|
Ölkəmizdə idmanın inkişafı, onun
kütləviləşməsinə nail olunması istiqamətində çox
mühüm tədbirlərin həyata keçirilməsinin,
məqsədyönlü işlərin aparılmasının hər birimiz
şahidiyik. Bu gün qürur hissi ilə qeyd etmək
olar ki, xüsusilə yeniyetmə və gənclər arasında
idmana maraq gündən-günə artmaqda, bu sahədə
qazanılan uğurların sayı çoxalmaqdadır. Son
illər Azərbaycan digər sahələrdə olduğu kimi,
idmanda da mühüm nailiyyətlər əldə etmişdir.
Dövlət başçısı İlham Əliyevin idmana diqqət və
qayğısı sayəsində respublikamız artıq idman
ölkəsi kimi dünyada öz layiqli yerini tutub.
Hazırda müstəqil Azərbaycanın idmançıları dünya
miqyasında böyük uğurlar qazanırlar. Ölkəmiz
dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil
olub. İndi istər Bakı, istərsə də bölgələrdə
region və beynəlxalq əhəmiyyətli idman yarışları
ən yüksək səviyyədə keçirilir. Dövlət
siyasətinin nəticəsi olaraq bütün rayonlarda
gözəl və hər cür şəraiti olan idman kompleksləri
yaradılır. Belə komplekslər bir daha sübut edir
ki, ölkəmizdə idmanın kütləviliyini artırmaq,
gənclərin idmana marağını təmin etmək və bu
sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət
tərəfindən məqsədyönlü işlər həyata keçirilir.
Təsadüfi deyil ki, respublikamızda idman
sahəsinə göstərilən diqqət artıq bütün dünyada
böyük rəğbətlə qarşılanır.
Azərbaycan təhsilinin inkişafı istiqamətində bir
sıra yeniliklərə, əsaslı dəyişikliklərə nail
olan Təhsil Nazirliyi də dövlət siyasətinin
prioritet istiqamətlərindən biri sayılan idmanın
yeniyetmə və gənclər arasında kütləviliyini
artırmaq, onların asudə vaxtlarının daha
səmərəli və mənalı keçirmələri üçün bu sahəyə
xüsusi diqqət ayırır. İdmanla bağlı bir çox
təşkilatlarla əməkdaşlıq edən Təhsil
Nazirliyinin bu istiqamətdə apardığı işlər,
reallaşdırdığı tədbirlər olduqca təqdirəlayiqdir.
Nazirliyin Azərbaycan Tələbə Futbol Federasiyası
İctimai Birliyi ilə yaratdığı sıx işgüzar
əlaqələr məhz bu baxımdan xüsusilə fərqlənir.
Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının bir strukturu kimi 2008-ci ildə
yaradılan Azərbaycan Tələbə Futbol Federasiyası
İctimai Birliyi tələbələr arasında futbolun
kütləviliyini artırmaq, onun inkişafına dəstək
vermək, daha çox komandaların çempionatlarda
iştirakını təşkil etmək, tələbə futbol yığma
komandalarının formalaşdırılması və yarışların
yüksək səviyyədə keçirilməsi, eyni zamanda bu
komandaların beynəlxalq səviyyədə keçirilən
yarışlarda iştirakını təmin etmək istiqamətində
bir sıra işlər görür.
ATFF İB yaranandan tələbələr arasında futbolun
təbliği ilə əlaqədar ancaq böyük futbolun
çempionatları keçirilirdi və iştirak edən
komandaların sayı 30-a çatmırdı.
2015-ci ilin may ayında ATFF İB -nin İcraiyyə
Komitəsinin yeni tərkibinin və Federasiyanın
prezidentinin seçilməsindən sonra bu qurumun
fəaliyyətində canlanma hiss olunmağa başlandı.
2016-2020-ci illərdə ATFF İB-nin inkişaf
konsepsiyası və fəaliyyət planı təsdiq edildi.
Bu sənədlərin əsas məqsədi ölkəmizdə futbol
idman növünün ali və orta ixtisas məktəblərində
hərtərəfli inkişafına nail olmaqdır. ATFF İB -nin
futbolun inkişafı, onun kütləviliyini daha da
artırmaq, əhatə dairəsinin genişləndirilməsi
istiqamətində gördüyü işlərdən biri də bu il
respublikamızda tələbələr arasında ilk dəfə
olaraq futzal üzrə Respublika birinciliyinin
keçirilməsi oldu. Bununla əlaqədar əsasnamə
hazırlanaraq təsdiq edildi və bu yarışın daha
mütəşəkkil keçirilməsi və daha çox tələbə
komandaların cəlbinə nail olmaq üçün ciddi
hazırlıq işlərinə start verildi. AFFA,
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai
Birliyinin təşkilatçılığı, Təhsil, Gənclər və
idman nazirlikləri, Futzal Futbol
Federasiyasının dəstəyi ilə keçirilən futzal
üzrə Respublika birinciliyində ali təhsil
ocaqları ilə yanaşı, orta ixtisas təhsili
müəssisələrinin tələbələrinin iştirak etməsi də
bu il tətbiq edilən yeniliklərdəndir. Onu da
qeyd edək ki, aprelin 18-də Bakı İdman Sarayında
təhsil nazirinin müavinlərinin, AFFA prezidenti
Rövnəq Abdullayevin, Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadənin, Gənclər
və İdman Nazirliyinin, Futzal Futbol
Federasiyasının nümayəndələrinin, eləcə də ali
təhsil müəssisələrinin rəhbərlərinin iştirakı
ilə ali və orta ixtisas təhsili müəssisələrinin
tələbələri arasında keçirilən futzal üzrə
Respublika birinciliyinin açılış mərasimi özünün
möhtəşəmliyi ilə təhsil ictimaiyyəti, eləcə də
idmansevərlər üçün əlamətdar bir hadisəyə
çevrildi.
40 komanda üzrə 800-ə yaxın tələbənin qatıldığı
nüfuzlu yarışda demək olar ki, respublikanın
bütün bölgələri əhatə olunub. ATFF İB tərəfindən
idman dəstləri ilə tam təmin olunan komandaların
hər biri bu yarışlarda yüksək əzmkarlıq nümayiş
etdirərək təmsil etdikləri təhsil müəssisəsinə
qalibiyyət qazandırmaq arzusundadır.
Artıq respublika birinciliyinin yarımfinal
oyunları başa çatıb və finala vəsiqə qazanan ali
və orta ixtisas təhsili müəssisələrinin
komandaları müəyyən edilib. İyun ayının
əvvəlində futzal üzrə Respublika birinciliyinin
final oyunu keçiriləcək.
Yarışlarda I, II, III, IV yerləri tutan
komandalar AFFA-nın, Təhsil Nazirliyinin, Futzal
Federasiyasının, ATFF İB-nin müvafiq diplomları,
kuboklar və qiymətli hədiyyələrlə
mükafatlandırılacaqlar. Bundan başqa, futzal
birinciliyində fərqlənən 5 tələbə futbolçunun da
xüsusi mükafatlarla təltif olunması nəzərdə
tutulur. Qalib komanda beynəlxalq yarışlara cəlb
olunacaq.
Ümidvarıq ki, ilk dəfə olaraq ali və orta
ixtisas təhsili müəssisələrinin tələbələri
arasında futzal üzrə Respublika birinciliyinin
keçirilməsinin özünün genişmiqyaslılığı,
mütəşəkkilliyi, eyni zamanda ictimaiyyət
tərəfindən maraqla qarşılanması baxımından idman
tariximizə ən yaddaqalan hadisələrdən biri kimi
daxil olacaq.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |