1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ali təhsilin yeni standartları hazırlanır
02.06.2017 / No20

 
 

 

 


Yeni təhsil proqramlarında təlim nəticələri də öz əksini tapacaq

Ruhiyyə DAŞSALAHLI

Azərbaycanda ali təhsilin yeni standartları hazırlanır. Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsindən məlumat verilib.
Məlumat üçün qeyd edək ki, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” ali təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Nazirlər Kabinetinin 75 nömrəli qərarı ilə təsdiq edilən sonuncu “Ali təhsilin dövlət standartı və proqramı” 2010-cu ildə qəbul edilib. Qüvvədə olma müddəti 6 il olduğundan bu sahədə yeni sənədə ehtiyac var.
Təhsil Nazirliyi Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanovanın sözlərinə görə, ali təhsil pilləsinin 3 səviyyəsi üzrə standartlar müəyyənləşdirilib. Hazırda ilkin variant üzərində iş davam edir. Yeni sənəd özündən əvvəlkindən fərqlənəcək: “Hazırda 2010-cu ildə təsdiq edilən həmin “Ali təhsil pilləsinin standartı və proqramı”ndan başqa, qüvvədə olan əlavə 3 sənəd var. “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları” və “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” adlanan həmin sənədlərlə “Ali təhsil pilləsinin standartı və proqramı” sənədi, demək olar ki, biri-birini təkrarlayır. Odur ki, xarici ekspertlərin tövsiyəsi ilə həmin 4 sənədin birləşdirilməsi nəzərdə tutulub”.
Ali təhsil standartlarının ilkin variantı Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliklə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində finlandiyalı və estoniyalı ekspertlərə təqdim olunub və onlardan rəy alınıb. V.Qurbanovanın sözlərinə görə, sənədin hazırlanmasının son mərhələsində də ekspert rəyləri alınacaq.
Minimum tələbləri özündə əks etdirən həmin standartlar müəyyən olunduqdan sonra ixtisaslar üzrə təhsil proqramları hazırlanacaq. Hazırda ixtisasların adlarının Avropa ali təhsil müəssisələrindəki ixtisasların adlarına uyğunlaşdırılması həyata keçirilir. Bu proses, demək olar ki, yekunlaşma mərhələsindədir. Minimum tələblər müəyyən olunandan sonra ixtisasların strukturu müəyyənləşdiriləcək və ixtisaslar üzrə Təsnifata uyğun təhsil proqramları hazırlanacaq.
V.Qurbanova təhsil proqramlarında ediləcək ən böyük yenilikdən də danışıb: “Yeni təhsil proqramlarında “təlim nəticələri” də öz əksini tapacaq. Kompetensiyalara əsaslanan təhsil proqramları ölkəmizdə 2012-ci ildən tətbiq edilməyə başlanılıb. Lakin “təlim nəticəsi” anlayışı “kompetensiya” anlayışına nisbətən daha böyük məna kəsb edir. Belə ki, “təlim nəticəsi” anlayışı bilik, bacarıq və səriştəni özündə ehtiva etdiyi halda, “kompetensiya” ancaq səriştə mənasını bildirir. Odur ki, yeni təhsil proqramlarının Avropa standartlarına uyğun olaraq təlim nəticələrinə əsasən hazırlanması planlaşdırılır”.
 

yuxarı ⤴