1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Sosial layihənin hüquqi maneəsi
02.06.2017 / No20

 
 
 

 

 


“Maarifçi” Tələbə Kredit Fondunun missiyası problemlərlə üzləşib

Ruhiyyə DAŞSALAHLI

“Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıram. IV kurs tələbəsiyəm. Artıq 3 ildir təhsil haqqımı ödəyə bilmirəm. 7 min manat borcum var. “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyətə başlaması ilə borcumun ödənməsini bir neçə illiyə təxirə salmaq imkanım oldu. Bu şans özüm, ailəm üçün də çox əhəmiyyətlidir. İndiyə qədər heç bir problem yox idi. Necə deyərlər, təzəcə rahat nəfəs almışdıq. Mən də, bu şansdan yararlanan qrup yoldaşım da çox sevinirdik. Məsələnin görünən tərəfi odur ki, bu şans mənə verilməsəydi, ikinci kursdan sonra təhsilimi, yəqin ki, davam etdirə bilməyəcəkdim. Ancaq şəxsən mənə verilən bu şansdan başqa nəticələr də çıxartdım. Düşünürdüm ki, əvvəla, öz hesabıma təhsil almaq imkanım oldu. Ailəmi ağır yükə salmadım. Bu onlar üçün həm maddi, həm də mənəvi borc olacaqdı. İkincisi isə dövlət mənə güvənib. Bilirsiniz ki, bu şansın tələbələrə verilməsi üçün sadəcə ailənin sosial durumunun aşağı olması kifayət deyil, tələbənin də şəxsiyyəti önəmlidir. Demək, məni buna layiq görüblər. Tələbə yoldaşımla həmişə bu barədə danışırıq və o da mənim kimi düşünür. Ancaq sevincimiz uzun sürmədi. İndi imtahanlara buraxılmırıq. Elə bir vəziyyətdəyik ki, nə edəcəyimizi bilmirik. Dövlətin bu xeyirxah addımına kölgə salanların kim olduğu bizim üçün də maraqlıdır”.
Əlixan Heydərli Bakı Dövlət Universitetinin (BDU) imtahanlara buraxılmayan üç tələbəsindən biridir. O, “Maarifçi” Tələbə Kredit Fondu ilə müqavilə bağlayaraq, Bakı Dövlət Universitetinə borclu olduğu təhsil haqqının ödənməsinin bir neçə il təxirə salınmasına nail olub. Ona bu şans sözügedən “Maarifçi” Tələbə Kredit Fondu ilə Bakı Dövlət Universiteti arasındakı razılaşma əsasında tanınıb. Belə ki, Bakı Dövlət Universitetinin də 10 təsisçisindən biri olduğu “Maarifçi” Tələbə Kredit Fondu tələbənin borcunu öz öhdəsinə götürüb. Razılaşmaya görə, BDU təsisçi olaraq “Maarifçi” Tələbə Kredit Fonduna qoymalı olduğu vəsaitin əvəzinə ödənişli əsaslarla təhsil alan, ancaq təhsil haqqını ödəyə bilməyən 5 aztəminatlı tələbənin təhsil haqqından imtina edib. Bu, 17 oktyabr 2016-cı ildə BDU-nun təhsilin təşkili və təlim texnologiyaları üzrə prorektoru İ.Əliyevanın imzaladığı sənədlə təsdiqlənib. Həmin tələbələr Fondla müqavilə bağlayıb və vəsaiti ödəməsi üçün onlara bir neçə il vaxt verilib. Belə ki, Fondda müəyyən edilən qaydaya görə, tələbə təhsilini bitirdikdən 1 il sonra təhsil haqqını hissə-hissə ödəyəcək və həmin məbləğ Fondun hesabına daxil olacaq.
Hesablama Palatasının Bakı Dövlət Universitetində başladığı yoxlama ilə sosial cəhətdən əhəmiyyətli olan bu ideyanın hüquqi cəhətdən zəifliyi ortaya çıxıb. Belə ki, yoxlama “Maarifçi” Tələbə Kredit Fondu ilə BDU arasındakı münasibətlərdə hüquqi boşluğu üzə çıxarıb. Bu vəziyyətin zərərçəkənləri isə tələbələrdir.

