1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Region xəbərləri
26.05.2017 / No19

 
 
 

 

 


“İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir

Abşeron rayonunun Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Əvvəlcə IX-XI sinif şagirdləri məktəb həyətində IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar fləşmob keçirib, müxtəlif idman növlərinə aid fəndlər nümayiş ediblər.
Məktəbin akt zalında davam edən tədbirdə təhsil müəssisəsinin direktoru Elnurə Cavadzadə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin ölkəmizin müsəlman dünyasına verdiyi ən böyük töhfələrdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan qısa müddətdə müstəqillik əldə etməsinə baxmayaraq, artıq aparıcı islam ölkələrindən birinə çevrilə bilib.
Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Cəmilə Quliyeva ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarından söz açaraq, bu oyunların bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə kömək edəcəyini vurğulayıb.
Tədbirdə müəllimlərdən Günel Alışlı və Aytəkin Mustafayeva Azərbaycanın digər islam dövlətləri ilə əlaqələrindən, elm və təhsil sahəsində əməkdaşlığından danışıblar.
Sonra 2-ci sinif şagirdləri hazırladıqları “Molla Nəsrəddin və Kəloğlanın sərgüzəştləri” adlı ədəbi-bədii kompozisiyanı tədbir iştirakçılarına təqdim ediblər.
Sonda IV İslam Həmrəyliyi Oyunlarına aid videoçarx nümayiş olunub.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Mən peşəmə çox bağlıyam”

Nuranə Xəlilova: “İlk gündən şagirdlərimə ixtisasımı sevdirə bilirəm”

Növbəti müsahibimiz Ağstafa rayonu Poylu kənd tam orta məktəbinin musiqi müəllimi Nuranə Xəlilovadır. O, 1995-ci ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olub. 9-cu sinfə kimi doğma kəndində təhsil alıb. Sonra Gəncə Humanitar Kollecinin musiqi müəllimliyi ixtisasını bitirib. İxtisasını ürəkdən sevir.
- Nuranə xanım, müəllim olmağa nə vaxt qərar vermisiniz?
- Müəllimliyi çox sevirəm. Atam musiqiçi olduğu üçün uşaqlıqdan musiqiyə bağlıyam. İxtisas seçərkən də, məhz musiqi müəllimliyini seçdim.
- Poylu kənd tam orta məktəbində müəllim işləmək sizə çətin deyilmi? Bu seçim sizi qane edirmi?
- Mən peşəmə çox bağlıyam. Heç bir çətinliyim yoxdur. Əsas odur ki, ilk gündən şagirdlərimə ixtisasımı sevdirə bilirəm. Lazım gələrsə, digər ən ucqar dağ kəndində işləməyə gedərəm.
- Regionlarda işləmək istəyən gənc müəllimlərə nə sözünüz var?
- Atalar deyib: “Aslanın erkəyi, dişisi olmaz”. Heç bir çətinlikdən qorxmasınlar, ən əsası, seçdikləri peşəni ürəkdən sevsinlər.
- Hazırda işlədiyiniz Poylu kənd orta məktəbində müəllim-şagird münasibətlərindən razısınızmı?
- Maraqlı sualdır. Bu gün müəllim-şagird münasibətlərində aparıcı qüvvə müəllimdir. Əgər müəllim bu münasibəti qoruyub saxlaya bilirsə, onda hər şey yaxşı olur. Mən şagirdlərimlə daimi dostluq etməyə çalışıram.
- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Dünyada və Azərbaycanda musiqi sahəsində olan yeniliklərlə maraqlanıram. Eyni zamanda, kirayədə qaldığım ev sahibinə bəzi ev işlərində kömək etməyi də unutmuram.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şagirdlər Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər

Qax rayonu Çinarlı kənd ümumi orta məktəbinin VII-IX sinif şagirdləri 18 may - Beynəlxalq Muzey Günü ilə əlaqədar olaraq Qax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin nə dərəcədə mühüm rol oynadığını şagirdlərə izah etmək olub. Şagirdlər muzeydəki qədim eksponatlarla tanış olublar.
Sonda muzeyin əməkdaşları tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Bəşəriyyətin bəlasına qarşı birgə mübarizə

