1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Müəllim pedaqoq olmaqla yanaşı, həm də psixoloq olmalıdır”
19.05.2017 / No18

 
 

 

 


Tərlan Muxtarova: “Çətin tərbiyə olunan uşaqları həvəsləndirici və maraqlı məktəb işlərinə qoşuruq”

Növbəti müsahibimiz Gənc Müəllimlər Birliyinin üzvü, Şəmkir rayon Xanallar kənd Faiq Ələkbərov adına tam orta məktəbin psixoloqu Tərlan Muxtarovadır. O, dəfələrlə Bakıda keçirilən beynəlxalq konfranslarda iştirak edib. Məktəblilər üçün müxtəlif mövzularda seminarlar təşkil edən gənc müəllimlə iş başında görüşəndə o, çox sevindi. Bildirdi ki, peşəsinin vurğunudur, arzuları da böyük... Onunla söhbətimizə belə başladıq.

- Tərlan xanım, psixoloqla məktəb psixoloqu arasındakı fərq nədən ibarətdir?
- Məktəb psixoloqu digərlərindən fərqli olaraq, həm də təhsil işçisi hesab olunur. Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır.
- Məktəblilərlə işləməyin yaxşı və çətin tərəfləri hansılardır?
- Yaxşı tərəfi odur ki, biz yeni gələn uşaqlara Bankovun testini tətbiq edir, rəy yazaraq onlarla fərdi və ya qrup şəklində məşğul oluruq. Məktəblilərə peşəyönümdə istiqamət verir, çətin tərbiyə olunan uşaqlarla fərdi iş aparırıq. Şagirdlərin adaptasiyası məqsədi ilə korreksiya işi görüb, xüsusi qabiliyyəti olan şagirdləri aşkar edirik. Bütün bunlar məktəblilərin gələcəkdə şəxsiyyət kimi formalaşması üçün biz psixoloqların gördüyü işlərin yaxşı tərəfidir.
Çətin tərəfi isə kənardan gələn və üzərində işlənilməyən şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq, əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətin olur.
- Müəllim şagirdi ələ almaq üçün nələrə daha çox diqqət etməlidir?
- Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Belə ki, müəllimlər dərs dediyi şagirdlərin psixologiyasına ən azı valideynlər qədər bələd olurlar. Hər gün öz şagirdləri ilə ünsiyyətdə olan müəllim artıq hər bir şagirdinin ayrı-ayrılıqda nəyə qadir, hansı psixologiyaya, hansı düşüncəyə malik olduğunu, müxtəlif hadisələrə necə yanaşdığını, reaksiya verdiyini və həmin hadisəni necə analiz etdiyini bilməlidir. Bəzən müəllimin qarşısına elə şagird də çıxır ki, belə uşaqlara çətin tərbiyə olunan şagirdlər kimi yanaşırlar. Bəzi müəllimlər məsələnin həllini həmin şagirdin şəxsiyyətini alçaltmaqda, təhqir etməkdə, qiymətini kəsməkdə görürlər ki, bu da şagirdin psixologiyasına birbaşa mənfi təsir göstərir. Belələri şagirddə özlərinə qarşı nifrət hissi yaradırlar. Buna görə də müəllim bu cür məsələlərə diqqət etməli, hər bir şagirdin fərdi xüsusiyyətinə bələd olmalı və şagirdlərlə davranışda onların psixoloji vəziyyətlərinə uyğun olaraq hərəkət etməyi bacarmalıdır.
- Müəllim-şagird münasibətləri ilə bağlı sizin şəxsi fikriniz necədir?
- Əksər müəllim dərsini keçməklə öz missiyasının tamamlanmış olduğunu düşünür. Müəllim şagirdləri ilə, hər şeydən öncə, bir dost, bir sirdaş kimi münasibət qurmalıdır. Yeri gələndə həll edə bilmədiyi hər hansısa bir durumu psixoloqla məsləhətləşərək həll etməli və bu, şagirdin xeyrinə həll olunmalıdır. Əgər məktəblərdə şagird-psixoloq münasibəti normal səviyyədə qurulsa, bu, istər-istəməz şagirdlərdə sağlam psixologiyanın yaranmasına səbəb olacaqdır. Nəticədə, şagirdlər mükəmməl bilik və savada yiyələnəcəklər. Müəllim ünsiyyəti tənzim etməli, davranış və yanaşma tərzini düzgün qurmalı, şagirdin şəxsiyyətinə toxunmamalıdır.
- Çətin tərbiyə olunan uşaqlarla davranışda hansı metodlardan istifadə edirsiniz?
- İlk növbədə, şagirdlə fərdi söhbət aparırıq. Sonra valideyni məktəbə dəvət edərək onlarla valideyn-uşaq münasibətləri haqqında danışırıq. Daim nəzarətdə saxlamaq şərti ilə çətin tərbiyə olunan uşaqları həvəsləndirici və maraqlı məktəb işlərinə qoşuruq. Müəllimlərə həmin şagirdlərlə düzgün münasibət qurub, onların gördükləri işin qarşılığı olaraq mükafatlandırmağı məsləhət bilirik.

Kənan İBRAHİMOV,
Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