1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Tələbələrimiz erməni təxribatının qarşısını alıb
26.05.2017 / No19

 
 

 

 


Aqil Mübariz, Çinin Mərkəzi Pedaqoji Universitetinin magistri: “Ermənistan pavilyonunda Azərbaycanın işğal olunmuş ərazilərinə məxsus şəkillər stenddən çıxarıldı”

Oruc MUSTAFAYEV

Azərbaycandan kənarda təhsil alan tələbələrimiz mükəmməl biliyə yiyələnməklə yanaşı, həm də yaşadıqları ölkələrdə Vətənimizi layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv rəyin formalaşdırılması, zəngin tarixi-mədəni irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Erməni məkrinin ayaq açdığı ölkələrdə bu vəzifənin öhdəsindən gəlmək heç də asan iş deyil. Lakin Azərbaycan gəncliyi əsl vətənpərvərlik nümunəsi göstərməklə, düşmənin fitnə-fəsadının qarşısını almaqla üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. Elə bu günlərdə Çində təhsil alan fəal tələbələrimiz tərəfindən ermənilərin növbəti təxribatının qarşısının alınması diqqətimizdən yayınmadı. Fəal tələbələrimizdən biri də hazırda Çinin Mərkəzi Pedaqoji Universitetində dövlət xətti ilə təhsil alan Aqil Mübarizdir. Onunla əlaqə yaradaraq Çində baş verənlərlə bağlı ətraflı məlumat verməsini xahiş etdik. Əvvəlcə tələbəmizlə yaxından tanış olaq.
Aqil Mübariz: 1989 -cu il oktyabrın 2-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Xətai rayonundakı 88 nömrəli tam orta məktəbi bitirib. 2007-2009-cu illərdə ordu sıralarında hərbi xidmət keçib. 2010-2014-cü illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. Təhsil illərində ali məktəbin fəal tələbələrindən olub. Gəncə Dövlət Universitetində keçirilən psixologiya fənni üzrə olimpiadada III yeri tutaraq diplomla təltif olunub. Elə həmin ildə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi “Peşə etikası və psixologiyası” seminarında fəal iştirakına görə sertifikatla təltif edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərib. Maksimum 100 balı toplayaraq I dərəcəli sertifikatla təltif olunub. İlk dəfə Gəncə “ASAN xidmət” mərkəzinin könüllüləri arasında keçirilən “Xəmsə” Milli intellektual oyununun qalibi olub. Daha sonra Xəzər Universitetində keçirilən II Beynəlxalq psixologiya konfransında iştirak edib. 2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə operator vəzifəsinə işə qəbul olunub. 2015-ci ildə isə mütəxəssis vəzifəsinə keçirilib. 2016-cı ildə Çin Xalq Respublikasında magistr təhsili almağa göndərilib və hazırda təhsilini davam etdirir.

“Stresin aradan qaldırılması üçün təlimlər təşkil etmişəm”

Orta məktəb illərində bir çox fənlərə böyük maraq göstərmişəm. Tarix, biologiya, kimya, fizika, ingilis və rus dillərinə daha həvəslə yanaşmışam. İxtisasca psixoloqam və hazırda bu sahə üzrə təhsilimi davam etdirirəm. Qeyd edim ki, universitet illərində ixtisasımla bağlı müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Hələ GDU-da oxuduğum zaman Gəncə şəhərində yayımlanan Kəpəz TV-də bir çox müsahibələr vermişəm, bir neçə dəfə verilişlərə qonaq dəvət olunmuşam. İsveçdə belə bir qayda var - tələbələr bakalavr pilləsini bitirən kimi dərhal magistraturada oxumaq barədə düşünmürlər. Onlar daha çox öz ixtisaslarına və ya maraqlarına uyğun işlə məşğul olmağı üstün tuturlar, hansı ki, bu, onlara öz hədəflərini dəqiq cızmağa kömək edir. Mən də eynilə bu cür addım atdım. Universiteti bitirəndən sonra ixtisasımla bağlı bir çox dövlət və özəl qurumlara baş vurdum. Sonda isə Təhsil Nazirliyində işə qəbul olundum. Burada iki il işlədikdən sonra artıq magistratura təhsili almaq qərarına gəldim. Təhsil Nazirliyində işləyən zaman rəhbərliyin dəstəyi ilə əməkdaşlar arasında bir sıra müsahibə və fərdi söhbət aparmışam, işçilərin iş qabiliyyətlərinin təyin edilməsi, işdəki stresin aradan qaldırılması üçün müəyyən təlimlər təşkil etmişəm. Bundan əlavə, yeni işçilərin qəbulu prosesində iştirak edib bu barədə öz rəyimi bildirmişəm. Təhsil Nazirliyində ikiillik fəaliyyətim mənim təşkilati psixologiya üzrə təhsilimi davam etdirməyimə səbəb oldu.

