1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəblər hazırkı formada həyata davamlı deyillər
26.05.2017 / No19

 
 

 

 


Ekspert Ken Robinson dünyanı sənaye inqilabının təhsil sistemindən imtina etməyə səsləyir

Rüstəm QARAXANLI

Ken Robinson kimdir?

O, 1950-ci ildə Liverpulda anadan olub. Ailədəki 7 uşaqdan ilk orta təhsili məhz o alıb. Atası futbolçu olub. Britaniyanın rok və futbol mərkəzlərindən birinin gənc sakini kimi onun da futbolçu olacağı ailəsinin arzusu idi. Ancaq Kenin uşaqlıqda keçirdiyi xəstəlik bu arzunun üzərindən xətt çəkdi və o, təhsilə yönəlib.
1968-ci ildə Yorkşirdə Bretton Hall kollecinə daxil olub, ingilis dili və dramaturgiyanı öyrənib. 1981-ci ildə dramaturgiya və teatr yaradıcılığı üzrə doktorluq dərəcəsi alıb. 1985-89-cu illərdə məktəblərdə incəsənətin inkişafı üzrə layihənin direktoru olub. Uels və İngiltərə məktəblərində humanitar elmlər və yaradıcılığın tədrisinin gücləndirilməsinə dair təşəbbüslə çıxış edib, layihəyə 2000 mütəxəssis qoşulub, nəticədə Milli Tədris Planına 300-dən çox təklif işlənib verilib. 12 il Uorik Universitetinin mədəniyyət və təhsil professoru olub, Honq-Konq Akademiyasının səhnə incəsənəti üzrə məsləhətçisi işləyib. 2005-ci ildə dünyanın ən vacib problemlərinin həlli yollarını müzakirə edən “Principial Voices” layihəsinə seçilib. Avropa, Asiya və ABŞ-da iri korporasiyalara, habelə hökumətlərə məsləhətlər verib. Şimali İrlandiyada sülh prosesi çərçivəsində iqtisadi inkişaf və yaradıcılıq sahələrinə dair ekspert qrupunun üzvü olub. Robinson Sinqapur hökumətinə Cənub-Şərqi Asiyanın yaradıcılıq və mədəniyyət mərkəzi olması üçün strategiyanın hazırlanmasında məsləhət verən 4 nəfərdən biridir.
Onun “Talks Education” - TED intellektual-konfranslarda etdiyi 4 çıxışına 150 ölkədə ümumən 300 milyondan çox insan baxıb. 2011-ci ildə “Fast Company” jurnalı Robinsonu dünyanın “50 aparıcı biznes-lideri” siyahısına salıb. Bir neçə kitab-bestsellerin müəllifidir.
Ken Robinson insanın yaradıcılıq imkanlarının inkişafı və təhsil problemləri sahəsində dünyanın aparıcı mütəxəssislərindən biridir. O, insan resurslarından necə istifadə olunması sahəsində bir sıra iri şirkətlər və dövlətlərə məsləhətlər verir. Robinsonun fikirlərinin ana xəttini bu tezis təşkil edir: hər bir insan hansısa sahədə istedad sahibidir, ancaq müasir təhsil sistemi və ümumiyyətlə, cəmiyyətdəki münasibətlər bu istedadın ortaya çıxmasına maneə yaradır.
Kitab və çıxışlarının böyük bir qismini təhsil problemlərinə həsr edən Robinsona görə, bütün ölkələrdə eynilik təşkil edən təhsil sistemləri dəyişikliyə uğramalıdır, çünki təhsilin əsas məqsədi uşaqlarda istedadı boğmaq deyil, əksinə, inkişaf etdirməkdir. “Bizim təhsilimiz şüurumuzu, biz isə Yer kürəsini talan edirik” - Robinsonun yazdığı bestsellerlərin əsas leytmotivi budur.

