1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Azərbaycan-Rumıniya Universitetlərarası Forumu keçirildi
26.05.2017 / No19

 
 

 

 


İki ölkə arasında tələbə mübadiləsində yeni imkan yaranacaq

Oruc MUSTAFAYEV

Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu öz işinə başlayıb. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyəti, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, hər iki ölkənin ali məktəb rektorları və digər qonaqlar iştirak edib. Fariz İsmayılzadə forumun açılışını edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, forumun təşkilində əsas məqsəd azərbaycanlı tələbələri Rumıniyada təhsil imkanları ilə tanış etməkdir. F.İsmayılzadə ümid etdiyini bildirib ki, forum Azərbaycan və Rumıniyanın təhsil sahəsində əlaqələrinin inkişafına xidmət edəcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov forumun əhəmiyyətindən danışaraq son illər Azərbaycan-Rumıniya təhsil əlaqələrinin daha da gücləndiyini bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan və Rumıniya ali məktəbləri arasında yüksək səviyyəli görüşün keçirilməsi ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsidir. “İki ölkə arasında əlaqələr Azərbaycan müstəqillik qazandıqdan sonra daha sürətlə inkişaf edib. Xüsusilə qeyd etmək istərdim ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci ölkədir. Və bu çox önəmlidir və bunun ölkələrimiz arasında əlaqələrin yüksək inkişafına çox böyük dəstəyi olub”. Azərbaycan və Rumıniya arasında istər iqtisadi, istər mədəni, istərsə də humanitar sahələrdə sıx əməkdaşlığın tarixən mövcud olduğunu deyən F.Qurbanov bu əlaqələrin bu gün də dinamik inkişaf etdiyini bildirib. Hazırda ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi və işgüzar səfərləri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasına bariz nümunədir. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Rumıniyada filialı fəaliyyət göstərir. Bu isə iki ölkə arasında mədəni əlaqələrə öz yüksək töhfələrini verməkdədir.

Əməkdaşlığın davam etdirilməsi üçün yaxşı zəmin

Nazir müavini qeyd edib ki, Azərbaycanla Rumıniya arasında təhsil əlaqələri davamlı olaraq inkişaf etməkdədir. Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun icra mexanizmlərini nəzərdə tutan Fəaliyyət Planında qabaqcıl beynəlxalq təcrübənin milli təhsil sistemimizdə tətbiqi nəzərdə tutulur. “Bu baxımdan Rumıniyanın təhsil sahəsində aparılan islahatlar bizim təhsil sistemi üçün də maraq kəsb edir. Eyni zamanda, məlumat vermək istərdim ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın milli təhsil sistemi formalaşıb və təhsilin bütün səviyyələri üzrə islahatlar aparılmaqdadır. Bu islahatlar bu gün yüksək səviyyədə həyata keçirilir. İslahatlar həm təhsilin məzmunu, həm onun infrastrukturu, həm də müvafiq tədris vəsaitlərinin yeni formatda hazırlanması ilə bağlıdır”. Son 10 ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib istifadəyə verilib, əsaslı təmir olunub, onlar ən müasir texniki avadanlıqlarla, kompüterlərlə təchiz olunub. Bununla da təhsil sisteminin inkişafına xüsusi önəm verilir.
Nazir müavini qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələri gücləndirmək məqsədilə 2004-cü ildə Buxarestdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rumıniya Təhsil və Tədqiqatlar Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Bu isə iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi üçün yaxşı zəmin yaradıb. Ali təhsil sahəsində əməkdaşlıq hazırda yüksək səviyyədə davam edir. Ali məktəblərdə Azərbaycan və rumın dillərinin tədrisinə önəm verilir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə 60-a yaxın kitab Azərbaycan və rumın dillərinə tərcümə edilib. 2000-ci ildən başlayaraq Azərbaycan və Rumıniyanın bir sıra ali məktəbləri arasında əməkdaşlıq sazişləri imzalanıb. Bakı Slavyan Universiteti 2012-2016-cı illərdə ERASMUS layihəsinin iştirakçısı olub. Bu dövr ərzində BSU-nun 3 tələbəsi və bir müəllimi Rumıniyada təcrübə keçib. “Bu layihə çərçivəsində Azərbaycan vətəndaşları Rumıniyada, Rumıniya vətəndaşları isə Azərbaycanda təhsil almaq hüququ qazanıblar. Hazırda universitetlərimizdə təhsil alan rumıniyalı tələbələrin sayı çox deyil. ADU-da doktorantura səviyyəsində bir rumın tələbə təhsil alır. Ümid edirik ki, ali məktəblərimizdə onların sayı çoxalacaq”.

Qarşılıqlı tələbə mübadiləsi

F.Qurbanov ümid etdiyini bildirib ki, forum çərçivəsində 2 ölkə ali məktəbləri arasında əlaqələr daha da güclənəcək və gələcəkdə Azərbaycan və Rumıniya tələbələrinin qarşılıqlı mübadiləsinə yeni imkan yaranacaq. Buna qədər isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimiz Rumıniyada təhsil alıblar. Son illərdə 7 tələbəmiz Dövlət Proqramının təqaüdçüsü kimi Rumıniyada təhsil alıb, onlardan bəziləri forumda iştirak edir.
Nazir müavini qeyd edib ki, forum çərçivəsində Azərbaycan və Rumıniyanın bir sıra ali məktəbləri arasında müqavilələr imzalanacaq ki, bu da iki ölkə arasında təhsilin inkişafına öz töhfələrini verəcək. “Ümid edirik ki, forum iki ölkə arasında əlaqələrin genişlənməsi üçün mükəmməl platforma olacaq”, - deyə F.Qurbanov bildirib.
Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin sözlərinə görə, forum ölkələrimizdə təhsil sahəsində aparılan islahatlara dair təcrübə mübadiləsi üçün bir fürsətdir. Azərbaycanın ali təhsil sistemində həyata keçirilən elmi layihələri yüksək qiymətləndirən Q.Paraskivə görə, bu tədbir ali məktəblər arasında dialoqa, birgə əməkdaşlığa yeni imkanlar yaradacaq. O qeyd edib ki, forum ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verəcək.
Çıxışlardan sonra iki ölkənin universitetləri arasında sənədlər imzalanıb.
Forum çərçivəsində F.Qurbanov və G.Paraskiv arasında görüş keçirilib. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, forumda Azərbaycanın 16 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri, eləcə də Rumıniya ali təhsil müəssisələrinin məzunları olan azərbaycanlı gənclər də iştirak edib.

yuxarı ⤴