1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Xalq qəhrəmanları ilə tanınır”
26.05.2017 / No19

 
 

 

 


Rəşad ZİYADOV

Bu günlərdə Bakıdakı 39 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun anadan olmasının 65 illiyinə həsr olunmuş “Xalq qəhrəmanları ilə tanınır” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində keçirilən tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə məktəbin direktor müavini Könül Rəhimova açaraq ümummilli lider Heydər Əliyevin Milli Qəhrəmanlar haqqında dediyi fikrini xatırladıb. “Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Milli Qəhrəmanlarımızın həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir!”. K.Rəhimova bildirib ki, Milli Qəhrəmanları tanıdıb təbliğ etmək, gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur.
Sonra söz şagirdlərə verilib. Onlar Milli Qəhrəmanın həyatı, keçdiyi döyüş yolu haqqında geniş məlumat veriblər. Atasının, digər ailə üzvlərinin iştirakı, çıxışları ilə çəkilmiş videoçarxlar, şagirdlərin ifasında şeirlər, kompozisiyalar, səhnələr nümayiş etdirilib. Tədbirdə həmçinin Azərbaycanın sevilən müğənnilərindən Kamil Cəfərov və saz ustaları da çıxış ediblər.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək bildirib ki, vətən yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur.
Milli Qəhrəmanın oğlu, polis kapitanı Sənan Şükürov çıxış edərək atasının xatirəsini hörmətlə anan hər kəsə öz təşəkkürünü bildirib və Milli Qəhrəmana məxsus “Qızı ulduz” medalını muzeyə bağışlayıb.
Tədbirin sonunda Milli Qəhrəmanın qardaşı, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Malik Şükürov çıxış edərək bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanmasında nə qədər vacib olduğunu vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, BŞTİ-nin Ümumi təhsil sektorunun məsləhətçisi Xalidə İbrahimova, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Kəlbəcərin sayılıb-seçilən ziyalıları, Milli Qəhrəmanın yaxınları və ailə üzvləri, Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndələri çıxışlarında bildiriblər ki, Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.


 

yuxarı ⤴