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə bağlı Lerik rayonundakı Piran kənd məktəbində tədbir oldu. İdarə rəhbərlərinin, ağsaqqalların, ziyalıların, məktəb şagirdlərinin, müəllimlərin qatıldığı tədbir “Narkomaniyaya yox deyirik!” adlanırdı. Öncə iştirakçılar məktəblilərin çəkdiyi rəsmlər əsasında düzəldilmiş “Narkomaniya bəşəriyyətin bəlasıdır” sərgisinə baxdılar.
Məktəbin direktoru Rövşən Məmmədov bildirdi ki, insan ömrünün ən gözəl, mənalı dövrünü gənclik illəri təşkil edir. Bu illəri səmərəli keçirən ömrünü axıra kimi firavan qura bilir. Bəziləri bunu başa düşə bilmir, həyatını müxtəlif narkotik maddələrlə zəhərləyir. Direktor gəncləri zərərli vərdişlərdən çəkindirməyə, cəmiyyəti bu bəlaya düçar olanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səslədi.
Piran ərazi vahidi üzrə icra hakimiyyətinin nümayəndəsi Rizvan Əsədov, ağsaqqal ziyalı Aydın Şükürov, müəllim Ramin Şərbətov, kənd sakinləri Möhübbət Orucov, Məhərrəm Aslanov, “Lerik” qəzetinin redaktoru İdris Şükürlü və digər çıxış edənlər gənclərin asudə vaxtlarının mənalı təşkilini xüsusi vurğuladılar, narkomaniyaya qarşı mübarizə üçün tədbirləri daha da artırmağın zəruriliyini bildirdilər. Şair Vüqar Həmati vətənpərvər ruhda yazdığı şeirləri oxudu və bu səpgili tədbirlərin davamlı olmasını arzuladı.
Milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, sağlam gənclik böyütmək məqsədi daşıyan tədbir Piran kənd məktəblilərinin hazırladığı “Narkomaniyaya yox deyirik!” adlı səhnə ilə başa çatdı.

Zəfər ORUCOĞLU


Bilik yarışlarının yarımfinal mərhələsi keçirilib

Balakəndə yerləşən ümumi təhsil məktəbləri arasında təşkil olunmuş bilik yarışlarının yarımfinal mərhələsi keçirilib.
Bilik yarışlarının birinci mərhələsi fevral ayından etibarən rayon üzrə 6 zonada təşkil olunub. İkinci mərhələ olan yarımfinal mərhələsində zona üzrə yarışlarda ilk iki yeri tutan 12 məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb.
Yarımfinal mərhələsində I yeri Humanitar və texniki fənlər təmayüllü liseyin, II yeri Balakən şəhər 1 nömrəli tam orta məktəbin, III yeri isə Katex kənd 1 nömrəli tam orta məktəbin komandaları qazanıb.
Qalib komandalar yarışmanın final mərhələsində iştirak edəcəklər.

Vüsalə BƏDƏLOVA,
Balakən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Mayın 19-da Samux rayonu Alabaşlı kənd tam orta məktəbində Azərbaycan xalqının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub.
Dövlət himni səsləndirilib. Sonra məktəbin direktoru M.Məmmədova iştirakçılara Molla Pənah Vaqifin həyatı və zəngin irsi haqqında məlumat verib.
Şagirdlərin ifasında M.P.Vaqifin “Pəri”, “Başına döndüyüm”, “Bayram oldu”, “Görmədim”, “Hayıf ki, yoxdur” şeirləri səsləndirilib. Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından “Ağaməhəmməd şah Qacarla Vaqifin görüşü”, “Vaqiflə Xuramanın görüşü” və “Vaqiflə Molla Vəli Vidadinin deyişməsi” səhnələri göstərilib.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Göygölün gənc xilasedici və yanğınsöndürənləri birinci olub

