1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Yaradıcılıq
19.05.2017 / No18

 
 
 

 

 


Rafiq YUSİFOĞLU,
Sumqayıt Dövlət Universitetinin professoru

Şəhid, şəhid balası və Azərbaycan bayrağı

Televiziyada torpaqlarımız uğrunda döyüşlərdə həlak olan taqım komandiri, kapitan Nəcməddin Savalanovun dəfn mərasimindən hazırlanan süjet verirdilər. Onun körpə qızının atasının məzarı başında mənim “Üçrəngli bayraq” şeirimi söyləməsi hamını ağlatdı. Ekranın bu üzündə mən də göz yaşlarımı saxlaya bilmədim...

Üçrəngli bayrağım
göyqurşağı kimi şəfəq saçır,
onun rəngləri nur saçır,
heç zaman deyil solası.
Bayrağımın altında
şəhid uyuyur,
Bayrağımın üstündə
“Üçrəngli bayraq” şeirini
oxuyur şəhid balası...
İntiqam almaq istəyi
onlara rahatlıq vermir,
nə mürgüləyə,
nə yata bilirlər. -
Şəhid oğullarımız
bayrağa bükülüb
dəfn olunduğundan,
şəhid övladları
bayrağı özlərinə
ata bilirlər...
Bəsdi uyuduğumuz,
İlin-günün bu vədəsində
bu nə mürgüdü,
bu nə yuxudu?
Bayraqları dalğalandıran
küləklər deyil,
şəhidlərin intiqama səsləyən
ruhudu...

***

Qarabağdan gələn səs

Cəbhədən zəng eləyib, sən mənimlə danışdın,
Dedin ki, səsinizi mən eşitmək istədim.
Bu səs necə doğmadı, bu səs necə tanışdı!
Qarabağdan gələn səs bir sehrli bəstədi...

Bu səsi eşidəndə sızlayan qəlbim güldü,
Elə bil dağ havası hopmuşdu o nəfəsə...
Bu səsdən Qubadlının, Laçının ətri gəldi,
Həkərinin laylası qarışmışdı o səsə.

Ayrılığın sazağı qəlbimi üşüdəndə
Öp mənim əvəzimdən neçə çayı, çeşməni...
Mənim səsim titrədi səsini eşidəndə,
Sənin əlin əsməsin məhv edəndə düşməni.

Yağıdan azad olan torpaq alsın dincini,
Bizi tərk eləməsin yaşamaq həvəsimiz.
Zəng edib böl mənimlə qələbə sevincini,
Doğma Şuşadan gəlsin yenə qadir səsimiz...


***

Bu gecə sübhəcən...

Qəlbimə tuşlanan dərd nizə-nizə,
Saralıb yarpağım, solub güllərim.
Nə ata-anama, nə evimizə,
Nə də kəndimizə yetir əllərim.

Bəs qalan ömrümü kimə həsr edim?
Doğma diyarımda qəribəm, qərib.
Bu gecə əriyib sonsuz həsrətim,
Kənddəki evimiz yuxuma girib.

...Yağış qoymurdu ki, alışam, yanam.
Baxırdım buludu biçən işığa.
Evin bir küncündə əyləşib anam,
Yemək yedirdirdi körpə uşağa...

Döyürdü buludu şimşək qamçılar,
Sanki ölüm-dirim savaşı idi...
Evimiz damırdı, axan damcılar,
Nigaran ruhların göz yaşı idi...

Şimşək oynayırdı bulud içində,
Külək işardırdı kül altda közü.
Dağlar dayanmışdı sükut içində,
Pəyhanın, Qısrağın dolmuşdu gözü...

Kimsə eşitməsin qoy ahlarımı,
Ruhuma şəfəqlər səpirdi Allah.
Ot basan cığırlar ayaqlarımı
Necə qucaqlayıb öpürdü, Allah?!

Bu yerdə kəsək də, daş da doğmadı,
Burda ətir saçır qaratikan da.
Bu yerdə payız da, qış da doğmadı,
İnsan darıxarmı doğma məkanda?!

Yaxına gəlmişdi sanki uzaqlar,
Mən Qızıl qayadan durub baxanda.
Ətirli yamaclar, sərin bulaqlar
Bizi darıxmağa qoymaz bir an da.

