|
Qürur duyduğumuz müstəqillik tariximizi
şagirdlərə necə öyrədirəm
İlqar ABDULLAYEV,
Bakı şəhəri MLK-nın tarix müəllimi, əməkdar müəllim
May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu
hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin
biri - respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən,
yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq
Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik
mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər
bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək
açdığı bir gündür. Azərbaycan tarixi fənninin proqramında bu tarixlə bağlı
bir sıra mövzular vardır ki, onlar təkcə tariximizi öyrənib bilmək
baxımından deyil, həm də vətənpərvərlik tərbiyəsi üçün çox əhəmiyyətlidir.
Mən həmin mövzuları tədris edərkən bunu nəzərə alır, onlardan şagirdlərin
vətənpərvərlik tərbiyəsi vasitəsi kimi istifadə edirəm. Məsələn, V sinif
“Azərbaycan tarixi” dərsliyində “Bir dəfə yüksələn bayraq” mövzusunu tədris
edərkən göstərirəm ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan
Azərbaycan xalqı ötən əsrin əvvəllərində - bu işıqlı may günündə arzusuna
qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən
müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Buradaca
bildirirəm ki, Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı
elan edildi. Beləliklə, xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir
əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk
demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli
Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ,
tarixi hadisə oldu.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxmışdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın
siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək
istedad və qabiliyyətinin göstəricisi idi.
IX sinifdə “Azərbaycan Demokratik Respublikasının yaranması” mövzusunu
keçərkən də şagirdlərə bildirirəm ki, 1918-ci il mayın 28-də Azərbaycanın
istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında
və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin -
Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin,
Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa
Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət
xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın
yaddaşına əbədi həkk olunmuşdur. Bəli, tarix XX əsrin əvvəllərində
Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də
Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıldığı elan olundu.
Şagirdlərə bildirirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın
28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur.
Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl, öz
milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha
gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə,
F.X.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər
istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin əsaslarını
möhkəmləndirdilər.
Yenə IX sinifdə “Azərbaycan tarixi” dərslərində “Azərbaycan Demokratik
Respublikasının yaradılması” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm
ki, nəhayət, 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan
Xalq Cümhuriyyətinin müstəqilliyi dünya dövlətləri tərəfindən de-fakto qəbul
edildi. Tam cəsarətlə demək olar ki, bu hadisələrlə artıq xalqımızın
tarixində yeni bir səhifə açılırdı. Azərbaycan Milli Şurasının qəbul etdiyi
“İstiqlal Bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili
və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi.
“Bəyannamə”də elan edilmiş prinsiplər- Azərbaycan xalqının öz müqəddəratını
təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə,
habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq,
bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nın beynəlxalq
nüfuzunu artırdı. “İstiqlal Bəyannaməsi” Azərbaycan demokratiyası və
parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də
öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. “İstiqlal Bəyannaməsi”
bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq
Azərbaycanda demokratik idarə üsulunun - parlamentli respublikanın
yaradıldığını xəbər verirdi.
Mövzunun tədrisi zamanı şagirdlərə bildirirəm ki, Birinci Dünya
müharibəsinin gedişində və Romanovlar sülaləsinin devrilməsi nəticəsində
yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında
dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika
formasında dirçəldi. Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və
beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq
etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman
əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Rus generalları tərəfindən
silahlandırılmış erməni quldur dəstələri isə Şərqi Anadolunun və Qərbi
Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı soyqırımını davam
etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir
fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək
təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici
qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün Cənubi Qafqaz üçün yeni
təhlükə - bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz
tarixinin ağır yolayrıcında qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv
edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib
götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri
məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa
bilməyən xalqın önünə keçdilər. Şagirdlərə bildirirəm ki, Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyət dövrünü şərti olaraq üç mərhələyə bölmək olar:
1. Tiflis dövrü (1918-ci il 28 may-17 iyun);
2. Gəncə dövrü (1918-ci il 16 iyun-17 sentyabr);
3. Bakı dövrü (1918-ci il 17 sentyabr - 1920-ci il 28 aprel).
Bu müddət ərzində dövlət quruculuğunun bütün sahələrində çox mühüm tədbirlər
həyata keçirildi. AXC-nın mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət
göstərmişdir. Bunların üçünə F.X.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq
etmişdir. Bu müddət ərzində o dövrlər üçün çox böyük işlər görüldü.
Azərbaycanın üçrəngli, ay-ulduzlu Dövlət bayrağı qəbul edildi.
Azərbaycan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi.
Bakı Dövlət Universiteti fəaliyyətə başladı. İlk milli muzey - “İstiqlal”
muzeyi təşkil olundu. Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi.
Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və
Cəbrayıl adlandırıldı. Azərbaycan Milli Ordusu və Hərbi Dəniz Donanması
təşkil olundu. Ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı. Bütün təbii
sərvətlərin xalqa mənsubluğu haqda qərar qəbul edildi. Daha sonra himnimiz,
gerbimiz və dövlət bayrağımız qəbul olundu. Azərbaycan bütün sahələrdə
beynəlxalq sazişlərə imza atmağa başladı, müstəqil inkişaf yoluna qədəm
qoydu.
“İstiqlal Bəyannaməsi” ilə Azərbaycan Respublikası öz ərazisində tam dövlət
hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi.
Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları -
parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət
göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən
tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Azərbaycan Xalq
Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi
idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq
və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı
olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox
Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan
dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi
diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin
miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
IX sinifdə “Azərbaycan Demokratik Respublikasının yaradılması” mövzusunu
tədris edərkən şagirdlərimə onu da bildirirəm ki, 1920-ci il aprelin
27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə
elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi,
suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş
hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük
qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Bunun ardınca
Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq
edildi. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu
ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan
Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilmiş,
Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunmuş, milli
sərvətləri çapılıb talanmışdır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza
tədbirlərinə məruz qalmış, onun milli ləyaqəti tapdalanmışdır. Bütün bunlara
baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam
etdirmişdir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında”
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi
Bəyannamə də bu mübarizənin yekunu olmuşdur. 1991-ci il oktyabrın 18-i isə
Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul
olunduğu gündür.
Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra 1993-cü ilin may-iyun
aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş
müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda
xalqın təkidli çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm
qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. |