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsi keçirilib.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliği olub.
Yarış “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” və “Komandaların təqdimatı” üzrə 4 mərhələdən ibarət olub.
Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin yerli qurumlarının dəstəyi ilə həyata keçirilən bu yarışda Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının komandaları iştirak edib.
Nəticədə zona mərhələsinin qalibi Göygöl rayon Çaylı kənd tam orta məktəbinin komandası olub.
Qalib komanda respublika yarışında iştirak etmək hüququ qazanıb.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Masallıda daha bir məktəb binası istifadəyə verilib

Masallı rayonunun Şatıroba kəndində 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Məktəbin açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov, rayon təhsil şöbəsinin müdiri T.Əkbərov, kənd ictimaiyyətinin nümayəndələri çıxış edərək, şagird və müəllim kollektivini təbrik ediblər.
Təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, müasir standartlara cavab verən məktəbdə şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait var. Valideynlər və kənd ictimaiyyəti belə bir şəraitin onların övladları üçün yaradıldığına görə ölkə başçısına minnətdarlıq ediblər.


Müəllim və tələbələrin bayram konserti

Mayın 23-də Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi və təsviri incəsənət şöbəsinin akt zalında 28 May - Respublika Günü münasibəti ilə “Fortepiano və ümumi fortepiano” fənn birləşmə komissiyasının müəllim və tələbələrinin konserti keçirildi. Konsert proqramı Dövlət himninin canlı ifası ilə başladı. Musiqi və təsviri incəsənət şöbəsinin müdiri Fikrət Kərimli iştirakçıları salamladıqdan sonra konsertin 28 May - Respublika Gününə həsr olunduğunu bildirdi və müstəqil Azərbaycanın incəsənəti tarixindən qısa məlumat verdi. FBK sədri Firuzə Abuşovanın bədii rəhbərliyi ilə keçirilən konsert proqramının hər bir nömrəsi dinləyicilərin sürəkli alqışları ilə tamamlanırdı. Kollecin müəllimlərindən Aytəkin Əsədli, Sevinc Eyvazova, Vüsalə Qasımova, İradə Salamova, Nigar Cəfərova, Şəhla Fərzullayeva və Minarə Qurbanova, tələbələrdən Sənubərxanım Əlizadə, Səda Mehdizadə, Cavid Dadaşov, Anar Nağızadə, Əfrasiyab Hümmətli və başqa tələbələrin fortepianoda ifaları izləyicilərin ruhunu oxşadı.
Kollecin direktoru Ruslan Həmidov yekunda çıxış edərək təşkilatçılara minnətdarlığını bildirdi, belə konsert proqramlarının tələbələrin təhsilində mühüm əhəmiyyət daşıdığını, onlarda daha böyük həvəs yaratdığını bildirdi.
Sonda müəllim və tələbələrlə xatirə şəkli çəkildi.

Cəmil QULİYEV,
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi


Monitorinq imtahanında şagirdlərin biliyi yoxlanılıb

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə məzmun standartlarının reallaşdırılmasının yoxlanılması və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə monitorinq imtahanı keçirilib. İmtahan V-VIII siniflər üzrə fiziki tərbiyə, texnologiya və təsviri incəsənət fənləri istisna olmaqla digər bütün fənlər üzrə hər birindən 10 sual olmaqla iki mərhələdə keçirilib.
Birinci mərhələdə V-VI siniflər üzrə 5, VII-VIII siniflər üzrə isə 6, ikinci mərhələdə isə kimya, informatika, fizika, xarici dil fənlərindən keçirilib. Sualları cavablandırmaq üçün şagirdlərə 2 saat vaxt verilib. Müvafiq fənlər üzrə ümumi sualların 80%-i açıq, 20%-i qapalı tipli tərtib edilib. İmtahan məktəbdə yaradılmış komissiya tərəfindən aparılıb. Fənn müəllimləri imtahan prosesindən azad edilib, imtahana nəzarətçilər məktəbin laborantları, uşaq birliyi rəhbəri və psixoloqu təyin edilib. İmtahanda ümumilikdə 125 şagird iştirak edib.

Xalid NƏCİYEV,
Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şakir CƏFƏROV

yuxarı ⤴