1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Çempion əmioğlular
19.05.2017 / No18

 

 

 


Fikrət İsmayılov, Avropa və dünya çempionu: “Atam ən çox təhsil almağıma üstünlük verib”

Rəşad ZİYADOV

Uşaqların fiziki inkişafı, sağlamlığının qorunması, idmana cəlb olunmasına ölkəmizdə xüsusi diqqət yetirilir. Böyüməkdə olan nəslin idmanla məşğul olması üçün respublikamızda bütün imkanlar mövcuddur. İdmanın müxtəlif növlərinin sirlərinə yiyələnən uşaqlar milli komandalarımızın ehtiyat qüvvəsi sayılır. Bu baxımdan onların erkən yaşlardan idmanla məşğul olmaları vacibdir. Haqqında söhbət açacağım Uğur İsmayıl və Fikrət İsmayılov da belə balaca idmançılarımızdandır. Onlar həm də əmioğludur. Hər ikisi də idmanın kinq-boksinq növü ilə məşğul olur. Uğur Bakıdakı 100 nömrəli tam orta məktəbin II, Fikrət isə IV sinif şagirdləridir. Balaca qəhrəmanlarımla yaxından tanışlıq üçün onların məşq etdiyi zala - “Turan” İdman Klubuna yol aldıq.

6-8 yaşlılar arasında Avropa çempionu

Əvvəlcə sizləri 8 yaşlı Uğur İsmayılla tanış etmək, onun məşğul olduğu kinq-boksinqdə əldə etdiyi uğurlarından söhbət açmaq istərdim. Balaca Uğur 2009-cu il aprelin 4-də Bakıda anadan olub. 5 yaşından idmanın kinq-boksinq növü ilə məşğuldur və təcrübəli məşqçi müəllim Ruhi Hüseynovdan bu idman növünün sirlərini öyrənir. Uğurlarına gəldikdə isə o, 2014-cü il oktyabrın 26-da şaolin-sanda döyüş növü üzrə klublararası açıq birincilikdə yeniyetmələr arasında 24 kq çəki dərəcəsində I yerə layiq görülüb. Bundan başqa, 2015-ci ilin aprelində Ukraynanın Lvov şəhərində keçirilən 6-8 yaşlılar arasında kinq-boksinq üzrə Avropa çempionatında 27 kq çəkidə I yeri tutaraq çempion olub. O, 2015-ci ilin dekabr ayında Bakıda keçirilən beynəlxalq turnirdə də I yerə çıxıb. Bundan başqa, Uğur həmin ildə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş 50-yə yaxın idmançının iştirak etdiyi açıq birincilikdə 21 kq çəki dərəcəsində I yeri tutub.

