1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Mən daha çox uşaq ürək cərrahiyyəsi ilə maraqlanıram”
19.05.2017 / No18

 
 

 

 


Kamran Əhmədov, İsveçrənin Cenevrə Universitetinin tələbəsi: “Avropada öyrəndiklərimi öz ölkəmizdə tətbiq etmək istəyirəm”

Oruc MUSTAFAYEV

Kamran Əhmədov 1988-ci il sentyabrın 28-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 2005-ci ildə Tovuz şəhər N.Tusi adına orta məktəbi əla qiymətlərlə, 2011-ci ildə isə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsini bitirib. 2012-ci ildə İsveçrənin Cenevrə Universitet xəstəxanasında (Geneva University Hospital) ürək-damar cərrahı ixtisası üzrə rezidenturaya qəbul olub. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini davam etdirir, rezidenturanın sonuncu kursunda təhsil alır.

“Məktəb vaxtlarından tibb sahəsinə çox maraq göstərirdim”

Orta məktəb illərində bütün fənlərə diqqət etməyə çalışırdım. Ancaq kimya, biologiya və coğrafiya ilə daha çox maraqlanırdım. Məktəb vaxtlarından tibb sahəsinə çox maraq göstərirdim. Gələcəkdə həkim olub insanlara kömək etməyi arzulayırdım. Ali məktəbi bitirdikdən sonra məndə xaricə gedib, orada təhsilimi davam etdirmək istəyi yaranmışdı. Dünyanın nüfuzli tibb ali məktəblərində təhsilimi davam etdirməyi, tibdəki son yenilikləri, nailiyyətləri öyrənərək əldə etdiyim bilikləri Azərbaycanda tətbiq etməyi düşünürdüm. Və bu arzularımın həyata keçməsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük köməyi oldu. Dövlət Proqramı sayəsində mən və mənim kimi minlərlə gənc xarici ölkələrə gedib, orada təhsillərini davam etdirə bildi.

“Günümüzün böyük hissəsi cərrahiyyə otaqlarında keçir”

Cenevrə Universiteti Avropanın ən qədim ali təhsil müəssisələrindən biridir. Əsası 1559-cu ildə qoyulmuş ali məktəbin məzunlarından 10 nəfəri Nobel mükafatına layiq görülüb ki, onlardan 4 nəfəri yüksək elmi mükafatı tibb sahəsində qazanıb. Bu isə Cenevrə Universitetinin tibb sahəsində yüksək elmi nailiyyətlər əldə etdiyini göstərir.
Rezidentura təhsilinin hər ölkədə öz xüsusiyyətləri var. Və həmçinin bu, ixtisasdan da çox asılıdır. Mənim ixtisasım cərrahiyyə ixtisası olduğu üçün günümüzün böyük bir hissəsi cərrahiyyə otaqlarında keçir. Səhər saat 07:30-da iş başlayır. İlk öncə növbətci həkimin hesabatını dinləyir, sonra xəstəxanada yatan xəstələrimizə baş çəkir və daha sonra əməliyyat blokuna enirik. Rezidentura təhsilinin ilk illərində biz daha çox əməliyyatlarda assistentlik edir, əməliyyatları öyrənirik. Rezidentura təhsilinin sonlarına doğru artıq biz özümüz sərbəst əməliyyat edirik, daha gənc rezidentləri öyrədirik. Əməliyyatlar bitdikdən sonra ambulator xəstələrin konsultasiyası, stasionarda yatan xəstələrə baxış olur. Hər gün sabahkı gün əməliyyat olunacaq xəstələrin, daha sonra kardioloqlarla birlikdə həmin gün xəstəxanaya daxil olmuş bütün xəstələrin vəziyyətini müzakirə edirik. Bundan əlavə, həftədə 2 dəfə olmaq üzrə hamımız mühazirə keçirik. Təcrübəmin böyük bir hissəsini Cenevrə Universitetinin xəstəxanasında keçirirəm. Qeyd edim ki, Lozanna Universitetinin xəstəxanasında da (CHUV) bir ilə yaxın çalışmışam.

