1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Professor Yəhya Şəfi oğlu KƏRİMOV - 90
İbtidai təhsilin fədaisi
26.05.2017 / No19

 
 

 

 


Faiq ŞAHBAZLI,
Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi Pedaqoji Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent,

Akif ABBASOV,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor

Pedaqoji elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Şəfi oğlu Kərimovun anadan olmasının 90 ili və elmi-pedaqoji fəaliyyətinin 75 illiyi tamam olur.
Yəhya Kərimov 1927-ci ildə alimlər məskəni olan Qax rayonunun İlisu kəndində anadan olub, burada boya-başa çatıb.
Qax orta məktəbində təhsilini başa vuraraq, Şəki Pedaqoji Texnikumuna daxil olub, həmin texnikumu bitirdikdən sonra pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb, 16 yaşında rayon komsomol komitəsində şöbə müdiri kimi fəaliyyətini davam etdirib. 1945-ci ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun Şəki şəhərində yerləşən kursunu bitirib sinif müəllimi işləyib.
1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini başa vuraraq, Quba Müəllimlər İnstitutuna müəllim təyin edilib. Sonralar Qazax və Şəki şəhərlərindəki müəllimlər institutlarında Azərbaycan dili, pedaqogika, pedaqogika tarixi, psixologiya və məntiq fənlərindən dərs deyib, özünü bacarıqlı bir pedaqoq kimi təsdiq edib.
1955-ci ildən taleyini Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) bağlayıb. İnstitutun aspiranturasında təhsil alıb, kiçik elmi işçi, şöbə müdiri işləyib, 1976-cı ildən 2015-ci ilədək elmi işlər üzrə direktor müavini, Nəzəri tədqiqatlar mərkəzinin direktoru vəzifələrində çalışıb. Hazırda institutun baş elmi məsləhətçisidir.
Yəhya müəllimin 1962-ci ildə “İbtidai sinif şagirdlərinin nitqindəki şivə xüsusiyyətləri və onların aradan qaldırılması yolları” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası üzrə müdafiə edilən ilk namizədlik dissertasiyası idi. Gənc alim həmin ildən etibarən ibtidai təhsilin elmi-nəzəri problemlərini daha sistemli və məqsədyönlü şəkildə və vaxtaşırı araşdırmaqda davam edib.
O, “İbtidai siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsasları” mövzusunda doktorluq dissertasiyasını 1975-ci ildə müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi alıb.
Uzun illər respublikamızda maarif naziri olmuş akademik Mehdi Mehdizadə Yəhya Kərimovu “ibtidai təhsilin fədaisi” adlandırırdı. Bu, heç də təsadüfi deyildi. Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı Yəhya müəllimin adı ilə bağlıdır. O, uzun illər ibtidai məktəbdə təlim və tərbiyə işlərinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərib, praktikadan nəzəriyyəyə, nəzəriyyədən praktikaya aparan uzun yolun yolçusu olub. Yəhya müəllim minlərlə müəllimin zəkasını nurlandırıb, bütün şüurlu həyatını böyüməkdə olan nəslin təlim və tərbiyəsinə həsr edib. Ləyaqətli vətəndaş mövqeyi nümayiş etdirərək, Azərbaycan dilinin təmizliyi, saflığı keşiyində dayanıb. O, respublikamızda savad təliminin nəzəri və praktik məsələlərini tədqiqata cəlb edən və onun sistemini işləyib hazırlayan mütəxəssis kimi tanınır.
Professor Yəhya Kərimov ölkəmizdə təhsil sahəsində aparılan kütləvi eksperimentlərin öncüllərindən olub. Onun təşəbbüsü və rəhbərliyi altında 1964-1965-ci illərdə 20 şəhər və kənd məktəbində eksperimentlər qoyulub, iştirakı ilə proqram və dərsliklər, dərsliklərə metodik rəhbərliklər hazırlanıb, 1969-1970-ci tədris ilində kütləvi şəkildə üçillik təlimə keçilib.
1972-ci ildə altıyaşlıların məktəbəqədər tərbiyə müəssisələrində və ailədə məktəbə hazırlanmaları üzrə eksperimental tədqiqatlara başlanıb. Yəhya müəllim, adəti üzrə həmin tədqiqatların rəhbərlərindən biri olub. Nəhayət, 1977- 1992-ci ildən 7 yaşdan başlanan üçillik təlim sistemi dayandırılıb və ölkəmizin ümumtəhsil məktəblərində təlimə 6 yaşdan başlanılıb. Yeni sistemin həm proqramları, həm də dərslikləri professor Y.Kərimovun rəhbərliyi və iştirakı ilə hazırlanıb. Beşgünlük tədris həftəsinə keçilməsi (1980-1984-cü illər), 5 yaşlıların təlimə cəlb edilməsi sahəsində eksperimental tədqiqatlara da Yəhya müəllim rəhbərlik edib.
Yəhya müəllim respublikamızın şəhər, rayon və kənd məktəblərini qarış-qarış gəzib, irəli sürdüyü nəzəri ideyaların məktəblərdə tətbiqinə nail olub. Elə bir məktəb yoxdur ki, orada təhsil müəssisəsi rəhbəri, müəllimlər, xüsusən ibtidai sinif müəllimi onu tanımasın. Onlar Yəhya müəllimin dəyərli məsləhətləri, əsərlərinin köməyi ilə təlim prosesini optimallaşdırıb və təkmilləşdirib.
