1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İsmayıllı təhsil işçiləri beynəlxalq konfransda iştirak edib
19.05.2017 / No18

 
 
 

 

 


Bu yaxınlarda Niğde Ömer Halisdemir Universitetində IV Uluslararası Türk Dünyası Araşdırmaları Simpoziumu (TÜDAS) keçirilib. Niğde Ömer Halisdemir Universiteti, Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan), Bakı Avrasiya Universiteti iş birliyi ilə reallaşan simpoziumda Azərbaycandan olan təmsilçilər arasında İsmayıllı təhsil işçiləri də iştirak edib.
Qeyd edək ki, ilk olaraq 2014-cü ildə Niğde Universitetinin ev sahibliyi ilə gerçəkləşdirilən simpoziumdan sonra növbəti elmi məclislər 2015-ci ildə Qazaxıstanın Almatı şəhərində yerləşən Qazax Dövlət Qızlar Pedaqoji Universitetində və 2016-cı ildə Bakı Avrasiya Universitetində keçirilmişdi.
Simpozium çərçivəsində TÜRKSOY Rəssamlar Buluşmalarında ortaya çıxan əsərlərin yer aldığı TÜRKSOY Rəsm Sərgisi sənətsevərləri görüşdürdü.
Simpoziumda Türk Dünyasını maraqlandıran dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, sənət, beynəlxalq əlaqələr, bölgə problemləri, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm, qadın çalışmaları və s. kimi istiqamətlərdə işlənmiş elmi məqalələr təqdim olundu.
Azərbaycandan 60-dan çox araşdırmaçının, o cümlədən İsmayıllının müxtəlif təhsil müəssisələrinin təmsilçilərindən Rövşən Şirəliyevin “Babadağ ziyarəti və əski türk qam-şaman adət-ənənələri”, Rəqibə Qasımovanın “Azərbaycan və Türkiyə ailə - nikah hüququnda bənzərliklər və fərqliliklər”, Sevda Qasımovanın “Türk toplumlarında ər-arvadın bir-birinə xitab mədəniyyəti”, Könül Baxışovanın isə “Azərbaycanda islamaqədərki dövrə aid dəfn və yas mərasimlərinin izləri” mövzularında elmi məqalələrinin təqdimatı iştirakçı elm adamlarının və universitet tələbələrinin marağına səbəb oldu.
Simpozium türk xalqlarının, o cümlədən bilim adamlarının bir araya gələrək bir-birinin dilini, mədəniyyətini paylaşması, ümumtürk birliyinin daha da möhkəmlənməsi, milli kimlik qavramının gənc nəslə aşılanması istiqamətində mühüm addım idi. Konfrans günlərində universitetin kampus həyatında və eləcə də bütövlükdə şəhərdə milli birlikdən doğan bir qürur yaşandı.
V Uluslararası Türk Dünyası Araşdırmaları Simpoziumu 2018-ci ilin mayında Qazax Dövlət Qızlar Pedaqoji Universitetinın ev sahibliyi ilə Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

Sevda QASIMOVA,
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini

yuxarı ⤴