Universitet öz üzərinə öhdəlik götürüb

“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, Fondun təsisçisi olan 10 universitet öz üzərinə öhdəlik götürüb. Həmin öhdəliyə qeyri-nəğd formasında maddi vəsait də daxildir. Yəni, tələbələrdən alınmayan vəsait Fonda verilir. BDU Fonda ayırdığı həmin vəsaitdən tamamilə imtina edə bilər. Ancaq bunu etmir.
Hesablama Palatası isə nə ödənməsi mümkün olan, nə də birdəfəlik silinən həmin vəsaiti tələb edir. Universitetdə olmayan pul Fondda da yoxdur. Çünki vəsaiti tələbələr Fonda bir il sonra və daha uzun müddətə ödəyəcək. Yalnız bundan sonra Fond müvafiq qaydada universitet tələbələrinə real pullarla kredit ayıra biləcək. İndiki mərhələdə isə bu, mümkün deyil.
R.Mahmud hesab edir ki, əslində, qurulan mexanizmlə bir neçə il sonra uğurlu nəticələr əldə etmək mümkün olacaq. Potensialı, savadı, qabiliyyəti olan gənclər sadəcə təhsil haqqı üzündən təhsildən uzaqlaşmayacaq: “Ölkə qanunvericiliyinə uyğun mexanizm qurulub. Heç bir dövlət və ya özəl vəsait cəlb etmədən aztəminatlı ailələrin övladlarına təhsil almaq şansı yaradılıb. Heç kimə sirr deyil ki, dövlət başçısı İlham Əliyev aztəminatlı ailələrin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edir. Bu məsələ Azərbaycanın sosial siyasətinin əsas prioritetlərindəndir. Təhsil Nazirliyi də məhz bu amili əsas götürərək aztəminatlı ailələrin övladlarına təhsil imkanları yaratmaqla ölkənin sosial siyasətinə öz töhfəsini verməyə çalışır”.

14 universitetdən 100-ə qədər tələbə

Maraqlıdır, bu humanist layihədən yararlanan, nəticədə BDU tələbələrinin qarşılaşdığı problemlə üzləşmək təhlükəsi ilə qarşı-qarşıya nə qədər tələbə var?
R.Mahmud “Maarifçi” Kredit Fonduna müraciət edən 14 universitetdən 100-dən çox tələbə olduğunu bildirib. Onun sözlərinə görə, sosial cəhətdən çox əhəmiyyətli olan bu layihə yüzlərlə imkansız tələbənin yeganə çıxış yoludur: “Əslində, müraciət edənlərin sayı kifayət qədər çoxdur. Hətta tərəfdaş olan 4 universitet bizimlə məhz tələbələrinin istəyi ilə müqavilə bağlayıb. Təbii ki, çox istəsək də, müraciət edənlərin hamısına bu şəraiti yarada bilmirik. Ona görə də, əvvəlcədən müəyyənləşdirilmiş şərtlər daxilində və ən tez müraciət edənlərə üstünlük verməklə gənclərimizin həyatını, təhsilalma şəraitini asanlaşdırmağa çalışırıq”.

Kredit kimlərə verilir?

Kredit təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olanlara verilə bilər. Ancaq bunun üçün də həmin tələbənin özünün və ya valideynlərinin daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması) əsas şərt olaraq irəli sürülür.
Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr mütləq Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalıdır. Yuxarıda qeyd olunan ümumi tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunub. Məsələn, kredit vermək üçün valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi və növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), akademik borcun mövcudluğu həmin tələblər siyahısındadır və seçim meyarı rolunu oynayır. Odur ki, Fond tərəfindən təqdim olunan kredit növləri elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda, tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.
Elan sessiyasında nəzərdə tutulduğu təqdirdə, ailə başçısını itirmiş şəxslərə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud tələbələrə müvafiq kredit növü yüngülləşdirilmiş (güzəştli) şərtlərlə təqdim oluna bilər.
Fondun icraçı direktoru R.Mahmudun sözlərinə görə, heç bir ölkədə belə bir təcrübə yoxdur: “Real pul olmadan mexanizm qurulub. Fondun hesabına vəsait daxil olmağa başlayandan sonra təhsil haqları Fond hesabına ödəniləcək və onda yəqin ki, bu cür problemlər də yaranmayacaq”.
Məlumat üçün qeyd edək ki, “Maarifçi” Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Əsas məqsədi aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanlar yaratmaqdır. Ölkəmizdə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2015-ci ilin oktyabrında qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb. Sonradan 4 universitet də - Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfdaş olaraq qatılıb.

Bakı Dövlət Universiteti çarəni Fondda axtarır

Bakı Dövlət Universitetində yoxlamalar davam edir. Hazırda bütün ümidlərini Fond üçün ayrılan yerlərə görə vəsaitin nəğd şəkildə BDU-nun hesabına daxil olacağına bağlayan Universitet rəhbərliyi bu mövqeyindən kənara çəkilmək niyyətində deyil. Bu uğurda öz tələbələrinin təhsilalma hüquqları pozulsa belə. Rektorun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov qəzetimizə açıqlamasında Fondu ittiham edib: “Sosial cəhətdən Fondun işi müsbət qarşılanmalıdır. Lakin XIV-XV əsr deyil ki, natura ilə kredit verilsin. BDU büdcə təşkilatıdır. Hesablama Palatası tamamilə haqlı olaraq 21 min manat vəsaitin yerinə qoyulmasını tələb edir”.

Həyəcanlı gözləniş

Belə görünür ki, hamı gözləyir: qanunla tənzimlənmə mexanizmi olmadığından real olmayan vəsaiti Hesablama Palatası universitetdən, BDU Fonddan tələb edir. Fond isə nəğd vəsaiti olmadığından onu dərhal ödəmək imkanına malik deyil.
Tələbələr isə... Onlardan 3-ü imtahana girmək üçün icazəni, qalan onlarla kreditli gənc isə sözügedən qurumlar arasında münasibətlərin nə vaxt aydınlaşacağını gözləyir.

yuxarı ⤴