1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Məktəblinin dostu” valideyn-məktəb-şagird üçbucağını birləşdirən əsas amildir
26.05.2017 / No19

 
 

 

 


Rüstəm Ağayev: “Hər təşəbbüsümüzlə məktəbin və məktəblilərin həyatına yenilik gətiririk”

Səbinə ƏSƏTOVA

“Məktəblinin dostu” layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 30 ümumi təhsil müəssisəsində pilot olaraq həyata keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar Agentliyinin birgə reallaşdırdığı layihə çərçivəsində şagird sayına uyğun olaraq 30 məktəbdə ümumilikdə 112 məktəblinin dostu fəaliyyət göstərir. İlkin olaraq paytaxtda icra olunan pilot layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır. Qeyd edək ki, Azərbaycan təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən “Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Ölkəmizdə 2016-cı ilin avqust ayından start götürən layihə barədə koordinator Rüstəm Ağayev danışıb.

Məktəblinin dostu fəaliyyətə başlayandan bəri...

- Layihə fəaliyyət göstərdiyi bu müddətdə hansı işlər görülüb? İlkin nəticələr nədən ibarətdir?
- Fəaliyyətə başladığımız 4 ay elə böyük zaman kəsiyi olmasa da, qeyd edə bilərik ki, bu müddətdə müəyyən uğurlara imza ata bilmişik. Əvvəla, layihə tətbiq olunan məktəblərdə fəaliyyətə başladığımız ilk gündən etibarən, siqaret və digər zərərli vərdişlərin aradan qaldırılmasına çox ciddi nəzarət edirik. Fəaliyyətdə olduğumuz 30 məktəbdə siqaret çəkmə halları əhəmiyyətli dərəcədə azalıb. Şagirdlərin bu ziyanlı vərdişlərə yiyələnməməsi üçün mütəmadi olaraq pedaqoji kollektivlə birgə maarifləndirici təlimlər keçirilir, fərdi söhbətlər aparılır. Digər tərəfdən, məktəb ərazisinə şübhəli şəxslərin, yad adamların daxil olmasının qarşısı alınıb. Məsələn, bir neçə belə fakt qeydə alınıb ki, özünü hansısa şagirdin valideyni kimi qələmə verərək məktəbə daxil olmaq istəyən şəxslərin bu cəhdinin qarşısı alınıb. Bundan başqa, bir-birinə yaxın yerləşən iki məktəbdən birinə daxil olub qız şagirdi qaçırmaq istəyən şəxsi məktəblinin dostu oradan kənarlaşdırıb və məhz əməkdaşımızın ayıq-sayıqlığı sayəsində o, qonşu məktəbdə də məqsədinə nail ola bilməyib. Belə ki, onun yaxınlıqdakı digər məktəbə istiqamətləndiyini görən əməkdaşlarımız oradakı həmkarlarını da xəbərdar edib. Bizdə olan məlumata görə, həmin şəxsin psixoloji problemi olub. Belə hallarda məktəblinin dostu dərhal məktəb rəhbərinə xəbər verir, rəhbərlik də hüquq-mühafizə orqanlarını məlumatlandırır. Fəaliyyətə başladığımız ilk günlərdə bir neçə məktəb yaxınlığında kənar şəxslərin azyaşlı məktəbliləri sıxışdıraraq onlardan pul tələb etdiklərinə dair məlumatlar gəlirdi. Məktəblinin dostlarının davamlı işi nəticəsində artıq həmin şəxslərin məktəb ərazisinə yaxınlaşmasının qarşısı alınıb.
Sadəcə kənar şəxslərə qarşı deyil, elə məktəb daxilində də məktəblinin dostlarının fəaliyyətinin nəticəsi özünü göstərir. Bu yaxınlarda mərkəzdən kənarda yerləşən məktəblərin birində baş verən yanğın hadisəsinin qarşısının alınmasında məhz məktəblinin dostunun böyük rolu olub. Dərs olmadığından məktəbdə başlayan yanğının fərqinə ilk məktəblinin dostu varıb. Onun vaxtında müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.
Yeri gəlmişkən qeyd edim ki, məktəblinin dostları işə qəbul olunmazdan əvvəl Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin ixtisaslı kadrları tərəfindən xüsusi təlimlərə qatılıblar. Onlar fövqəladə hallarda necə davranacaqlarını, hansı ilkin yardımları göstərə biləcəklərini öyrəniblər. Bura həm tibbi yardım, həm də zəlzələ, yanğın və digər fövqəladə hallar zamanı ilkin yardım aiddir. Ümumiyyətlə, cəmiyyətdə zərərli vərdişləri yayan, əxlaqi dəyərlərə ləkə salacaq hərəkətləri təbliğ edən, cinayətə meyilli şəxslər az deyil. Bizim məqsədimiz məktəbi və məktəb kollektivini belə şəxslərdən qorumaq, təhlükəsiz şəraitdə tədrisin təşkilini təmin etməkdir.

...Təşəbbüs göstərir...

