1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Xan qızının saldırdığı meşə, Sultan Süleymanın Sultanpudu və Qarabağdakı uşaqlıq...
19.05.2017 / No18

 

 


Mənsum İbrahimov: “Yaxşı övlad yetişdirmək təkcə onu ağıllı böyütmək demək deyil”

Jalə MÜTƏLLİMOVA

Böyüklərin uşaqlıq xatirələrini dinləmək maraqlı olur. Dediklərindən daha çox üzlərindəki cizgiləri izləyirəm həmişə. Niyəsini bilmək istəyən varsa, söyləyim. Danışdıqlarını qeydetmə cihazı yadda saxlayır. O anın üz cizgilərini isə beyinə ancaq gözlə gördüklərin qeyd edə və qarşındakı həmsöhbətin yaşantılarını göstərə bilir. Bu bir az da peşə sirrinin açılması kimi oldu. Amma hər halda maraqlı bir həqiqət yatır içində. Anında anlayırsan ki, müsahib nə qədər səmimidir, dedikləri nə qədər həqiqətdir və danışdıqların nə qədər yaşamış adamdır. Budəfəki qonaqdan da bəhs edək. O, həm təhsil adamıdır, həm ictimai-siyasi həyatda sima olaraq qəbul edilən biridir, həm də Məcnundur. Qəribə uyğunsuzluqdur, eləmi? Eyni zamanda söhbət xalq artisti, Azərbaycan muğam sənətinin layiqli təmsilçilərindən olan, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovdan gedəndə ən uyğun olanı da elə budur. Yəqin belə maraqlı uyğunsuzluq mütləq həm də eyni qədər maraqlı uyğunluluq təəssüratı yaratdı çoxunda. Qaldı Məcnunluq məsələsi, düzdür, o, səhnəmizin Məcnunudur. Əslində isə Mənsum müəllim müəllif olaraq təkcə mənə görə yox, yəqin ki, çoxuna görə ən böyük məcnunlardandır. Yəni, Məcnun olmaq bir az da onun həyat tərzidir. Çünki o, sənətinin də, dövləti və millətinin də gerçəkdən Məcnunu olan biridir.

- Mənsum müəllim, hələlik Ağdama qayıda bilmirik, amma heç olmasa xatirələrə qayıda bilərik. Həyat sizin üçün hardan başladı?
- Hərbi xidmətə qədər mən Ağdamda yaşamışam. Daha dəqiqi, Ağdamın İnamqululu kəndində doğulmuşam. Bizim olduğuna görə demirəm, gerçəkdən maraqlı kəndimiz var idi. Mənzərəsi də qəribə idi. Üç tərəfi meşəlik idi. Soltanpud meşəsi deyirdilər adına. O meşəni xan qızı Natəvan saldırmışdı. Onun oğlu da həmin kənddə yaşayıb. Uşaq idim, amma onun kəndimizdə böyük bir evinin olduğu yadımdadır. Qırmızı kərpicli, ikimərtəbəli çox böyük bir ev idi. Düzdür, sökülüb dağılmışdı bəzi yerləri, amma adamlar o evi qoruyurdu. Sonra baxımsızlıqdan uçulub getdi.
Bir də kəndimizin yanından axan Xaçın çayı yadımdadır. Soltanpud təpəsi isə uşaq yaddaşımın ən uca zirvəsi idi. O təpə Xankəndindən görünür. Maraqlı bir rəvayəti də var Sultanpud təpəsinin. İndi ora həm də bayraq meydanıdır. Hündürlüyü 70 metr olar ən azı. O vaxt yol yox idi. İndi bayraq meydanı inşa olunduğuna görə həm də yol çəkilib təpəyə. Uşaq vaxtı biz ora zülümlə qalxırdıq. Həm yolu pis idi, həm də qorxurduq hündürlüyündən.

Sultanın Sultanpudu...

Rəvayətə görə həmin təpəni Sultan Süleyman saldırıb. Deyirlər ki, bir dəfə Sultan Süleymanın ordusu Aran Qarabağa gəlib. Bildirib ki, Qarabağı yüksəklikdən görmək arzusu var. Üç gün ərzində sultanın əsgərləri həmin təpəni düzəldiblər və sultan oradan Qarabağı seyr eləyib. Bilmirəm nə qədər həqiqətdir, amma ağlım kəsəndən belə eşitmişəm.