Məktəbləri prinsipial olaraq dəyişmək lazımdır

Cillian Linni oxumaq maraqlandırmırdı, həm də çox hərəkətli uşaq idi. Müəllimləri həmişə şikayət edirdilər: bu qız bir yerdə durmur, hərəkətdədir, oturmaqla arası yoxdur, bundan oxuyan olmaz, aparın psixoloqa göstərin. Anası belə də edir, Cillianı həkimə aparır. Həkim iki saata yaxın qızı müşahidə edir, anasını isə dinləyir. Sonra deyir: “Qızım, mən indi ananla dəhlizə çıxım, sonra qayıdıb səninlə vacib bir söhbət edəcəm”. Həkim bu sözləri deyir və otaqdan çıxarkən ehtiyatla radionu işə salır. Dəhlizə çıxan kimi uşağın anasına deyir: “Gəlin baxaq görək sizin qızınız nə edəcək”. Həqiqətən də onlar otaqdan qeyb olan kimi Cillian radiodan səslənən şən musiqi sədaları altında hoppanıb düşməyə, oynamağa başlayır. Həkim valideynə: “Sizin qızınız xəstə filan deyil, o balerinadır!”- deyir.
Sonra nələrin baş verdiyini yəgin bildiniz: Cillian dövrümüzün ən məşhur xoreoqraflarından birinə çevrilir. Balet, Kral orkestri və ser Endryu Uebberlə birlikdə ən populyar myüzikllərdən olan “Pişiklər” və “Opera kabusu”na müəlliflik. O, dövrünün ən varlı qadınlarından birinə çevrilir və minlərlə insana xoşbəxt anlar bəxş edir. “Deməli, bəziləri düşünmək üçün hərəkət etməlidirlər” - deyə Robinson yazır və sual verir: “Uşaq başqa həkimin əlinə düşsəydi, həkim isə ona sakitləşdirici dərmanlar yazsa idi, nə olardı?”.
Mett Qrouninq əksinə, məktəbdə heç də pis oxumurdu, ancaq müəllimlər və valideynlərinin gözləntilərinin əksinə olaraq rəssamlığı seçdi və ... Və dünyaca məşhur “Simpsonlar”ın müəllifi oldu.
Pol Makkartninin musiqi dərsləri ilə arası yox idi, onu hətta Liverpul kafedral xoruna belə götürməmişdilər - səsi yoxdur. Ancaq vaxt gəldi, elə həmin xor Polun iki klassik kompozisiyasını ifa etməli oldu. İndinin özündə də Liverpul kafedral xoru Makkartninin sponsorluğu ilə fəaliyyət göstərir.
Robinson TED-konfranslardan birindəki çıxışında danışır: “Bir dəfə kitab imzalama mərasimində mənə bir nəfər yaxınlaşdı, 30 yaşı olardı. Soruşdum hansı peşənin sahibisiniz? Dedi yanğınsöndürən. Sizə gülməli gələ bilər, ancaq məktəbdə hansı oğlan uşağından soruşsan, deyəcək yanğınsöndürən olmaq istəyirəm. Düzdür, zaman keçdikcə onlar başqa sahələrə üz tuturlar, ancaq indi haqqında danışdığım cavan oğlan sonadək inad edib bu peşəyə yiyələnmişdi. O danışırdı ki, müəllimlərindən birinin sərt tənqidinə məruz qalırdı: axı bu nə peşədir seçmisən? Get ciddi işlə məşğul ol! Amma bir müddət bundan əvvəl həmin o müəllim həyat yoldaşı ilə birlikdə avtomobil qəzasına düşdü, maşında yanğın baş verdi və mən onların hər ikisini xilas etdim. Yəqin indi o müəllim mənim haqqımda fikirlərini dəyişib”.
Məşhur simaların həyat yolu barədə topladığı əhvalatlar Robinsonu müasir təhsil sisteminin analizinə məcbur edib və onun ən sərt tənqidçilərindən birinə çevirib. Ken əmindir: kütləvi məktəblər özlərinin hazırkı formasında həyata davamlı deyillər; onları prinsipial olaraq dəyişmək lazımdır - nə qədər tez olsa, o qədər yaxşıdır!

