1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu
26.05.2017 / No19

 
 

 

 


Bir çox tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının tarixinə daha bir əlamətdar simpoziumun keçirilməsi yazıldı. 17-18 may 2017-ci ildə ADPU və onun Şamaxı filialı, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyi və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi birgə III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunu təşkil etdi. Türkiyənin Amasiya, Marmara, Necmettin Ərbakan, Çankırı Karatekin Universitetləri, İtaliya Yokoku Assosiasiyası, Makedoniyadan 25 nəfər, respublikamızın tanınmış alimlərindən akademiklər İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və universitetin Ağcabədi, Quba, Cəlilabad, Şəki filiallarının direktorları, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycanın bir çox elm müəssisələrindən və mədəniyyət mərkəzlərindən olan 120 nəfər elm xadimi, həmçinin Seyid Həmzə Nigarinin nəslindən olan qonaqlar, media nümayəndələri, Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Simpozium iştirakçıları əvvəlcə Şamaxı rayon mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Simpoziumu açan filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova bildirdi ki, hələ 200 il öncə Həmzə Nigarinin Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin “sinəsinə sancılan xəncər kimi onu istiraba qərq etdiyini” ifadə etmişdir. Sanki o, Qarabağın 200 il sonra ermənilər tərəfindən işğal edilib talan olunacağını hiss etmiş kimi bugünkü insanların əhvali-ruhiyyəsini misralarında əks etdirmişdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov simpozium iştirakçılarını salamlayaraq İslam Həmrəyliyi İlində Şamaxıda dünyaca tanınmış məşhur sufi şairi Həmzə Nigarinin adı ilə bağlı III Beynəlxalq Simpoziumun keçirilməsinin mühüm hadisə olduğunu qeyd etdi. Rektor Həmzə Nigarinin Türk-İslam dünyasına məna yüklü əsərlər bəxş etməsindən danışaraq bildirdi ki, onun divanı türk dilində əvvəlcə Tiflisdə, sonra İstanbulda nəşr edilmişdir. Sonralar isə dəyərli alimlərin əsərlərinin sadələşdirməsi və yeni əlifbaya çevirməsi ilə həm Türkiyədə, həm də Azərbaycanda yenidən çap olunmuşdur. Həmzə Nigarinin İstanbulda nəşr olunan fars dilində də divanı vardır. Nigari “Nigarnamə”, “Saqinamə”, “Çaynamə” məsnəvilərini, o cümlədən məşhur sufi mütəfəkkiri Muyiddin Ərəbinin “Fütuhatı-Məkkiyə” əsərinə izahlar yazmışdır. Son zamanlar nigarişünaslığın deyə biləcəyimiz ədəbiyyat tədqiqatları yaranmışdır. Hazırda Nigari və ardıcıllarının həyat və yaradıcılığı daha dərindən öyrənilməkdədir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin “Hümayi-ərş” əsərinin nəşr olunması bu istiqamətdə ilk mənbələrdəndır.
Şamaxı RİH-in başçısının müavini Qasım Qasımov simpoziumun ADPU-nun Şamaxı filialında keçirilməsini mühüm hadisə kimi qiymətləndirərək qonaqları salamladı və simpoziumun işinə uğurlar arzuladı.
Akademiklər İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli simpoziumun işini yüksək qiymətləndirdilər və bütün iştirakçılara uğurlar arzuladılar.
Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin başqanı Atilla Yaprak, Amasiya Universitetinin dosenti Metin Hakverdioğlu, İtaliya Yokoko Assosiasiyasından təşrif buyurmuş doktor Andrea Macchia, Makedoniya Universitetinin professoru Zoran Matev-ski, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti Nəzakət Məmmədli, Həmzə Nigari nəslindən olan qonaqlardan Siracəddin Həmidov və Müntəxab Mirsədizadə çıxış edərək Həmzə Nigarinin həyat və yaradıcılığından, beynəlxalq simpoziumun əhəmiyyətindən danışdılar.
ADPU-nun Şamaxı filialının II tədris ili tələbəsi Heydər Sadıqovun balabanın müşayiəti ilə Həmzə Nigarinin “Qarabağ” tərcibəndini söyləməsi simpoziuma xüsusi rəng qatdı.
Sonra simpozium öz işini “Həmzə Nigari və sufizm”, “Türk dünyası mədəni irsi”, “Gənc alimlərin Sufizm və Türk dünyası mədəni irsi araşdırmaları” başlıqları altında üç bölmədə davam etdirdi. Sonda simpoziumda iştirak edənlərə sertifikatlar və nəfis şəkildə tərtib olunmuş “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları” adlı kitab təqdim olundu.
 

yuxarı ⤴