1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Valideynin uşaq kaprizi...
26.05.2017 / No19

 
 

 

 


Jalə MÜTƏLLİMOVA

İki situasiya təsəvvür edin:
- Yuxarı sinifdəki rəfiqələri buraxılış imtahanında iki qiyməti almasın deyə, itirdikləri dərs kitabının əvəzində onlara öz kitabını verən məktəbli qız düşünün. Öz müəlliminə kitabını itirdiyini deyir, yəni yalan danışır, üstəlik, dərslərə hazırlaşa bilmədiyi üçün bir neçə dəfə “iki” qiymət alır. Dərsə hazırlığı ilə xüsusi fərqlənən şagirdinin durumu müəllimi qane eləmir. Cəza kimi onun rüblük qiymətini heç bir güzəşt tətbiq etmədən “iki” çıxarır. İki alan məktəbli qız evə gəlir, müəllimi günahkar çıxarır və qiymət cədvəlindəki “iki”ni valideyninə göstərir. Amma kitab barədə nəsə demir. Valideyn təbii olaraq böyük nüfuz sahibi olan müəllimin davranışını anlamır. Vəziyyətə əsəbləşsə də, müəllimi, sadə dillə desək, uşağın ayağına vermir.
Məktəbə gəlir. Məlum olur ki, birincisi, övladı kitabını itirməyib, başqasına verib. İkincisi, bunu evdən də, müəllimdən də gizlədib. Üçüncüsü, müəllimi qərəzli kimi təqdim edib, valideyninə iki yalan danışıb. Biri müəllimin qərəzli olması, o biri kitabı itirməsi haqda olandır. Beləcə, valideyn müəllimin haqlı olduğunu anlayır, üzr istəyir və bütün lazımi cəzalara hazır olduğunu deyib gedir.
Bu olay haradasa 80-ci illərin sonunda baş verib.
***
İkinci olay yeni dövrün hadisəsidir. Təxminən oxşar situasiyadır. Amma bu dəfə uşaq dost xatirinə fədakarlıq etməyib. Kitabını zibil qutusuna tullayıb, oxumaq istəmədiyi üçün. Evdə “müəllim məktəbdə məni qaralayıb”, məktəbdə isə “valideynim kitabı almır” deyib haray salıb. Bir də müasirliyi nəzərə alsaq, indi məktəblərin çoxunda müşahidə kameralarının qeydləri var. O qeydlərdə uşağın davranışı diqqət çəkdiyi üçün araşdırılır. Valideynlərə durum bildirilir. Valideyn məktəbə gələndə isə verdiyi reaksiya:
- Nə böyük hadisə olub ki, məni bura çağırmısınız? Uşaqdır da, olub. Gör hansı həddə gətirilib ki, fəndən iyrənib uşaq? Kimsiniz ki, bunu uşağa edirsiniz? Görün mən sizin başınıza nə oyun açıram? Nazirliyə gedəcəm, baş idarəyə sizi şikayət edəcəm. Görün sizi polisdə necə süründürürəm! Müəllim kimdir ki, uşağa söz deyir?!..
O deyib, cavab və əsaslandırma gözləmədən getdi. Amma biz elə bu sonuncu sualdan başlayaq. Müəllim kimdir?.. Müəllim hər gün sizin qədər uşağınızla eyni saat həcmində vaxt keçirən insandır. Müəllim sizin kimliyinizi uşağınıza izah edəndir. Müəllim o adamdır ki, sizin heç zaman öyrədə bilmədiyiniz şeyləri öyrətmək istedadı var. Həyatı, gələcəyi, özünü izah edir uşağınıza. Müəllim sizə hörməti, sayğını, sevgini öyrədəndir. Müəllim pislə yaxşının fərqini seçmək bacarığını aşılayandır. Bir sözlə, müəllim İNSANı yetişdirəndir.
Hə, təbii ki, bu, anlayıb qəbul edən uşaqlar və valideynlər üçün keçərli əsaslardır. O kəslər ki, anlamaz, məhz yuxarıdakı sualları və ittihamları səsləndirər ki, bu da gerçək MÜƏLLİMlər üçün təhqir, insafsız və ədalətsiz davranışdır.
Bu tip ittihamlar həm də tərbiyə göstəricisidir. Və elə bu məqamda da düşünürsən ki, doğrudan da peşəsinin vurğunu, peşəkarı olan adamlar bütün sahələrdə beləcə əziyyət çəkir, çox böyük xidmətləri o qədər kiçildilir ki, az qala cinayət tərkibli hərəkət kimi qələmə verilir.
Ola bilər kimsə deyər və haqsız da sayılmaz ki, elə “pedaqoqlar” var, adlarının qarşısına nə yazsan yaraşar, bircə pedaqoq, müəllim sözündən başqa. Amma nə yazıq ki, bu ixtisas onun diplomuna yazılıb. Hətta bu halı etiraf etməyin özü belə insanları formalaşdıran, yetişdirən adama, müəllimə qarşı bu qədər ikrahın olmasına əsas vermir. Çünki peşəsi müəllim olan hətta cinayət tərkibli hərəkətə yol veribsə, bunun üçün Cinayət Məcəlləsi və ona əsaslanaraq tətbiq edilə biləcək cəza növləri mövcuddur. Bu hallar baş verdiyində hər kəsin gözü önündə o cəzalar işlək hala gətirilir. Yəni, konkret hadisələri bütün sistemdəki adamlara şamil eləmək sadəcə kaprizdir. Valideyn kaprizi. Bu səbəbdən məktəblərdə uşaqların kaprizlərini internet əsrinə-filana bağlamaq lazım deyil. Yox, əgər bağlayırıqsa, deməliyik ki, indi təkcə uşaqlar deyil, elə valideynlər də kompüter və müasir texnologiya əsrinin valideynləridir.
Qaldı təsvir olunan situasiyalar. Bu iki situasiyanın heç biri göydəndüşmə deyil. Biri məktəb illərində uşaq kimi, o biri illər sonra valideyn kimi müşahidə etdiklərimdir. Yəni, həm sosializmin uşağı, həm də kapitalizmin yetkin insanının yaşantılarıdır. Düzünü deyim ki, uşaq ağlımda ilişib qalan birinci durum artıq valideyn olduğum dönəm üçün qənaətbəxş hesab etdiyimdir. Bu böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyə dəstək olmamaq, nəyisə bəyənməmək, ya da bizi bitirməyə yönəlik, amma məqsədinə çata bilməyən bir sistem üçün nostalji yaşantı da deyil. Bu o deməkdir ki, rəsmi olaraq sistemlər dəyişə, idarəçilik metodları yeniləşə, qaydalar başqalaşa bilər. Amma bir də mənəvi dəyərlər deyə yazılmamış qanunlar toplusu var. O təkmilləşə, zənginləşə bilər, amma ucuz tutula, ya da aşınarsa, onda bu gün rastlaşdığımız mənəvi problemlərin daha artığını yaşamağı da elə indidən başlayıb gözə almalıyıq. Təbii ki, valideyn kaprizini, uğursuz müəllim diplomları problemini, üstəlik, uşaqları istənilən halda haqlı saymaq kimi prinsipləri də kənara qoymaq bu yolda düzgün yürüməyi istiqamətləndirən şərtlərdəndir.
 

yuxarı ⤴