Köhnə üsullarla gələcəyə nail olmaq mümkün deyil

“Müasir təhsil sistemi sənaye inqilabının iqtisadi şərtləri ilə maarifçilik dövrünün mənəvi ehtiyaclarından doğub. Dövlətlərin ictimai quruluşu və kütləvi təhsilin yaranması tarixlərinə baxmaq kifayətdir. Hətta istisna etmirəm ki, müasir sinif-məktəbin yaradıcısı olan protestant Yan Amos Komenskinin əsasını qoyduğu ilk məktəblər də sənaye inqilabı və maarifçilik hərəkatının meydana gəlməsinə səbəb olmuşdular. Ancaq bu zaman artıq çoxdan keçib və geri qayıdası deyil, o struktur artıq tükənib” - deyə Robinson mühazirələrindən birində deyir: “Qabaqlar bizə deyirdilər ki, məktəbdə yaxşı oxusan, ali məktəbə girəcəksən, sonra diplom alacaqsan və işə yiyələnəcəksən. Bizim uşaqlar isə buna inanmırlar və düz də edirlər. Əlbəttə, diplomun olması olmamasından yaxşıdır, ancaq təminat deyil. Söhbət mühazirə və dərslərin keyfiyyətindən getmir. Uşaqlara nə qədər yaxşı təhsil versələr də, öyrətdikləri artıq köhnəlib. Uşaqları gələcəyə köhnə metodlarla hazırlayırlar. Bu isə onları təhsildən uzaqlaşdırır, milyonlarla uşaq məktəbə getməyi mənasız sayır”.
Robinson hesab edir ki, hazırkı sistemin əsasında insanların intellektuallara və qeyri-intellektuallara, ağıllılara və ağılsızlara bölünməsi durur. Və nəticədə bir çox dahi istedada malik olduğundan bixəbərdir, onun bacarıqları birtərəfli qiymətləndirməyə məruz qalır: “Mən hesab edirəm ki, bu model minlərlə taleləri sındırıb. Düzdür, bəzi insanlar üçün yararlıdır, ancaq çoxları üçün yox”.
“Təhsil sistemi sənayenin maraqlarına xidmət edir və onun sxemi ilə qurulub. Fikir verin: məktəblər zavodları xatırladır, zənglər, korpuslar, ayrı-ayrı peşələr üzrə ixtisaslaşmalar. Uşaqları indiyədək partiyalarla öyrədirlər. Nəyə görə uşağın xarakteristikasında onun nə vaxt məktəbi bitirdiyi ilin əhəmiyyəti olmalıdır? Bəzi uşaqlar hansısa dərsi yaxşı əxz edir, digərləri isə əksinə. Biri sutkanın bir vaxtında yaxşı oxuyur, digəri isə başqa vaxtda. Bəziləri qrup halında oxusalar yaxşı olar, digərləri fərdi qaydada” - Robinsonun tez-tez təkrarladığı fikirlərdən biri də budur.
Uşaq bağçalarından birində aparılan araşdırmanın nəticələrinə görə, körpələrin 98%-i qeyri-standart formada düşünməyi, orijinal fikirlər yürütməyi bacarır, belə demək mümkündürsə, onlar divergent düşüncənin dahiləridirlər. 5-ci sinifdən sonra bu göstərici 32%-ə enir: “Problem müəllimlərdə deyil, sadəcə, sistemin mayası belə yoğrulub. İnsan şüuruna münasibəti dəyişmək lazımdır, uşaqları istedadlı və istedadsızlara, bilikləri isə abstrakt, nəzəri və peşəkara ayırmağı bitirin! İnsanların istedadlarını ayrılıqda qiymətləndirərkən, şagirdləri bölərkən biz onlarla təbii tədris mühiti arasında bir sədd çəkmiş oluruq. Təhsil mədəniyyətini, tədris müəssisələrinin strukturunu və təhsil alanlara münasibəti dəyişməliyik”.
Robinsonun fikrincə, indi məqsəd tək təhsilə sənaye yanaşmasından imtina etmək olmamalıdır. İnsan birliklərinə mexanizm kimi baxmağa da son qoymaq lazımdır. İnsan toplumu həyat enerjisi ilə dolu orqanizmə bənzəyir. Bu enerjini boğmağa davam edək, yoxsa... Pikasso hesab edirdi ki, hər bir uşaq rəssam doğulur, problem ondadır ki, böyüyənədək o, rəssam olaraq qala biləcək, ya yox.
“Mən inanıram ki, gələcəyimiz insan ekologiyasına dair yeni konsepsiyanın ortaya qoyulmasından asılıdır. Elə bir sistem ki, biz insan istedadının zənginliyini dərk etmiş olaq. Mövcud təhsil sistemi bizim şüurumuzu, biz isə Yer kürəsinin qatlarını boşaldır, talan edirik. Bu yanaşma gələcəyi olmayan yanaşmadır” - deyə ekspert hesab edir.

