1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Gələcəkdə çoxlu sayda istedadlı rəqqas yetişdirmək arzusundayam”
26.05.2017 / No19

 
 

 

 


Səbinə Xəlilli: “Anam isə məni həkim kimi görmək istəyir”

Sifai SƏFƏROVA

Xoş bənizindən təbəssüm yağan və bir az da utancaq olan Səbinə Xəlilli ilə Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dəhlizində görüşürük. Uşaqlar rəqs dərnəyinin müəllimi Samirə Musaimin ətrafına toplaşıb nə isə müzakirə edirlər. Səbinə isə sevincək halda yaşıdlarına üz tutaraq, dostlar, səfərimiz yaxınlaşır, artıq lap az qalır, cəmi 20 gün. Rəqs qrupumuz iyunun 18-də İtaliyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək. Bir gün Berlində, on gün İtaliyada qalacağıq. Birinci dəfədir ki, İtaliyaya səfər edirik. Səbirsizliklə həmin günü gözləyirəm. İnanıram ki, həmişə olduğu kimi, yenə də paytaxtımıza qələbə ilə qayıdacağıq. Səbinə elə həvəslə danışırdı ki, elə bil lap İtaliyada idi. Söhbətimiz olduqca maraqlı keçdi. Onun haqqında məqalə yazacağımı biləndə çox sevindi və özü haqda, üzvü olduğu dərnək barədə ətraflı məlumat verməyə başladı.

“Milli solo” nominasiyası üzrə I yeri tutduğuma görə diplom qazanmışam”

- Bakıdakı 32 nömrəli tam orta məktəbin VII sinfində təhsil alıram. Dərslərimdən “4” və “5” qiymətlər alıram. II sinifdə oxuyarkən təhsildə və məktəbin ictimai həyatında fərqləndiyimə görə fəxri fərmanla təltif edilmişəm. “Novruz bayramı”na həsr olunmuş “Folklor-musiqi” müsabiqəsində “Milli solo” nominasiyası üzrə I yeri tutduğuma görə diplom qazanmışam. Dənizi çox sevirəm. İdmanın üzgüçülük növü ilə də məşğul oluram. Siniflərarası keçirilən voleybol yarışlarında iştirak edirəm. Növbəti tədris ilində voleybol üzrə keçirilən yarışlara qatılacağam. 5 yaşımdan “Milli rəqs” dərnəyində məşğul oluram. İlk dəfə “Naz eləmə” rəqsini İlfat Qasımovla nümayiş etdirmişəm. Rəqs qrupumuzda 20-25 uşaq var, hamısı da bir-birilə çox mehribandır. Biz milli rəqslərimizi ölkəmizin hüdudlarından kənarda da təbliğ edirik. Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları var ki, onlar da öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlıdır, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin böyük əhəmiyyətə malik olduğunu göstərir. Xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Rəqslər üç növə bölünür. Bir nəfər tərəfindən, iki nəfərin iştirakı ilə və kollektiv şəklində oynanılan rəqslər xarakterinə, tempinə, melodiyasına görə fərqlidir. Qeyd edim ki, mərkəzin xətti ilə üç dəfə İstanbulda, iki dəfə Bodrumda, dəfələrlə Antalyada, Hollandiyada, Bolqarıstanda və Gürcüstanda Azərbaycan və dünya rəqslərimizi nümayiş etdirmişik. Azərbaycan xalq rəqsləri mövzu baxımından da çox rəngarəngdir. Sanki hər rəqs bir rəvayətin, bir hekayətin nəqlidir.

“Al-əlvan parçalardan tikilmiş paltarlarımız münsiflərin xoşuna gəlmişdi”

Ən maraqlı səfərlərimizdən biri də Gürcüstanda keçirilən Vonderland beynəlxalq konsert festivalı olub. Mən “Azəri inciləri” mahnı və rəqs qrupunun tərkibində Azərbaycanı təmsil edirdim. Rəqiblərimiz gürcüstanlı və ermənistanlı yaşıdlarımız idi. Biz milli rəqslərimizi nümayiş etdirərkən zalı alqış sədaları bürüdü. Münsiflər heyəti ifa etdiyimiz rəqslərə görə bizə təşəkkür etdi. Al-əlvan parçalardan tikilmiş paltarlarımız onların çox xoşuna gəlmişdi. Bizim milli rəqs qrupumuz Qran-pri mükafatına layiq görüldü.

“Ad günüm olmasını yaddan çıxartmışdım”

2013-cü ildə İstanbulda keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalına mən də qatılmışdım. Festivalda “Naz eləmə”, “Məzəli rəqs”, “Qızların rəqsi”, “Şirinlər” rəqs qrupunun məharətli çıxışları tamaşaçıları heyrətləndirdi. Ertəsi gün dostlarımla birlikdə şəhərin görməli, gəzməli yerlərinə tamaşa etdikdən sonra otelə qayıtdıq. Çox yorulmuşdum. Gördüm ki, hamı məni görən kimi ad günün mübarək, söyləyir. Mən də onlara qoşulub birlikdə bu sözləri təkrar edirdim. Bilmirdim kimin ad günüdür. Ad günüm olmasını yaddan çıxartmışdım. Tamam unutmuşdum ki, bütün bunlar mənim üçündür. Mənim 10 yaşımı orada qeyd edirdilər. Həmin gün xeyli şənləndik, oxuduq, oynadıq, rəqs etdik, mahnılar ifa etdik, səhərin açılmasını belə hiss etmədik. Sonda isə çay süfrəsi təşkil olundu və tortla çay içdik. Ad günüm çox maraqlı keçdi. Evə gələrkən həmin hadisəni dostlarıma danışdım və xoş bir xatirə kimi gündəliyimdə də qeyd etdim...