Dirədöymə

Qarabağda uşaqlıq keçirib dirədöyməni bilməmək günah kimi bir şeydir. Bizim oralarda uşaqların ən sevdiyi oğlan oyunlarından idi dirədöymə. Bir ağırlığı var idi ki, ayaqlarımız çox əzilirdi. Xaçınçayda isə balıq tuturduq. Hər vaxt axmazdı o çay. Axanda da üzməyimiz, balıq tutmağımızın bir ayrı ləzzəti olurdu.

Sultanpudda “Qarabağ şikəstəsi”...

Quzu nobatına hərə öz uşağını yollayırdı. Mən də çox quzu otarmışam uşaqlıqda. Yorulmurduq, maraqlı olanı bu idi. O qədər maraqlı keçirdi ki, heç səhər necə açıldı, axşam necə oldu bilmirdik. Demirəm ki, kənd həyatı asan idi. Amma biz buna öyrəşmişdik. Bizə rahat idi. Sultanpud oylağımız idi. Xan qızı o meşəni saldıranda həm də çoxlu meyvə ağacı əkdirmişdi. Nar, qoz, əzgil, qarellə, armud, alma ağacları nə qədər desəniz var idi. Biz yorulan kimi bir-birimizə göz eləyib hərəmiz bir ağaca dırmanırdıq. Meyvələrdən yeyə-yeyə dincəlirdik, mahnı da oxuyurduq hərdən. Onda ağlımıza gəlmirdi ki, həm o meşənin, həm o ağacların, həm də kollektiv ifaların həsrətini çəkəcəyik nə zamansa. Elə bilirdik uşaqlıq bitmir heç vaxt. Böyüklər elə böyük, uşaqlar da uşaq qalırdılar.
- Nə oxuyurdunuz?
- Qarabağ şikəstəsi.
- Kim yaxşı oxuyurdu?
- Bəlkə də bu sizə qəribə gələr, amma mən uşaq olanda elə bilirdim ki, dünyada nə qədər adam varsa hamısı yaxşı oxuya bilir, yaxşı səsi var. Gözümü açıb elə görmüşdüm. Hamı oxuyur, hamının səsi var. Bilirsinizmi bir qarabağlını səslə, oxumaq bacarığı ilə təəccübləndirmək çox çətindir. Çünki Qarabağda hər iki adamdan birinin mütləq səsi var. Bizim kənd uşaqlarında ən yaxşı alınan iki ifa vardı: biri “Qarabağ şikəstəsi”, o biri də “Şuşanın dağları”. Başqalarını da ifa eləyirdik, amma elə bil bu ikisi cana daha yaxşı gəlirdi. Mən hərdən evdə atamın patefonunda dinlədiklərimi də ifa edirdim. Xan əmini, Cabbarı, Seyidi mən kənddə uşaq olanda dinləmişəm. Atam çox muğam sevən biri idi. O alırdı, mən də qoşulub ona dinləyirdim. Bəzən o olmayanda da risk eləyib qoşurdum patefonu. Yavaş-yavaş həm qulaq asırdım, həm də oxuyurdum. Düzünü deyim ki, evdə oxumurdum. Qaçıb meşədə təqlid eləyirdim. Utancaq uşaq olmuşam çox. O üzdən elə bilirdim adamlar görsə, gülə bilər, ya da məndə nə isə alınmaz, biabır olaram. Bir də bizim Quzanlı sovetliyində bir Mədəniyyət sarayımız vardı. İndi də durur. Orda böyük sənətkarlar konsert verirdi. Gedib baxırdım. Düzü, hərdən istəyirdim yaxınlaşım da. Amma utanırdım deyə etmirdim. Sadəcə, həsrətlə baxırdım ki, bəlkə nə zamansa mən də onlar kimi səhnəyə çıxa, ifa eləyə bilərəm.

Allahverdi müəllimin məktəbi...