Gələcək yaradıcılıqdadır

Rəsm dərsində müəllim uşağa yaxınlaşır: “Qızım, nə çəkirsən?” “Allahı çəkirəm” - deyə uşaq cavab verir. “Axı heç kim bilmir Allah necə olur!” - deyə müəllim təəccüblənir. Uşağın cavabı çox maraqlıdır: “10 dəqiqədən sona biləcəklər!”.
Ken bu misalı təkrarlamağı çox sevir. O, bu qənaətində əmindir ki, hər bir uşaq bir dahidir. Sadəcə, onun istedadı boğulmamalı, əksinə, inkişaf etdirilməlidir. Robinson elə bir təhsil sisteminin yaranmasını istəyir ki, uşaqlarda yaradıcılıq - kreativliyi inkişaf etdirsin: “Siz təsəvvür edin, 3 yaşlı balaca uşaq bağçasına imtahanla götürülür. Bu necə ola bilər? 3 yaşlı uşaq komissiya qarşısına çıxıb. Sual verirlər, cavab verə bilmir. Komissiya üzvləri əsəbləşirlər: sən 36 aydır nə işlə məşğul olmusan? Yaxşı, bu 36 ayın 6 ayını çıxdıq, sənin ana südü əmməyinə, bəs sonra? Sən avarasan ki!”. Əlbəttə, bu bir zarafatdır və qeyri-ciddi səslənir. Ancaq Robinsona görə, sistem uşaqlarda qorxu və tələblə kreativliyi öldürür, halbuki yaradıcılıq, təxəyyül iqtisadi tələblərdən doğan texniki və təbiət elmlərindən heç də az əhəmiyyətli deyil: “Əvvəl uşaqlar səhv etməkdən qorxmurlar. Yox, mən demək istəmirəm ki, daim səhv etmək kreativ olmaqdır. Mən sadəcə əminəm ki, insan səhv etməyə hazır olmalıdır, səhv etmək olar və lazımdır. Bunsuz siz nəyisə yeni və fərqli yarada bilməzsiniz. Uşaqlar böyüdükcə divergentliklərini itirirlər, çünki müəllimlər onlara səhv etmək qorxusunu təlqin edirlər”.

Müəllim məktəbdən önəmlidir

Robinson hesab edir ki, dünyanın istənilən yerində müəllim məktəb və ümumən təhsil sistemindən önəmlidir, çünki məktəbin müəllimsiz uğuru mümkün deyil. Ekspertə görə, müəllim yaradıcı peşədir və o, sadəcə olaraq informasiya ötürücüsü kimi qəbul edilməməlidir. Müəllim həm də rəhbərdir - həvəsləndirir, maraq oyadır, yönəldir. Nəticədə təhsil tədrislə yekunlaşır. Tədris yoxdursa, deməli, təhsil də olmayıb. İnsanlar saatlarla təhsili müzakirə edə bilərlər, ancaq ortada tədris yoxdursa, nə mənası var? Təhsilin əsas məqsədi öyrətməkdir. Əgər müəllim hansısa sinifdə oturub dərs keçir, ancaq öyrətmirsə, bu artıq tədris deyil, çünki təhsilin son məqsədi öyrətməkdir.
Robinsonun fikrincə, təhsil sisteminin əsas problemi müəllim peşəsinin deqradasiyaya uğramasıdır. Bunu isə o, sistemin öyrətməyə deyil, nəzarətə daha çox yer verməsi ilə əlaqələndirir. “Təhsilin əsas vəzifəsi yaradıcılıq imkan və istedadlarını ortaya çıxarmaqdır. Bunun əvəzində isə standartlaşma mədəniyyəti hökm sürür”, - deyən Robinson Finlandiya təhsil sistemini çox bəyəndiyini bildirir. Onun fikrincə, bu sistemin uğuru, ilk siniflərdə humanitar elmlər, incəsənət, yaradıcılığa böyük önəm verməsi, uşaqlar üzərində total nəzarətin olmaması və müəllim amilinin böyük nüfuza malik olması ilə bağlıdır. Bunun nəticəsidir ki, bu ölkədə təhsili heç kim atmır. Kimin çətinliyi var, nəzarət və imtahanla deyil, köməklə aradan qaldırırlar. “Təhsil mexaniki proses deyil, insani prosesdir” - deyə Robinson vurğulayır.


Ken Robinson nə deyir?

* Dünyada elə bir təhsil sistemi yoxdur ki, müəllimdən yaxşı olsun. Müəllimsiz məktəbin inkişafı və çiçəklənməsi mümkün deyil.

* Müasir təhsildə yaradıcılıq savadla eyni əhəmiyyətə malikdir. Ona görə də biz ona lazımi qiyməti verməliyik.

* Hər bir uşaq məktəbə parlaq təxəyyül, yaradıcı şüur və istənilən riskə getməyə hazır olması ilə başlayır.

* Əgər siz səhv etməyə hazır deyilsinizsə, yaradıcılıqla heç vaxt dostluq edə bilməyəcəksiniz.

* Siz elmdə, fəlsəfədə, riyaziyyatda, layihələndirmədə olduğu kimi, rəqs, rəsm, musiqidə də kreativ ola bilərsiniz.

yuxarı ⤴