Universitetlə ciddi danışıqlar apararaq təxribatın qarşısını aldıq

İlk olaraq qeyd edim ki Çinin Uxan şəhərində 5 azərbaycanlı tələbə təhsil alır. Onlardan 4-ü - Camal Ağarızayev, Cavidə Əliyeva, Aqil Əliyev və mən dövlət xətti ilə, Sevinc Qacarova isə öz hesabına təhsil alır. Təhsil aldığımız ali məktəbdə hər iki ildən bir beynəlxalq tələbə mədəniyyət festivalı keçirilir. Bu il tədbir mayın 20-də keçirildi. Biz isə bu tədbirə aprel ayından hazırlaşmağa başladıq. Onu da qeyd edim ki, burada erməni tələbələr də təhsil alırlar. İlk əvvəl biz Camal Ağarızayevlə xarici tələbələr mərkəzinə Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etdiyini və hazırda da bu ərazilərin işğal altında olduğunu bildirdik. Çin isə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu barədə məlumatdan sonra ofisin əməkdaşları bizi məsələ ilə bağlı dəvət edəcəklərini bildirdilər. Məlumat üçün deyim ki, festivalda hər bir ölkənin ayrıca pavilyonu olur və pavilyonda ölkənin ərazi bütövlüyünü, tarixini və mədəniyyətini əks etdirən şəkillər nümayiş olunur. Biz əvvəlcədən baş verə biləcək təxribatın qarşısını almaq üçün ofisə bildirdik ki, ermənilər festivalla bağlı şəkilləri ofisin kompüterinə yerləşdirəndə bizi dəvət edin. Tələbəmiz Camal Ağarızayevə zəng vuraraq ofisə dəvət etdilər ki, həm Azərbaycan pavilyonu üçün şəkilləri gətirsin, həm də ermənilərin yüklədiyi şəkillərə baxsın. Gözlənildiyi kimi, ermənilər bu dəfə də öz mənfur əməllərindən geri qalmayaraq Dağlıq Qarabağı öz əraziləri kimi təqdim edərək Ermənistan ərazisinə birləşdirilmiş şəkildə xəritə tərtib etmişdilər. Festivalın təşkilatçılarına tərəfimizdən dərhal etiraz bildirildi, oraya erməni tələbələr dəvət olundu və onlar bunu inkar etdilər. Mərkəzin əməkdaşı isə bunu araşdıracağına söz verdi. Mən isə hələ aprel ayından Azərbaycanın Çindəki səfirliyi ilə əlaqə yaradaraq tədbirlə bağlı ölkəmizin tarixi və mədəniyyətinə aid kitab və jurnallarla bizi təmin etməsini xahiş etmişdim. Ölkəmizin Çindəki səfirliyinin xarici işlər vəkili Mətin Mirzəzadə ilə əlaqə saxladım, bu məsələ ilə bağlı ətraflı məlumat verdim. Növbəti gün hamımız bir nəfər kimi fakültəmizin dekan müavini ilə görüşərək mövcud məsələni izah etdik. Aprel ayından may ayının 19-na kimi səfirliklə hər gün əlaqə saxlayaraq universitet rəhbərliyinin hələ də sözlərinə əməl etmədiyini, ermənilərin isə yenə digər təxribatlara əl atdıqlarını bildirdim. Dekan müavini isə artıq səfirliklə danışdığını və lazımi tədbirin görüləcəyini bildirdi. Elə həmin gün artıq səfirlikdən universitetlə danışıqlar aparıb bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcəyinə söz verildi. Nəhayət, ayın 19-da xarici tələbələr mərkəzinin dekanı ilə danışıqlardan sonra Ermənistan pavilyonunda Azərbaycanın işğal olunmuş ərazilərinə məxsus bütün şəkillər stenddən çıxarıldı. Tələbəmiz Camal Ağarızayevin dekanla və mənim səfirliklə mütəmadi danışıqlarım, ermənilərin bu əməlləri barədə əvvəlcədən məlumat verməyimin nəticəsində problem öz həllini tapdı. Səfirliyimizin xarici işlər vəkili M.Mirzəzadə bu işdə bizə dəstək oldu. Universitetlə ciddi danışıqlar apararaq bu təxribatın qarşısını aldıq. Tələbə Aqil Əliyevin Azərbaycan milli geyimini nümayiş etdirməsi isə hər kəs tərəfindən maraqla qarşılandı. Hər kəs tələbəmizlə şəkil çəkdirirdi.
Tədbir zamanı bizim digər tələbələrimiz - Sevinc Qacarova və Cavidə Əliyeva milli mətbəximizdən olan dolma və qutab bişirdilər. Bütün xaricilər, o cümlədən çinlilər dolmanı çox bəyəndilər. Tədbirin sonunda indoneziyalı və çinli tələbələr dolmanın bişirilmə qaydası haqqında məlumat alırdılar. Qeyd edim ki, Azərbaycan stendində milli xörəklərimizdən əlavə, Azərbaycan şərablarının da nümayişini reallaşdırmışdım. Axtarışlarımın nəticəsində Çində fəaliyyət göstərən həmvətənlərimizi tapıb Uxan şəhərinə dəvət etdim. Azərbaycan şərabları çinli, Macarıstan, ABŞ-dan olan tələbələr tərəfindən çox bəyənildi.