Kəndimizdə məktəb səkkizillik idi. İndi Quzanlı rayon mərkəzi olub, o vaxt sovetlik idi. Kəndimiz də ora tabe idi. Kəndlə Quzanlı arasında bir neçə kilometr məsafə vardı. Doqquz və onuncu sinfi bizim kənd uşaqları gedib orda oxuyurdular. Kənddəki məktəbimizin direktoru Allahverdi müəllim tarix üzrə mütəxəssis idi. İndi dünyasını dəyişib. Amma əvəzolunmaz şəxsiyyət idi. O qədər zəhimli idi ki, gələndə uşaqların səsi çıxmazdı. İndi bir balaca soyuq oldumu, valideynlər uşaqları dərsə buraxmırlar, amma Allahverdi müəllim qayda qoymuşdu, hava necə olur-olsun, qar dizə çıxsın, çovğun düşsün, uşaq məktəbdə olmalı idi, dərslərin hamısını bitirib evə getməli idi. Başqa cür mümkün deyildi. Əvvəllər bu, adama xoş olmur, sonra anlayırsan ki, o qaydalar olmasaydı, sən heç zaman indiki kimi ola bilməzdin. Bizə Allahverdi müəllimin uşaqları da deyirdilər bəzən. İndi hamımız ona duaçıyıq.
Haşiyə: Bu arada içəri bir nəfər daxil oldu. Ona “axtarılanda tapılmayan adamlar” silsiləsindən biri də deyirəm həmişə. Səyavuş Kərimi, Azərbaycan Milli Konservatoriyasının rektoru gerçəkdən belə adamdır. Söz aldıq ki, növbəti qonaqlarımızdan biri də o olacaq. Qaldı yanımıza gəlməsinin məqsədinə. Həmsöhbətim, xalq artisti Mənsum İbrahimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdü, rektor da onu təbrikə gəlmişdi. İki böyük sənətkarın qısa təbrik söhbətindən sonra öz adımıza mən də bu təbrikə qatıldım və söhbətimizə elə qaldığımız yerdən davam elədik...
- Cəzalandırırdımı sizi Allahverdi müəllim?
- O qədər...
- Nə üstündə?
- Dərsə gecikirdim soyuq havalarda, buna görə tez-tez küncdə dururduq. Qalan məsələlərdə sözəbaxan uşaq olmuşam. Əsasən humanitar fənləri yaxşı oxumuşam. Xüsusilə də Azərbaycan dili və tarixi. O vaxt yaxşı oxumağım indi çox dadıma çatır. İndinin özündə də dünya və Azərbaycan ədəbiyyatını, klassikləri, xüsusilə qəzəlləri çox oxuyuram. Evdə böyük bir kitabxanam da var. Dincəlmək istəyəndə ən çox oturduğum yerlərdən biridir ora. Mütaliə edəndə ən yaxşı cəhətlərdən biri də odur ki, danışanda əziyyət çəkmirsən. Yəni, kitab adama elə keyfiyyətlər verir ki, sən onu yaşaya-yaşaya anlayırsan. Bunu heç bir məktəbdə qavraya bilmirsən. O üzdən hər gün heç olmasa iki səhifə oxumaq vacibdir.

Bir müddət səsim işləmədi...

Həyatımın ən ağır mərhələsi o bayaq sizə dediyim səhnə həsrətimin heç vaxt bitməyəcəyini anladığım məqam oldu. Artıq yeniyetməlik dövrüm idi. Bir gün anladım ki, səsim yoxdur, oxuya bilmirəm. Mən o anın dəhşətini sizə təsəvvür etməkdə acizəm. Evdə də kimsə anlamır ki, bu niyə belə oldu? Nə baş verdi axı? Çox sonralar atam həkimlə danışdı. Ona izah elədilər ki, bu, əslində, normal haldır. İnsanın keçid dövrü ilə bağlı olan məsələdir. Sonra mən hərbi xidmətə getdim. Amma yenə də ifa eləyə bilmirdim. Hərbi xidməti Moskvada keçmişəm. Yanımda çoxlu azərbaycanlı uşaqlar vardı, həm də musiqidən başları çıxırdı. Bir gün onlar ifa etməyə başlayanda mən də asta-asta özüm üçün zümzümə elədim. Nəticəyə inana bilmirdim. Səsim qayıtmışdı. Ondan sonra elə uşaqlara qoşulub konsertlər hazırlayırdıq ki, həm maraqlı olsun, həm də hərbi xidmətdə zaman keçsin.

Mən indi də kənd uşağıyam...