“Elmi tədqiqatlara da xüsusi yer ayırıram”

Ürək-damar cərrahiyyəsi nisbətən cavan bir sahədir. 100 ildən bir az artıq yaşı var. Lakin elmin və tibbin tərəqqisi ilə bu sahə son 100 ildə çox sürətlə inkişaf edib. Dünyada ürək-damar xəstəliklərindən əziyyət çəkən milyonlarla insan yaşayır. Bu xəstəliklər arasında sonradan qazanılmış xəstəliklər və anadangəlmə qüsurlar üstünlük təşkil edir. Ürək-damar xəstəliklərinin belə geniş yayılmasının bir çox səbəbi var. Bu səbəblər arasında irsi səbəblər, hərəkətsizlik, artıq piylənmə və siqaret çəkmə ən önəmliləridir.
Mən daha çox uşaq ürək cərrahiyyəsi ilə maraqlanıram. Buraya əsasən konjenital (yəni, anadangəlmə) ürək qüsurları aiddir. Dünyada, o cümlədən Azərbaycanda ürəyində problemi olan bir çox uşaq var. Hər il dünya üzrə 300000-ə yaxın anadangəlmə ürək qüsuru olan insan dünyasını dəyişir. Ancaq bunların əksəriyyəti vaxtında müayinə olunub, cərrahi yolla həll oluna biləcək problemlərdir. Belə xəstələrin vaxtında aşkar olunub müalicə olunmaları çox vacibdir. Rezidentura təhsili daha çox praktik mahiyyət daşıyır. Tibb təhsilində təcrübənin rolu çox böyükdür. Bu məqsədlə də universitetdən sonrakı təhsilin böyük mərkəzlərdə həyata keçirilməsi gənc bir həkim üçün çox vacibdir. Rezidentura təhsilimdə elmi tədqiqatlara da xüsusi yer ayırıram. Məlumdur ki, tibbin inkişafında tədqiqatların aparılması çox vacibdir. Son illərdə yeni nəsil süni ürək aparatlarının (Ventricular assist device) tətbiqi, anadangəlmə ürək qüsuru olan xəstələrin cərrahi müalicəsinin yaxşılaşdırılması, zehni əməliyyat texnikalarının öyrənilməsi və minimal invaziv cərrahiyyə üsullarının inkişafı kimi istiqamətlərlə daha çox maraqlanıram.

“Həkimliyi insanlara kömək etmək üçün seçmişəm”

Azərbaycanda son illərdə elm və təhsil, o cümlədən də tibb sahəsində çox böyük islahatlar aparılır. Gənclərimiz xarici ölkələrdə təhsil alır, çalışır, təcrübə toplayır. Bütün bünların gələcəkdə Azərbaycanda elmin və təhsilin, o cümlədən tibbin daha sürətlə inkişafına gətirəcəyinə inanıram.
Asudə vaxtlarıma gəldikdə isə, demək istəyirəm ki, xəstəxanadakı iş qrafikimiz sıx olduğu üçün klinikadan kənar vaxtımız çox olmur. Boş olan vaxtlarda kitab oxuyuram (bədii ədəbiyyat), musiqiyə qulaq asıram, tennis oynayıram. Bəzən xaricdə yaşayan və təhsil alan digər azərbaycanlılarla görüşürük.
Yerli professor-həkim kollektivi ilə münasibətim də çox yaxşıdır. Həm xəstəxanadaxili, həm də klinikadanxaric onlarla yaxşı əlaqəmiz var.
Həkimliyi insanlara kömək etmək üçün seçmişəm. Xəstə insanlara kömək etmək, onları sağaltmaq və insanların sevincini görmək çox gözəl bir hissdir. Bunun üçün həkim olmağı seçmişəm. Məncə, karyerada uğur qazanmaq üçün mütləq çoxlu çalışmaq, öz idealların və məqsədlərinə doğru durmadan irəliləmək lazımdır.
Gələcək planlarıma gəlincə, deyim ki, təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi öz ölkəmizdə tətbiq etmək, ölkəmizdə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək və biliklərimi digərlərinə də çatdırmaq istəyirəm.

yuxarı ⤴