Burda qərib deyil yalquzaq qurd da,
Gül tək bu torpaqda bitsəm, solmaram.
Bu doğma məkanda, bu doğma yurdda,
Yüz il tək yaşasam tənha qalmaram...

...Yuxudan durmuşam, gözlərim şişib,
Ağac tək kök atıb, rişələnmişəm.
Xatirə közləri içinə düşüb,
Bu gecə sübhəcən pörşələnmişəm...
 




Elmira İSMAYILOVA,
pedaqogika üzrə fəlsəfə doktoru

Mənim dilim

Qayaların sərt qəlpəsi,
Zirvələrin şəlaləsi.
Bəzən cəngi sədasıdır,
Bəzən yanıq ney naləsi
Mənim dilim...

Yaşıl çəmən, sıx meşədir,
Tarixlərə güzgü tutan,
Bir güzgüdür, bir şüşədir.
Qar altında boy aldıran
Ətir saçan bənövşədir,
Mənim dilim...

Qobustanda daşa dönmüş
Tarixləşən, insan ömrü,
Qanad açıb quşa dönmüş
Milyon illik cahan ömrü,
Bir bəşəri sərvətimdir,
Mənim dilim...

Dədəm Qorqud qopuzunda
Dilləndikcə cilalanan,
Neçə kərə dərdə düşən, odda qalan
Yaddaşlardan silindikcə yadda qalan,
Ən kəsərli qılınclara meydan açan
Mənim dilim...

Yağılara baş əyməyən Qız qalası,
Naxçıvanda Əlincədir,
Savalanda Bəzz qalası.
Vətən üçün döyüşçüdür,
Millət üçün söz qalası
Mənim dilim.

Nə yaxşı ki, bu dünyanın
Dərbəndi var, Təbrizi var.
Nə yaxşı ki, vətənimin
Bu dünyada öz sözü var.

Bu söz səndən gəlib keçir
Kəlmə-kəlmə mənim dilim.
Minbir xalı toxuyursan
İlmə-ilmə mənim dilim.

Sən anamın laylasısan,
Sən ruhumun mayasısan.
Səndən mənə candı gələn,
Səndən mənə qandı gələn,
Səni duyan vəcdə gəldi
Çox elədi heyrət dilim,
Şərəf dilim, qeyrət dilim!
Ana dilim...




Əyyub ŞIRLANLI,
əməkdar müəllim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xəyalın dağlara uçan vaxtıdır...


Pənah babamızın öz əlləriylə,
Bir şəhər salınıb dağ zirvəsində.
Bu şəhər hər gecə yuxuma girir,
Cabbarın, Seyidin zümzüməsində.

Bu şəhər şəhərlər şahənşahıdır,
Bu şəhər Günəşlə, Ayla qoşadır.
Bu şəhər dünyanı heyrətə salıb,
Adı Pənahabad - adı Şuşadır!

Heyf ki, əsirdir düşmən əlində,
Pənahın şəhəri - möhtəşəm Şuşa.
Vətən Qarabağın zümrüd tacına,
Nə qədər kənardan edək tamaşa?!

Dostlar, qınamayın şairləri siz,
Xəyalın dağlara uçan vaxtıdır.
İndi “Topxana”da, Cıdır düzündə,
Lalənin, nərgizin açan vaxtıdır.

İndi cəh-cəh vurur orda bülbüllər,
Meşələr, bulaqlar çağırır bizi.
İndi məclis qurub “Ağzıyastı”da,
Vaqif, Zakir, Nəvvab, Xan əmi özü.

Sizdən nə gizlədim: ləl-gövhər yatır,
Şuşa torpağının hər guşəsində.
Özgə gözəllik var, özgə ətir var,
Şuşa torpağının bənövşəsində.

Natəvan çıxıbdır Cıdır düzünə,
Şuşanın qənirsiz gözəlləriylə.
Xanəndə “Segah”la qəlb ovsunlayır,
Füzuli babamın qəzəlləriylə!

Gözündən öpürəm hər axşam-səhər,
Gördüyüm dağların, buz bulaqların.
Həsrətin çəkirəm Şırlanımdakı
Qoyunlu-quzulu göy yaylaqların.

