1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rusiya ali məktəblərinin Azərbaycana böyük marağı var
26.05.2017 / No19

 
 

 

 


Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumu keçirilib

Oruc MUSTAFAYEV

Müasir dövrdə ali məktəblər arasında əlaqələrin gücləndirilməsi, birgə elmi-tədqiqatların aparılması, tədris proqramları və materiallarının məzmununun yaxınlaşdırılması mühüm əhəmiyyət daşıyır. Bütün bunlara əlavə olaraq universitetlər arasında təcrübə mübadiləsənin aparılması isə hər bir ali məktəbin inkişafını stimullaşdıran faktorlar kimi çıxış edir.
Elə Rusiyanın Ufa şəhərində keçirilən Azərbaycan və Rusiyanın ali təhsil müəssisələrinin II Forumunun əsasında da bu söylədiklərimiz durur. Forumda Azərbaycanın təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri - Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin və Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, Assosiasiyanın üzvü olan universitetlərin rektorları, Rusiya Təhsil və Elm Nazirliyinin, eləcə də bir çox ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Tədbirin açılışında Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov çıxış edərək bildirib ki, “bu cür tədbirlər təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini inkişaf etdirməyə imkan verir”.

Əməkdaşlıq üçün yaxşı baza

Azərbaycan Respublikası təhsil nazirinin müavini Mətin Eynullayev çıxışında Başqırdıstan Prezidenti Rüstəm Xamitova, Rusiya Federasiyası hökumətinə və Ufa Dövlət Neft Texniki Universitetinə öz minnətdarlığını bildirib. “Rusiya və Azərbaycan təhsil icmaları arasında olan qarşılıqlı əlaqə həmişə güclü olub və assosiasiyanın yaranması bu əməkdaşlığın məntiqi davamı oldu. Son iki il ərzində mütəmadi olaraq mübadilə səfərləri keçirilir. Mən əminəm ki, biz yeni layihələri uğurla həyata keçirəcəyik”, - deyə o bildirib. Onun sözlərinə görə, əməkdaşlıq üçün yaxşı baza mövcuddur. “Bu bazanın əsasında Azərbaycanda rus dilinə olan münasibət durur. Azərbaycanda təlimin rus dilində aparıldığı 300 -dən artıq məktəb var. Azərbaycanlılarda rus dilinə böyük maraq tarixən yaranıb. Təbii ki, bizim ali məktəblərimiz bu bazada məhsuldar əməkdaşlıq qurub. Rusiya ali məktəblərinin Azərbaycana böyük marağı var. Bildiyiniz kimi, Azərbaycanda Rusiya ali məktəblərinin iki filialı fəaliyyət göstərir”. Təhsil Nazirliyinin rəsmisi 2008-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildə isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıda filiallarının açıldığını bildirərək onların ölkəmizdə ali təhsilin inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Bundan əlavə, Dağıstanda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının fəaliyyət göstərdiyini qeyd edib.

Tədris planlarının birləşdirilməsi...

Forumda belə bir təklif səsləndirilib ki, tədris proqramlarının birləşdirilməsi Azərbaycan və Başqırdıstan universitetlərinin ikili diplomlarının verilməsinə imkan verəcək. Qeyd olunub ki, bu gün əmək bazarı beynəlmiləl xarakter alıb və iki diplomun olması mütəxəssislərin rəqabət qabiliyyətliliyini artırır. Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, professor Ramil Baxtizinin sözlərinə əsasən, “tələbələrin keçdikləri müvafiq kurslar üzrə zaçotları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və UDNTU -da nəzərə alınıb. İkili diplom vermək üçün indi buna yalnız hüquqi aspekt vermək qalıb. Belə bir model var, o bəyənilib”. Ramil Baxtizin qeyd edib ki, ali təhsil sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ümumhumanitar əməkdaşlığın vacib tərkib hissəsi kimi beynəlxalq münasibətlərin yaxşılaşmasına xidmət edir. “Bu cür forumlar birgə fəaliyyətin nəticələrini qiymətləndirməyə və gələcək hədəfləri müəyyən etməyə imkan verir”, - deyə rektor vurğulayıb. O, ümid etdiyini bildirib ki, forumun nəticələrinə əsasən assosiasiya öz inkişafında yeni imkanlar əldə edəcək.
Assosiasiyanın Azərbaycan tərəfdən həmsədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor E.Huseynovun sözlərinə görə, “biz indi bu məsələ üzərində razılaşırıq ki, universitetlərin professorları həm doktorantların, həm də magistrlərin dissertasiyalarına ikili rəhbərliyi həyata keçirsinlər. Yəni, bu da ikili diplomların verilməsi üçün zəruri addımlardan biridir”. Professor E.Hüseynov iştirakçıları ümumi məqsədlər naminə əməkdaşlıq təcrübəsini inkişaf etdirməyə çağıraraq assosiasiyanın fəaliyyətdə olan və işlək bir qurum olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan ali məktəblərinin tələbələrinə iki diplomun verilməsi qərara alınıb. Diplomların təkcə Azərbaycan və Rusiyada deyil, eləcə də digər ölkələrdə tanınması nəzərdə tutulub. Artıq ADNSU və UDNTU bu məsələnin həllinə yaxındırlar.