- Məktəblinin dostunun maraqlı təşəbbüsləri də var...
- Doğrudur, indiyədək təşkil etdiyimiz tədbirlər maraqla qarşılanıb. Çünki irəli sürdüyümüz hər təşəbbüsümüzlə məktəbin və məktəblilərin həyatına yenilik gətiririk. Planlarımızı reallaşdırmaqla şagirdlərin asudə vaxtını maraqlı, səmərəli, əyləncəli edirik. 30 məktəbdə təhsil alan 50000-dən çox şagird arasından istedadlı, qabiliyyətli şagirdləri aşkarlayıb, onlara gələcək karyeralarını qurmağa yardımçı oluruq. Məsələn, 30 məktəb arasında keçirdiyimiz şahmat turnirində, yanvar ayında baş tutan dama çempionatında yaşı az, amma uğurları böyük olan şagirdləri üzə çıxardıq. Təşkil etdiyimiz “Mənim sevimli müəllimim” adlı şeir müsabiqəsində isə şagirdlər öz sevimli müəllimi üçün həm şeir yazdı, həm də onu səsləndirdilər. Hesab edirəm ki, bu onlar üçün böyük uğurdur. Müəllifi uşaqlar olan videoçarxları bizim feysbuk səhifəmizdə minlərlə insan izlədi. Baxın, “Məktəblinin dostu”nun bir üstünlüyü də budur ki, layihə 30 ümumtəhsil məktəbini qısa müddətdə bir ailə kimi birləşdirən dəyərə çevirdi. Çünki layihənin icra olunduğu məktəblər bir-birilə tamamilə qaynayıb-qarışıb. İstər şagirdlər, istər müəllim kollektivi, istərsə də valideynlər nəinki tədbirlərimizdə rastlaşır, həm də şagirdlərin məktəblərə təşkil edilən səfəri çərçivəsində tez-tez görüşürlər.
- Sırada nə var? Nə planlaşdırırsınız?
- Uşaqlar 2 aydır tamaşaya hazırlaşır. “ASAN xidmət”in dəstəyi ilə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərini səhnələşdiriblər. Qarşıdan 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” gəlir. Həmin günə xüsusi hazırlaşmışıq. Daha sonra 30 məktəbin hər birində VII-IX sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçiriləcək.
Məktəblərdə fövqəladə hallarda həyəcan simulyasiyalarının keçirilməsini də planlarımıza daxil etmişik. Bundan başqa, qarşıdan yay tətili gəlir. Başqa yerlərə istirahətə gedə bilməyən məktəblilər üçün elə təhsil aldıqları məktəblərdə ödənişsiz yay düşərgələri təşkil etməyi planlaşdırırıq. Yay boyu onlar maraqlı seminarlarda, intellektual oyunlarda iştirak edəcək, filmlər izləyəcək və s. Artıq 10-a yaxın məktəb bu təşəbbüsün tətbiqində maraqlı olduğunu bildirib. Bilirsiniz, qısa müddətdə belə əhəmiyyətli işlərin görülməsi layihənin ideyasının aydın olmasından və bu işə peşəkar yanaşmadan xəbər verir.

...Etibar qazanırlar

- Valideynlərin münasibəti necədir? Onlar övladlarını “Məktəblinin dostu”na etibar edirlərmi?
- Əslində, valideynlər işimizi kənardan izləyən və layihə haqqında cəmiyyətdə rəy formalaşdıran əsas subyektlərdən biri, hətta birincisidir. I siniflərə şagird qəbulu zamanı diqqət çəkən bir faktı qeyd edim. Bir neçə məktəbdə valideynlər orada məktəblinin dostunun olub-olmadığı ilə maraqlanıb, məhz onlar olan məktəbə üstünlük verdiklərini söyləyiblər. Məktəblərdə təşəbbüslərimizi valideynlər dəstəkləyir, bizə güvənirlər.
8 martla əlaqədar İçərişəhərdə ibtidai sinif şagirdlərinin iştirakı ilə fleşmob hazırlanırdı. Həmin fleşmobda valideynlər də iştirak etdilər və buna görə dostlara təşəkkür belə ünvanladılar. Sevindirici haldır ki, valideynlərin güvənini hər zaman hiss edirik. Məsələn, hər hansı işi çıxanda və uşağını məktəbdən götürməyə gecikəndə müəllimlə yanaşı, məktəblinin dostu ilə də əlaqə saxlayır və övladlarını onlara tapşırırlar. Belə durumlarda dostlar uşaqları öz xidməti otaqlarına aparır, onlarla müxtəlif oyunlar oynayır, ev tapşırıqlarına kömək edirlər. Valideyn də narahat qalmır.

Layihəyə ictimai maraq

- Fəaliyyətiniz mediada da geniş şəkildə işıqlandırılır. Bu, cəmiyyətdə sizə olan diqqətdən irəli gəlir, yoxsa...
- “Məktəblinin dostu” valideyn-məktəb-şagird üçbucağını birləşdirən əsas amildir. Yəni, tək şagirdin dostu deyil, həm də ictimaiyyətlə təhsil əlaqələrini yaxınlaşdıran prosesin tərkib hissəsidir. “Məktəblinin dostu”nun vasitəsilə ictimaiyyət bu gün gündəlik məktəb həyatı, tədris prosesi, məktəblərdə baş verən yeniliklər, şagirdlərin təşəbbüsləri, ideyaları ilə tanış olur. Nəzərə alsaq ki, sosial şəbəkələr bu gün əsas informasiya mənbələrindəndir, bu mənada bizim feysbuk səhifəmiz əsas təbliğat vasitələrindən biridir. Bir sözlə, həm işləyirik, həm də layihəmizi təbliğ edirik. Düşünürük ki, layihənin əhəmiyyəti aylar keçdikcə daha çox nəzərə çarpacaq və bu iş ölkə məktəblərinin hamısında tətbiq ediləcək.

yuxarı ⤴