İçimdən boylanıb qalxan duyğular,
Çəkir xəyalımı dağ zirvəsinə.
Söykənib bir daşa qulaq asıram,
Daşaltı çayının zümzüməsinə.

Kəsir məftilləri, keçir sədləri,
Dahi Üzeyirin “Uvertura”sı.
Düşmənə əbədi gözdağı olub,
Şahbulaq, Əsgəran, Şuşa qalası!!!

Dostlar, çiçəklərin, güllərin şahı,
Xarıbülbül gülü çağırır bizi.
Eşidin səsimi, ay şuşalılar,
Yollarda qalıbdı Şuşanın gözü.

İnana bilmərəm bənzəri olsun,
Əyyubun ruhunda qalan Şuşanın!
Görəsən dünyada bənzəri varmı,
Dünyanı heyrətə salan Şuşanın?!



Məhəmməd TURAN,
Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin XI sinif şagirdi

Tonqal

Boynu bükük qalıb bu boz tonqalın
Başına fırlanan bir kəsi yoxdu...
Bütün çıl-çırpısı alovdan yalın,
Kül olub, qırmızı çöhrəsi yoxdu...

Niyə yaddan çıxıb görəsən, Allah,
Ümidi alışan bu tənha tonqal?
Ehh... külü sovrulub öz ürəyinə
Danışmır, ağlayır, kirimişcə, lal...

Hanı bu tonqalı quran yiyəsi?
Bayram nəşəsindən qaçaqmı yoxsa?
Vallah bağışlamaz Quran yiyəsi,
İnsan bu bayramı kinində boğsa...

Bəlkə də ürəyi yandı tonqalın,
İldırım səsiydi amanı, ünü!
Elə bu tonqalın göz yaşlarıymış-
Buluddan töküldü bu bayram günü.

***

Bircə yol görüm özümü...

Gör necə yalqızlamışam
Danışıram öz-özümə...
Xatirələr narahatdı
Yoxluğun düşüb izimə...

Sənsizlikdən qəm yemişəm
Udub arzular qəhəri...
Bir gecənin hənirtisi
Aydınlaşdırır səhəri...

Nədir ki həsrət dediyin?!
Bir az ölüm, bir az sağlıq...
Gedəndə “Sağol” demişdin
Sevgimizə üzrxahlıq...

Yerdəkilər anlamadı
Göylərə dedim sözümü...
Bir yol qırılsın güzgülər
Bircə yol görüm özümü...

***

Səni gözləyib, ölmürəm...

Gedişindən nə qalıb ki?
Nə vardı səninlə getdi...
Bu sevginin şəvə saçı,
Ağardı, dən ilə getdi...

Hardan alım o əlləri,
Sıxam, əlimi isidə...
Sən gedəndən durub zaman,
Susub saatın səsi də...

Yadigarın qalıb mənə -
Bir az həsrət, bir az qəhər...
Bir də üç- beş şeirim var
Gəlsən əlindən öpərlər...

Başıma dolanır dünya,
Elə gün sayıb ölmürəm...
Tez yetiş, mələyim mənim
Səni gözləyib, ölmürəm...

***

Darıxmaq belə olur...

Addımlar asta-asta
Gəzər gecəni gəzər...
Xəyalım ayaq açar
Sizin küçəni gəzər...

Ulduz qonar çiynimə
Təbəssümə bataram...
Bir röya uyduraram
Dizlərində yataram...

Gözlərimdə bitərsən...
Üstünə yüyürərəm...
Xəyalına sarılıb
Yoxluğunu görərəm...

Gecələri sayıram
Hər nəfəs dilək olur...
Kölgəmlə oynayıram-
Darıxmaq belə olur...



Göyçək NAMAZOVA,
Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim

Gözün aydın
(“Cocuq Mərcanlı” kəndinə qayıdış)

Od oğluyam odu alıb gəlirəm
Sönmüş yurdum, işıq alıb gəlirəm.
Ayrılığın gözlərini dəlirəm
Həm qürurlu, həm kövrək, həyəcanlı
Gözün aydın doğma yurdum, Mərcanlı!