Həm idmanda, həm təhsildə birinci

IV sninf şagirdi Fikrət İsmayılovun isə idmanda uğurları xeylidir. O, 2007-ci il martın 15-də Bakıda anadan olub. 10 yaşlı idmançı bu gün təmsil etdiyi “Turan” İdman Klubunda özündən yaşca böyük idmançılarla birgə məşq edir. Klubun ən kiçik üzvlərindən olan Fikrət yaşının az olmasına baxmayaraq, komanda yoldaşları ilə eyni fiziki hərəkətləri yerinə yetirir, döyüşlərdə özündən böyük idmançılarla gücünü sınayır. 5 ildir ki, idman klubunda kinq-boksinqlə məşğul olan bu çempion Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcək idmançılardandır. Məşqçisi Ruhi Hüseynovun tövsiyələrinə əməl edən perspektivli idmançı mübarizə apardığı yarışlarda dəfələrlə birinci yeri tutub. Belə ki, o, 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirdə bütün rəqiblərini üstələyərək I yerə layiq görülüb. Həmin il dekabrın 5-də Ukraynanın Xarkov şəhərində 8 yaşlı kinq-boksinqçilər arasında keçirilən dünya çempionatında I yerə sahib çıxıb və Vətənimizə qızıl medalla dönüb. 2015-ci il də onun üçün uğurlu olub. O, həmin ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş vinq çun-kunq fu üzrə açıq Bakı turnirində 23 kq çəki dərəcəsində fəxri kürsünün birinci pilləsində yer alıb. Xocalı soyqırımına, 20 Yanvar faciəsinə, həmçinin Dövlət Müstəqilliyi Gününə həsr olunan turnirlərdə Fikrət İsmayılov bütün döyüşlərini qələbə ilə başa çatdırıb.
O, 2015-ci ildə iştirak etdiyi daha iki yarışdan qızıl medalla ayrılıb. Belə ki, 2015-ci ilin aprel ayında Ukraynada 6-8 yaşlı idmançılar arasında Avropa çempionatında 25 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq I yerə layiq görülüb. Balaca kinq-boksinqçi həmin il noyabrın 29-da “Şaolin-sanda” İdman Klubunun şaolin-sanda döyüş növü üzrə açıq birincilikdə 30-a yaxın idmançı arasında fərqlənərək Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyası tərəfindən “Ən yaxşı idmançı” kuboku ilə mükafatlandırılıb. 2016-cı il də məktəbli idmançı üçün uğurlu keçib. Belə ki, açıq Bakı turnirində, açıq Bakı kubokunda və şaolin-sanda döyüş sənəti üzrə təşkil olunan paytaxt çempionatında Fikrət birinci yerə layiq görülüb. Həmin il noyabrın 30-da Gürcüstanda keçirilən beynəlxalq turnirdə rəqiblərini təmiz qələbə ilə məğlub edərək fəxri kürsüdə öz yerinə sahib çıxıb. Onun demək olar ki, iştirak etdiyi bütün yarışlarda fəxri kürsünün ən yüksək pilləsində yer alması məktəbli idmançının gələcəkdə ölkəmizi beynəlxalq turnirlərdə yüksək səviyyədə təmsil edəcəyini deməyə əsas verir.
Fikrət həm də dərs əlaçısıdır. Təsadüfi deyil ki, o, 2014-cü ildə məktəb rəhbərliyi tərəfindən “İlin intellektual şagirdi” diplomuna layiq görülüb.
Fikrətlə söhbət zamanı məlum oldu ki, onun idmana gəlişi dayısının istəyi ilə baş verib. Dediyinə görə, dayısı da məşhur idmançılardandır: “Dayım Turqay Nəsibovun idmana olan sevgisi məni də bu idman növünə həvəsləndirdi. O da kinq-boksinqlə məşğul olur. Dəfələrlə dünya və Avropa çempionatlarının qalibidir. Onun idmançı olması mənə də təsir etdi. Balaca vaxtı məni məşqlərə aparırdı. Fiziki gücümü artırmaq üçün məşqlər etdirirdi. O, məndə idmançı potensialını görürdü. Həmişə valideynlərimə deyirdi ki, Fikrəti idmana yazdırın, mütəmadi məşqlər etsin. Anam razı olsa da atam istəmirdi ki, mən idmançı olum. O, ən çox mənim təhsil almağıma üstünlük verib”.
Fikrətlə söhbət zamanı onu da öyrəndik ki, böyüyəndə idmançı kimi yox, başqa sahədə tanınmaq istəyir: “Arzum böyüyəndə polis olmaqdır. Özü də yol polisi. Atam isə məni prokuror kimi görmək istəyir”.

“Turan” İdman Klubunun baş məşqçisi Ruhi Hüseynov kiçikyaşlı Uğur və Fikrətin imkanlarını yüksək qiymətləndirir: “Onlar klubda ən kiçik yaşlı idmançılardandır. Uşaqların bu yaşda idmanla məşğul olması çox yaxşıdır. Bu yaşda məşğul olan idmançılar sonradan peşəkar idmanda daha böyük uğurlar qazana bilirlər. Məşq etdiyi dövrdən bu iki əmioğluda çox böyük irəliləyişlər var. Onların qavrama qabiliyyəti yüksəkdir. Fiziki hazırlığı da çox yaxşıdır. Fikrət əmisi oğluna nisbətən daha cəld və zəhmətsevər idmançıdır. Bəzən kiçikyaşlı idmançılar fiziki məşqlərə dözmürlər. Amma Fikrət 7-8 yaşlı idmançıların fiziki yükünü yorulmaq bilmədən yerinə yetirə bilir”.
Biz də balaca idmançılarla yeni-yeni uğurlara imza atmaq arzusuyla sağollaşdıq.

yuxarı ⤴