Assosiasiyada ali məktəblərin sayı artır

Forumda ali məktəblərarası qarşılıqlı əlaqələrin perspektivləri, sənayenin müxtəlif sahələri üçün kadrların hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Hər iki ölkədə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dual sistem mövcuddur. Ali məktəblər mütəxəssis hazırlığı üzrə eyni vaxtda iki diplom verə, həmçinin məzuna diplom işlərini nəzarət edən iki rəhbər müəyyən edə bilər. Ali məktəblərdə vahid proqram əsasında təhsil, müəllim və tələbə mübadiləsi kimi məsələlərin müzakirə olunduğu forumda assosiasiya üzvləri tədris planlarını korrektə ediblər, ikili diplomlar proqramları üzrə tədrisin qəbulu və aparılması sənədlərini işləyib hazırlayıblar. Azərbaycandan 16, Rusiyadan 34 ali təhsil müəssisəsinin təmsil olunduğu Forumda Rusiya Kadr Hazırlığı üzrə Milli Fondunun icraçı direktorunun müavini Marina Barışnikovanın, Cənub Universitetinin rektoru İmran Əkbərovun, M.Akmulla adına Başqırd Dövlət Pedaqoji Universitetinin rektoru Rail Əsədullinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının və digər nümayəndələrin hesabatları dinlənilib.
Forumun “Universitet - regional iqtisadiyyatın hərəkətverici qüvvəsidir: Rusiya və Azərbaycan təcrübəsi” adlı plenar iclasında regionların inkişafında universitetlərin rolu, beynəlxalq əməkdaşlıq, həmçinin universitetlərin beynəlxalq və milli reytinqlərdə iştirakı, ali məktəblərin sosial məsuliyyəti kimi məsələlər müzakirə olunub. Forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Nümayəndə heyəti Başqırdıstan Respublikasının ali təhsil müəssisələrinin imkanları ilə tanış olub. Qeyd edək ki, Bakı Mühəndislik Universiteti və Rusiyanın bir neçə ali məktəbi Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının yeni üzvləri seçiliblər. Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva forum iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd edib ki, assosiasiyada ali məktəblərin sayının artması iki ölkənin universitetlərinin arasında məhsuldar əməkdaşlığı sübut edir.
Qeyd edək ki, forum çərçivəsində M.Eynullayev Başqırdıstan Prezidenti Rüstəm Xamitovla da görüşüb. Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov və təhsil naziri Gulnaz Şafikovanın iştirak etdiyi görüşdə ali məktəblər arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. “Rusiya və Azərbaycan təhsil qurumları arasında qarşılıqlı əlaqə həmişə sıx olub və Assosiasiyanın yaradılması bu əməkdaşlığın məntiqi davamı olub. Assosiasiyanın fəaliyyəti ali məktəblər arasında əlaqələrin inkişaf etdirilməsinə yönəlib. Biz tələbə, müəllim mübadiləsi, birgə konfransların keçirilməsi əsasında ali məktəb mühitində qarşılıqlı əlaqə qurmuşuq. Bu əlaqələrin daha da dərinləşməsini istərdik”, - deyə M.Eynullayev Başqırdıstan rəhbəri ilə görüşdə bildirib.
Xatırladaq ki, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası 2015-ci ildə Bakıda yaranıb. Onun tərkibinə Rusiyadan 34, Azərbaycandan isə 16 ali məktəb daxildir.

yuxarı ⤴