Sinən üstə söykəyəcəm üzümü
Qucaqlayıb torpağını, düzünü.
Pıçıldayıb “Ana vətən” sözünü
Həm qürurlu, həm kövrək, həyəcanlı
Gözün aydın doğma yurdum, Mərcanlı!

Gül kimi qarşıma qaçsın çiçəklər.
Torunu itirsin, toz kəpənəklər
Şənlik nəğməsini çalsın ürəklər.
Həm qürurlu, həm kövrək, həyəcanlı
Gözün aydın doğma yurdum, Mərcanlı!

Buz bağlamış ocağında od olar.
Damağında şərbət olar, dad olar.
İndən belə həsrət sənə yad olar.
Həm qürurlu, həm kövrək, həyəcanlı
Gözün aydın doğma yurdum, Mərcanlı!

Alovundan Qarabağa aparaq.
Qələbədən - qələbəyə çaparaq.
Zəfər nəğməsini dağlardan soraq.
Həm qürurlu, həm kövrək, həyəcanlı
Gözün aydın doğma yurdum, Mərcanlı!

Elə gün gələcək söküləcək dan.
Müjdəni verəcək, Ali Komandan!
Azaddır, bütövdür, can Azərbaycan!
Həm qürurlu, həm kövrək, həyəcanlı
Gözün aydın doğma yurdum, Mərcanlı!



Elnaz EYVAZ,
Bakı şəhəri 328 nömrəli tam orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi

Qapı döyüldü, dedim,
bəlkə də, sən olarsan...
Açıb saldım içəri
mən yalançı küləyi.
Baha başa oturdu
mənə onun kələyi...

***
Payız buludu kimiyəm,
fəqət
hələ də yay ayaqqabısında gəzən
kimsəsiz uşaqdan utanıb
yağmıram...

***
Gedəsən,
bir də gələsən.
Gəlib görəsən
düzəlib
əyrisi bu dünyanın.
Yerin boynu bükük qalıb,
tuta bilməyib yerini
qeyrisi bu dünyanın.

***
Ayaqları donmuş,
əlləri kəsilmiş,
yaddaşı qançır adamam mən:
gecələr yuxularıma qar yağır,
səhərlər Günəşə baxa bilmirəm,
qan qoxuyur hava, torpaq.
Vərəqlənir yaddaşım
hər gün yarpaq-yarpaq.
Quşlar ağı deyir o gündən
yaz səhəri.
Bayram fişəngləri atəşə tutur şəhəri
əziz günlərdə.
Qar yağır üstümə,
gözümə dəyən nə varsa,
qəsdimə durub, qəsdimə
o gündən bəri.
Mən - bir sinəsi dağlı sərsəri,
Sən - döşləri kəsilmiş ana.
Mən - süddən kəsilmiş körpə,
Sən - külfəti qırılmış anasan bir çətən.
Başdan-başa Xocalısan o gündən, Vətən...
Biz hər gün qırılırıq vəhşicəsinə,
layla deyir ruhlar yetimlərinə.
Hələ ki, gözümüzə yuxu getməməli,
örtməməli qapıları gecələrin üzünə,
açmamalı səhərləri alnıaçıq,
üzüağ.
Nə qədər ki, bağışlamayıb bizi Xocalı,
nə qədər ki, qan qusur Qarabağ.

***
Bəlkə, sonuna çatmışam,
bəlkə də, yarı yoldu bu.
Dünyaya gəlmək olmadı,
oyuna düşmək oldu bu...

 




Gülşən MUSTAFA,
Bakı şəhəri 64 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Yağı başını əzməyə

Bu dünyada gün görmədən,
Gəlib çıxdım bu yaşıma.
Vətən dərdi çəkər oldum,
Min bəla gəldi başıma.

Yağı düşmən dağlar çəkdi,
Vətənimin ürəyinə.
Talem, bəxtim kədər əkdi,
Torpağımın diləyinə.

Amma belə olmayacaq,
Gələcək yel qanadlılar.
Alacaqdır hər qarışı,
Ağatlılar, Qıratlılar.

Daha yox tabım dözməyə,
Qəlbimdə intiqam əsdi.
Yağı başını əzməyə,
Komandanın əmri bəsdi.



Samirə KƏRİMOVA

yuxarı ⤴