimizi möhkəmləndirmək üçün atdığı addımlarla əlaqədar şagirdlərin çatdırdıqları məlumatlar, təqdim etdikləri səhnələr tədbirin son akkordları oldu və o, Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının, “Çırpınırdı Qara dəniz” mahnısının ifası, əsgər paltarı geymiş bütün birincilərin Vətən torpaqlarını qorumağa hazır olmaları barədə çıxışları ilə başa çatdı.
Hamıda güclü təəssürat yaradan tamaşa-kompozisiyaya, şübhəsiz, yaxşı hazırlıq işləri aparılmışdı. Ssenarinin məzmunu, səhnənin tərtibatı, şagirdlər üçün bütün dövrlərə və personajlara uyğun hazırlanmış geyimlər, onların çıxışları da bunu sübut edirdi. Bütün bunlar həm də birincilərin müəllimi Xuraman Şabaninin tariximizi yaxşı bilməsindən, güclü vətənpərvərlik hissinə sahib olmasından və bu hissi şagirdlərinə də aşılaya bilmək məharətindən xəbər verirdi.
 

yuxarı ⤴