- Populyarlıq sizdə nəyi dəyişdi?
- Heç nəyi. Mən indi də kənd uşağıyam. Bizim kənd uşağı olmağımızın böyük üstünlükləri var şəhərdəkilərdən. Zəhmətə, işləməyə, daha artığını etməyə meyilliyik. Nəticə hər zaman əla olmalıdır. Başqa yol yoxdur. Bunu mənə birinci atam, sonra müəllimlərim izah edib. Mən indi də tez-tez gedirəm kəndə. Sultanpuda mütləq qalxıram. Səsim də başqa cür olur orda. Bəlkə də bu, psixoloji bir məqamdır. Buna hərdən səsin Qarabağ pəncərəsi də deyirəm özümdə. Çünki orasız çox çətin olar adama, lap çox çətin.
- Uşaqlığınızın nəyindən ötrü darıxırsınız? Hansı məqam bir də geri gəlsin deyirsiniz?
- İndiki kimi normal deyildi maddi durum. Çox çətinliklər vardı. Ailədə də doqquz uşaq idik. İki bacı, yeddi qardaş. Amma o qədər iş və kasıblıqla təkcə biz yox, uşaqlı-böyüklü hər kəs xoşbəxt idi. Niyə? İnanın indi də anlaya bilmirəm. Amma elə bil adamlar, insanlıq, standartlar o qədər başqa idi ki, həmin o göstəricilər insanı xoşbəxt edə bilirdi. İndi elə bil insanlarda həmin o xoşbəxtlik çatmır. Mən onun geri gəlməsini istəyirəm. İnanın yenə də kəndə gedirəm, həmin yerləri gəzirəm, amma o hissi yaşaya bilmirəm.
- Bəlkə deyək ki, insanlar və nəsil dəyişib?
- Bu, tam səbəb ola bilməz. Mütləq başqa nəsə də var. Müəllimlərimdən həyatda olanı da var. Gedib onlara da baş çəkirəm, amma olmur ki, olmur. Bəlkə də mən elə özümü axtarıram o kənddə, uşaq Mənsumu. Ola bilər tapmıram deyə pis oluram.
- İndi siz o zirvədəsiniz ki, gənc nəslin məsləhətinizə, sözünüzə ehtiyacı var.
- Daha çox valideynlərədir sözüm. Uşaqları ən yaxşı etməyə çalışırlar. Əla iddia və istəkdir. Amma bunu uşağı robotlaşdıraraq etmək də olmaz. Davamlı müəllim yanına getmək, oxumaq, yükləmək. Bunun bəzən yaxşı nəticəsi olmur. Biz savad veririk, amma uşaq milli kökdən uzaqlaşır, ölkəsinə yadlaşır, fərqli psixologiyada olur. Bu, çox təhlükəlidir. Yaxşı övlad yetişdirmək təkcə onu ağıllı böyütmək demək deyil. Azərbaycanda elə bir yer yoxdur ki, övladlarımı ora aparmayım. Rəhmətlik Xudu Məmmədov deyirdi ki, ölkəni sevdirmək yox, tanıtmaq lazımdır. Siz tanıdın, qoyun sevib-sevməmək qərarını o özü versin. Əmin olun, mütləq sevəcək. Çünki qərarı müstəqil verib. Çünki bu ölkədə sevilməyəcək nəsə yoxdur. Ancaq bundan sonra uşaqdan savadlı və yaxşı kimsə yetişdirməyə başlamaq olar.
Nəyin əleyhinəyəm deyim sizə. Uşaqları xarici dildə bağcaya, məktəbə qoyurlar. Uşaq dilini lazımi qədər öyrənə bilmir, sevə bilmir. Düzdür, müasirliyin bir tələbi də xarici dilləri gözəl bilməkdir. Amma bunu öz dilimizin üstündən xətt çəkməklə etmək valideynin bağışlanmaz səhvidir. Bundan mütləq çəkinmək lazımdır. Uşaq ingilis və rus dilində düşünüb, Azərbaycan dilində danışmamalıdır. Uşaq Azərbaycan dilində düşünüb danışıb, sonra onu ingiliscəyə, ya da rus dilinə çevirib ifadə etməlidir. İkinci olmasa, millilik və kök mütləq itir. Biz sadəcə insan yox, vətəndaş yetişdirməliyik. Bizə, torpağı işğalda olan adamlara yaxşı vətəndaş da lazımdır. Bunsuz qəti olmaz. Sevmədən heç nəyi, heç kimi qorumaq olmur. O üzdən dövləti də, milləti də, bayrağı da sevək və uşaqlara sevdirək ki, qoruya da bilək...

yuxarı ⤴