Daim axtarışda olan professor Yəhya Kərimovun tədqiqatları təkcə pedaqogikanın ümumi məsələləri ilə məhdudlaşmır, o, eyni zamanda təbiətşünaslıq, ətraf aləmlə tanışlıq, musiqi və rus dilinin tədrisi ilə əlaqədar araşdırmalar aparıb, dərslik və dərs vəsaitləri yazıb. Yəhya müəllim Dağıstandakı Azərbaycan məktəbləri, Azərbaycanda yaşayan milli azlıqların ibtidai məktəbləri üçün də proqram və dərsliklər hazırlayıb.
Professor Yəhya Kərimov dərin təfəkkürə və məntiqə, yüksək nitq mədəniyyətinə malik alimdir.
O, yüzlərlə elmi əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktik problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Elmi tədqiqat metodları”, “İbtidai təlim: problemlər, vəzifələr”, “İbtidai siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsasları”, “Təlim metodları”, “Uşaq bağçalarında nitq inkişafı”, “İbtidai siniflərdə yazılı inşalar”, “Hüsnxət təliminin metodikası”, “İslam dəyərləri işığında”, “İbtidai siniflərdə leksik işlər”, “Uşaq məktəbə gedir”, “I sinifdə islahat”, “Ana dilinin tədrisi metodikası”, “Yazı təliminin bəzi məsələləri”, “Məktəblinin orfoqrafiya lüğəti”, “İbtidai siniflərdə orfoqrafik çalışmaların sistemi”, “İbtidai siniflərdə öyrədici yazılar” və s. kitab, kitabça və monoqrafiyaların müəllifidir. Alimin “Seçilmiş əsərlər”inin 10 cildliyi işıq üzü görüb.
O, uşaq bağçaları üçün “İlk addımlar” (professor Ə.Ə.Əlizadə ilə birlikdə, 1968), altıyaşlılar üçün “Qönçə” (1986) adlı dərs vəsaiti də hazırlayıb nəşr etdirib.
İbtidai siniflərin “Əlifba”, “Ana dili”, “Oxu”, “Azərbaycan dili” dərsliklərini 30-40 il ərzində, həmin dərsliklərə aid metodik göstərişləri, iş dəftərlərini, “Hüsnxət”i, tədris proqramlarını Yəhya müəllim hazırlayıb.
Uzun illərdir ki, ali məktəblərdə onun “Ana dilinin tədrisi metodikası” və “Azərbaycan dilinin tədrisi metodikası” dərsliklərindən istifadə olunur.
Pedaqoji ictimaiyyət, respublika alimləri və pedaqoqları arasında professor Yəhya Kərimovun xüsusi hörmət və nüfuzu var. Dövlətimiz və hökumətimiz də onun fədakar əməyini lazımınca qiymətləndirib.
Yəhya müəllim müxtəlif yığıncaqlarda, elmi konfranslarda, “dəyirmi masa” arxasında məruzə və çıxışlarında, görüşlər zamanı öz orijinal fikirlərilə dinləyicilərini düşündürür, onlara təhsilin inkişafı, təlim-tərbiyə prosesinin düzgün təşkili yollarını göstərir.
Yəhya müəllim hələ ittifaqa daxil olduğumuz illərdə Qırmızı Əmək Bayrağı ordeni, “Lenin” yubiley medalı, “Əmək veteranı” və “Fədakar əməyə görə” xatirə medalları, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, Azərbaycan SSR və Dağıstan MSSR maarif nazirliklərinin Fəxri fərmanları, SSRİ və Azərbaycan SSR maarif əlaçısı döş nişanlarına layiq görülüb.
Müstəqilliyə qovuşduğumuz illərdə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına, Prezident təqaüdünə layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub.
Yəhya müəllim elmi mübahisələri xoşlayan alimdir. O, fikir orijinallığı ilə seçilir. Elmdə yorğunluğun, dincəlməyin nə olduğunu bilmir. Yəhya müəllim zəngin elmi potensiala və yaradıcılıq enerjisinə malik bir pedaqoqdur. Bu onu göstərir ki, o, bundan sonra da öz tədqiqatlarını davam etdirəcəkdir.
Yəhya müəllim elmi işdə tələbkarlığı ilə fərqlənir. Bu tələbkarlıq gənc tədqiqatçılara, doktorant və dissertantlara qayğıdan, xeyirxahlıqdan irəli gəlir.
Professor Yəhya Kərimov Azərbaycanda pedaqogika elminin görkəmli nümayəndəsi, fənlərin tədrisi metodikası, xüsusən Azərbaycan dilinin tədrisi metodikası kimi ümdə elm sahəsinin mahir bilicisi və səriştəli tədqiqatçısı kimi tanınır. Mübaliğəsiz deyə bilərik ki, son yarım əsrdə respublikamızda məktəbəqədər və ibtidai təhsilin aktual problemlərinə onun kimi yaxından bələd olan ikinci şəxsə az təsadüf edilər.
O, 1970-ci ildən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının (hazırda “Məktəbəqədər ibtidai təhsil” jurnalı adlanır) redaktorudur.
Professor Yəhya Kərimov elmi və pedaqoji kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Hazırda da bu xeyirxah işini davam etdirir. Onlarla fəlsəfə və elmlər doktoruna rəsmi opponenti kimi rəy verib, 50-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişdirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində, Özbəkistan Pedaqoji Universitetində, Qazaxıstan Elmi-Tədqiqat Pedaqoji İnstitutunda, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda, Bakı Musiqi Akademiyasında fəaliyyət göstərmiş dissertasiya şuralarının sədri, həmsədri, sədr müavini və üzvü kimi yüksəkixtisaslı alimlərin hazırlanmasında yaxından iştirak edib.
Pedaqogika üzrə elmlər doktoru, professor Yəhya Şəfi oğlu Kərimov uzun bir ömür yolu keçib.
Bütün kollektivimiz adından Yəhya müəllimə cansağlığı, yaradıcılıq uğurları arzulayırıq!!! 90 yaşınız mübarək, Yəhya müəllim!
 

yuxarı ⤴