“Hollandiyada Xocalı abidəsini ziyarət etdik”

2014-cü ildə Hollandiyada beynəlxalq festivalda olduq. Bizi orada yaşayan azərbaycanlılar qarşıladılar. İki gün Fidan adlı azərbaycanlının evində qaldıq. Çox səmimi və mehriban ailə idilər. Heç bizdən ayrılmaq istəmirdilər. Orada olarkən Xocalı abidəsini ziyarət etdik, tər qərənfillər alıb abidənin önünə düzdük. Hollandiyada 7 gün qaldıq. Həmkarlarımız bizə öz tarixi yerlərinin maketlərini göstərdilər. Mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının üzvləri də bizimlə idilər. Milli rəqslərimizlə bərabər hind, türkmən, Çin rəqslərini də ifa etdik. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan xalq rəqsləri nəsildən-nəslə ötürülüb və bugünkü zirvəni fəth edib. “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı”, “Dərbəndi”, “Tərəkəmə”, “Toy rəqsi”, “Turacı”, “Uzundərə”, “Vağzalı”, “Xançobanı”, “Yallı”, “Yerli rəqs”, “Zoğalı” və sair mahnılar bu qəbildəndir. Bu zəngin rəqs irsimizin lap qədimlərdən qaynaqlanan kökləri var. Bir sözlə, Azərbaycan rəqsi insanın hissini, duyğusunu, sevinc və kədərini ifadə edir.

“Uğurlarım zəhmətimin bəhrəsidir”

İstirahət günlərini həmişə səbirsizliklə gözləyirəm. Dostlarım da mənim keçirdiyim hissləri yaşayırlar. Çünki həftənin qalan günləri həddindən artıq gərgin oluruq. Məşqlər, dərslərimiz, hazırlıqlar və sair. O ki qaldı çətin günə, onu hələ şükürlər olsun yaşamamışam. Məncə insan ən çətin problemini belə özü həll etməyə çalışmalıdır. Başqasına yük olmağı qətiyyən xoşlamıram. Uğur sözünü tez-tez işlədirik. Uğura gedən yolda məqsəd aydın olmalıdır. Onda onu həyata keçirmək də asan olar. Çalışqan olmaq lazımdır ki, uğur qazanasan. İnsan özünə güvənməlidir. O, yalnız özünü gördüyü sahədə uğur qazana bilər. Beynəlxalq festivallarda qazandığım mükafatların hamısı gərgin əməyimin nəticəsidir.

“Çoxlu dostum var”

İstanbulda olakən Ayşənnur Özdəmirin ailəsində qonaq olduq. O da VII sinifdə oxuyurdu. Onun oxuduğu məktəbə gedib sinif yoldaşları Alara Akderin, Damla Yıldız, Derin Akderin, Tuana Hocazadə, Doğa Dağıstanlı, Ebrar Emeksizoğlu, Nəbiyə Eşki, Serra Güner, Selenay Budur və s. ilə tanış oldum. Dərslərində oturduq, çoxlu söhbətlər etdik. Paytaxtdan apardığımız sovqatları, şirniyyatları Ayşənnurun sinif yoldaşlarına payladıq. Azərbaycanın milli mətbəxinin zənginliyindən onlara söz açdıq. Söhbətimizi dinlədikcə onlar xəyalən özlərini Azərbaycanda hiss edirdilər.
Hər dəfə vətənə döndükdə öz təəssüratlarımı sinif rəhbərim - Azərbaycan dili və ədəbiyyat müəllimim Aynurə Məmmədova ilə bölüşürəm. Vətənpərvərlik mövzusunda şeirlər yazıram. İlk oxucum anamdır. Qiymətimi də elə o yazır. Rəqs mənim həyatımdır. Rəqssiz özümü təsəvvür etmirəm. Evdə olarkən musiqisiz də qol açıb süzürəm. Rəqs etməkdən xüsusi zövq alıram. Bu, mənim hobbimdir. Gələcək arzularım isə tükənməzdir. Rəqs müəllimim Samirə Musaimi çox sevirəm. Qrupumuzda hamı rəqs müəllimi olmaq istəyir. Bu istəyi bizdə Samirə müəllim yaradıb. Mən də ona oxşamaq istəyirəm. Gələcəkdə çoxlu sayda istedadlı rəqqas yetişdirmək arzusundayam. Amma təəssüflər olsun ki, anam isə məni gələcəkdə həkim kimi görmək istəyir. Bacım Aynurə Xəlilli “ADA” Universitetində təhsil alır. Bir an belə mütaliəsiz qalmırıq. Çünki insanın dünyagörüşünün formalaşmasında mütaliə mühüm rol oynayır. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərini oxuyuram. Öz filmlərimizi də izləyirəm. İnsan filmlərdəki müsbət qəhrəmanlara bənzəməyə can atır. Mən ingilis və rus dillərini də həvəslə öyrənirəm. Bilirəm ki, bunların hər ikisi olduqca vacibdir.
Qeyd edim ki, bu günlərdə Milli Olimpiya Komitəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançılarının mükafatlandırma mərasimində bizim mərkəzin üzvü olduğum “Azəri inciləri” mahnı və rəqs qrupu da iştirak etdi. Bizim ifa etdiyimiz “Türkmən” rəqsi alqışlarla qarşılandı. İyunun 9-da isə hesabat konsertimiz olacaq. “Səndən bir dənədir”, “Türkmən”, “Milli rəqs” ifa edəcəyik. Bu konsertə də ciddi hazırlaşırıq.

yuxarı ⤴