1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Danışıq klubları özünü doğruldur
26.05.2017 / No19

 
 
 

 

 


Gələcəkdə bütün məktəblərin əhatə olunması nəzərdə tutulur

Yusif ƏLİYEV

Hər hansı xarici dili öyrənmək üçün qrammatikanı yaxşı bilmək, standart mətnləri tərcümə etmək, lüğət əzbərləmək kifayət etmir, gərək dil mühiti olsun, şifahi nitq vərdişlərinə yiyələnə biləsən. Bu sadə həqiqəti, demək olar ki, bütün dil öyrədənlər və öyrənənlər bilir. Lakin hər yerdə lazımi dil mühiti yaratmaq, öyrənənlərə danışıq dilini mənimsətmək bəzən mümkün olmur. Məhz bunu nəzərə alaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci dərs ilinin ikinci yarım-ilindən “Ümumi təhsil məktəblərində ingilis dilində Danışıq klublarının yaradılması” layihəsinə start verib. Məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.
Qeyd edək ki, pilot layihə başa çatmaqda olan dərs ilində fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu məqsədlə həyata keçirdiyi 25 yeni layihədən biridir.
Yeni layihə təhsil ocaqlarında böyük maraqla qarşılanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı, layihənin koordinatoru Səkinə Ağalarova deyir ki, məktəblərdə layihəyə maraq həddindən artıqdır. Görünür, elə buna görədir ki, ilk mərhələdə 60 məktəbdə icrası nəzərdə tutulan layihə hazırda 66 məktəbdə həyata keçirilir və qarşısında duran missiyanı uğurla yerinə yetirir. Klublara yazılan şagirdlərin dəqiq sayı bilinməsə də, S.Ağalarovanın bildirdiyinə görə, müəllim və texniki baza, fiziki resurslar nəzərə alınaraq maksimum şagirdin qeydiyyatı qəbul edilib. Klublarda məşğələləri pilot məktəblərdə ingilis dili fənnini tədris edən bütün müəllimlər növbə ilə aparırlar. Klubun metodiki proqramını onu aparan müəllimlər özləri yaradırlar. Məzmunda ənənəvi metodikadan fərqli öyrədən, eyni zamanda əyləndirən, sosiallaşmaya və əməkdaşlığa kömək edən interaktiv təlim metodları, oyunlar, diskussiyalar, debatlar, səhnəciklər, müxtəlif qrup işləri, müstəqil tədqiqat tapşırıqları əsas yer tutur.
Danışıq klubları I-XI sinif şagirdlərini əhatə edir. Ona 3 sinif blokundan - ibtidai, orta (V-VIII siniflər) və yuxarı (IX-XI siniflər) şagirdlər müraciət edir. Müxtəlif sinif blokları üzrə eyni məktəbin ingilis dili müəllimləri növbəlilik cədvəli yaradıb. Hər həftə biri klub məşğələsini aparır. Fərqli müəllimlərin məşğələni aparması şagirdlərin müxtəlif müəllimlərin fərqli metodlarına öyrəşməsinə şərait yaradır. Dərslər tədris prosesinə mane olmamaqla dərsdənkənar fəaliyyət məşğələsi kimi həftədə bir dəfə keçilir.
I-XI sinif şagirdləri ictimai əsaslarla fəaliyyət göstərən klub məşğələlərinə könüllü surətdə qeydiyyatdan keçir. Hər klub müəllimi özünə məxsus sadə dildə olan ərizə forması hazırlayıb. Ərizə məlumatlarına əsasən ingilis dili müəllimi şagirdləri müvafiq dil səviyyə qruplarına bölür. Klub dərsləri pilot məktəblərin hər birində müvafiq dil kabinetlərində aparılır.
Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazımi dəstək göstərilməsi üçün paytaxtın 12 inzibati rayonu üzrə pilot məktəblərinin ingilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunublar. Təlim zamanı danışıq klublarının təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi müəllimlərin diqqətinə çatdırılıb. Bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılıb. İngilis dili müəllimlərinin təklifləri dinlənilib, müzakirə olunub.
Qeyd edək ki, təlim keçən müəllimlərə sertifikatlar verilib.
Əldə olunmuş təcrübə müsbətdir. Ona görə də Bakı Şəhəri üzrə Təhsil İdarəsində Danışıq klublarının yaxın gələcəkdə bütün məktəblərdə yaradılması üzərində düşünürlər.

yuxarı ⤴