59 ölkənin iştirak etdiyi festivalda ölkəmiz qalib gəldi

Hər kəs ölkəmiz haqqında maraqlanırdı. Tədbirin sonunda festivalın təşkilat komitəsinin qərarına əsasən Azərbaycan pavilyonu “Ən yaxşı ölkə təqdimatı” nominasiyasının qalibi oldu. Ermənilərin bu təxribatını aşkar edəndən sonra bu məlumat sürətlə digər xarici tələbələr arasında yayıldı. Hər kəs bu barədə maraqlanırdı. Biz isə işğal olunmuş torpaqlarımız barəsində əcnəbi tələbələrə məlumat verirdik. Qarabağ həqiqətlərini tələbələrə izah edəndə onlar belə bir vəhşiliyin ola biləcəyinə inana bilmirdilər. Qeyd edim ki, 59 ölkənin iştirak etdiyi festivalda ölkəmiz qalib gəldi. Bundan əlavə, bildirim ki, mayın 21-də Pekin Dillər və Mədəniyyət Universitetində də eyniadlı tədbir təşkil edildi. Təsadüfən xarici bir tələbənin online çəkilişi zamanı aşkar olundu ki, Ermənistan pavilyonunda qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını və digər məlumatları nümayiş etdirirlər. Dərhal orada təhsil alan tələbəmizlə əlaqə saxlayaraq ona bu məsələ ilə bağlı təşkilat komitəsinə məlumat verməsini, sonra isə xarici tələbələr mərkəzinə gedərək Azərbaycanın ərazi bütövlüyü barədə məlumatı çatdırmasını izah etdim. Ardınca bazar günü olmasına baxmayaraq səfirliklə dərhal əlaqə saxlayıb faktla bağlı məlumatı bildirdim. Səfirliyin universitetlə danışıqlarından sonra bütün təxribat xarakterli məlumatlar erməni pavilyonundan yığışdırıldı. Universitetin məsul işçisi Azərbaycan diplomatı ilə telefon danışığında baş vermiş hadisəyə görə üzrxahlıq etdi, gələcəkdə bu cür halların təkrar olunmayacağını dedi.

yuxarı ⤴